“Hazırkı Ermənistan ərazisi Azərbaycan torpaqları olub” » Hərbiand

Son Dəqiqə:

“Hazırkı Ermənistan ərazisi Azərbaycan torpaqları olub”

1

Tarix İnstitutunun hazırladığı “İrəvan xanlığı” kitabı ərəb dilində nəşr olunub

Noyabrın 6-da Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutu və Azərbaycan Milli Kitabxanasının birgə təşkilatçılığı ilə, Milli Kitabxanada “İrəvan xanlığı: Rusiya işğalı və ermənilərin Şimali Azərbaycan torpaqlarına köçürülməsi” kitabının ərəb dilində nəşrinin təqdimat mərasimi keçirilib. Sputnik xəbər verir ki, kitabın elmi redaktoru AMEA-nın müxbir üzvü Yaqub Mahmudov, tərcüməçisi Abd Ər-Rəhman Əl-Xamissi, ərəbcə nəşrin məsul redaktoru isə BDU-nun dosenti Gülnur Mahmuddur. Təqdimat mərasimini giriş sözü ilə açan Milli Kitabxananın direktoru, professor Kərim Tahirov yeni nəşrin ermənilərə, onların havadarlarına və bütövlükdə dünya ictimaiyyətinə ciddi mesaj olduğunu bildirib. K. Tahirov bu kitabın indiyədək bir sıra dillərə — ingilis, rus, rumın, italyan və ispan dillərinə tərcümə olunduğunu qeyd edib. Sonra söz mədəniyyət və turizm nazirinin müavini, professor Ədalət Vəliyevə verilib. Ə.Vəliyev qeyd edib ki, Tarix İnstitutunun direktoru Yaqub Mahmudovun rəhbərliyi ilə son illərdə Azərbaycan tarixinin müxtəlif məsələlərinə dair xeyli miqdarda fundamental əsərlər işıq üzü görüb və o, “İrəvan xanlığı” kitabının tariximizlə bağlı çox önəmli əsər olduğunu diqqətə çatdırıb.

İrəvan xanlığı: Rusiya işğalı və ermənilərin Şimali Azərbaycan torpaqlarına köçürülməsi kitabının ərəb dilində nəşrinin təqdimat mərasimi keçirilib

İrəvan xanlığı: Rusiya işğalı və ermənilərin Şimali Azərbaycan torpaqlarına köçürülməsi” kitabının ərəb dilində nəşrinin təqdimat mərasimi keçirilib

Tarix İnstitutunun direktoru Y. Mahmudov çıxışında nəşrin tarixi əhəmiyyətindən ətraflı söz açıb: “Bu gün təqdimat mərasimi keçirilən “İrəvan xanlığı” əsəri də dövlətimizin başçısı İlham Əliyevin təşəbbüsü ilə yazılmış və müxtəlif dillərə tərcümə olunmuşdur. Fundamental tədqiqat əsərində ermənilərin bu torpaqların guya yerli əhalisi olması iddiası ölkəmizdə və xaricdə saxlanılan çoxsaylı arxiv materialları, rəsmi dövlət sənədləri, o cümlədən erməni mənbələrinin özündən gətirilmiş faktlarla ifşa edilib”. “Hazırda Ermənistanın yerləşdiyi ərazi yaxın keçmişdə — XIX əsrin əvvəllərində Azərbaycan dövləti olan İrəvan xanlığının torpaqları olub. İrəvan xanlığının yarandığı ərazi ən qədim Azərbaycan-türk torpaqlarıdır. Azərbaycan xalqının və digər türk xalqlarının qəhrəmanlıq eposu olan “Kitabi-Dədə Qorqud” dastanlarında təsvir olunan bir çox mühüm tarixi hadisələr, proseslər Azərbaycanın məhz bu regionunda — İrəvan xanlığının ərazisində cərəyan edib”, — deyə institut direktoru bildirib. Tarixçi-alim çıxışında qeyd edib ki, ermənilər nəinki Qafqaz köklü deyillər, onlar Asiya qitəsinə də gəlmədirlər. Milli Məclisin deputatları Fəzail İbrahimli, Aydın Mirzəzadə, Hüseynbala Mirələmov, Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri Şahin Abdullayev, Misir Ərəb Respublikasının Azərbaycandakı səfirliyinin Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin müdiri Əhməd Sami Elaydi, BDU-nun dosenti Gülnur Mahmud və b. İrəvan torpağının qədim Azərbaycan torpağı olduğu barədə tarixi gerçəkliklərin dünya ictimaiyyətinə daha ətraflı çatdırılmasının əhəmiyyətindən, ermənilərin tarixi həqiqətləri daim saxtalaşdırmağa cəhd göstərdiklərindən danışıblar. Tədbirdə bildirilib ki, son illər Tarix İnstitutunda ermənilərin azərbaycanlılara qarşı həyata keçirdikləri soyqırımlarını sübut edən çoxsaylı fundamental əsərlər, monoqrafiyalar və sənəd topluları işıq üzü görüb. Qeyd edək ki, indi institutun əsərləri Bakı ilə yanaşı Moskvada, İstanbulda, Ankarada, İslamabadda, Budapeştdə, Kiyevdə, Londonda, Nyu Yorkda, Romada, hətta Los-Ancelesdə də nəşr olunur. Xatırladaq ki, Tarix İnstitutunun kollektivi tərəfindən hazırlanmış “İrəvan xanlığı” kitabı 2012-ci ildə “Azərbaycan Respublikasının Dövlət mükafatı”na layiq görülüb.

 

Şərh Yaz