Faşistlərə qanudduran MƏĞLUBEDİLMƏZ GENERALIN müəmmalı ölümü » Hərbiand

Son Dəqiqə:

Faşistlərə qanudduran MƏĞLUBEDİLMƏZ GENERALIN müəmmalı ölümü

Tarixdə elə hadisələr var ki, salnamələrə yüzlərlə, minlərlə insanın təkcə əzmi, gücü, səbri ilə deyil, həm də qanı ilə yazılıb. Məhz belə insanların sayəsində həmin dönəm Qəhrəmanlıq tarixi kimi kitablara, yaddaşlara həkk olunur, illərin sınağından keçərək öz əhəmiyyətini, ibrətini, qürurunu itirmir. Bu tarixlərdən biri – bu gün 72 illiyi qeyd olunan Faşizm üzərində Qələbə Günüdür. Dünya müharibələri içində ən dəhşətlisi, amansızı olan, bəşəriyyəti öz vəhşəti ilə bürümüş bu müharibənin acı xatirəsi 72 ildir kitabların, filmlərin, söhbətlərin əsas mövzusudur. Hələ də müzakirə olunur, araşdırılır və tarixin daha dərin qatlarına endikcə “ən çox danışılan müharibə”nin açılmamış yeni sirləri üzə çıxır.

Lakin II Dünya Müharibəsi təkcə qan-qadası, qəddarlığı ilə yadda qalmadı, neçə-neçə igidlərin şücaəti ilə də yaddaşlara həkk olundu. Böyük vətən uğrunda aparılan mübarizədə bir yumruq kimi birləşmiş sovet respublikalarından minlərlə insan qoşuldu, oğullar, qızlar qəhrəmanlıqları ilə tarixdə iz qoydu. Bu, danılmaz tarixdir və hazırda müstəqil olan postsovet dövlətlərində bu müharibədə iştiraka barmaqarası baxan qüvvələr olsa da, hətta Sovetlərdən deyil, qarşı tərəfdən döyüşüldüyü halda daha karlı çıxılacağını düşünənlər tapılsa da, bir şeyi unutmaq olmaz: məsələ “tərəf” deyil. Bu, vətən saydığın, doğulduğun, yaşadığın torpaqları, əzizlərini, xalqını, ümumilikdə dinc insanı amansız düşməndən, müharibənin dəhşətli fəlakətlərindən xilas etmək, amal uğrunda mübarizə aparmaqdır. Bəli, bir zamanlar Böyük Vətənin tərkibində minlərlə insan bu amal üçün gənc yaşında özünü od-alova atdı, hər bir qəhrəman öz xalqının adını yaşatdı, qüruru oldu, gələcəyini təmin etdi. SSRİ-nin 15 qolundan biri olan Azərbaycan bu müharibədən başı dik, alnı açıq, əli qabarlı çıxdı. 1941-1945-ci illəri əhatə edən faşizmlə mübarizədə 700 min nəfərədək azərbaycanlının iştirak etdiyi, onlardan 400 mininin həlak olduğunu, bu insanlar arasında neçə-neçə qəhrəmanların milli qürurumuz olduğunu, döyüşən orduya hava-su kimi lazım olan neftin 80 faizindən çoxunun Bakı neftçiləri tərəfindən istehsal edildiyini unutmazsaq, müharibəyə barmaq arasından deyil, açıq gözlərlə baxıb, nəticəsi ilə – Qələbə ilə fəxr etmək lazımdır.

Publika.az xəbər verir ki, II Dünya Müharibəsi illərində Azərbaycan xalqı həm cəbhə bölgələrində, həm də arxa cəbhədə böyük qəhrəmanlıq və igidlik göstərib. Qısa müddətdə respublikada 87 qırıcı təyyarə batalyonu və 1124 özünümüdafiə dəstələri təşkil olunub. Azərbaycan diviziyaları Qafqazdan Berlinəcən mübariz yol keçib. 130-a yaxın həmyerlimiz Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb, 30 nəfəri Şərəf ordeni ilə təltif olunub. 170 min Azərbaycan əsgər və zabiti SSRİ-nin müxtəlif orden və medalları ilə təltif edilib. İki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanov, Sovet İttifaqı qəhrəmanları İsrafil Məmmədov, Ruslan Vəzirov, Adil Quliyev, Ziya Bünyadov, Gəray Əsədov, Məlik Məhərrəmov, Mehdi Hüseynzadə, Mahmud Əbilov, Akim Abbasov, Tərlan Əliyarbəyov, Hacıbaba Zeynalov və bir çox başqaları öz qəhrəmanlığı Azərbaycanın şərəfli tarixinə yeni sətirlər yazıblar.

Müharibələrin iştirakçısı əsgər, igidlik göstərəni qəhrəman sayılar. Öz qəhrəmanlığı ilə təkcə faşistlərin deyil, elə Böyük Vətənin içindəki düşmənlərin – ermənilərin də canına qorxu salan general-mayor Həzi Aslanov Qələbənin bir addımlığında düşmən həmləsinə tuş gəldi. Onun ölümü faşistlərin adına yazılsa da, əslində faşistlərdən daha betər olan ermənilərin əli olduğu da ehtimallar içərisindədir.

Şanlı hərb yolu keçmiş Həzi Aslanov 1910-cu il yanvarın 22-də Lənkəran şəhərində anadan olub. İbtidai təhsilini Lənkəran şəhər 1 saylı orta məktəbində alıb. 1924-1930-cu illərdə Bakı və Leninqrad hərbi məktəblərində oxuyub. 1929-cu ildə oranı bitirdikdən sonra Leninqrad süvari məktəbinə daxil olub. İki illik təhsildən sonra Kotovsk adına III Bessarabiya süvari diviziyasında tağım komandiri kimi fəaliyyətə başlayıb. İkinci Dünya müharibəsi başlananda o, Ukraynada xidmət edirdi. 1941-ci il iyunun 23-nə keçən gecə alman zirehli qoşunları ilə qeyri-bərabər döyüşdə Həzi özünü bacarıqlı sərkərdə kimi göstərib. O, öz döyüşçüləri ilə Donbas ətrafında düşmənin şiddətli hücumlarını düz beş ay dəf edib, düşmən dəstələrini ağır tələfata uğradıb. 1941-ci ilin dekabrında Moskva ətrafında vuruşmalarda qəhrəmanlığına görə “Qırmızı Ulduz ordeni”nə layiq görülüb. Xarkov və Stalinqrad ətrafında gedən döyüşlərdə Həzinin başçılığı ilə 55-ci tank briqadasının tankçıları düşmənə ağır zərbələr endiriblər.

Həzi Aslanovun döyüşçüləri Kotelnikovo yaxınlığında gedən döyüşlərdə böyük şücaət göstəriblər. Düşmənin 30 əks-hücumunu dəf ediblər, bir batalyon piyada qoşununu, 30 tankı, 50 avtomobili sıradan çıxardıblar. Bu döyüşdə göstərdiyi şücaətə görə podpolkovnik Həzi Aslanov 1942-ci il 22 dekabrda “Sovet İttifaqı Qəhrəmanı” adına layiq görülüb. 1944-cü ilin 13 martında ona tank qoşunları general-mayoru adı verilib. 1944-cü il iyunun 24-dən iyulun 13-dək davam etmiş döyüşdəki qələbəyə görə 35-ci qvardiya tank briqadası “Qımızı bayraq ordeni”nə, general özü isə ikinci dərəcəli “Suvorov ordeni”nə layiq görülüb. Təkcə 1944-cü ilin hücum döyüşləri dövründə 8 dəfə Ali Baş Komandanlıq tərəfindən təşəkkür almışdı. 1944-cü ildə general-mayor Həzi Aslanov Belarusiya cəbhəsindəki şücaətinə görə ikinci dəfə yüksək ada təqdim edilsə də, SSRİ hərbi rəhbərliyində təmsil olunan erməni generalı Baqramyan buna maneəçilik törədib.

Rəsmi qeydlərdə Həzi Aslanovun 24 yanvar 1945-ci ildə Latviyanın Liepay rayonunda alman faşistləri ilə döyüşdə qəhrəmancasına həlak olduğu yazılır. Amma bu məlumat müəmmalıdır. Generalın şəxsi həkimi Beqiaşvili öz qeydlərində belə demişdi: “Həzi Aslanov yaralananda mən orda yox idim. Lakin 5 dəqiqə sonra özümü ora çatdırdım. Vəziyyəti ağır idi. Ona təcili surətdə təzə qan köçürmək lazım idi. Mən Həzinin yanına uzandım ki, öz qanımdan 500 qram ona köçürülsün. O, yavaş-yavaş özünə gəlməyə başladı. Hətta bizimlə zarafat da edirdi. Onu Moskvaya aparmaq üçün xüsusi təyyarə gəldi. Həzinin xahişi ilə onu Moskvaya qədər mən müşayiət etməli idim. Amma məni zorla onun yanından ayırıb başqa iş dalınca göndərdilər. Bu, əlbəttə, qəsdən edilirdi. Yaralanandan sonra o, düz 23 saat sağ qaldı. Bu müddətdə onu Moskvaya aparmaq üçün ayrılan təyyarə də o yatan evin arxasında dayanmışdı. Həmin vaxt ona ad almaqda mane olmuş Baqramyanın əmri ilə təyyarə işə salınmamışdı”. Beqiaşvilinin fikirincə, H.Aslanov qətlə yetirilib.

Ölümündən 47 il sonra, 1991-ci ildə Həzi Aslanova ikinci dəfə Sovet İttifaqı Qəhrəmanı adı verilib. Bakıdakı qəbri üzərində qəhrəmanın abidəsi ucaldılıb. 1969-cu ildə Həzinin dogma torpağı Lənkəranda ev-muzeyi açılıb, 1983-cü il mayın 8-də Lənkəran şəhərinin mərkəzində onun böyük heykəli qoyulub. Həmçinin Belarusda heykəli, Volqaqradda memorial lövhəsi qoyulub. Bakıdakı küçələrdən və metrostansiyalardan biri Həzi Aslanovun adını daşıyır. Bundan başqa Volqaqradda adına küçə və məktəb fəaliyyət göstərir.

Haqqında “General Həzi Aslanov” (1945), “General Aslanov” (1970), “Estafet” (1982), “Sizi dünyalar qədər sevirdim” (1985), “Dəmir atlı cəngavər” (2003) filmləri çəkilib. E.Meeroviç onun xatuirəsinə “Həzi Aslanov” adlı poema, Hüseyn Abbaszadə “General” adlı roman həsr edib.

Şərh Yaz