LAÇIN RAYONUNUN İŞĞAL OLUNMASINDAN 25 İL ÖTÜR » Hərbiand

Son Dəqiqə:

LAÇIN RAYONUNUN İŞĞAL OLUNMASINDAN 25 İL ÖTÜR

 

“Müharibəni bir dəfə görən üçün müharibə heç vaxt bitmir”

Bu gün Laçın rayonunun işğal olunmasından 25 il ötür. Laçın barədə kimsə məndən soruşanda, istər-istməz gözlərim dolur. Çünki o torpaqlarla birlikdə mənim uşaqlığım, gəncliyim, bir sözlə, keçmişim və qismən də olsa gələcəyim işğal olunub. Ən əsası isə doğulub boya-başa çatdığım o yerləri görmək üçün gözlərim, toxunmaq üçünsə dizlərim göynəyir. Bəlkə elə buna görədir ki, vətənpərvərlik mövzususnda silsilə məqalələrin müəllifiyəm. Laçınla, kəndimiz Cağazurla bağlı oxucularla bölüşdüyüm və bundan sonra da bölüşəcəyim xeyli xatirələrim var. Bu an nə desəm də ürəyimdən keçənləri tam aça bilməyəcəm.

Ötən bu 25 ildə yadıma düşmür ki, 25 saniyəlik də olsa o torpaqları unudam. Bu əsla olmayıb, heç vaxt da olmayacaq.

“Müharibəni bir dəfə görən üçün müharibə heç vaxt bitmir”.

Laçın işğal olunanda səkkiz yaşım vardı, kəndimizdən deməy olar ən son çıxanlardan biri də bizim ailə idi. Çünki o vaxt atam əmilərim və kəndin özünə güvənən gəncləri ilə birlikdə könüllülərdən ibarət özünümüdafiə batalyonunda döyüşürdü. Onlardan başqa kənd “kazarma”sında rus qoşunları da yerləşdirilmişdi. Güya bizimlə birlikdə kəndi ermənilərdən qoruyacaqdılar.

Ruslara, rusiyaya və daha yaxşı həyat yaşasınlar deyə rus torpaqlarında çalışıb çörəkpulu qazanan azərbaycanlılara bu gün də nifrət edirəm. Ona görə ki, ruslardan ibarət həmin briqadanın ən ağır dönəmdə, son məqamda bizi arxadan vurub aradan çıxmalarına canlı şahid olmuşam. Çox sonralar, ağlım kəsəndə anladım ki, buna siyasət deyilir. Baxmayaraq ki, bu siyasətdə  heç bir dinc azərbaycanlı və ya rusun günahı yox idi, amma yenə də elə həmin gündən rus kəlməsinə qarşı antisimpatiyam formalaşdı.

Beləcə, indi hərbi jurnalist kimi çalışıram, 92-ci il ilə bu günün arasında isə nə az, nə də çox, düz 25 il var. İnşAllah məqam gələcək ki, Qarabağ, Laçın uğrunda növbəti döyüş başlayacaq və mən də bütün “Hərbi and” muxbirləri ilə yanaşı cəbhənin ön sıralarda qələbə xəbərləri hazırlayacam. Buna inanıram!

Ramilə QARDAŞXANQIZI

Şərh Yaz