Daha maraqlı əsərlər yarandıqca ciddi oxuyanların sayı da artacaq » Hərbiand

Son Dəqiqə:

Daha maraqlı əsərlər yarandıqca ciddi oxuyanların sayı da artacaq

   

            “Qələmə bağlı ömür” rubrikasının növbəti qonağı şair dostumuz Mikayıl Bozalqanlıdır. Mikayıl Əsgərov Binnət oğlu 19 dekabr 1958-ci ildə Tovuz rayonunun Bozalqanlı kəndində anadan olub. Uşaqlıq illərini doğulduğu kənddə keçirmiş, orta təhsilini 1967-ci ildən 1977-ci ilədək olan müddətdə elə həmin kəndin məktəbində – Sovet İttifaqı Qəhrəmanı Yusif Sadıqov adına Bozalqanlı kənd orta məktəbində bitirib.

            1980-ci ildə  Azərbaycan Dövlət Xarici Dillər İnstitunun (indiki ADU) “Fəhlə fakültəsi” adlanan hazırlıq bölməsində 1 il hazırlıq kursu keçdikdən sonra, 1981-ci ildə həmin universitetin Alman dili fakültəsinin əyani şöbəsinə qəbul olur. Universitetdə oxuduğu müddətdə ictimai işlərdə fəal iştirak etmiş və həmin ali təhsil ocağını 1985-ci ildə fərqlənmə diplomu ilə bitirib. Bundan sonra təyinat üzrə iki il Şamaxı rayonunda pedaqoji fəaliyyətlə məşğul olub. Bir il Çuxuryurd kəndində təlim-tərbiyə üzrə direktor müavini, bir il isə Qonaqkənd kəndində  xarici dil  və rus dili müəllimi vəzifəsində işləyib. Təyinatı üzrə pedaqoji fəaliyyətini bitirdikdən sonra Azərbaycan Dövlət Xarici Dillər Universitetində laborant, baş laborant, saathesabı müəllim, daha sonra isə 1997-ci ilədək ştatda olan alman dili müəllimi kimi fəaliyyət göstərib. Universitetdə pedaqoji fəaliyəti ilə paralel olaraq uzun müddət bir sıra alman firması və təşkilatları ilə birlikdə çalışaraq, Azərbaycan və Almaniyada  tərcüməçilik fəaliyyəti ilə məşğul olmuşdur.

            1997-ci ildən etibarən müstəqil işləmək və xarici dilin tədrisində özünün istədiyi metodları tətbiq etməklə xarici dili öyrənənlərə daha sürətlə və  qısa müddətdə  mənimsətmək üçün Azərbaycanda ilk özəl xarici dil məktəbi olan “Alman Dili Mərkəzi”ni təsis edib. Kiçik, lakin son dərəcə yaradıcı, işgüzar və mehriban bir kollektivə rəhbərlik etməklə bu günədək yüzlərlə yeniyetmə və gənclərə alman dilini sevdirərək və öyrədərək onlara Almaniyada öz təhsillərini davam etdirmək arzularında təmənnasız dəstək olub. İndiyədək bu mərkəzin vasitəsi və köməkliyi ilə yüzlərlə azərbaycanlı yeniyetmə və gənc öz təhsilini bakalavr və magistr dərəcəsində davam etdirmək üçün Almaniyanın müxtəlif ali təhsil müəssisələrinə getmiş və hal-hazırda bir çoxları təhsillərini davam etdirir, bir çoxları isə bakalavr və magistr diplomalarını aldıqdan sonra müvafiq olaraq ixtisasları üzrə Azərbaycan və Almaniyada fəaliyyət göstərirlər.

            Mikayıl müəllim asudə vaxtlarını mütaliə ilə keçirməyi uşaq vaxtlarından özünə sevimli məşğuliyyət növü olaraq seçib. Elə buna görədir ki, ilk öncə jurnalist, ədəbiyyatşünas və ya kinematoqraf olmaq fikrində olub. Özünün dediyi kimi, xarici dillərə olan marağı sonda hər bir istəyi üstələdi və tərcüməçi-pedaqoq olmaq qərarına gəldi. 

            Aşıq yaradıcılığına, saza və sözə, bu işığın ətrafına toplaşan duyğulu insanlara marağı olduqca böyükdür. Son vaxtlar asudə olduğu hər anını, hər zamanını belə camiyələrdə, məclislərdə və digər yaradıcılıqla bağlı olan tədbirlərdə keçirməkdən zövq aldığını deyir. Ədəbi mühitlə,  bu mühitdə olan insanlarla  tanışlığı və dostluğu yetərincədir.

            İndiyədək xarici dilin tədrisi ilə əlaqədar kitab və məqalələri nəşr edilib.“Dünya məndən inciməsin” adlanan şeir kitabı ədəbiyyat sahəsində müəllifin ilk kitabıdır. Müəllif bunu, kiçik yaşlarından yazmağa başlasa da, nəşr olunmağa o qədər də böyük istəyinin olmaması ilə əlaqələndirir və bildirir ki, bu kitabda əlində olan şeirlərinin yalnız bir hissəsi toplanıb. Sonda onu da dedi ki, ömür vəfa etsə daha yeni kitabların olması da gözlənilir.

            – Mikayıl müəllim, yaradıcılığınızdan söz açmazdan əvvəl istərdik ki, böyüdüyünüz Tovuz rayonunda olan ədəbi mühitdən söz açardız. Bildiyimiz kimi Tovuz ədəbi mühiti ölkə ədəbiyyatının zənginləşməsinə töhfələr verib və bu gündə verməkdədir. Bu haqda fikirlərinizi öyrənmək bizlərə xoş olardı.

– Sazın laylasına yatan və oxşamasına oyanan Tovuzun füsunkar təbiəti, bərəkətli torpağı, şəfalı suyu, qonaqpərvər insanları, kökü qədim oğuzlara gedib çıxan adət-ənənələri, ayinləri, mərasimləri Tovuz ədəbi mühitinin formalaşmasında əvəzsiz rol oynayır. Ədəbi mühitdən söz açarkən saza-sözə şərəf verən, dada gətirən, qiymətləndirən, sazı-sözü yaşayan və yaşadan ustadlar yada düşür. Bu baxımdan aşıq yaradıcılığı Tovuzun  ədəbi mühitinin incisidir desək, yanılmarıq. Hələ Hüseyn Bozalqanlıdan, Xəyyat Mirzədən, Əlimərdanlı Nəcəfdən, Şair Vəlidən, Öysüzlü Səməddən, Aşıq Əsəddən üzü bəri öz pərvərişini tapan aşıq yaradıcılığı, onlardan sonra gələn mahir dastan və qaravəlli ustası Qədir İsmayılovun, Aşıq Əkbər Cəfərovun, bütün ömrü boyu Tovuzda yaşayıb-yaradan Aşıq İmran Həsənovun, Aşıq Ələsgər Tağıyevin, Aşıq Mahmud Məmmədovun, Aşıq Əlixan Niftalıyevin, Xalıqverdi Bozalqanlının və daha bir çoxlarının simasında bu günümüzə gəlib çatmışdır. Həmin ruhun daşıyıcıları olan üçüncü nəsil gənc aşıqlar da artıq kifayət qədər öz sözlərini deməyə qadirdirlər və deyirlər də. Buna misal olaraq instrumental aşıqlar Kamandar Tağıyev, Azər Xanlaroğlu, Firudin Tovuzlu, aşıqlardan Şəhriyar Qaraxanlı, Elməddin Məmmədov, Roman Azaflı, rəhmətlik Firdovsi Mülkülü, Ramin Qaraxanlı, Qara Aşıq, Lətifə Çeşməli və onlarca digər aşıqları göstərmək olar. Aşıq yaradıcılığına olan sonsuz maraq və sevgi ona gətirib çıxarmışdı ki, dünyada yeganə olan aşıq-ozan muzeyi göz açdığım Bozalqanlı kəndinin payına düşmüşdür.

Lakin desək ki, Tovuz ədəbi mühiti təkcə aşıqlarla məhdudlaşır, bu düzgün olmazdı. Tovuzun  ədəbi mühiti öz palitrasının rəngarəngliyinə görə kifayət qədər seçilən və seviləndir.  Poeziyada öz sözünü demiş simalardan olan Məmməd İsmayıl, İsa Cavadoğlu, Məstan Əliyev, Şəmşəd Rza, Rasim Kərimli, Yunus Oruclu, Məmməd Namaz, Səlim Həsənov, Qovlarlı Rəsul,  Məzahir Fitrət, Zirəddin Qafarlı, bunların arxasınca gələn Əbülfət İslam, Ehtiram İlham, Murad Köhnəqala, Gunay Nəriman Həsənli, Gülnar Səma, Bəsti Əlibəyli, Şahnaz Kamal, Rübabə Sahib, Turanə Turan kimi bir çoxları da sevilərək oxunur və tanınırlar. Doğma Azərbaycanımızın elmi, ədəbi-bədii palitrasında Tovuz ziyalılarının, aşıq və şairlərinin inkaredilməz rolu dünən də vardı, bu gün də olmaqdadı.

            – Yaradıcılıq dünyanızdan danışardız. Ədəbiyyat insanlara hansı nemətlər verir? Sizin ədəbiyyata gəlişiniz və bu yolda addımlamağınız haqqında söz açardız.

            – Yaradıcılğa cəlb edən, təkan verən qüvvənin nə olması haqqında həmişə danışılıb, indi də danışılmaqdadır. Hər kəs öz duyumuna, qavranışına, düşüncə tərzinə müvafiq olaraq bu sualı cavablandırır, müxtəlif şəkildə şərh edir.  Kim ədəbiyyatdan, poeziyadan, nəsrdən, sazdan, sözdən nə alırsa, şərhini də elə o dillə vermək istəyir. Kimsə ruhla, kimsə Allah vergisi ilə, kimsə daha çox mütaliə ilə, kimsə duyğu və kövrəkliklə əlaqələndirir. Hətta uzağa gedərək şairliyi peyğəmbərliklə müqayisə etmək fikrində olanlar da var. Məncə bu insanın hal dünyasıdır, iç dünyasıdır. Ədəbiyyata, yaradıcılığa, saza-sözə bağlı olan adamlar qidasını elə sazdan-sözdən alır, bir aza ruha bağlanır, bir az da sufiləşir. Mənim ədəbiyyata gəlişim və bu yolda addımlamağım  haqqında sözümü, aşıq sənətinə olan məhəbəttimi, vurğunluğumu  şeirə, poeziyaya gəlişimi bir şeirim, fikrimcə, daha düzgün ifadə edir:

Tovuz adlı torpağımda, daşımda
Saz oxşayıb, sözə bükübdü məni.
Şairlik sevdası yoxdu başımda,
Söz özü sınağa çəkibdi məni.

 

Aşıq havaları ilk laylam olub,

Axıb pərdə-pərdə ruhuma dolub,

Oxşaya-oxşaya sehrinə salıb,

Şeir qəlibinə tökübdü məni.

 

Ariflər duyarlar nəçiyəm, nəyəm-
ZahidəKəbəyəm, saqiyə meyəm.
Yazılan yığvala, baxta nə deyəm:
Təcnisdən, qoşmadan t
ikibdi məni.

 

Mikayıl, ömür-gün gəlib keçəndi,
Tale seçilmir ki,.. tale seçəndi.
Təzə sevda deyil, gör bir haçandı,
Sözlər ilmə-ilmə sökübdü məni.

            – Poeziya dünyanızda vətən mövzusu xüsusi yer tutur. Vətən, torpaq sevgisi yaradıcılığınızda necə tərənnüm edir? Bəzi vətən mövzusunda olan şeirlərinizi bizlə paylaşsaz şad olarıq.

            – “Dünya məndən inciməsin”  adlanan şeirlər kitabım  vətən, torpaq sevgisinin, yurd-yuva yanğısının, saz-söz  bu aşiqliyinin  övladıdır. Vətənsiz təkcə vətən özü olur. Vətənin vətəni onu sevən, tərənnüm edən, onun həsrətiylə yaşayan, aşiqi olan vətəndaşlarının ürəyidir, hissidir, duyğusudur, xatirələridir, yuxularıdır və sair. Vətənə kim necə xidmət edirsə, onu eləcə də sevir. Bu cümlədən hər kəs payını götürə bilər. Fəaliyyətini, həyatını, keçmişini, bu gününü və gələcək planlarını götür-qoy etməyi bacaran adam vətəni necə sevdiyini də bilir. Mən vətənimi, vətənimə olan sevgimi  “Əl çəkmərəm” adlı şeirimdə belə ifadə edirəm:

İçin-için qovrulsam da,

Bu sevdadan əl çəkmərəm.

Toz-toz olub sovrulsam da,

Bu sevdadan əl çəkmərəm.

 

Bu sevdanın adı bəlli,

Həm yaxını, yadı bəlli,

Sevinci, fəryadı bəlli,

Bu sevdadan əl çəkmərəm.

 

Bu sevda candan irəli,

Damarda qandan irəli,

Sultandan, xandan irəli,

Bu sevdadan əl çəkmərəm.

 

 

 

 

Sevgisiylə bələnərəm,

Ələyində ələnərəm,

Yollarına çilənərəm,

Bu sevdadan əl çəkmərəm.

 

Daş yağsa daşdan keçərəm,

Yolunda başdan keçərəm,

Seldən, yağışdan keçərəm,

Bu sevdadan əl çəkmərəm.

 

Bu sevda uyğumdu mənim,

Hissimdi, duyğumdu mənim,

Bir dünya qayğımdı mənim,

Bu sevdadan əl çəkmərəm.

 

Ana dediyim Vətəndi,

Ömrümə, günümə təndi,

Nə ötəndi, nə bitəndi,

Bu sevdadan əl çəkmərəm.

            – Bu gün ədəbiyyatımız hansı istiqamət üzrə inkişaf edir? Həmin inkişaf ədəbiyyat insanlarını razı salırmı? O cümlədən siz bugünki ədəbi həyatdan razısız?

            – Bilirsinizmi, bu  haqda  birmənalı olaraq nəyisə söyləmək – barmağı hansısa bir istiqamətə tutmaq qədər asan olan bir məsələ deyil. Ədəbiyyatın istiqamətini yazarlar, saz-söz əhli həm ictimai-siyasi quruluşun mahiyyətindən, onun təqdim etdiyi hadisələrdən, olaylardan, vəziyyətdən, bunların yaratdığı haldan, ruhdan yanğıdan və ya eşqdən çıxış edərək müəyyənləşdirirlər. Əsasən, istər nəsr olsun, istərsə poeziya, istərsə də aşıq yaradıcılığı, fərqi yoxdur, ədəbiyyat, ədəbi hadisə oxucunun ürəyini fəth edərkən qələbə çalır. Amma elə ədəbiyyat və ya ədəbiyyat nümunələri də var ki, sabaha boylanır və bu gün ola bilsin ki, asanlıqla qəbul edilmir.  Yəni zamanın fövqündə duran, zamanı qabaqlayan və ya dövrünü keçirmiş ədəbiyyat və ədəbiyyat nümunələri həmişə olmuşdur, bu gün də var. Ümumilikdə isə bu günün ədəbi axtarışları, ədəbi hadisələrdən daha qabarıq görünür. Nəsə edilmir, nəsə yazılmır demək doğru olmaz. Amma onu bilirəm ki, indi ciddi oxuyanların sayı daha azdır. Amma hər halda gəlin daha pozitiv olaq və ümid edək ki, daha maraqlı əsərlər, ədəbiyyat və poeziya nümunələri yarandıqca ciddi oxuyanların sayı da artacaq.

Sonda gələcək planlarınızdan danışardız.

            – Məncə yaradıcılıqda, xüsusilə də, poeziyada yaradıcılıq planları ya olmur, ya da həmişə gözlənildiyi və ya arzu edildiyi kimi olmur. Bir də görürsən ki, bir baxışdan, bir duruşdan, bir sözdən, sazın bir yanıqlı naləsindən və ya hayqırtısından nəsə yaranır. Nəyin nə zaman baş verəcəyini isə həmişə əvvəlcədən duymaq bir az çətin məsələdir. Yetər ki, söz əhlinin, nuru, ziyası, ruhu sönməsin, halallığı, oxucularımızın isə ağı ağ, qaranı qara görmək istəyi itməsin. Bu zaman yazar da, oxucu da axtardığını tapacaq. Mən özümə və hər bir saz, söz sahibinə, qələm əhlinə, eləcə də, əlahəzrət oxuculara bunları arzulayıram.

Söhbəti qələmə aldı:

Mahmud Əyyub

Şərh Yaz