Məqsəd və əzm olan yerdə qələbə mütləqdir » Hərbiand

Son Dəqiqə:

Məqsəd və əzm olan yerdə qələbə mütləqdir

            “Qələmə bağlı ömür” rubrikasının növbəti qonağı gənc qələm dostumuz Ruslan Nadirdir. Ağayev Ruslan Nadir Oğlu (Ruslan Nadir) 11.05.1986-cı ildə Cəlilabad rayonunda anadan olub. 1993-cü ildə Cəlilabad rayon Sabir Rəzzaqov adına orta məlktəbə daxil olmuş, 2004-cü ildə həmin məktəbin 11-ci sinifini bitirib. Azərbaycan Yazıçılar Birliyinin və Dünya Gənc Türk Yazarlar Birliyinin  üzvüdür.

 

            – Sualıma bununla başlamaq istərdim. “Bədii düşüncə” dedikdə nə nəzərdə tutulur?

– Bədii düşüncə, bədii təxəyyülün məhsuludur. Təxəyyül və fantaziya isə insan beyninin məhsuludur. Bədii düşüncə həyata, dünyaya obrazlı münasibətin ifadəsidir. Bədii düşüncə yaradılışın, kainatın mahiyyətini, həyatın qanunauyğunluqlarını açıqlayan, sübuta yetirən elmi fikirlərin ədəbi aləmdə alternativ təfəkkür formasıdır.

Bir var hadisəni olduğu kimi nəql etmək, birdə var hadisəni və ya düşüncələrini bədiləşdirib yazmaq və ya danışmaq.

Hər hansı bir hadisəni bədiləşdirmək onu bəzəyib düzəməkdir. Sadə bir misal çəkim, bir var hər hansı bir rəsm əsərini sadə karandaşla çəkmək, birdə var ona al-əlvan rənglərlə həyat vermək. Məncə al-əlvan rənglərlə həyat qazanmış rəsm əsəri daha çox nəzərə çarpacaq və daha gözəl görünəcək.

– İnternetin üstün cəhətləri ilə yanaşı, bəzi mənfi cəhətləri də var. Bunlardan biri də gənclərin böyük əksəriyyətinin internet vasitəsi ilə yazışmaları nəticəsində orfoqrafiya səhvləri və bununla yanaşı ədəbiyyatımızın korlanmasıdır. Bu haqda nə deyə bilərsiz?

– Əlbətdə ki, internetin yaranması XXI əsrin ən mühüm hadisəsi olmaqla yanaşı həmdə mənfi təsirlər yaratdı. Müsbət cəhəti odur ki, istənilən məlumatı internet üzərindən istənilən an əldə etmək olur. Məsələn bankları misal çəkək. Bütün bank sistemləri pul köçürmələrinə qədər internetdən yararlanır. Bir zamanlar adi bir məktub poçt vasitəsi ilə günlərlə, bəlkə, aylarla yol qət edib ünvanına çatardı, amma indi internet üzərində saniyələr içərisində məktub öz sahibinə və ya ünvanına çatır. Düzü internetin müsbət cəhətlərini saymaqla bitən deyil.

Müasir insanlar vaxtının yarıdan çoxunu internetlə keçirir. Ya mobil telefonda, ya da kompüter və noutbukda internetə qoşulub ünsiyyət qurur, şəkil, video paylaşır, hansısa məsələni müzakirə edir, xəbərləri izləyir, alqı-satqı edir və s. İlk baxışdan müsbət cəhətləri ilə cəlb edən internetin bizə mənfi təsiri də danılmazdır.

Mənfi cəhətləri internet istifadəçilərinə görə dəyişir. Məsələn, indi ən populyar şəbəkə “Facebook”-dur deyərdim. Demək olar ki, hər kəs bu şəbəkə ətrafında toplanıb. Məsələn, 2011-ci ilin əvvəllərində Azərbaycan vətəndaşlarının hər 27 nəfərindən biri “Facebook” istifadəçisi idisə, bu göstərici artıq 2.3 milyona çatıb. İndi düşünün ki, sosial şəbəkə sadəcə “Facebook”-dan ibarət deyil. Kimi internetdən yararlanır hətda şəxsi biznesini internet üzərindən qurub və internet üzərindən idarə edir. Kimi də sadəcə boş vaxt keçirir. İnternetin fəsadlarını da saymaqla bitməz. İnsanlar virtual aləmə alışdıqca ünsiyyətdə çox az olur və insanlar demək olar ki, robotlaşır. İnsanlar yaxınları ilə canlı söhbətə daha az vaxt ayırır. Aradakı isti münasibət, sığal, yaxınını qucaqlamaq, oxşamaq halları azalır. Yaxınlardan kiminsə ailə üzvünə ehtiyacı olur. O isə internetlə ünsiyyətə olan tələbatını ödədiyi üçün danışmaq marağında olmur. Bu da ailə üzvlərini bir-birindən ayırır və eyni zamanda internetdən hədsiz çox istifadə edilməsi psixoloji problemlərə də yol açır.

İnternet üzərindən tanışlıqlar da az deyil və əfsus ki, bu tanışlıqların hamısı yaxşı olmur, azmı sosial şəbəkələrdə baş vermiş mübahisələrin sonda qanla, ölümlə nəticələndiyinin şahidi olmuşuq? Az ailələrmi dağılıb internet ucbatından?

Xüsusi ilə gənclər daha çox vaxt itirirlər, zamanlarını səmərəsiz istifadədən çəkinmirlər. Və internet üzərindən yazışma, məktublaşma zamanı yazı qaydaları ciddi şəkildə pozulur.

Azərbaycanlı olaraq öz dilimizi, mədəniyyətimizi qorumaq hər birimizin borcudur. Yazı özü də bir mədəniyyətdir və orfoqrafiya qaydalarını pozmaqla mədəniyyətimizi və dilimizi itirmiş sayılırıq.

            – Yaradıcı insan kimi hansı mütəfəkkirlərin təlimləri sizə daha çox təsir edir? Yaradıcılığınızda kimləri ustad qəbul edirsiz?

– Uşaqlıq illərimdən bu günə kimi İmaməddin Nəsimi vurğunuyam. Bunun səbəbi nədəndir bilmirəm. Sanki onun misraları sehrlidir. Hər bir misrası özü-özlüyündə ayrı bir dünyadır.

Onun əyilməzliyi, sınmaz iradəsi, qırılmayan əqidəsi, dönməzliyi, məğlubedilməzliyi  mənə əsl Azərbaycançılğın məhz Nəsimi mənliyində olduğunu hayqırır.

Sözsüz ki, Azərbaycan keçmişdən bu günə dahi şəxsiyyətlərin adı ilə anılıb. Bizim Nizami Gəncəvimiz, Məhəmməd Füzulimiz, İmadəddin Nəsimimiz, Mirzə Ələkbər Sabirimiz, Cəlil Məmmədquluzadəmiz, Abasqulubəy Bakıxanov və s. kimi dahilərimiz var.

Bu günün ədəbiyyaytı ilə dünənin ədəbiyyatında fərq o qədər çoxdur ki, dönüb dünənə baxıb ah çəkməkdən başqa əlimizdən heç nə gəlmir. Bəzən öz-özümüzə sual versək ki, bəs indi niyə Nəsimilər, Füzulilər doğulmur? Cavab taparıqmı heç özüm də bilmirəm. Yəni Azərbaycan ədəbiyyatı cılızlaşırmı?

Kim bilir, bəlkədə bir öncəki sualınızda internetlə bağlı verdiyiniz sualda, orfoqrafiya ilə bağlı problemimiz bu suala cavablardan sadəcə biri ola bilər.

Demirəm hazırda ustad deyə biləcəyimiz şəxsiyyət yoxdur, əlbətdə var. Misal olaraq deyə  bilərəm ki, Nüsrət Kəsəmənlinin şeirləri, Ramiz Rövşənin şeirləri, Vaqif Səmədoğlunun şeirləri çox sevilir.

Onlar ustad kimi örnək alınacaq şairlərdir. Bu gün Azərbaycan ədəbiyyatında gənc və iti qələmli, sözünün qüdrəti olan şairlərimiz və şairələrimiz də az deyil.

Gənc və sevilən şair və şairələrimizdən  Xəlil Adıgözəl, Vasif Zöhraboğlu, Taleh Furqani, Vüqar Rahi, Vüsalə Süleyman, Gülnar Səma, Muhəmməd Həmidə, Günay Nəriman yaradıcılığına nəzər salmağı məsləhət görərdim.

            – Bu gün yetişən gənc yazarların təhsil və düşüncə səviyyələrini bir gənc yazar olaraq necə müəyyən edərdiz?

– Bir gənc yazar olaraq, bu gün yetişən gənc yazarların təhsil və düşüncə səviyyələrini müəyyən etmək üçün, onların yazılarını oxumaq, onlarla ünsiyyətdə olmaq, hər hansı bədii və ya başqa bir mövzunu müzakirə etmək kifayətdir. Sözsüz ki, ədəbi gənclik bu gün müzakirə obyektimizə çevrilən, həyatımızın bir parçası olan və gün ərzində saatlarımızı sərf etdiyimiz internet vasitəsi ilə daha sıx əlaqədə olur. Hər kəsin düşüncə tərzi, həyata baxışı, nəzərə alsaq ki, yazdığı şeirlər, esselər, hekayələr onun daxili aləmindən xəbər verir. Xarici aləmindən tutmuş daxili aləminə qədər hər kəs göz önündə olur. Və beləcə hər kəsin təhsil və düşüncə səviyyəsini müəyyən etmək o qədər də müşkül məsələyə çevirilmir.

            – Bir gənc olaraq gənc nəsildə nəyi görmək istərdiz?

– Düzünü desəm sadəcə gənc nəsildə yox, ümumiyyətlə istər gənc, istər yaşlı, istərsə də uşaqlar olsun, hər kəsdə görmək istədiyim tək Vətən sevgisinin tam olmasıdır. Bayraq sevgisinin tam olmasıdır. Çünki vətən sevgisi, bayraq sevgisi tam olmazsa insan yarım qalır. Necə ki, bir övladın ata-anası olmadığında yetim qalır, vətən sevgisindən məhrum olmaq yetim qalmaqdır. Vətən anadır, vətən atadır, bayraq namusdur. Bir insan namusu varsa insandır. Bizi-biz edən, bizi Azərbaycanlı edən namusumuzu canımızdan üstün tutmamızdır. Və bayraq da bizim xalq olaraq namusumuzdur. Bayrağmızı sevək, vətənimizi sevək. Layiq olduğu kimi, büsbütün varlığımızla sevək. Ona sahib çıxaq yağı tapdağı altında qoymayaq.

            – Ruslan Nadir sizin üçün kimdir?

– Maraqlaqlı sualdır. Ruslan Nadir mənim üçün kimdir? Ruslan Nadir mənim üçün qarşısında hədəfləri olan və bu hədəflərə çatmaq üçün heç vaxt yorulmayacaq olan, həyat dolu, yaşamağı sevən, hər kəsi və hər şeyi yaxşısıyla pisiylə, ətrafındakı hər kəsi sevən, həyatın bütün rənglərini özündə cəmləyən və ən əsasıda vətəni üçün, bayrağı üçün canından keçməyə hazır olan əsgərdir. Bəli məhz əsgər biz Azərbaycan gəncliyi olaraq hər birimiz birər əsgərik. Döyüş alnımıza yazılıbsa yerimiz hərb meydanı, mükafatımız qələbə olmalıdır.

            – Sonda gələcək planlarınızdan danışa bilərsiz?

– Əlbətdə hər kəs kimi mənimdə bu həyatda məqsədlərim və missiyam var. Planlarım da az deyil.

Sözsüz ki, həyatda bir çox sahədə uğur əldə etmək üçün maddi vəsait gərəklidir. Amma düşünürəm ki, məqsəd və əzm varsa qalibiyyət qaçınılmazdır. Yazar olmağıma baxmayaraq  işim inşaat üzrədir yəni inşaatçıyam. Ən böyük arzularımdan biri şəxsi inşaat şirkətimi qurmaqdır. Çörəyimizi daşdan çıxarırıqsa niyə özümüzün daş karxanamız olmasın ki?

Digər planlarımdan biri isə hal-hazırda yazmaqda olduğum “Kölgə” adlı romanımı bitirib çapa verdikdən sonra, bu romanın əsasında bədii film çəkməkdir. Düşünürəm ki, roman uğur qazanacaq və uğur qazanmış bir romanın əsasında çəkilən film də uğura imza atacaq.

Gələcəklə bağlı planlar çoxdur amma bu planları həyata keçirəcək qədər zamanımız olacaqmı orasını bilmirəm. Amma hər halda məqsəd və əzm olan yerdə qələbə mütləqdir.

Söhbəti qələmə aldı:

Mahmud Əyyub

 

 

 

 

 

 

 

 

Şərh Yaz