Aygün Ağabalayeva: “Döyülən uşaq ətrafdakılarına qarşı daha aqressiv olur” » Hərbiand

Son Dəqiqə:

Aygün Ağabalayeva: “Döyülən uşaq ətrafdakılarına qarşı daha aqressiv olur”

GƏNCLİK BİZİM GƏLƏCƏYİMİZDİR

 

“Dam dirək üstə durar” deyiblər. Əsil insan isə sahib olduğu əxlaq, dünya görüşü, savad və s. kimi insani dəyərlərinə görə digər canlılardan fərqlənir. İnsani keyfiyyətin təməlində isə, insanın sahib olduğu ailəyə, dilə, dinə, doğulduğu torpağa və yaşadığı ölkəyə olan sədaqəti dayanır.

“Gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hislərinin tərbiyəsi” mövzusunda bu həftəki həmsöhbətim Psixologiya və Konsultasiya mərkəzinin psixoloqu Aygün Ağabalayeva ilə olan müsahibəni “Hərbi and” oxucularına təqdim edirik.

 

  • – Uşaqlıq illərini necə xatırlayırsız?

 

  • – Çox gözəl uşaqlıq illərim olub. Biz iki bacı iki qardaşıq. Hər zaman valideynlərimiz tərəfindən diqqət və qayğı görmüşük. Bizə qarşı nə qədər mülayim olublar o qədər də lazımı yerdə ciddi və tələbkar davranıblar.
  • Adət-ənənələrimizə , milli dəyərlərimizə çox önəm verən bir ailəmiz olub. Valideynlərimin hər ikisi ali təhsillidirlər. Düzdü, atam anamı işləməyə qoymayıb, amma hər zaman deyirdi ki, ”mənim qızım oxuyacaqda işləyəcəkdə!”Bizim ailədə elmə, təhsilə çox önəm verilib və yəqin buna görədir ki, hər birimiz ali təhsilliyik. Uşaq vaxtı qarşımıza qoyulan qadağalar təbiiki xoşumuza gəlmirdi, amma onu deyim narazıçılığımızı o qədərdə bildirmirdik. Düzdü, mən küsürdüm, sonra tezdə barışırdım, çünkü çox küslü qala bilmirdim. Böyüdükcə, yaşa dolduqca anladım ki, valideynlərim bizə çox düzgün tərbiyyə verib və bu günümə görə mən Allahdan sonra ən əsas valideynlərimə borcluyam. Atam hər zaman deyərdi ki, “ yaxşı təhsili də, yaxşı işi də həyatda qazanmaq olar. Əsas yaxşı İnsan olun! Heç bir iş, vəzifə ömürlük deyil. Əsas odur ki, bunlar olmayanda başınızı əymədən, çəkinmədən insanların əhatəsində rahat gəzə biləsiz.”

 

  • – İxtissınızı sevərək seçmisiz, yoxsa daha uğurlu sahə hesab edirdiz?

 

  • – Psixologiya birinci qeyd etdiyim ixtisas seçimi idi. O zaman nəyin uğurlu olduğunu düşünmürdüm. Düzünü desəm, hər zaman düşünürdümki hüquqşünas olacam, amma bizim mentalitetə uyğun olaraq bəzi formalaşmış fikirlər var idı və bunlardan biri də, ”bu qız sənəti deyil” idi. Məktəb illərindən düşünürdüm ki, yaxşı hüquqşünas olmaq üçün mütləq insanın psixlogiyasın bilmək lazımdı və buna görə çox araşdərmalar edirdim. Rusiyadan kitablar, jurnallar gətizdirirdim. Psixoloji məqalələr dərc edən rusdilli jurnallara abunə olmuşdum. Hətta bəyəndiyim informasiyaları jurnallardan kəsib yığırdım. İndi düşünürəm ki, nə yaxşı bu ixtisası seçmişəm.

 

  • – Uşaqlarla işləyirsiz?

 

  • – Psixoloq fəaliyyətimə ilk olaraq məktəbdən başlamışdım və təbii olaraq, məktəbdə hər yaş həddində uşaqlarla işləmişəm. Magistraturanı bitirdikdən sonra isə yeniyetmə və böyüklərlə işləyirəm.

 

  • – Millilik anlayışı uşaqlarda necə formalaşır?

 

  • – Milli mənliyin formalaşması uzun sürən prosesdir. Uşaqlıqdan başlayır və bir şəxsin bütün həyatı boyunca davam edir. Ümumiyyətlə isə millilik anlayışı mərhələlərlə formalaşır. Uşağın yaş dövrü, inkişafı burda öz rolunu oynayır. Kiçik və orta məktəbyaşlı uşaqların milli mənlik şüurunun formalaşmasının psixoloji xüsusiyyətlərinə aid olanlar bunlardı: Şəxsiyyətdə özünüdərketmənin formalaşması, etnik dəyərlər sistemi, stereotiplər, hisslər, milli məsələlər, problemlər sahəsində məlumatlılığı, idrak motivasiyası – hansı ki, özünün və başqa etnik qruplarının nümayəndələrinə maraq və müsbət münasibət yaranmasına səbəb olur.

 

  • – Vətən anlayışı necə?

 

  • – Vətənpərvərlik hissi ailədən gəlir. Tərbiyə yolu ilə isə daha da artır, möhkəmlənir. Vətənpərvərlik, Vətənə sevgi məqsədyönlü davranışın və fəaliyyətin nəticəsidir. Gənclik hər bir millətin inkişafının təməlidir. Lakin onuda qeyd edək ki, vətənpərvərlik yalnız Vətəni sevmək deyil. Bura Vətəni sevmək, Vətəni qorumaq uğrunda mübarizə aparmaq, Vətənin adını hər yerdə, hər sahədə ucaltmaq deməkdir. Təhsil ocaqlarının, cəmiyyətin vəzifəsidir ki, bu tərbiyəni düzgün təbliğ etsin. Vətənpərvərlik tərbiyəsində xalqımızın tarixi şəxsiyyətləri haqqında, qəhrəman oğullarımız haqqında təhsil ocaqlarında verilən məlumatlar da güclü təsir qüvvəsinə malikdir. Gənc nəslin milli mənlik şüurunun inkişafına böyük önəm verilməlidir. Çünki gənclik bizim gələcəyimizdir. Onların həyata baxışlarından, düşüncə tərzindən, intellektual səviyyəsindən, milli ruhundan gələcəyimiz asılıdır.

 

  • – Şəxsən sizin üçün millilik və vətən nə deməkdir?

 

  • – Bundan öncə dediklərimə əlavə edərək demək istərdim ki, millilik mənə görə mənimsəmə deməkdir. Yəni məxsus olduğun bir ölkənin, bir millətin xüsusiyyətlərini mənimsəmə keyfiyyəti… Milləti millət edən təbii ki, onun milli xüsusiyyətləridi. Çox yaxşı olardı ki, məhz millətimizə xas olan gözəl xüsusiyyətlərimiz adət ənələrimiz unudulmasın.

 

  • – Əsas hansı tərbiyə üsullarından istifadə edilsə gənclərdə milli mənlik şüuru daha yaxşı inkişaf edər?

 

  • – Öncə demək istərdim ki, milli mənlik hər bir Azərbaycan vətəndaşında olmalıdır. Milli mənlik şüurunun inkişafına təsir edən əsas faktorlar isə; ailə, dilimiz, etnik stereotiplər, mənəvi dəyərlərimiz, adət-ənənələrimiz, sosial vəziyyətin inkişafı, kütləvi informasiya vasitələri və s. kimi amillərdir. Milli mənlik quruluşca mürəkkəb bir psixososioloji fenomendir. Etnik mədəniyyətin xüsusiyyətləri, milli xarakter, milli hisslər, stereotiplər və s. bunlara da kompleks şəklində yanaşmaq lazımdır.

 

  • – Tədris metotikasında tətbiq olunan psixoloq xidmətindən razısız?

 

  • – Məlum olduğu kimi Azərbaycanda əksər orta ümumtəhsil müəssisələrində psixoloji xidmət var. Sadəcə psixoloji xidmət nə dərəcədə məqsədyönlüdür bunu araşdırmaq lazımdır. Ötən illərdə bir çox orta təhsil ocaqlarında psixoloq onun vəzifəsindən kənar bir çox işlərə cəlb olunurdu. Hansiki psixoloqun çox vacib və məsuliyyətli vəzifəsi var. Son illər vəziyyət bir qədər yaxşılığa doğru düzəlir. Artıq psixoloji işin təşkilinə xüsusi diqqət yetirilir. Təhsil ocaqlarında psixoloq profilaktika, konsultativ, diaqnostika və korreksiya işləri aparır. Məktəbdə çalışan psixoloqun vəzifəsinə nə daxildi: şagirdlərin təlim və tərbiyəsi sahəsində olan çətinlikləri, onların şəxsi və intelektual inkişafındakı qüsurları aradan qaldırmaq. Psixoloqun uşaqların şəxsiyyətinin sağlam formalaşmasında böyük rolu var. Məktəb psixoloqu konkret problemləri həll etmək üçün fərdi olaraq şagirdlərlə, sinif kollektivi ilə, valideynlərlə və müəllimlərlə işləməlidir. Təbii ki, psixoloqun öz işini keyfiyyətli tətbiq etməsi üçün təhsil ocaqlarında uyğun şərait olmalıdır.

 

  • – Əvvəlki müəllimlərlə indikilər arasında psixoloji kəsişmələr var?

 

  • – Misalçün, Sovet dövrünün təhsilində ümumi müəllim şagird münasibətlərində indiki zamanla müqayisədə çox böyük fərq var. Sovet dövründədə cəza tətbiq etmək düzgün qəbul olunmurdu. Müəllimlər ona şiddət demirdi, “bir balaca qulaqburma verdim” deyərdilər. İndiki zamanda da biz bu hallarla rastlaşırıq, amma sovet dövrünün təhsilinin öz üstünlükləri olub. Unutmayaq ki, bir çox tanınmış yaradıcı şəxsiyyətlər, ictimai-siyasi, iqtisadi, sosial-mədəni həyatda, ümumi inkişafa böyük tövhələr verən insanlar məhz sovet sistemi daxilində təhsil alıblar.

 

  • – Vəziyyət əslində necə olmalıdır?

 

  • – Təbii ki, heç bir halda uşaqların fiziki təziqə məruz qalmaları yol verilməzdir. Döyülən uşaq ətrafdakılarına qarşı daha aqressiv olur. Ümumiyyətlə, təhsildə fiziki şiddət, cəza deyilən bir siztem yoxdur. Əgər şagird dərsdə özünü pis aparır, ya da dərslərini oxumursa, bunun ilk öncə səbəbini araşdırmaq lazımdır. Ola bilsin şagirdin qavraması zəifdir. Cəza olaraq isə, müəllim həmin uşağın valideynlərini məktəbə dəvət edə bilər. Məktəb rəhbərliyini məlumatlandıra bilər, qiymətin aşağı sala bilər və s. Müəllimdə insandı, onunda problemləri olur. Çox yaxşı olardı ki, müəyyən müddətdən bir müəllimlər də psixoloji testlərdən keçirilsin. Çünki zamanında aşkar edilən psixoloji narahatçılıqları rahat bir şəkildə aradan qaldırmaq mümkündür.

 

  • – Gənc valideynlərə tövsiyyələriniz…

 

  • – Torpaqlarımızın işğal olduğu bir vaxtda, “Gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hisslərinin tərbiyəsi” çox aktual bir mövzudur. Hər bir gənc valideyn ilk öncə övladının bir şəxsiyyət kimi formalaşmasında əlindən gələni etməlidir. Tərbiyənin hələ ilk məqsədi bu olmalıdır. Bura təbii ki, mənəvi keyfiyyətlər, yüksək əxlaq da daxildir. Uşağın şəxsiyyətinin formalaşmasında cəmiyyətin təsiri şübhəsizdir, amma unutmayaq ki, insan həyatının təməli ailədə qoyulur.

 

 

Ramilə QARDAŞXANQIZI

 

Şərh Yaz