Siyasət Cəfərov: “Ömrümün, gücümün çatdığı qədər vətənimin adını yaşadacağam” » Hərbiand

Son Dəqiqə:

Siyasət Cəfərov: “Ömrümün, gücümün çatdığı qədər vətənimin adını yaşadacağam”

Müsahibim Bakı Milli Musiqi Akademiyasının vokal-solo fakültəsinin məzunu istedadlı müğənni Siyasət Cəfərovdur. Onun Müslüm Maqomayev Adına Azərbaycan Dövlət Filarmoniyasında beş il səhnə fəaliyyəti, yaradıcılıq xidmətləri olmuşdur. Bundan başqa, Azərbaycan üzrə musiqi texnikumları arası keçirilən müsabiqənin ikinci, Azəri star mahnı müsabiqəsinin dördüncü yer qalibi adına layiq görülmüşdür.

Zəruri qeyd edim ki, bu müsahibənin alınacağı planda yox idi. Ancaq səmimi söhbət əsnasında yaranan bu dialoqu oxucularla da bölüşmək qərarına gəldim.

 

  • Sizi “Azəri star” yarışmasından tanımışıq. Lakin müsabiqəni izlədiyim zaman haqqınızda demək olar ki, eyni, bir-birinin bənzəri olan fikirlər duydum. Münsif kürsüsündə əyləşən Aygün Bəylərova, Telman Əliyev və Oqtay Kazımi “sən bu müsabiqədə iştirak etməli deyildin, onsuzda birinci yerə layiq məhz sənsən” demişdilər. Bu artıq sizin professionallığınıza işarə idi. Bəs sizi müsabiqəyə sövq edən nə idi?

          – Mənim içimdə vulkan qaynayırdı və mən bunu püskürməli idim (gülümsünür). Oxuya bilən də oxuyurdu, bilməyən də… Mən niyə oxumalı deyildim

          – Sənətdə ustadınız kimdir?

 – Hacıbaba Hüseynov, Adil Əliyevdən muğam dərsi almışam. Fidan xanım Qasımova konservatoriyada vokal müəlliməm olub, amma dinləyərək dərs aldığım ustadlar da var. Rəşid Behbudov, Müslüm Maqomayev, Luciano Pavarotti, Xose Karreras, Placido Domingo, Maria Callas kimi müğənniləri tez-tez dinləyirəm. Xarici bəstəkarlardan isə, Lüdviq van Bethoven, Pyotr Çaykovski,  Modest Musorqski, Coakkino Rossini, Antonio Vivaldi, Edvard Qriq, Cüzeppe Verdi… Bunlar mənim mənəvi ustadlarımdır. Opera müğənnilərini sırf ifam üçün, bəstəkarları isə, zövqüm üçün dinləyirəm.

          – Bəs siz özünüz gələcək nəsil üçün bir məktəb açmağı düşünürsünüzmü?

– Mənim də istedadlı tələbələrim var. Otuza yaxın tələbəm var. Əlbəttə, mütləq açaram. Mən dövlətimizə, incəsənətimizə xidmət etməkdən zövq alıram.

           – Ölkədən kənarda, bir çox xarici dövlətlər – İran,Türkiyə, Rumıniya, Moskvada gözəl konsert proqramlarınız, qastrol səfərləriniz olub. Ən son konsertinizi Kamçatkada vermisiniz. Bu, ölkəmiz üçün çox böyük uğur, tanıtım piarıdır. Layihənin təşəbbüskarı kim idi?

 – Rusiya diasporasının sədri Ramazan Vəliməmməd oğlu Hüseynov deputatlığa namizədlik ərəfəsində belə bir təçəbbüs irəli sürmüşdü ki, dünya şöhrətli vokalist, SSRİ xalq artisti Müslüm Maqomayevin 75 illiyinə yubiley konsertini məhz Kamçatkada təşkil etsin. Bu konsert proqramı üçün bir çox ölkədən namizəd test edilmişdi, mən seçildim. Çox gözəl qarşıladılar məni. Bir çox xalqlarla tanış oldum. İtelmen, Karyak və s. Musiqimizi çox gözəl duyub, çox da gözəl qəbul etdilər. M.Maqomayevin öz repertuarından oxuduğum “sinyaya veçnost-more” mahnısı oldu. Ümumiyyətlə, mən deyərdim ki, bu mahnı mənim sənət yolumda bir mayak oldu.

          – M.Maqomayevin repertuarından sevdiyimiz “Azərbaycan” mahnısı həmişə ifanızda səslənərkən mən bir Azərbaycanlı olaraq həm kövrəlir, həm də sizinlə fəxr hissi duyuram.

          – Çox sağ olun. Mən Kamçatkada keçirilən konsertdə “Azərbaycan” mahnısını ifa edərkən, nəqarətdə “Azərbaycan” sözünü mənimlə birlikdə hamı deyirdi. Orda olan bütün xalqların nümayəndələri mənimlə birlikdə oxuyurdu. Mən də çox kövrəlir, ölkəmlə fəxr edirdim. Ömrümün, gücümün çatdığı qədər vətənimin adını yaşadacağam!

         – İşinizin peşəkarısınız! Biz sizinlə fəxr edirik! Bayrağımızı daim bizi istəyən və istəməyən qonşuların evində dalğalandıracağınıza əminəm. Daha məşhur səhnələrdən səsiniz gəlsin!

 

Müsahibəni hazırladı: Fatimə Əlihüseyn

 

Şərh Yaz