18 oktyabr Azərbaycanın Dövlət Müstəqilliyi Günüdür » Hərbiand

Son Dəqiqə:

18 oktyabr Azərbaycanın Dövlət Müstəqilliyi Günüdür

Müstəqil yaşamaq hər bir insanın, hər bir xalqın arzusudur. Azərbaycan xalqı da həmişə bu istəklə yaşamışdır. Tarixdə zaman-zaman müxtəlif adlar altında müstəqil Azərbaycan dövlətləri mövcud olmuşdur. Buna misal olaraq, müxtəlif dövrlərdə tarixi Azərbaycan torpaqlarında yaradılmış Şirvanşahlar, Eldənizlər, Ağqoyunlu, Qaraqoyunlu, Səfəvilər dövlətlərinin adını çəkə bilərik. Şah İsmayıl Xətainin dövründə Səfəvilər dövləti bütün Azərbaycan torpaqlarını birləşdirdi və Azərbaycan dili dövlət dili səviyyəsinə yüksəldi. Xalqımız ötən yüzillikdə iki dəfə dövlət müstəqilliyi qazanıb. 1918-ci ildə Azərbaycanda ilk demokratik respublika quruldu. Lakin bu respublikanın ömrü qısa oldu. Belə ki, xarici müdaxilələr, daxili çəkişmələr və digər amillər üzündən Azərbaycan Demokratik Cümhuriyyəti az vaxtdan – cəmi 23 aydan sonra süqut etdi.

Ötən əsrin sonlarında xalqımıza yenidən dövlət müstəqilliyinə qovuşmaq səadəti nəsib oldu. Sovet İttifaqı dağıldıqdan sonra, 1991-ci il oktyabrın 18-də respublikanın qanunvericilik orqanı parlament Azərbaycanın dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı qəbul etdi və bununla da respublikamızın müstəqilliyi bərpa olundu, Azərbaycanın tarixində yeni dövrün başlanğıcı qoyuldu.

Bir tərəfdən imperiyanın dağılmağa başlaması, digər tərəfdən xalqın artmaqda olan təzyiqi respublikanın hakim dairələrini manevr etmək məcburiyyətində qoymuşdu. Yuxarılarda belə hesab edirdilər ki, bu sənədin qəbul edilməsi xalqı sakitləşdirəcək, hakimiyyətin ömrünü uzatmağa imkan verəcəkdir. Ona görə də təsadüfi deyildi ki, “Konstitusiya Aktı” ilkin mərhələdə yalnız quru kağız olaraq qalır, Azərbaycan yenə də Moskvadan idarə edilir, rejim Kremlin dediyi ilə oturub dururdu. Lakin indi bunlar arxada qalmışdır.

Azərbaycan Respublikasında 1991-ci il dekabrın 29-da ümumxalq səsverməsi keçirildi. Referendum bülleteninə belə yazılmışdı: “Siz Azərbaycanın dövlət müstəqilliyi haqqında Azərbaycan Ali Sovetinin qəbul etdiyi Konstitusiya Akt”ına tərəfdarsınızmı?” Səsvermə hüququ olanların 95%-dən çoxu referendumda iştirak etdi. Azərbaycan yekdilliklə respublikanın dövlət müstəqilliyinə tərəfdar çıxdı.

Müstəqilliyi elan etmiş Azərbaycan Respublikası çox mürəkkəb tarixi şəraitdə fəaliyyət göstərməyə başladı. Onun müstəqilliyini dünya dövlətləri tanıdı. Azərbaycan Respublikasının müstəqilliyini ilk olaraq 9 noyabr 1991-ci ildə Türkiyə Cümhuriyyəti tanıdı, daha sonra 11 dekabr 1991-ci ildə Rumıniya, 13 dekabr 1991-ci ildə Pakistan, 23 dekabr 1991-ci ildə İsveçrə, 25 dekabr 1991-ci ildə İran, 23 yanvar 1992-ci ildə ABŞ, 10 aprel 1992-ci ildə Rusiya və b. dövlətlər tanıdılar.

Azərbaycanın 2 mart 1992-ci ildə BMT-yə üzv qəbul olunması ilə onun beynəlxalq aləmdə de-fakto tanınmasına başlandı.

Lakin müstəqilliyini qazandıqdan iki il sonra xalqımız yenidən onu itirmək təhlükəsi ilə üzləşdi. Bir tərəfdən Ermənistan silahlı qüvvələrinin təcavüzü nəticəsində geniş miqyas almış Birinci Qarabağ müharibəsi, digər tərəfdən daxildə gedən siyasi çəkişmələr, separatçılar hərəkatı müstəqilliyin beşiyindəcə boğulması təhlükəsini reallaşdırırdı. Lakin böyük siyasi təcrübəyə malik olan Heydər Əliyevin ölkədə hakimiyyətə qayıdışı ilə bu təhlükə sovuşdu.

İndi müstəqilliyimizin siyasi və iqtisadi sütunları getdikcə möhkəmlənir. Xalqın öz dövlətçiliyi sarıdan heç bir narahatçılığı yoxdur. Müstəqilliyin taleyini müəyyənləşdirən əsas amillər qorunub saxlanır, inkişaf etdirilir. Dövlətçiliyin möhkəmləndirilməsinə, iqtisadiyyatın inkişafına, milli-mənəvi dəyərlərin qorunub saxlanmasına eyni dərəcədə diqqət verilir.

Azərbaycan bu gün həm siyasi, həm də iqtisadi cəhətdən dünyanın qüdrətli dövlətlərindən birinə çevrilib. İqtisadi artım tempinə görə ölkəmiz nəinki regionda, həm də dünyada lider mövqeyə çatıb. Regionda heç bir irimiqyaslı layihə Azərbaycanın iştirakı və razılığı olmadan həyata keçirilmir. “Əsrin müqaviləsi” çərçivəsində reallaşan “Bakı-Tbilisi-Ceyhan” Əsas İxrac Boru Kəməri artıq neftimizi dünya bazarına çıxarır. Bu kəmər həm Cənubi Qafqazda təhlükəsizliyin təmin olunmasında, həm də xalqımızın daha firavan yaşamasında mühüm rol oynayır.

Qısa müddətdə müstəqil Azərbaycan siyasi, sosial-iqtisadi, mədəni sahələrdə böyük nailiyyətlər qazanmışdır. Respublikamızda dövlət müstəqilliyinin bütün atributları bərqərar edilmişdir. Dövlət gerbi, himn, üçrəngli bayraq müstəqil dövlətimizin rəmzləridir. 1995-ci ildə müstəqil Azərbaycanın ilk Konstitusiyası qəbul olunub. Respublikamızda dövlət quruculuğunun əsasları bu Konstitusiya ilə təsbit olunub. Konstitusiyamıza əsasən, Azərbaycan demokratik, hüquqi, dünyəvi dövlətdir və ölkədə hakimiyyətin yeganə mənbəyi xalqdır.

Azərbaycanın dövlət müstəqilliyi xalqımızın tarixi nailiyyətidir. Müstəqil dövlətimizin qədrini bilmək, onu qorumaq, inkişafına əlimizdən gələn köməyi, göstərmək hər birimizin müqəddəs borcudur. Tarix dəfələrlə sübut edib ki, müstəqilliyi qoruyub saxlamaq onu qazanmaqdan qat-qat çətindir. Gərək sınaqlara hazır olasan, hər bir əziyyətə və çətinliyə dözməyi bacarasan. Tale elə gətirdi ki, Azərbaycan bir əsrdə iki dəfə müstəqillik əldə etmək, özünün suveren dövlətini yaratmaq imkanı qazandı. Təəssüf ki, birinci imkan xarici müdaxilə, daxili çəkişmələr və beynəlxalq təminatın olmaması səbəblərindən itirildi. İkinci tarixi imkanla Azərbaycan xalqı öz milli müstəqilliyini bərpa etdi və xalqımız uzun illərdən bəri həsrətində olduğu azadlığına qovuşdu.

Dövlət Müstəqilliyi Haqqında konstitusiya Aktı 1991-ci il oktyabrın 18-də qəbul edilsə də Azərbaycan özünün əsl müstəqilliyini ümummilli lider Heydər Əliyevin qayıdışından sonra əldə edir. 1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə hakimiyyətə gələn Heydər Əliyev özü ilə bərabər Azərbaycan siyasi müdriklik gətirdi. Məhz milli liderin zəngin siyasi təcrübəsi, yüksək idarəçilik bacarığı vətənə olan tükənməz sevgisi Azərbaycanın dövlət müstəqilliyini təhlükədən qurtardı. Ulu Öndər ölkədə xaos və anarxiyanı, cəmiyyətdə hökm sürən iqtisadi, siyasi və mənəvi psixoloji gərginliyi aradan qaldırdı. Müstəqil Azərbaycan Respublikası möhkəm əsaslar üzərində yeni inkişaf xəttini tutdu.

Respublikamızı Şərqdə ilk demokratik cümhuriyyət olan AXC-nin varisi elan edən ümummilli lider Heydər Əliyev müstəqilliyi qorumağı onu əldə etməkdən qat-qat çətindir məntiqi ilə nəhəng dövlət quruculuğu işlərinə başladı. Ulu Öndər qarşıya çıxan bütün sərhədləri yardı və qısa vaxt ərzində Azərbaycanın səsi ən nüfuzlu beynəlxalq təşkilatların kürsüsündən gəldi. Müstəqilliyin əvəzsiz bir nemət olduğunu və xalqın tarixi taleyində çox önəmli  rol oynadığını böyük qürur hissi ilə bəyan edən Heydər Əliyev Azərbaycanın müstəqilliyini əbədi və dönməz etdi. Əsl müstəqillik isə öz sərvətlərinin tam sahibi olmaqdır. 1994-cü ilin  20 sentyabrında Heydər Əliyevin müəllifi olduğu nəhəng neft müqaviləsi “Əsrin müqaviləsi” imzalandı. Bununla da Azərbaycan ilk dəfə olaraq öz sərvətlərinin sahibi kimi çıxış etdi. Dünyanın ən aparıcı dövlətlərinin ən qabaqcıl şirkətlərinin bu kontraktda iştirakı isə ölkəmizin regionda əhəmiyyətini və nüfuzunu artırdı. Azərbaycan iri regional layihələrdə, Avropa və bütövlükdə dünya enerji təhlükəsizliyi sisteminə qoşuldu. 1993-cü ildən başlayaraq dövlət müstəqilliyinin möhkəmləndirilməsi istiqamətində görülən işlər və atılan məqsədyönlü addımlar Azərbaycanın bugünkü uğurları üçün ən etibarlı təməl oldu. Bir sözlə əgər müstəqillik Azərbaycan suveren dövlət kimi  mövcud olması tarixi zərurətdən irəli gələn hadisə idisə, Azərbaycanın müstəqilliyi, əbədiliyi və dönməzliyi ümummilli lider Heydər Əliyevin adı və fəaliyyəti ilə bağlı olan müasir tariximizin danılmaz faktıdır. Məhz dövlət müstəqilliyi Heydər Əliyev faktı yeni və qlobal dünyada ölkələrin yerini müəyyənləşdirdi. Azərbaycanın dünyaya, dünyanın Azərbaycana gərəklili olduğunu sübut etdi.

Şərh Yaz