“Şəhid ailələrinə və müharibə əlillərinə dövlət qayğısı” mövzusunda tədbir keçirilib » Hərbiand

Son Dəqiqə:

“Şəhid ailələrinə və müharibə əlillərinə dövlət qayğısı” mövzusunda tədbir keçirilib

Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Şəhid ailələrinə və müharibə əlillərinə dövlət qayğısı” mövzusunda Dəyirmi Masa yığıncağı keçirilib. Azərbaycan Respublikası “Beynəlmiləlçi Əlil Döyüşçülər” Fondu tərəfindən həyata keçirilən bu yığıncaq “Şəhid ailələrinin və müharibə əlillərinin tibbi-sosial problemlərinin həllinə dəstək mərkəzinin yaradılması” layihəsində nəzərdə tutulub. Aidiyyatı olan Dövlət Qurumlarının, millət vəkillərinin, QHT, KİV nümayəndələrinin birgə iştirakı ilə yığıncağı giriş sözü ilə layihənin direktoru, Azərbaycan Respublikası “Beynəlmiləlçi Əlil Döyüşçülər” Fondunun prezidenti Sərraf Oruc açıb.

O, öncə yığıncaq iştirakçılarından, Azərbaycan Respublikasının müstəqilliyi, Vətən torpaqlarının bütövlüyü uğrunda şəhid olmuş hərbçilərin və vətəndaşların xatirəsinin bir dəqiqəlik sükutla yad olunmasını xahiş edib. Daha sonra Sərraf Oruc 18 aprel 2017-ci il tarixindən – 18 oktyabr 2017-ci il tarixinə kimi həyata keçirilən layihənin nəticəsi olaraq zərurətdən yaranan “Şəhid ailələrinin və müharibə əlillərinin tibbi-sosial problemlərinin həllinə dəstək mərkəzi”nin yaradılması haqqında ətraflı məlumat verib. O, bildirib ki, əsas məqsəd şəhid ailələrinin və müharibə əlillərinin dövlət tərəfindən qanunla nəzərdə tutulmuş sığorta pul vəsaitlərini almalarına, həmçinin Səhiyyə Nazirliyinin vətəndaşların respublikadan kənar müalicəyə göndərilməsinə hüquqi köməklik göstərərək, adı çəkilən vətəndaşlar arasında yaranmış narazılıqları aradan qaldırmaqdan ibarətdir. Şəhid ailələrinə, müharibə əlillərinə, veteranlara – əhalinin həssas təbəqəsi hesab olunan insanlara qayğı göstərmək həm cəmiyyətin, həm də dövlətin başlıca vəzifələrindən biridir.

Şəhid ailələrinin, müharibə əlillərinin və veteranların tibbi-sosial problemlərinin həlli istiqamətində dövlətin diqqət və qayğısını artırmaq məqsədi ilə Azərbaycan Respublikasının mərhum Prezidenti Heydər Əliyev tərəfindən Fərman və Sərəncamlar imzalanmışdır. Bu gün də bu təbəqəyə diqqət və qayğını artırmaq üçün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən müxtəlif Fərman və Sərəncamlar imzalanır. Şəhid ailələrinin, müharibə veteranlarının, əlillərin sosial problemlərinin həlli dövlətin daim diqqət mərkəzindədir. Cənab Prezidentin bu təbəqədən olan insanların sosial rifahının yaxşılaşdırılması məqsədilə ardıcıl imzaladığı Fərman və Sərəncamlar, ildən-ilə gücləndirilən mühüm sosial proqramlar onların etibarlı sosial müdafiə sistemi, hərtərəfli dövlət qayğısı ilə əhatə olunmalarına şərait yaradıb.

Dəyirmi Masa yığıncağının sonunda, QHT, KİV nümayəndələrinin, şəhid ailələrinin və müharibə əlillərinin tibbi-sosial problemləri haqqında çıxışları, müzakirələri və təklifləri olub. Dəyirmi Masa yığıncağı adından şəhid ailələrinin və müharibə əlillərinin tibbi-sosial sığortalarında yaranmış problemlərin həll olunması üçün, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Azərbaycan Respublikası Milli Məclisinin rəhbərliyinə müraciət edilməsi qərara alınıb .

Şərh Yaz