“Aprel döyüşlərində qəhrəmanlıq göstərən igidlərimizin gənclər arasında təbliği” adlı layihə çərçivəsində Ağdam rayonunda görüş keçirildi » Hərbiand

Son Dəqiqə:

“Aprel döyüşlərində qəhrəmanlıq göstərən igidlərimizin gənclər arasında təbliği” adlı layihə çərçivəsində Ağdam rayonunda görüş keçirildi

6 noyabr 2017-ci il tarixində Ağdam rayonu Quzanlı qəsəbəsində ümumtəhsil məktəblərində təhsil alan şagirdlər ilə görüş keçirildi. Tədbir Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun 10-cu qrant müsabiqəsinin qalibi olmuş Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin “Aprel döyüşlərində qəhrəmanlıq göstərən igidlərimizin gənclər arasında təbliği” adlı layihəsi çərçivəsində baş tutdu. Görüş ulu öndər Heydər Əliyevin və şəhidlərimizin ruhunun bir dəqiqəlik sükütu ilə başladı.

Tədbiri giriş sözü ilə açan Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvü,  Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri Emin Həsənli layihə çərçivəsində həyata keçirilən görüşün əsas məqsədinin Qarabağ döyüşlərində, xüsusilə də aprel döyüşlərində şəhid olan qəhrəmanlarımızın anım mərasimlərini keçirmək, onların gənclər arasında daha yaxından tanıdılmasına töhfələr verməkdən ibarət olduğunu bildirdi və cənab İlham Əliyevin apardığı uğurlu ordu islahatlarının nəticələrinin aprel döyüşlərində aydın şəkildə görüldüyünü də qeyd etdi. Bizlər də cənab prezidentin daima yanında olmalı, gələcəyimiz olan siz gənclərimizin vətənpərvərlik ruhunda yetişməsində əlimizdən gələni əsirgəməməliyik. Çıxışına davam edən layihə rəhbəri aprel döyüşlərinin Azərbaycanın şanlı tarixinə qızılı hərflərlə yazıldığını vurğuladı və əlavə etdi ki, məhz bu döyüşlər sayəsində Azərbaycanın əsgər və zabitləri işğalçı rejimin uzun illər öz ordusu haqqında formalaşdırdığı mifi darmadağın edə bilib. Silahlı Qüvvələrin Ali Baş Komandanı Aprel döyüşlərinin şəhidləri və ümumən bu döyüşlərinin iştirakçıları Azərbaycan cəmiyyətinə vətənpərvərlik, fədakarlıq, məğlubedilməzlik nümunəsi göstəriblər.

Daha sonra çıxış edən Azərbaycan Əfqanıstan Veteranları İctimai Birliyinin sədri Məhəmməd Vəliyev Azərbaycanımızın aprel döyüşlərində öz gücünü göstərdiyini, həm də bu vəziyyətlə heç vaxt barışmayacağını düşmənə və dünyaya bir daha sübut etdiyini vurğuladı. Çıxışına davam edən Məhəmməd Vəliyev həmçinin qeyd etdi ki, Aprel döyüşləri nəticəsində uzun illərdən bəri düşmən nəzarətində olan Lələtəpə, Talış yüksəkliklərinin düşməndən geri alınması Azərbaycan Ordusunun qəhrəmanlıq rəmzi kimi tarixə düşüb.

Sonda isə söz Azərbaycan Gəncliyə Yardım Fondunun vitse-prezidenti Salman Əliyevə verildi. Salman Əliyev qeyd etdi ki, müasir dövrdə müxtəlif ideologiyaların gənclərin dünyagörüşünün, şəxsiyyətinin formalaşmasına təsiri fonunda milli düşüncəni saxlamaq, gənclərin vətənpərvər ruhda böyüməsinə yardım etmək cəmiyyətin hər bir üzvünün vəzifəsidir. Bu istiqamətdə dövlət tərəfindən çoxsaylı tədbirlər həyata keçirilir, bu gün Azərbaycan torpaqlarının 20 faizindən çoxunun işğal altında olduğunu nəzərə alaraq, şəhid və qəhrəmanlarımızın adının yaşadılması, xatirələrinin əbədiləşdirilməsi, hər fürsətdə onlardan bəhs edilməsi çox vacibdir. Biz təbliğatımızı elə qurmalıyıq ki, yeniyetmə və gənclərdə vətənə, torpağa, orduya, şəhidlərə məhəbbət ruhu, düşmənə isə nifrət hisləri güclənsin, möhkəmlənsin.

Yekun olaraq tədbirin bədii hissəsində şagirdlər vətənpərvərlik ruhunda şeirlər səsləndirdilər.

Şərh Yaz