“Əsgər Ailəsi Cəmiyyəti”nin yaradılmasının 25 illiyi qeyd edildi » Hərbiand

Son Dəqiqə:

“Əsgər Ailəsi Cəmiyyəti”nin yaradılmasının 25 illiyi qeyd edildi

7 noyabr 2017-ci il tarixində “Əsgər Ailəsi Cəmiyyəti”nin yaradılmasının 25 illiyi qeyd edildi. Tədbirdə QHT nümayəndələri, ehtiyyatda olan zabitlər, qazilər və şəhid ailələri iştirak etdi.

Tədbiri giriş sözü ilə açan Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvü,  Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri Emin Həsənli”Əsgər Ailəsi Cəmiyyəti”nin 25 ildə gördüyü işlərdən, cəmiyyətin  nailiyyətlərindən, bu təşkilatın respublikada vətənpərvərliyin yüksək səviyyədə təbliğ etməsindən danışdı.

Ehtiyyatda olan general Məhəmmədhüseyn Sarıyev, polkovnik Həsən Əmirov, aprel döyüşçülərindən Ülfət Həsənov və Natiq Mehdiyev çıxış edərək “Əsgər Ailəsi Cəmiyyəti”nin sədri Roza Əliqızının 25 ildə bu təşkilat vasitəsi ilə xalqımıza xidmətindən danışdılar. Bununla yanaşı tədbir iştirakçıları Roza Əliqızının “Əsgər Ailəsi Cəmiyyəti”nin xətti ilə Qarabağ gerçəkliklərini ölkəmizdən kənarda Türkiyədə, Avropada yetərincə təbliğ etməsindən bəhs etdilər.

Daha sonra ehtiyyatda olan zabit, hərbi jurnalist Roza Əliqızı çıxış edərək rəhbəri olduğu təşkilatın yaranma tarixi haqqında iştirakçılara məlumat verdi: “1992-ci ildə mən hərbi hissələrə gedərək əsgərlərdən ailələrinə, ailələrindən isə əsgərlərə məktublar aparardım. Beləliklə, “Əsgər Ailəsi Cəmiyyəti” yarandı. Elə o gündən bu günə ömrümüz cəbhə bölgələrində, əsgərlərimizin yanında keçdi”.

Sonda Roza xanıma Fəxri fərmanlar və medallar təqdim edildi.

Şərh Yaz