Aysel Abdullazadə: “Böyüdük və anladıq ki, Vətəni sevmək qəlbdən, içdən gəlir, yaxın və ya uzağında olmaqla deyil” » Hərbiand

Son Dəqiqə:

Aysel Abdullazadə: “Böyüdük və anladıq ki, Vətəni sevmək qəlbdən, içdən gəlir, yaxın və ya uzağında olmaqla deyil”

DƏYƏR ÜMUMİ ANLAYIŞDIR

Uşaqlar hər gün yeni doğulan günəş,  gənclər isə hər axşam günəşi yola salıb növbəti sabahları özü ilə gətirən aydır. Yeni nəsil təzəlik nəfəsidir, saflıq qoxusudur. Həmçinin yetişməkdə olan Azərbaycan gəncləri dünyaya elmi, biliyi, intellektuallığı və yüksək potensialı ilə səs salmağa hazır olan Vətən övladlarıdır! “Gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hislərinin tərbiyəsi” mövzusunda bu həftəki həmsöhbətim filoloq-yazar Aysel Abdullazadə ilə olan müsahibəni “Hərbi And” oxucularına təqdim edirik.

–       Özünüzü yaxından təqdim edin.

–       “Günəşin Düşmədiyi Odalar” adlı şeir-esselərdən ibarət kitab müəllifi və yaşamağı, həyatı qeyri-standart alqılayan biri.

–       Hazırda hansı işlə məşğulsunuz?

–       Hazırda bir az durğunluq dövründəyəm. Düşünürəm ki, az da olsa dincəlməyə, özümü toplamağa ehtiyacım var. Baxmayaraq ki, bu sakitlikdə yenə də şeirlərim doğulur. Yenidən qayıdışım isə möhtəşəm olacaq. Çünki beynimdə layihələrim çoxdur.

–       Uşaqlığınızı necə xatırlayırsınız?

–       Biz doxsanların uşaqları olmuşuq. O zaman hər şey indikindən daha fərqli idi. Əlbəttə ki, müsbət və mənfi tərəfləri qaçınılmazdır. Uşaqlığımın ən gözəl tərəfi qayğıdan azad olmaq idi. Kiməsə qarşı bir öhdəliyimiz, borcumuz yox idi. İndi isə bunlar artıqlaması ilə həyatımızı əhatəsinə alıb.

–       Vətən anlayışı sizə necə aşılanırdı?

–       Ağlımız kəsəndən Vətən anlayışını bizə öz anamız ilə eyni göstəriblər. Vətən deyəndə barmağımızla anamızı göstərərdik. Vətəni qorumaq, sevmək vətəndaş olaraq bizim borcumuz kimi aşılanıb. Vətəni sevmək daima vətən üçün çabalamaq, ona sığınmaq, ondan ayrılmamaqdır. Sonra böyüdük və anladıq ki, Vətəni sevmək qəlbdən, içdən gəlir, yaxın və ya uzağında olmaqla deyil. Necə ki, böyüdükcə anamızın da qucağından uzaqlaşırıq. Yaşamın qaydası budur.

–       Milli dəyərlər necə?

–       Ümumiyyətlə, milli dəyər anlayışı nədir, öncə bunu aydınlaşdırmaq lazımdı. Dəyərin nə olduğunu bilirik. Bunu milliləşdirmək, bir növ özününküləşdirməkdir. Dəyər ümumi anlayışdı. Milli dəyər birləşməsini mentalitet qavramına calayırlar. Açığı, bu nəsnələrə leksikonumda və yaşamımda yer ayıra bilməmişəm.

–       Uşaqlara verilən cəza hansı yaşa qədər keçərlidir?

–       Mən uşaqlara cəza vermək üsulunun tərəfdarı deyiləm. Çünki cəza yanlış olan bir şeyin anlatma yolu deyil, qadağa yoludur və qadağaya yenidən meyil yaranır. Əksinə, doğru olmayan bir şeyin izah yolu ilə zərərlərini anlatmaq, pis tərəfini başa salmaq o yanlışa qayıdışın şüurlu olaraq qarşısını alar. Mən bu fikirdəyəm. Bəzən valideynlər gənc yaşda olan övladlarının qarşısında kəskin qadağalar qoyur. Bu fikrimi təkrarlayıram, istər kiçik yaşlarda, istərsə də gənc yaşlarda olan uşaqlara qadağa qoymaq lazım deyil, sərhədləri anlatmaq lazımdır.

–       Mükafatlar necə?

–        Mükafat yox, hədiyyələr gözəldir. Soruşa bilərsiniz ki, bunların fərqi nədir? Mükafat nəyinsə qarşılığıdır ki, bu da uşaqda həyata qarşı doğru olmayan vərdiş yaradar. Məsələn, bəzən valideynlər uşaqlarına dərslərini yaxşı oxumağın, universitetə qəbul olmağın müqabilində “mükafat” söz verirlər. Bu, çox yanlışdır. Hədiyyə isə qarşılıqsızdır, səbəbsizdir. Uşaqlara öncə gözəl tərbiyə və təmiz həyat hədiyyə etmək lazımdır.

–       Yeniyetməlik illərində asudə vaxtlarınızı necə keçirirdiniz?

–       Özümü tanıyandan bəri üç şeyi içimdə kəşf etmişəm: kitablar, musiqi və yalnızlıq. Asudə zamanım da həmişə bunlarla keçib. Yalnızlığımla baş-başa musiqi sədaları ilə kitab oxumaq qədər zövq aldığım nəsə yoxdur.

–       Hansı mövzularda yazılan kitabları oxuyurdunuz?

–       Təəssüf ki, bir çoxları kimi Vətən mövzusunda çox oxumuşam deyə bilməyəcəm. Heç vaxt reklamçı patriot olmamışam. Ümumiyətlə, vətən sevgisi və dinin özəldə yaşanılması gərəkdiyi qənaətindəyəm. Bu səbəbdən həmişə, elə indi də həyatı başa salan, sevgini aşılayan kitablara üstünlük vermişəm. Çünki bu iki anlayış bizim yaşamımızı təyin edir.

–       Uşaqları kompyuterdən bir az uzaqlaşdırıb təbiət oyunlarına meylləndirmək üçün nə etmək olar?

–       Bunun haqqında qızım dünyaya gələndən sonra daha çox düşünürəm. Düzdür, hələ çox kiçikdir, amma bunu indidən götür-qoy edirəm. Məncə, bunu valideynlər tarazlamalıdır. Çox kiçik yaşlarından uşaqlara telefon, planşet verib, bir kənarda oynasın deyə rahatlığı seçirlər və nəticədə bu, alışqanlıq halına çevrilir. Uşağa zamanı düzgün bölmək lazımdır. Onların televiziya və ya oyun saatları bəlli olmalıdır, bu saatlar xaricində isə onları təbiətlə tanış etmək, təbiəti və uşaq oyunlarını onlara sevdirmək lazımdır.

–       Verilən azadlıq hansı həddə olmalıdır?

–       Azadlıq insanın ən doğal haqqıdır. Uşaqlar üçün buna müəyyən bir sərhəd qoymaq mütləqdir. Çünki yaş məsələsi həyatda yaşamaq üçün önəmli faktordur. Amma bu sərhəddi də gərəkli bir həddə əsaslanaraq tənzimləmək lazımdır. Gələcəkdə uşağın psixologiyasına əks təsir verməyəcəyinə, travma yaratmayacağına əmin olmaq lazımdır. Məlum olduğu kimi, insan qadağalara daha çox meyilli olur. Bu qadağanı azadlığın əlindən alınması kimi deyil, yaşamın qaydası kimi hiss etdirmək çox önəmlidir. Uşaqlara onların uşaqlığını yaşatmaq tərəfdarıyam.

–       Sizcə, gənclərin azadlıq anlayışı necə formalaşır?

–       Bu gün azadlıq anlayışı çox üzdədir. Gənclər hələ də bu kəlmənin dərin qatlarına keçə bilmirlər. Azadlıq məhrumiyyətlərə qaçış, onları ram etmək demək deyil. İnsan yaşamı individualdır, amma eyni zamanda o individuallığın da bir qaydası var. O qaydanı pozduğumuzda həyat məcrasından çıxır. Gənclər bunu anlamır. Azadlığı istəklərinə hədd qoyulmamasında, sərbəst yaşamaqda, bütün sərhədlərin yox olmağında görürlər. Halbuki bu, yanlış və cahil düşüncədir. Azadlıq, insanın özünü kəşf etməsidir.

–       Yeni nəsli keçmiş nəslə bənzətmək düzdür?

–       Xeyr! Əsla tərəfdarı deyiləm. Yeni nəsil, adı üstündə yenidir, bunu keçmişlə müqayisə etmək düzgün deyil. Həyat daim yenilənir, zamanla bərabər hər şey dəyişir. Yeni nəsil keçmişə uyğun ola bilməz. Bu, birmənalı şəkildə qəbul olunmalıdır.

–       Gənclər arasında kəndləri və kənd adamlarını bəyənməzlik var. Sizcə, bu ən çox nədən irəli gəlir?

–      Məncə, buna bəyənməzlik deməyək, uyuşmazlıq deyək. Fikirlər, düşüncələr çox fərqlidir. Gənclər daha çox dünyagörüşlü olur, oxuyur, araşdırır, modern düşüncəyə sahibdir. Kəndlərimizdə yaşayan həmvətənlilərimizin əksəriyyəti yaşlılardır. Gənclərlə onların arasında uçurumun olması normaldır. Gənc nəsil şəhər mühitini sevir, özünü bu mühitdə yetişdirir və özünü inkişaf etdirmək istəyən gənc kəndlərə üz tutmaq istəmir. Bu, reallıqdır.

–       Tətbiq olunan təhsil sistemindən razısınız?

–       Tətbiq olunan təhsil sistemini Azərbaycan üçün geridə hesab edirəm. Bu qədər parlaq, bu qədər odlu-alovlu ölkənin təhsil sistemində “yanarlılıq” yetərincə deyil.

–       Cəmiyyətdə olan intellektuallıqdan razısınız?

–       Cəmiyyətdə olan intellektuallıq, məncə, yetərincə var. İndi texnologiya, internet əsridir. Keçmişə nisbətən öyrənmək, araşdırmaq daha asandır və gənclər bunu lazımınca dəyərləndirir.

–       Kitabxanalardan çox əyləncə məkanları tanınır. Sizcə, niyə?

–       Kitab evinə gediş-gəliş azdır. Bu yöndə sosial şəbəkələrdə təbliğatlar aparılır. –       Avropaya inteqrasiya adı ilə müasirlik yerini yabanılığa vermir ki?

–       Müasirlik və yabanılıq. Məncə, yox. Yabanı olmaq daha çox xarakterlə əlaqəli bir şeydir. Müasir olmayan, bunun nə olduğunu anlamayan o qədər yabanı insan var ki, anlatmaqla bitməz. Ancaq Avropadan alınan bəzi məqamlar tətbiq olunan zaman səhvlərlə bəzənir və bu halda da yabanılığa bənzərlik yaranır.

–       Yeni nəsildə aydın mövqe görürsünüz?

–       Əlbəttə, yeni nəsil daha aydındır, daha bilgilidir və daha oyaqdır. Həmçinin gənclər çox fəaldır. Bu, dövrlə əlaqədardır. Həm də, bu gün gənclər daha cəsarətlidir.

–       Vətənpərvərlik sizin üçün nə deməkdir?

–       Vətənpərvərlik, mənim fikrimcə, harda olmağından, harda yaşamağından asılı olmayaraq, özünü Vətənin bir parçası kimi hiss etmək və işlərinlə, əməlinlə aid olduğun yeri tanıtmaqdı.

–       Müharibə necə?

–       Müharibə, əcaib bir kəlmədir. Qulağa belə xoş gəlmir. Düşünün, bu necə yaxşı bir məna ifadə edə bilər ki?! Müharibə insanların gərəksiz savaşıdır.

–       Müharibə şəraitində yaşayan yeni nəsli necə yönləndirməliyik?

–       Yalnız elm, bilgi yolu ilə. Cahil olaraq savaşmaq absurddur.

–       Bu mövzuda təbliğatın ən yaxşı yolu haradadır?

–       Təbii ki, Məktəblərdədir.

–       Bəs Vətən üçün yaşayanlar uzunömürlüdür, yoxsa ölənlər?

–       Hər zaman yaşayanlar uzunömürlüdür. Vətəndaş öldüsə, Vətən də öləcək! Ancaq bir məqam da var, Şəhidlik məqamı. Bu məqam təbii ki, ən yüksəkdə dayanır. Allah bütün şəhidlərimizə rəhmət eləsin!

–       Amin!

Ramilə QARDAŞXANQIZI

Şərh Yaz