Narıngül Nadir:Milli qüruru bəsit şəkildə, məhəlli dava kimi başa düşənlər də var” » Hərbiand

Son Dəqiqə:

Narıngül Nadir:Milli qüruru bəsit şəkildə, məhəlli dava kimi başa düşənlər də var”

DÜNYANIN TAVANI GÖY ÜZÜDÜR

 

Dünyanın özü də təbiyyət, fəsillər üzərindən yeniləndikcə gözəlləşir. Sanki yay fəsli qaynarlığı, payız çılğınlığı, qış sərtliyi, bahar isə gəncliyə məxsus şuxluğu, gözəlliyi ilə həyatı yaşamalı hala gətirir. “Gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hislərinin tərbiyəsi” mövzusunda bu həftəki həmsöhbətimYazıçı, Azərbaycan Yazıçılar Birliyinin üzvü, dörd kitab müəllifi, “Qobustan”jurnalının əməkdaşı Narıngül Nadirlə olan müsahibəni “Hərbi and” oxucularına təqdim edirik.

 

 

       Milli mənlik sizin üçün nə deməkdir?

 

       Mənə görə milli mənlik bir az da heysiyyət, qürur məsələsidir.  Milli mənlik vətən, torpaq sevgisindən daha üstün bir hissdir. Ancaq milli mənlik həm də vətəni qorumaq hissidir. Bəzən elə insan ola bilər ki, vətəninin çox sevər, adət-ənənəsinə varlığı ilə sadiq olar, amma milli mənliyini dərk etmək, vətəni qorumaq instinqi zəif olar. Bütün canlılar: istər heyvanlar olsun, istər quşlar öz doğulduqları yeri tanıyırlar, harda olsalar  öz yuvalarına qayıdırlar. Amma insandan  fərqli olaraq heyvanlarda  doğulduğu yeri  qorumaq hissi yoxdur.  Məhz milli qürur  hissinin insana məxsus olması onun aliliyindən xəbər verir.Yəni bu hiss özünüdərkdən xəbər verir. Milli qürur hissi insanın xarakteri ilə də bağlıdır. Bu hiss məğrur və özünə güvənən insanlarda daha çox formalaşır. Təəssüf ki, insanlar arasında  milli dəyərləri patriotluq kimi qəbul edənlər də var. Geniş izləyici kütləsi toplamış sosial şəbəkələrdə bu özünü qabarıq şəkildə biruzə verir. Milli qüruru  bəsit şəkildə, məhəlli dava kimi başa düşənlər də var. Məsələn, demək olmaz ki, mənim xalqım dünyada birinci xalqdır və yaxud, mənim ölkəmdən heç yerdə yoxdur. Yəni  mən həmişə tolerant yanaşmanın tərəfdarıyam.

 

       Uşaq təxəyülündəki millilk necə?

 

       Uşaq vaxtı milli qürur ancaq insanın öz məhəlləsi, doğulduğu  hücrəsi  ilə bağlı olur. Məsələn, mən uşaq vaxtı öz doğulduğum kəndin aşağı hissəsini, yəni hansı ki, mənim doğulduğum ev o yerə məxsusdur, o ərazinin təəssübünü çəkirdim. Bəzən elə olurdu ki, kəndin “yuxarı baş” adlanan hissəsinin uşaqları ilə dalaşmalı olurduq. Əlbəttə, biz bunun milli qürur olduğunu dərk etmirdik. Ancaq bilirdik ki, bu məhəllə bizə aiddir və bu məhəllə haqqında deyilən pis fikir həm də bizə ünvanlanıb.  Sonralar o kəndin ərazisi sərhədini  dəyişərək  böyüdü, ürəyimdə bütöv bir Azərbaycana çevrildi.

 

       Müasir gənc anlayışı ilə milli dəyərlər nə dərəcədə uzlaşır?

 

       Bu günki gənclik qloballaşma dövrünün gəncləridir. Onlar bu dəyərlərə daha geniş anlamda və fərqli yanaşırlar. Yəni baxış, yanaşma tərzi müxtəlifdir.

 

       Milli dəyərlər vətəndən kənarda necə qorunur?

 

       Məlumdur ki, bəzən təhsil və peşə inkişafına, bəzən də  müxtəlif sosial amillərə görə  xarici ölkələrə üz tutanların sayı  çoxalıb. Amma harda olmağından asılı olmadan, vətənpərvərlik hissi, milli dəyərlərə hörmət etmək vacibir. Çünki vətənpərvərlik elə bir milli dəyərdir ki, heç zaman köhnəlmir.

 

 

       Soy-kökümüzə xas özəlliklər tərbiyyə metodikasında necə tətbiq edilməlidir?

 

       Düşünürəm ki, tarixə həmişə həssas yanaşmaq lazımdır. Tarixi adət-ənənlərimizi şablon şəkildə təkrarlamaq  bəzən haqlı iztehzaya gətirib çıxarır. Tarixi kökləri saxlamaqla yanaşı  nələrisə yeniləmək vacibdir. Yəni hər bir tarixi dəyər müasir dövrlə uzlaşdırılmalıdır. Bununla bağlı ictimai sektorların üzərinə mühüm vəzifələr düşür. Kulturologiya sahəsi milli –tarixi özəlliklərin təbliğini ön plana saxlamalıdır.

 

       Vətənpərvərlik hislərinin aşılanması necə?

 

       Vətənpərvərlik hisslərinin aşılanması  vacib məsələdir. Vətən əgər bir parça daşın  düşüb qaldığı, bir ağacın  yetişdiyi  balaca bir torpaq sahəsindən ibarətdirsə, yenə də vətəndir. Vətənpərvərlik hisslərinin aşılanmasında pafosdan, sünilikdən uzaq təbliğat vasitələrindən istifadə etmək lazımdır. Məsələn, vətənin ən gözəl, füsünkar bir guşəsini kətan üzərində təsvir etmək, yaxud yüksək bədi ifadələrlə qələmə almaq da təbliğatdır. Və yaxud, hansısa ölkədə milli bayrağın yüksəldilməsi, dövlət himninin səsləndirilməsi də vətənpərvərlik hissinin aşılanmasıdır. Bu səhnələri izləyərkən gözlərdə işaran göz yaşı vətən sevgisindən yaranan  qürur və sevginin nişanəsidir.

 

       Sizcə, hazıra-nazir prinsipinə qulluq edən gənclərimiz çoxdur?

 

       Məlumdur ki, gənclik həm də, yüksək enerji deməkdir. Bu günki gəncələr enerjiylə doludur. Gənclər mütləq nəsə etmək, görünmək, gündəmdə olmaq istəyirlər. Amma lazım olan enerjini hansı istiqamətdə xərclənməsi mühüm şərtdir. Müasir cəmiyyətimizdə kreativ gənclər də az deyil.  Yüksək intellektuallıq tələb edən dünya miqyaslı  layihələrin həyata keçirilməsinə çox ehtiyac var.

 

       İctimai-siyasi cəhətdən aktiv olan gənclərdə necə?

 

       İctimai-siyasi cəhətdən aktiv olan gənclərə meydan verilməlidir. Onları dövlətçilik naminə dəstəkləmək, köməklik göstərmək lazımdır. Çünki maddi və mənəvi dəstək olmadan fəaliyyət göstərmək asan deyil.

Ümumiyyələ isə, gənclərdə vətənpərvərlik ruhunun  yüksəlməsi üçün  yuxarıda qeyd etdiyimiz kimi milli qürur hissinin aşılanması vacibdir. Belə olarsa hazıra-nazir prinipinə qulluq edənlər olmaz.

 

       Müsir dövrlə əski milli dəyərlərin tarazlığını necə qorumaq olar?

 

       Əski milli dəyərləri yaşatmaqla yanaşı inkişaf etdirmək, “dekonustuksiya”  etmək vacibdir. Yoxsa tarazlıq pozulacaq,  bu dəyərləri müasir gəncliyə qəbul etdirmək çətin olacaq.
Bir misal göstərim. Bir zamanlar, təxminən  15 -20 il bundan əvvəl, muğam az qala unudulmağa başlamışdı. Muğam dinləyicilərinin sayı xeyli azalmışdı, əsasən yaşlı insanlar muğamı dinləyirdi. Ancaq dünya şöhrətli müğənni Alim Qasımovun vaxtında  edilmiş imporivizələrindən sonra  bu münasibət xeyli dəyişdi. Təbii ki, sonralar  dövlər tərəfindən verilmiş dəyərli qərar da buna təsir elədi  və bu gün muğam yenidən  mədəni hadisəyə çevrildi. Yəni bu gün  illər öncə qələmə alınmış, aşıqların dilindən söylənən  qəhrəmanlıq dastanlarından nələrisə gözləmək absurddur. 

 

 

       Sizcə Azərbaycan gəncliyinin mütləq əksəriyyətinin aydın mövqeyi var?

 

       Gənclik nə isə etmək istəyir, bəlkə də, intuitiv  şəkildə nələrəsə nail olmağa çalışır. Amma hər bir işin aydın praktiki nəzəriyyəsi olmalıdır. Nəzəri cəhətdən savadlı, intellektual gənclik nədənsə bir qədər gec yetişir. Bəlkə də, bu sahədə fəaliyyət göstərən institutların fəaliyyəti qənaətbəxş deyil.

 

       Ölkədə aparılan islahatlara gənclərdən gələn dəstək barədə nə düşünürsüz?

 

       Hər bir şəxs istəyər ki, ölkəsində uğurlu islahatlar aparılsın. Bu islahatlar həm də, ölkənin inkişafı, sosial durumun yaxşılaşması, siyasi arenada möhkəmlənmək deməkdir. Öz xalqını, torpağını sevən hər bir kəs bu işdə maraqlı olmalıdır və təbii ki, gələcəyə düzgün baxışı  olan sağlam ruhlu gənclər bu islahatlara qoşulur. Vətənpərvərliyi isə bu sahayə olan həvəsin bir qolu hesab etmək olar.

 

       Uşaqları sağlam ruhda  böyütməkçün cəmiyyətə daha nələr lazımdır?

 

       Uşaqları sağlam ruhda böyütmək üçün mütləq sağlam müəllim kollektivi yetişməlidir. Müəllim öz davranışıyla vətənpərvər, milli və saölam duruşlu olmalıdr. Əgər müəllim  sağlam ruhlu deyilsə, onun təbliğ etdiyi ideologiya heç bir fayda verməyəcəkdir. Əklsinə,  belə insanlar tərəfindən təbliğ edilən ideologiya zaman-zaman iflasa uğrayır. Yeniyetmələr ən həssas dövrlərini məktəbdə keçirirlər. Hissləri zədələnmiş, inamı itmiş gənci  yeni həyata qaytarmaq çox çətindir. Bu işdə  pedaqogiyanın rolu böyükdür. Təbii ki, evdə valideynin uşaqlarla vətənpərvərlik mövzusunda apardığı  söhbətin də əhəmiyyəti az deyil.

 

       Sizcə, işğal günlərini faciə kimi təqdim etmık uşaqlara necə təsir edir?

 

       Torpaqlarımızın işğal olunması cəmiyyətə necə təqdim olunmasından asılı olmayaraq təəssüf ki, təqdim olunan acı bir tarixdir. Yəni bunu təqdim etməyin başqa bir formulası yoxdur. Amma uşaqları daim  bunun üstündə kökləmək də düzgün deyil. Bu onları pessimizmə yuvarlandırır, gələcəkdə görüləcək  işlərdən soyudur. Uşaqları həm də güclü insan kimi yetişdirmək borcumuzdur.

 

       Düşmənə nifrət hissini necə aşılamalıyıq?

 

       Bu çox həssas bir mövzudur. Şəxsən bir ana, həm də  yazar olaraq bu mövzu məni çox narahat edir.  Heç bir  müharibə, heç bir işğal insanlıq hissinə qalib gəlməməlidir. İnsanlılq bəşəri bir hissdir. Bu hiss ən inkişaf etmiş, ən irəlidə gedən xalqlarda mövcud olur. Çünki hər yerdə dünyanın tavanı göy üzüdür. Dünyanın bütün insanları bir göyün altında yaşamağa məhkumdurlar.

Uşaqlara bütövlükdə hansısa xalqı vəhşi, qaniçən  kimi qələmə vermək olmaz. Ən azı dünyanı, insanlığı xilas etmək üçün qana-qanla cavab vermək düzgün deyil. Əlbəttə, səhv siyasət üzündən beyni, əqidəsi zədələnmiş, xəstələnmiş toplumlar var. Bu çox təhlükəlidir və nə yazıq ki, belə toplumların həmləsinə tuş gələnlərdən biri də bizik. Biz qarşımızdakı düşmənə  sübut etməliyik ki, sizdən fəqli olaraq insani hisslərimizi itirməmişik, sizdən  çox-çox yuxarıdayıq. Əslində göstəririk də. Çünki sülhə tərəfdar olmamız bunun bariz nümunəsidir.

 

       Bütün bu mövzuları aşılamaqçün KİV-də nələr çatmır?

 

       KİV həmişə xəbər və təbliğat sahəsində aparıcı qüvvə olub. Dəqiq və vaxtında verilmiş xəbərin təsiri böyük olur. Son vaxtlar cəbhə bölgəsindən və yaxud başqa qaynar nöqtələrdən verilən xəbərlərə şou xarakterli başlıqlar qoyurlar. Bu da xəbərlərə marağı azaldır. KİV-lər daha çox vətənpərvər insanları işıqlandırmalı, önə çəkməlidir. Verilən xəbərləri  dəqiq olmalı   və araşdırıldıqdan sonra yayımlanmalıdır.

 

       Hərbi vətənpərvərlik təbliğatı üçün necə?

 

       Torpaq uğrunda, vətən uğrunda döyüşmüş insanlara  dövlətin qayğısı, cəmiyyətin göstərdiyi hörmət və sevgi ən böyük hərbi vətənpərvərlik təbliğatıdır. Belə şəxslərə Dövlət tərəfinfən qayğı var, cəmiyyətimiz də həssas yanaşır. Bu təbliğatın işıqlandırılması isə KİV-lərin üzərinə düşür.

 

       Vətənpərvərlik təkcə vətəni sevməyə deyilir?

 

       Vətənpərvərlik həm də bir borcdur. Qaytarılmalı olan müqəddəs bir borc!

 

Ramilə QARDAŞXANQIZI

Şərh Yaz