Rəbiqə Nazimqızı: “Vətən mənim üçün çox konkret anlayışdır, qətiyyən mücərrəd deyil” » Hərbiand

Son Dəqiqə:

Rəbiqə Nazimqızı: “Vətən mənim üçün çox konkret anlayışdır, qətiyyən mücərrəd deyil”

ÇƏKİR MƏNİ NAĞILLAR

 

 

Bütün dünyada olan pozitivləri və neqotivləri toplamaq istəsək, yəqin ki, pozitivlər çoxluq təşkil edər. Çünki bütün cəmiyyətlərin çalışıb əldə etmək istədikləri yalnız uğurlar var. Uğurlar isə yalnız yaxşı nəticələrdən əldə olunur. Ona görə də hər kəs inkişafa, qloballaşaraq böyüməyə çalışır. Yetişməkdə olan nəsil də həmçinin…

“Gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hislərinin tərbiyəsi” mövzusunda bu həftəkihəmsöhbətimFiloloq və yazar Rəbiqə Nazimqızı ilə olan müsahibəni “Hərbi and” oxucularına təqdim edirik.

 

       Əsas suallara keçməzdən öncə sizi yaxından tanıyaq …

 

       1979-cu il təvəllüdlü. İxtisasım filoloq, uzun müddət jurnalistika ilə məşğul olmuşam, şeir yazıram, esse yazıram və iki şeir kitabım çıxıb. Hazırda Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Tərcümə Mərkəzində mətbuat məsələləri üzrə müşavirəm. 16 yaşında bir qızım var. 

 

       Uşaqlığınızı necə xatırlayırsız?

 

       Uşaqlığım xoşbəxt keçib. Zefirli, dondurmalı, “multfilmli”, (o zaman cizgi filmi demirdik) kinolu, teatrlı, kitablı… Bundan başqa, yaşıl bir maşınım vardı. Sürürdüm və sükan arxasında özümü çox yaxşı hiss edirdim. Bir sözlə, sevgi dolu uşaqlığım olub.

 

       Nağıllara inanmısız?

 

       Bilmirəm, amma onları yaşamışam, sirli-sehirli aləmin içərisində hiss eləmişəm özümü. İnanıb-inanmamaq ağlıma da gəlməyib. Ayrı aləm idi nağıl sevgim. Əvvəl dinləyərdim. Xüsusən kənddə, bacı dediyim bibim qızı danışardı. Sonra özüm oxumağa başladım. Gördüm çəkir məni nağıllar. Amma indi düşünürəm, inanıb-inanmamaq barədə. Cavabım budur ki, inanıram. Yoxsa yaşamağın bir sevinci olmazdı.

 

       Ümumiyyətlə, sizcə uşaqların nağıllarla tərbiyə olunması düzdür?

 

       Bəli. Amma nağılları diqqətlə seçmək lazımdır. Başa salmaq lazımdır ki, nağıl həyat deyil, həyatda özün özünə nağıl düzəldirsən, sevgi, xeyirxahlıq olmalıdır bu nağılın qəhrəmanı.

 

       Asudə vaxtlarınızı necə dəyərləndirirdiz?

 

       Kitab oxuyurdum və sovet filmlərinə baxırdım. Bəyənirdim də…

 

       Bəs ən çox hansı mövzularda yazılan kitabları oxuyurduz?

 

       Nağıllar, macəra ədəbiyyatı, tarixi mövzuda kitablar. Bir çox uşaqlar kimi mən də “Uzuncorab Peppi”ni sevirdim. A.Dümanın bir çox əsərlərini… Əfqanın “Bəy İnal” əsərini, Voyniçin “Ovod”unu və s. sevərək oxuyurdum.

 

       Sizcə, uşaqlara verilən azadlıq hansı həddə olmalıdır?

 

       Nəzarət olmalıdır bu azadlıqlara. Uşağa hər şeyi başa salmağa cəhd göstərmək lazımdır və ümkündür. Yetər ki, yaxşı psixoloq olasan və eyni zamanda yaş xüsusiyyətlrini, fərdi xüsusiyyətləri nəzərə almaq vacibdir.

 

       Cəza və qadağalar necə tətbiq olunmalıdır?

 

       Cəza ağır sözdür. Tənbeh deyək. Həm də sözlə tənbeh. Uşağı yüngül formada utandırmağı bacarmaq lazımdır. Amma onun psixikasını zədələməyəcək şəkildə… Qadağalara gəlincə, sadəcə, uşaqları qorumaq lazımdır, onlara başa salmaq lazımdır ki, məsələn, filmə filan səbəbdən baxmaq sənin üçün tezdir və ya filan kitabı filan yaşında oxuya bilərsən. Qadağa həmişə çəkir. Ona görə qadağa sözünü işlətmək də düz deyil, bu çox zaman əks effekt verir.

 

       Gənclər istirahət üçün haralara üz tutmalıdır ki, onların dünyagörüşü milli kimliyi unutmadan çoxalsın?

 

       Bu ailədən gələn məsələdir. Gəncin tərbiyəsi, sonra da mühitindən asılıdır. Yəni, gənc artıq formalaşmış adamdır, ona uşaq və yeniyetmə vaxtı normal tərbiyə versələr, onun nə fərdi, nə milli, nə də bəşəri kimliyi pozulmayacaq. Sonradan nələr görsə də… Ən yaxşı məşğuliyyət isə yenə kitablar, filmlər, səyahətdir.

 

       İndiki uşaqlar keçmişə bənzəyir?

 

       Həm bənzəyir, həm də yox. Elə biz də özümüzdən əvvəkilərə həm bənzəmişik, həm də onlardan fərqlənmişik. Bu da normaldır. Əslində, keçmişə bənzəmək lazım da deyil, gələcəyə baxmaq, keçmişdən yaxşı şeyləri götrüb inkişaf etdirmək lazımdır.

 

       Ölkədəki təhsil sistemindən razısız?

 

       Açığı, elə də yox. Mən repetitor yanına getməmişəm. Nə ailəm, nə də özüm buna ehtiyac görməmişik. Amma indi müəllim yanına getməyən uşaq yoxdur. Səbəbini də soruşsan, deyirlər, məktəbdə normal dərs keçilmir. İbtidai siniflərdə vəziyyət qismən yaxşıdır, amma orada da uşaqları çox yükləyirlər. Həm fiziki, həm də əqli baxımdan uşaqların gücünü aşan çox məqam var.

 

       Pedaqoqlardan necə?

 

       Qızım da məktəbdə oxuyur, məktəblidir. Ev vəziyyətmizlə bağlı bir neçə məktəb dəyişməli olub. Pedaqoq, məktəb heyəti  baxımından heç birində ciddi problemlə üzləşməmişik. Yəni təhsil sistemi qaydaya düşsə, xırda-para qüsurlar da aradan qalxacaq.

 

 

 

       Məktəblərdə demək olar ki, kişi müəllimlər yox səviyyəsindədir…

 

       Bizim vaxtımızda da elə idi. Daha çox qızlar müəllimliyə meyl göstərirdi. Burada valideynlik heç nə yoxdur. Sosial və mental səbəblər var ki, bunlar ayrıca araşdırma mövzusudur.

 

       Cəmiyyətdə olan intelektuallıqdan razısız?

 

       Bilmirəm bu suala necə cavab verim. Çünki durum dəyişib. Məsələn, sovet dövründə hamı aşağı-yuxarı kitab oxuyur, kinoteatra, teatra gedirdi. Bu bir növ dəb idi. İndi orta təbəqə yoxdur. Adamlar, xüsusən gənclər ya intellektsizdirlər, ya da çox intellektualdırlar. Məktəblərdə oxuyan uşaqların sayı artıb. Bunu hiss edirəm. Amma təhsil hər şey demək deyil. Məsələn, intellektual adam yetişdirməkdənsə, mütləq şəkildə ilk növbədə insan yetişdirmək lazımdır. İnsan olmayan adamın intellektuallığından zərərli heç nə ola bilməz.

 

       Deyə bilərsiz, gənclik qarışıq, bəzi insanlarçün müasirliklə yabanılıq niyə səhv salınır?

 

       Yabanılıq deməyək bunun adına. Gənclər etirazçı, üsyankar, çılğın olur həmişə. Hər şeyə qarşı çıxmaq istəyirlər. Dəyərlərə də. Məsələn, mən heç cür başa düşmürəm, məgər anan-atan yaşında adama, uşaqlı valideynə, ya hamilə qadına avtobusda yer verməmək müasirlik əlamətidir? Ya söyüş söyməyi götürək. Dil yaranandan olub, olacaq. Xoşumuza gəldi-gəlmədi, var. Amma bunun müasirliklə heç bir əlaqəsi yoxdur.  

 

 

       Bəs bu günki gənclikdə aydın mövqe müşahidə edirsiz?

 

       Gənclik yalnız yaş xüsusiyyətlərinə bağlı anlayışdır. Ümumiləşdirmək düzgün olmaz. Aydın mövqeyi olan da olacaq, olmayan da. Heç mövqe sözünün mənasını anlamayanı da var.

 

       Ölkədə aparılan islahatlarda gənc fəallar az deyil. Sizcə, bu potensial nədən irəli gəlir?

 

       Məntiqlidir. Gənclər işə həmişə yeni baxış, təzə nəfəs və enerji axını gətirirlər. Bu da yaşla bağlı məsələdir. Onlardan bu mənada istifadə etmək lazımdır. Bu isə düzgün siyasətdir.

 

       Vətən sizinçün nə deməkdir?

 

       Anam, atam, qızım, qardaşım, onların ailələri, dostlarım, qohumlarım, vaxtaşırı getdiyim kafe, dolaşdığım küçələr, sevdiyim adamlar, xatirələr, yaşadığım yer, mənim dilimdə düşünən, danışan, başa düşən adamlar… Vətən mənim üçün çox konkret anlayışdır, qətiyyən mücərrəd deyil.

 

       Bəs müharibə…

 

       Ən çətin sual bu oldu. Müharibə həm ölümdür, həm yaşamaq arzusu, mücadilədir. Həm evsiz-eşiksiz adamlardır, həm də evlərin, eşiklərin geri qaytarılması yoludur müharibə. Müharibə son vasitədir.

 

       Müharibə şəraitində yaşayan körpələri necə yönləndirməliyik ki, onlarda olan nifrət sevgini üstələməsin?

 

       Onlarda özünümüdafiə hissi yaratmaq lazımdır. Süniliyə, pafosa ehtiyac yoxdur. Ağrılıdı, amma sənə əlcək atırlarsa, onu götürməlisən. Üstünə gəlirlərsə, öldürməlisən. Öldürməlisən ki, uşağını xilas edəsən, özünü xilas edəsən. Tank lüləsinə gül taxmaqla gülləni susdurmaq olsaydı, nə vardı… Bu, nifrət yaratmaq kimi qəbul edilməmilidir. Səngərdə sevgi, ya nifrət olmur, özünümüdafiə hissi olur.

 

       Sizcə, uşaqlarçün ən çox vətən anaya bənzəyir yoxsa ana vətənə?

 

       Yəqin ki, elə böyüklər üçün də vətən anaya bənzəyir. Əlini qaldıranda da sevgiylə qaldırır, küsə bilmirsən, yıxılanda da qucağına qaçırsan, səni ağladanda da onun sinəsində ovunursan. Deyəsən, bir az çox  poetik oldu…

 

       Amma belədir. Bəs vətənçün yaşamaq şərəflidir yoxsa ölmək?

 

       Hər ikisi. Amma əlbəttə, ilk növbədə vətən üçün şərəfli yaşamaq şərəflidir. Şəhidlərimizin başımız üstündə yeri var, amma mən düşünmürəm onlar ölmək istəyiblər. Onlar qorumaq, yaşamaq və yaşatmaq istəyiblər.  Sadəcə, bəzən vətən üçün ölmək də lazım gəlir.

 

       Sonda sizdən izinsiz, yaradıcılığınızdan bir nümunə verəcəm, şəxsən bəyəndiyim…

 

       Buyurun…

 

“…Atamın min bir əziyyətlə alıb saxladığı balıqlar öldü. Onları çirkli sudan iyrənən barmaqlarımla yığdım, sellofan torbaya qoyub çölə atdım. “Heç olmasa, pişiklər yesin” düşündüm.
Pişiklər balıqları yedi. Dəhşətli miyoltuları vardı… Onların pəsdən – maraqlıdır ki məhz pəsdən -oxuduqları sakit nəğməni ağı kimi dinlədim. Böyük ağrılar zilə gəlmir, bəlkə, ona görə ki, böyük ağrıları yaşayandan sonra zilə çıxmaq olmur. Çox sadə səbəbdən – heyin qalmır.

Bayaq sənə bu barədə danışmaq istəyirdim. Balıqlar və pişiklər barədə… Alınmadı…

Bəlkə də, danışsam, başqa cür olacaqdı. Xəttin o üzündə anlayacaqdın ki, indi mənim bu barədə danışa biləcəyim ikinci bir adam yoxdur. Sonra da olmayacaq. Sən mənim hər şeyi heç nə olmamış kimi sakit, pəsdən danışa biləcəyim adamdın. Sən çiçəklərin, otların necə üşüdüyünü görürdün, sərçələrin, cırcıramaların nədən danışdığını anlayırdın və bunları şeirə çevirmədən elə asan, sadə şəkildə dilinə gətirirdin ki, mən yazmaqdan utanırdım. Sözlər vərəqə, misraya köçmədən havadaca əriyib nəfəsimizə axırdı. Biz şeiri yazmırdıq-oxumurduq, ciyərlərimizə alırdıq. Eşitməkdən ən çox ehtiyat etdiyim sözlər sənin dilində elə rahat səslənirdi ki, qulaqlarımı qapamaq ağlımdan keçmirdi…

Amma sən bilmək istəmədin axı, evimizdə atamın min bir əziyyətlə alıb saxladığı ağ, qızılı balıqlar öldü, onları zolaqlı pişiklər yedi. Bu barədə danışmadıq. Deyəcəkdim ki, başımı çiyninə söykəyib balıqların xətrinə yazdığım bu kədərli xatirəni susmaq istəyirəm. Susmadım. Pəsdən, sakitcə ayrılıqdan danışdım. Demək istədim ki, bundan sonra hər şey o yana, bizim balıqlar və pişiklər barədə söhbətlərimiz də yarıda qırılır…

Bilirsən, bəlkə, indi yazdıqlarımın hamısını pişiklər də bilir. Amma balıqlar bilmir. Bilmək imkanları yoxdur. Onlar öldü…”

 

 

 

Ramilə QARDAŞXANQIZI

Şərh Yaz