Kamil Müsavi: “Vətən üçün itirdiklərimi itki saymayaraq yaşayıram” » Hərbiand

Son Dəqiqə:

Kamil Müsavi: “Vətən üçün itirdiklərimi itki saymayaraq yaşayıram”

VƏTƏN İKİNCİ ANADIR

 

 

Vətən bölünməzdir, əvəzsizdir və bir qarış torpağı belə dəyişilməzdir. Vətən o qədər böyükdür ki, onun əzəməti qarşısında hər bir vətəndaş özünü bu adın övladı, qoruyucusu və gələcəyi kimi hiss edir. Çünki Vətən insanı bu dünyaya gətirən və sonda qoynuna alan yeganə anadır. Vətənpərvərlik mövzusunda yeni layihəmiz olan, “Vətən bölünməzdir”-in ilk müsahibi Azərbaycan Silahlı Qüvvələrinin zabiti  baş leytenantı Kamil Müsavi ilə olan  söhbətimizi “Hərbi and” oxucularına təqdim edirik.

–        Bizə özünüz barədə bilmədiklərimizdən danışın.

 –        Mən baş leytenant Müsavi Kamil İbadətoğlu, 1990-cı  ildə  Qazax  şəhərində  anadan olmuşam. 1997-ciildə birinci sinifə gedib, 2008-ciildə orta məktəbi bitirmişəm. Elə həmin ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil olub, 2012-ciildə kəşfiyyat ixtisası üzrə leytenant hərbi rutbəsi alaraq bitirmişəm.

 

–        Hərbi xidmətə ilk yollananda nə düşünürdüz?

 –        Hərbi xidmətə ilk yollananda kəşfiyyatçı olmaq,Qarabağda mənim ana- bacılarımı acımadan qətlə yetirmiş ermənilərindən qisas almağı  fikirləşmişdim. Bu mənim uşaqlıq arzum idi.

 –        Vətən üçün savaşmaq nə deməkdir?

 –        Vətən üçünsavaşmaq, ananın, vətənin,hərbir vətəndaşın  müdafiəsinə  qalxmaq, hətta canını  belə vətənə əsirgəməmək, yeri gəldisə fəda etmək deməkdir.

 –        Müharibə başlasa təkrar gedərsiz döyüşə?

 –        Bəli, gedərəm. Mən yaralansam da heç vaxt özümü döyüşə yararsız hesab etmirəm. Hər an döyüşə haziram. İnşallah döyüş başlasa gedəcəm də…

 –        Hərbi xidmətdə olan qardaşlarımıza nə deyərdiz?

 –        Hərbi xidmətdə olan qardaşlarımıza onu demək istəyirəm ki, daim ayıq-sayıq olsunlar. Qarşı tərəfi bir an belə olsa nəzarətsiz buraxmasınlar. Torpaqlarımızı azad etmək üçün döyüş əhval-ruhiyyəsində olsunlar. Öz ixtisaslarını mükəmməl öyrənsinlər.

 –        Validenləriniz sizə vətəni necə anladıb?

 –        Hər zaman eşitdiyim söz bu olub: Vətən ikinci anadır! Həqiqətən də insan böyüdükcə dərk edir ki, Vətən anadır. Yəni, qorunmağa ehtiyyac duyan, duyulandır. Bizi dünyaya gətirən anamızı necə qoruyub qeyrətini çəkiriksə, vətən də eledir. Onu qoruyub, qeyrətini çəkməliyik.

 –        Başqa ölkədə yaşayarsız?

 –        Başqa ölkədə yasamaq yox, sadəcə səyahət etmək, gəzmək olar.

 –        Son döyüşünüzdən sonra nələr hiss elədiniz?

 –        Hərbi akademiyada oxuyanda, bizə dərs keçən yüksək rütbəli zabitlərimiz 1992-ci illərdə ordumuzun geyim, yemək, silah-sursat təminatının, düyüş qabiliyyətinin zəif olduğundan danışırdılar. Amma o vaxtlar çox geridə qalıb. İndi ordumuza göstərilən diqqət və qayğı, aprel döyüşləri zamanı da sübut elədi ki, artıq Azərbaycan ordusu çox şeyə qadirdi və mən o döyüşdən sonra arxayın oldum. Biz öz torpaqlarımızı qısa zamanda azad edə biləcəyik.

 –        Müharibəni bir görən şəxs üçün müharibə bitər?

 –        Müharibəni görən insan üçün müharibə bitir yoxsa yox, bu barədə düşünməmişəm düzü, amma müharibə ölüm mələkləri ilə həyat mələklərinin görüşdüyü bir yerdir.

 –        Qələbə xəbərini eşitsəniz ilk ağlınıza nə gələr?

 –        İlk ağlıma gələn, müharibədə dünyasını dəyişən bütün şəhidlərimizin qisasının alındığı olar.

 –        Vətən üçün yarıcan olmusuz. Heç olur ki, valideynləriniz heyfslənə?

 –        Xeyir! Mən əsla və əsla imkan vermərəm onlar heyfslənə. Çünki mən həyatda heç nə olmamış kimi və Vətən üçün itirdiklərimi itki saymayaraq yaşayıram. Həm onların özü də vətənpərvər insanlardı və onlar bütün bunları məni könüllü olaraq vətənə xidmət etməklə görəvləndirəndə gözə almış insanlar olublar.

–        Sizcə şəhid analarının göz yaşındakı vətən necə görsənir?

 –        Vətən her yerdə oldugu kimi, onların gözündə də böyük, doğma, vazkeçilməz görsənir. Mən buna əminəm.

 –        Vətən üçün yaşayanlar yadda qalır, yoxsa ölənlər?

         Vətən üçün yaşayanlar da, ölənlər də yadda qalir. Yetər ki,Vətənsiz yaşamayasan. Çünki elələri heç vaxt yadda qalmır.

 –       Vətən sevgisi necə olur?

 –        Vətəni sevgisi – döyüş anında şərait tələb edərsə, düşünmədən belə canını fəda etmekdir.

 –        Gənclərdə olan vətən anlayışı sizi qane edir?

 –        Təəssuf edirəm ki, bu gün gənclərdə Vətən anlayişi çox zəyifdir. Vətənə də sadəcə yaşadıqları ərazi kimi baxırlar, amma öncə dediyim kimi, Vətən hər kəs üçün ikinci ana kimi qəbul edilməlidir. Düzdür, aprel döyüşləri zamanı gənclik içindəki vətən eşqini, döyüş əzmini biruzə verdi, ancaq hal-hazırda sanki biraz yenə sönüklük var. Ümid edirəm bu hallar da təbliğatlar vasitəsilə aradan qaldırılacaq. Ona görə ki, Vətən gerçəkdən və təsəvvür edilməyəcək qədər önəmlidir.

 –        Milli keyfiyyətlər necə?

 –        Milli keyfiyyətlərə gəldikdə isə, artıq yavaş-yavaş itməkdədir. Milli keyfiyyətlərdən çox Avropa keyfiyyətlərinə üstünlük verirlər. Bu da get-gedə cəmiyyətimizi məhvə aparan amillərdəndir. Ancaq çox güman ki, bu hal da zamanla aradan qaldırılacaq. Biz azərbaycanlıyıq və milli dəyərlərimizi qorumalıyıq.

 

 

Söhbətləşdi: Ramilə QARDAŞXANQIZI

 

Şərh Yaz