Azad Qaradərəli: “Sinif otağı vətəndir, vətənin bir parçasıdır deyibən uşağa inandırsan, o, həmin vətəninə heç vaxt ziyan vurmaz” » Hərbiand

Son Dəqiqə:

Azad Qaradərəli: “Sinif otağı vətəndir, vətənin bir parçasıdır deyibən uşağa inandırsan, o, həmin vətəninə heç vaxt ziyan vurmaz”

“Gənc nəslin milli-mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hislərinin tərbiyəsi” mövzusunda bu həftəki həmsöhbətim Yazıçı Azad Qaradərəli ilə olan müsahibəni “Hərbi and” oxucularına təqdim edirik.

–        Vaxtınızın çoxunu nə işlə məşğul olursunuz?

 

–        Ömrü boyu bir dinə – haqq-ədalət dininə qulluq edən, yalnız həqiqəti yazan, haram yeməyən, çörəyini qələmi ilə qazanan yazıçı. İşim ancaq yazmaqdır. Səhər saat 6-dan günorta 12-cən yazıram. Bir-iki saat istirahət etdikdən sonra “Yazı” dərgisinin materialları ilə ilgilənirəm.

–        Uşaqlığınızı xatırlayırsız?

 

–        Ağrı-acılarla dolu, ağ-qara filmlərdəki kimi. Ancaq bəzən rəngli motivlər də var. Bunun açması belədir: mən körpə olanda anamla atam ayrılıb. Məni anam və ana babam böyüdüb. Anamın üzü gülmədiyi üçün, mən də gülüşə həsrət qalırdım çox vaxt. Babam, nənəmlə keçən günlərim isə rəngli günlər idi. Mən ana babamdan, nənəmdən böyük həyat dərsi almışam. Onlar savadsız olsalar da, böyük folklor zənginlikləri vardı. On ilə yaxındır onların söylədiyi “Ucubuluq” əfsanəsi əsasında roman yazıram. Bu, əslində “Dədə Qorqud”un 13-cü boyu kimidir. Bütün yazılarımda babamla nənəmdən nəsə var. Yəni mən yaşadığım 63 ili heç uşaqlığımdan ayrılmadım.

–        O vaxt vətən anlayışı necə aşılanırdı?

–        Ümuni bir vətən vardı – SSRİ boyda. İndi durub yalandan desəm ki, mən SSRİ-ni sevmirdim, azad ölkəmizi istəyirdim, böyük yalan olar. Necə ki, bir vaxtlar partiyaya şeir yazanlar indi peyqəmbərə yazırlar, o cür (!?) Bəli, bizə Leninə, partiyaya, SSRİ-yə yazılmış şeirlər əzbərlədirdilər. Hətta tələbə vaxtı folklor müəllimimiz gülməli bir bayatı da söyləmişdi mühazirə zamanı:

Əlimdən qaşıq düşdü,

           Yenə qarışıq düşdü.

           Sovet höküməti gəldi,

Aləmə işıq düşdü.

Saxta ideologiyaya baxırsınızmı? Qırmızı yalanla dolu misralardır. Xalqın qəti xəbəri yox. Bunu elə o yalançı şairlər quraşdırmışdılar. Mən yalnız 3-cü kursda öyrəndim müstəqillik haqda, müsavat haqda, demokratik respublika haqda. Bunu mənə söyləyən bir müəllimiz vardı ki, 37-də Sibirdə sürgündə olmuşdu. Mən onun obrazını “Əllidən bir kəm” romanımda böyük ağrı çəkə-çəkə yaratmışam.

–        Milli dəyərləri necə?

 

–        Milli dəyər sosializmə tabe etdirilmişdi. Formaca milli, məzmunca sosialist ədəbiyyat tələb olunurdu. Amma oturuşmuş  bir sistem idi. Yazıçıların bəzisini Sibirə bassalar da, sağ qalanlarına yaxşı pul-para verirdilər, bir romanın qonorarı ilə bir ev almaq olardı.

–        Asudə vaxtlarınız necə keçirdi?

 

–        Sovet sistemi, dediyim kimi oturuşmuş system idi. Pioner düşərgələri, ekskursiyalar, gəzintilər təşkil olunurdu. Düzdür, biz kənd uşaqları Artekə-filana getmirdik. Amma bizim öz dünyamız vardı. Arandan yaylağa köçmək kimi ənənə görmüşdük. Tamam bir film kimi səhnələr vardı bu köç prosesində. Kəndimizin, rayonumuzun görməli yerlərində, muzey, kitabxanalarda keçirdi vaxtımız. Biz hər gün oxuyurduq. Bunu heç bizdən tələb edən də yox idi bəlkə. Amma ən yeni çıxan romanı uzağı bir həftəyəcən tapıb oxumalıydıq. İndi oxuyana lağ edirlər, bizim vaxtımızda oxumayanı ələ salar, fitə basardılar.

 

–        İndiki uşaqları kompyüterdən uzaqlaşdırıb təbiət oyunlarına meylləndirmək üçün nələr etmək olar?

–         Kompüterdən uzaqlaşdırmaq yox, kompüterin verdiyi bilgini təbiətə, həyata tətbiq etmək gərəkdir. İndi kompütersiz həyat donar. Bütün  dünya elmi, texnikası, hətta mədəniyyəti belə kompüterləşdirilib. Sadəcə, bunu ağılla etməliyik ki, uşaqlar kompüterin zərərin deyil, xeyirini görsünlər. Uşaqları təbiətə çıxarmağın yolu məktəbdən keçir. Bunu müəllimlər etməlidilər. Dünya pedoqoji fikrinin banisi Yan Amos Komenskinin pedoqogikada yaratdığı bir prinsip var: təbiətəmüvafiqlik prinsipi. Bu prinsipə görə qurulub təhsil. Baxın, ilin dörd rübü var, dərs də dörd rbdən ibarətdir, həftənin  altı iş günü var, dərs də altı (bəzən beş) gündən ibarətdir və sair. Biz insanlar təbiətin bir parçasıyıq. Ondan qopsaq, məhv olarıq. Uşaqları da ora – təbiətə yaxınlaşdırmaq boynumuzun borcudur.

Sizə bir fakt deyim: Ukraynada V.Suxomlinski adlı pedoqoq vardı sovet vaxtı, özünün məktəbi, tərbiyə metodu olan böyük pedoqoq-alim idi. O öz məktəbində yalnız 1-cilərə dərs keçirdi. Hər gün bir saat uşaqların ayaqqabılarını çıxardıb ayaqyalın bağçada gəzdirirdi . Yaxud böyük müəllim və böyük ədib Taqor məktəbinin deyəsən, heç binası olmayıb. O daim açıq havada dərs keçərdi. Mən hələlik çap etdirmədiyim bir hekayəmin qəhrəmanı da belə eləmək istəyir – uşaqlara açıq havada dərs keçir. Bütün kənd işini-gücünü atıb gəlir o müəllimin dərsinə baxmağa. Hərə bir qulp qoyur. Yazıq gənc müəllimin dərsi pozulur. Hətta ondan icazəsiz uşaqları çölə çıxartdığına görə direktor ona töhmət verir…

 

–        Uşaq vaxtı ən çox hansı mövzularda yazılan bədii kitabları oxuyurdunuz?

–         Təbii ki, ilk vaxtlarda qəhrəmanlıq, fantastika mövzuları üstünlük təşkil edirdi. 9-10-cu siniflərdə artıq sevgi mövzuları önə çıxmağa başladı. “Spartak” romanını, “Gənc Verterin iztirablarını” ağlaya-ağlaya oxumuşuq. Və elə o vaxtlarda bu tipli əsərlər məni yazmağa məcbur etdi.

–        Uşaqlara verilən azadlıq hansı həddə olmalıdır?

 –        Azadlıq bütün zamanlarda anarxiya ilə qonşu olub. Onların arasındakı həddi bilən və bunu uşaqlara da aşılamağı bacaran valideyn və müəllimin dərdi olmaz. Mən uşaqlarımı da, şagirdlərimi də, tələbələrimi də bu ruhda kökləmişəm. Şagirdim olub ki, azadlığın həddin aşdığına görə üzümə ağ olub. Heç üstündən 12 saat keçməmiş gəlib ağlaya-ağlaya üzr istəyib və daha heç vaxt səhv etməyib. Təhsil kimi, tərbiyə də davamlı və inandırıcı olmalıdır. Yoxsa nadan didaktikası həmişə bezdiricidir. Və azadlıqdan qorxmaq lazım deyil. O bir çox dərdlərə hər zaman məlhəm olub. Yenə də məlhəm olaraq qalır.

–        Sizcə bugünki gənclərin azadlıq anlayışı necə formalaşır?

–       Biz bütün xalqların keçdiyi keçid mərhələsini yaşayırıq. Bu mərhələnin vurduğu yaralar bir çox ailələri, uşaqları şikəst edir. Amma möhkəm dayaqlar üstə dayanan ailələrə bunlar təsir etmir. Bax, o ailələrin varlığı da böyük şansdır digər ailələr üçün. Və yaxşı müəllimlər! Kimin ki, yaxşı müəllimi olub, o bəxtəvərdir. Bundan böyük şans yoxdur. “Danışma, göstər” deyilən bir metod möcuddur. (Bu, ədəbiyyatda da var.)  Yəni, indiki kataklizmlərin yaratdığı qorxunc mühitdən qorxmaq yox, onun sağlamlaşdırılmasına cəhd etmək lazımdır. Bəzən cəmiyyət özü özünü təmizləyir və həm də tənzimləyir. İndi “Morq” adlı roman yazıram. Bu məsələlər orda geniş əksini tapıb.

–        Uşaqlara kəsilən cəza hansı yaşa qədər keçərlidir?

 

–        Uşaqlara verilən cəza özü də tərbiyəedici olmalıdır. Gərək ki, Uşinskidədir bu. İnternatda bir uşaq ümumi məktəbin yeməyi olan bişmiş toyuğu oğurlayır. Uşinski bütün uşaqları sıraya düzür, o uşağı məcbur edir ki, hamının gözü qabağında o toyuğu yesin… Məncə, bundan böyük cəza yoxdur!.. Uşağa əl qaldırmaq qəti olmaz!..

 

–        Mükafatlar necə?

 

–        O da tərbiyəedici olmalıdır və bir qarın yeməyə deyil, illərlə qalası bir əşyaya, kitaba, rəsm əsərinə hesablanmalıdır. Mən 7-ci sinifdə rayon əlaçı şagirdlərinin müşavirəsində mükafat olaraq verilmiş kitabı indi də qoruyub saxlayıram.

 

–        Bəzən valideynlər gənc yaşda olan övladlarının qarşısında kəskin qadağalar qoyur.

 –        Qadağalar sistemi insanın yetişməsində rol oynayan mühüm vasitədir. Amma bunda ifrata varmaq olmaz. Elə etməlisən ki, o qadağalar nifrət doğurmasın. Qadağalar gələcəkdə qanuna, konstitusiyaya hörmətin bünövrəsini qoymalıdır. Yəni, qadağalar yazılmayan qanunlardır. Bunu da uşaqlara qışqıra-qışqıra deyil, sevə-sevə öyrətməlisən. Məsələn, sinif otağı vətəndir, vətənin bir parçasıdır deyibən uşağa inandırsan, o, həmin “vətəninə” heç vaxt ziyan vurmaz. Eləcə də təbiəti korlamaz, pişikləri öldürməz, quşların yuvasını dağıtmaz…

–        Yeni nəsli keçmişə bənzətmək istəyi düzdür?


–        
Əslində yeni nəsillə keçmiş nəsil arasında daimi bir mübarizə gedir. Amma kim istəməz ki, atasına bənzəməsin. (Söhbət yaxşı atadan gedir.) Atalar və oğullar problem isə bütün zamanların əbədi problemidir. Bundan da qorxmaq lazım deyil.

–        Gənclər arasında kəndlərimizi və kənd adamlarını bəyənməzlik var. Sizcə bu ən çox nədən irəli gəlir?

 –        Kəndlə şəhər arasında, kənd uşaqları ilə şəhər uşaqları arasında da daimi bir mübarizə var. Bu daha çox urbanik proseslə bağlıdır. Kənd insanı şəhərə gələndə geri dönmək istəmir, şəhər insanı da kəndə gedən kimi geri qayıtmaq barədə düşünür. Belə görünür ki, nə yazıqlar, bir yüz ildən sonar dünyada kənd qalmayacaq. Onda gözəl-gözəl miflər, əfsanələr, rəvayətlər də yaranmayacaq. Baxın, Amerika qitəsi folklor olmayan qitədir. Niyə? Aborgen əhalini qırıblar, gəlmələr isə şəhər adamlarıdır. Və bəlkə də bu gün ABŞ-da kənd qalmayıb. Bax, bunlara həm də  dünyanın problem kimi baxmalıyıq.

–        Tətbiq olunan təhsil sistemindən razısız?

  –      Məncə, indiki təhsil sisteminin test tərəfi haqq-ədalətin bərpası baxımından yaxşıdır.  Amma bunun ayrı tərəfi üzərində də düşünmək lazım: indiki təhsil sistemi “lal” uşaqlar yetişdirir. Hamı əyləşir, test həll edir və danışmır. Danışmayan, şeir söyləməyən, “mən səni sevirəm” deməyən gənclərin axırı necə olacaq, bu məni çox düşündürür. Məncə, bu barədə pedoqoqların düşünməsi lazım.

–        Təhsildə repetitor xidməti nəyə lazımdır?

–          Bu, bütün zamanlarda olub. İmkanlı ailələrin uşaqlarını maşın aparıb məktəbə, onlara hətta gedib evlərində dərs keçiblər və sair. Amma kasıbın uşağının da repititor yanına getməsini anlamıram. Burada nəsə bir küyə getmək var. Sənin əlini kim tutub ki, kitabları qabağına töküb oxumursan?

–        Sizcə niyə hər hansısa küçədə yerləşən kitab evinin ünvanını axtaranda orda yaşayanlar gördüm demir?

 –      Kitab bu gün qarın doyurmur. İnsanlar qarın mübarizəsi aparır. Qarınsa qardaşdan da, elə kitabdan da irəlidir. Və buda var: kitab, elm hamının olmur. Xalqın yalnız ayıq təbəqəsinin, ziyalıların olur. Hamını məcbur eləmək olmaz ki, kitabxananın yerini əzbərləsin…

–        Sizcə, zaman keçdikcə müasirlik yerini yabanılığa vermir ki?

 –        Yabanılıq deyəndə yəqin cəhalət demək istəyirsiniz. Yoxsa, yabanılıq gözəl şeydir. Cəhalət isə yoxsulluq və fəlakətlər olan yerdə çox olar. Elmimiz, biliyimiz, mədəniyyətimiz artdıqca, cəhalət öz-özünə yox olacaq.

–        Yeninəsldə aydınmövqegörürsüz?

–         Mövqe böyük məsələdir. Yeni nəslin qarşısında atalarının qurduğu müstəqil ölkəni qorumaq və inkişaf etdirmək kimi bir missiya var. Bunu dərk etsələr, demək mövqeləri var. Bir də ki, cəmiyyətin bütün təbəqəsi mövqe ortaya qoymaz ki. Bəzən ölkəyə 100-200 mövqeli adam bəs edər ki, onlar cəmiyyəti ardınca aparsınlar. “Mənim yüz təmiz adam haqqında ağı” adlı hekayəm var. Bu mövzudadır. Yaxud, məşhur “300 spartalı” filmindəki kimi…

 

–        Vətən sizinçün nə deməkdir?

–         Vətən mənimçün Qaradərə kəndi deməkdir, o da yağı əlindədir.

 

–        Müharibə necə?

 

–         Bütün yazıçılar kimi, mən də müharibənin əleyhinəyəm. Amma az qala əsrin dörddə biri qədər vaxt keçibsə Qarabağın işğalından, müharibə labüddür.

–        Müharibə şəraitində yaşayan yeni nəsli necə yönləndirməliyik?

 

 –        Ən birincisi, o silahla davrana bilməlidir. İkincisi də bilməlidir ki, onun torpağını əlindən alıblar. O torpağını, bayrağını qorumalıdır. Əks təqdirdə yurd-yuvasız qalacaq.

 

–        Bu mövzuda təbliğatın ən yaxşı yolu hardadır?

 –        İndiki halda televiziyalardadır. Lakin indi televiziyaların çoxu əsasən şou əhlinin əlindədir. Qalır internet və kitab. Biz yazıçılar orada istədiyimizi yazırıq. Kimi nə götürür, götürür.

–        Vətən üçünyaşayanlaruzunömürlüdür,yoxsa ölənlər?

 

–         Biz hamımız gəldi-gedəırik. Ən uzun ömürlü olan Vətəndir, torpaqdır. Onuisə zaman-zaman qanla, tərlə suvarmasan, bar verməz. Kiminin qanından, kiminin də tərindən bu torpağa düşəndə, o güclü və uzunömürlü olur.  Allah hamımızın ömründən kəsib bu Vətənimizə versin.

 

Ramilə QARDAŞXANQIZI

Şərh Yaz