Hacı Quliyev: “Biz heç vaxt qadının yanında qısa şalvarla oturmarıq, heç vaxt qadına əl qaldırmarıq” » Hərbiand

Son Dəqiqə:

Hacı Quliyev: “Biz heç vaxt qadının yanında qısa şalvarla oturmarıq, heç vaxt qadına əl qaldırmarıq”

BİZİM MİLLİ DƏYƏRLƏRİMİZ VAR

 

Belə deyilir ki,“ailə kiçik dövlətdir”. Bütün dövlətlərsə ona görə qurulur ki, daxilində cəmləşən cəmiyyəti düzgün formalaşdırsın. Bəlkə də daha ciddi məqamlar var, ancaq biz bütün bunların xırdalığına varmayacağıq. Ailə, insan faktoru və davranış qaydaları, adət-ənənələr, qorunan və zamanla itən bəzi gələnəksəl qayda-qanunlar var ki, vaxt keçdikcə formalaşan toplumun onlardan xəbəri belə olmur.

“Tanımaq istədiklərim” rubrikasının ilk qonağı, həmsöhbətim tanınmış ictimai xadim, Dünya Azərbaycanlıları Mədəniyyət Mərkəzi İB vitse- prezidenti, İctimai Nəzarət Koalisiyası Himayadarlar Şürasının sədri, Dünya Gənclər Konseyinin Azərbaycan başqanı, Milli telekanalların sosial məsələlər üzrə eksperti, “Excellent” şirkətinin Direktoru və nəhayət Yeni Azərbaycan Partiyasının üzvü Hacı Quliyevdir.

Qeyd edim ki, Hacı Quliyev artıq uzun müddətdir milli televiziya kanallarında ekspert kimi çıxışlar edir, ailə-məişət mövzularında isə zaman-zaman rəylər bildirir.

 

       İlk olaraq təşkilatınız barədə məlumat alaq.

 

       Dünya Azərbaycanlıları Mədəniyyət Mərkəzi bu gün nəinki Azərbaycanda, dünyada da bir çox layihələr həyata keçirib və keçirməkdə davam edir. Təşkilatın prezidenti artıq bütün dünyada tanınan dəyərli yazıçımız Çingiz Abdullayev, birinci vitse-prezident isə Rasim Məmmədovdur. Əlbəttə ki, dünya azərbaycanlılarının mədəniyyəti inkişafında biz də bir çox azərbaycanlı kimi, çalışırıq yetəri qədər öz töhvəmizi verək.

 

       Gənclərlə sıx əlaqədə olursuz?

 

       Bəli, gənclərlə çox sıx əlaqədə oluram. Hətta deməy olar ki, istər real həyatda, istərsə də sosial şəbəkələr vasitəsilə onlarla mütəmadi olaraq ünsiyyətdəyəm. Çalışıram ətrafımda olan gənclərin problemlərilə müəyyən qədər maraqlana bilim. Müxtəlif insanlar, gənclər var ki, bu gün onların ən böyük təlabatları, ehtiyyacları kiminsə onlara istiqamət verməsidir. Dövlət tərəfindən dəstək, qaygı öz yerində… Kifayət qədər idman zalları, gənclərin asudə vaxtlarını səmərəli keçirməkçün məşğuliyyət imkanları yaradılıb və gənclik bu imkanlar sayəsində dünyaya çox yaxşı inteqrasiya edə bilirlər. Ancaq təəssüflər olsun ki, bu gün cəmiyyətimizdə həmin gənclərə yol göstərən, düzgün istiqamət verənlər azdır. Elə gənclərimiz də var ki, müxtəlif məqamlara düşür və adamdan sadəcə mənəvi dəstək umur. Mən isə işlərimin nə qədər çox olmasına baxmayaraq hər zaman çalışıram həmin o gənclərə dəstək olum.   

 

       Gənclərin milli-mənəvi dəyərlərə köklənməsi sizi nə dərəcədə qane edir?

 

       Deyərdim ki, əvvəlki dönəmlərdə gənclərin milli dəyərlərə meyli daha yüksək idi. Ancaq sonralar gənclər daha çox Avropaya meyl göstərməyə çalışdılar. Davamı acınacaqlı ola bilərdi, nə yaxşı ki, dövlət proqramlarımız zamanında gənclərimizdə milli vətənpərvərlik ruhunu inkişaf elətdirdi və bu gün də bizim gənclərimizdə milli mənəvi dəyərlərə hesablaşma qabiliyyəti çox yüksək səviyyədədir. Bu yöndə də davam edir və bu da çox sevindirici haldır.

 

       Bu fikirləri məhz sizdən eşitmək də xoşdur. Bəs gənclərimiz hansı sahədə daha fəaldır?

 

       Bu gün Azərbaycan gənclərilə hansı bir tərəfdən hesablaşmalı olsaq, yəni hansı bir tərəfdən dəyərləndirsək, gənclərin dünyaya çıxışında çox gözəl bir potensial var. İstər idman, istər mədəniyyət, istər moda-dəb, istər kulinariyyada və s. kimi sahələrdə… Sadəcə bunu hansı şəkildə ortaya qoymaqdan, dünyaya necə təqdim etməkdən çox şey asılıdır və bu işdə hamımızın üzərimizə böyük bir yük düşür. Bu yükündə deyərdim ki, öhdəsindən müəyyən şəkildə gəlinir. Sadəcə bəzi məqamlar var ki, onlar barədə də danışmaq istərdim. Biz bir millət olaraq azərbaycançılığımızı qoruyub saxlaya bilsək əlbəttə ki, özümüzü dünyaya tanıtdıra bilərik. Televiziya verlişlərində bu barədə çıxışlarım oldu. Mən Azərbaycan kişisinin müəyyən yerlərdə qısa şalvarlarla, şortiklə gəzməyinə fikir bildirdim və sözsüz ki, bu da cəmiyyətimizdə, xüsusilədə gənclər arasında birmənalı qarşılanmadı. İndi də vurğulayıram. Çünki mənim o məsələdə fikrim anlaşıldığından fərqliydi. Əlbəttə ki, müəyyən yerlər var ki, o yerlərdə qeyd etdiyimiz geyimlərdən istifadə etməmək mümkün deyil. Yenə də, mən istərdim ki, Azərbaycana gələn turistlər, başqa xalqların nümayəndələri bizim özlüyümüzü, kökümüzü görsün bizdə. Bilsinlər ki, bizim milli dəyərlərimiz var. Məsəlçün, biz heç vaxt qadının yanında qısa şalvarla oturmarıq, qadına əl qaldırmarıq və s. İstərdim dünyaya təbliğ edək ki, bizim bax belə mədəniyyətimiz var. Bundan başqa, bizdə müəyyən valideyin-övlad münasibətləri var ki, onlar dünyanın çox yerində yoxdur. Məsəlçün, bizdə adət var ki, övlad atasının yanında öz övladını qucağına götürməz. Bunların kökündə böyüyə-kiçiyə, ailə münasibətlərinə hörmət dayanır. İstərdim ki, biz buların təbliğatını dünyada düzgün şəkildə aparaq. Ona görə ki, bütün bu adətlər geridə qalmışlıq əlamətləri deyil, əslində müasirliyin tam başıdır. Çünki hər bir zaman, dönəm bu belə olub. Hətta dini kitablarda da deyilir ki, ataya-anaya, xanıma hörmət olunmalıdır. Bu bizim indiki cəmiyyətimizdə də eyni qaydada təbliğ olunmalıdır. Prezidentimizin də bu barədə çox gözəl bir fikri var. “Biz bu gün Avropaya inteqrasiya edək, amma milli-mənəvi dəyərlərimizin qorunub saxlanması şərti ilə”. Bizim bu gün də dövlət siyasətimiz məhz budur.

 

       Kifayət qədər zamanınızı ailədən kənarda keçirirsiz. Ailəniz bunu necə qarşılayır?

 

       Əlbəttə ki, bütün bu məsələlərdə ən önəmlisi ailənin, uşaqlarının səni normal qarşılamasıdır. Bir dəfə türk televiziyalarının birində aparıcı xanım qeyd elədi ki, mən sizin həyat yoldaşınızın qarşısında baş əymək istərdim. Çünki bu həyat tərzini anlamaq, normal qarşılamaq çətindir.

 

       Bəs ailədə birliyin yaranması üçün nə etmək lazımdır?

 

       Ailədə birliyin yaranması üçün, əvvəldən, xanımını seçərkən, ailə həyatı qurarkən çox düzgün qərar vermək lazımdır. Hər dəfə gənclərə verdiyim tövsiyələrdən biri də budur – ailə qurduğunuz insanla həyata baxışınız eyni olmalıdır. Hər iki tərəf eyni nöqtəyə eyni anda baxmalıdır ki, sonradan problemlər çıxmasın. Əgər həyata baxışınız eyni olarsa, ailə həyatından başqa, bir də dostluq münasibətiniz olsa, əlbəttə ki, birgə ailə həyatınızda heç bir problem çıxmaz. Təbii ki, anlayış, hörmət hissi də vacibdir.

 

       Sevgi necə, uzun müddət özünü qoruyub saxlaya bilir?

 

       Əlbəttə. Bilirsiz ki, bu yaxınlarda valideynlərimi itirdim. Öncə anamı, anamdan sonra altı ay keçməmiş isə atamı itirdim. Bu bizim ailə üçün çox böyük itki oldu. Atam çox sağlam insan idi, amma o anamın yoxluğunda tanıdığı tənhalığa dözə bilmədi. Biz bir ailə olaraq, həyatda onların bir-birini bu qədər çox istədiyini bilmirdik, heç vaxt biruzə verməzdilər. Anam rəhmətə gedəndən sonra atam bu cür tənhalığa qapıldığını yenə də bizə hiss etdirmədi, amma sonu da bax belə oldu. Deməli ailələr var ki, həqiqətən də öz sevgilərini sona qədər qoruyub saxlaya bilirlər. 

 

       Sizin fikirlərinizə və gördüyünüz işlərə nəzər salsaq, daha çox özündə milli-mənəvi dəyərləri əks etdirən amillərə rast gəlinir. Bununla belə sizi izləyərkən ünsiyyətdə olduğunuz insanlarla həm mövqe, həm də xarakter baxımından aranızda tərs mütənasiblik də olur. Maraqlıdır, necə olur ki, həmin şəxslərlə ünsiyyət zamanı ortaq məxrəcə gəlməyi bacarırsınız və bu ab-havanı qoruyub saxlaya bilirsiniz?

 

       Təbii ki, gün ərzində müxtəlif insanlarla ünsiyyətdə oluram. Hər bir insanın özünəməxsus xarakteri var. İnsanlarla ünsiyyətdə olduğum zaman öz xarakterimi ortaya qoya bilmərəm. Kimliyindən asılı olmayaraq hər hansı şəxslə ünsiyyət qururamsa, həmin şəxs məni özü kimi görməlidir. Onlar məni özü kimi görərsə, əlbəttə ki, bu, qarşılıqlı münasibətə də təsir edəcək və paylaşılacaq fikirləri, xüsusilə önə çəkiləcək problemləri rahat şəkildə ifadə edə bilməyinə təkan verəcək. Bu baxımdan mənimlə ünsiyyət onun üçün daha rahat olar və daxili aləmini, rastlaşdığı hadisələri açıb danışa bilər. Qarşılığında da mən ona müəyyən məsləhətlər verməklə yanaşı, həmçinin onu düzgün istiqamətləndirə bilərəm. Ona görə də burada müəyyən xarakterik xüsusiyyətlərimi, fərdi düşüncələrimi kənara qoymalıyam.

 

       Almaq istədiyimdən cavabdan daha yaxşısını verdiz.

 

       Mən sizə bir məqamı da qeyd edim. Bu yaxınlarda Stavropolda səfərdəydim. Stavropol Pedoqoji Universitetində çox böyük  bir forum keçirilirdi. Təşkilatı DAMM xarici əlaqələr şöbəsinin müdürü Nəcəf Qənbərovla mən təmsil edirdik. Mən universitetin ekspertlər şurasında idim və Stavropol əhalisinin çoxu erməninlər olduğuna görə, həmin zalda əyləşənlər arasında bizim bədnam qonşularımız da vardı. Mövzu isə “Tolerant ölkələr” idi. Auditoriyada əyləşənlərdən biri dedi ki, tolerantlıq çox nisbi göstəricidir və dünyanın heç bir ölkəsi deyə bilməz ki, bizdə tam olaraq tolerantlıq var. Əlbəttə mən öz cavabımı verdim. Qeyd elədim ki, artıq Azərbaycan bütün dünyaya öz tolerantlığını sübut edib. Çünki Azərbaycanda dilindən, dinindən, irsindən və irqindən asılı olmayaraq hər bir xalqın nümayəndəsi rahat şəkildə yaşaya bilir. Əsas nümunəm də Bakının mərkəzindəki erməni kilsəsi oldu. Hansı ki, ermənilər işğaldan sonra Dağlıq Qarabağ ərazilərində yerləşən abidələrinimizi necə vəziyyətə saldığı hamımıza məlumdur.  Yəni, bununla demək istəyirəm ki, bu gün dünyanən ən yaşamalı yeri məhz Azərbaycandır.

 

       Doğrudan da insanlarımız bir-birinə tolerantdı?

 

       Təbii ki, bütün insanlar eyni ola bilməz, hərənin öz düşüncəsi var. Baxın, mən iş prinsipimə görə öz xarakterimi kənara qoyub insanlarla eyniləşə bilirəm, ancaq bu hər kəsin edə builəcəyi, asan məsələ deyil. Müəyyən insanlar var ki, onlar öz fikirlərində hər zaman qalmağa və başqalarına da təlqin etməyə çalışır. Bu da hərənin öz dünyagörüşündən, savadından irəli gəlir. Yoxsa cəmiyyətimiz başqa deyil, dövlət siyasətimizlə cəmiyyətin mövqeyi eynidir.

 

       Dostlarınızı necə seçirsiz?

 

       Artıq bilirik, müəyyən insanlarla ünsiyyətdə oluram. Ətrafımda hədsiz dərəcədə çox insan var və bu çoxluğun içərisində özünə bir yaxın, dost seməlisən ki, özünü ona yaxın hiss edəsən, hər dərdi-sərini, hər işini onunla rahat bölüşə biləsən və biləsən ki, onunla bölüşdüyün bu günkü problemləri sabah sənə qarşı silah kimi istifadə etməyəcək. Ona görə də, dostlar çoxdu, amma iki ən yaxın dostum, Ramin Qasımov və Nəcəf Qəmbərov var ki, onlarla həm iş, həm şəxsi həyatımı rahatlıqla bölüşə bilirəm. Bir məqamı da deyim ki, onlarla birlikdə biz artıq Azərbaycan üçün də xeyli işlər görmüşük. Çünki Nəcəf bəy DAMM Xarici Əlaqələr Şöbəsinin müdirüdür və bu xəttlə də dünyanın müxtəlif yerlərində bizim çox gözəl tədbirlərimiz, televiziya çıxışlarımız olub. Hətta Türkiyə telekanalında Xocalıya həsr olunmuş bir verlişdə iştirak etdik və verlişi bir kanal çəkdi, amma bu mövzuda on üç kanalda proqramlar yayımladı. Xoşbəxtəm ki, məhz belə dostlarım var.

 

 

Ramilə QARDAŞXANQIZI

 

Şərh Yaz