İsmayıl Cəfərli: “Onlar “gizlən qaç”, “mərə-mərə”,” xan-vəzir”, “ənzəli” oyunlarından xəbərsiz böyüyürlər” » Hərbiand

Son Dəqiqə:

İsmayıl Cəfərli: “Onlar “gizlən qaç”, “mərə-mərə”,” xan-vəzir”, “ənzəli” oyunlarından xəbərsiz böyüyürlər”

VƏTƏN ÜZƏRİNDƏ YAŞADIĞIM TORPAQDIR

 

 

Hər dövrün, hər günün, hətta hər anın öz hökmü var. Bir də qayda-qanun deyilən açar var. Tərbiyədə və təbliğatda istifadə olunur. Yeni nəsilin necəliyi isə biraz dövrün, biraz dövranın, biraz da valideynlərin əlindədir. Qalanı isə ictimaiyyətin boynuna yük, çiyninə düşən məsuliyyətdən asılıdır. Cəmiyyətin təsiri böyük qüvvədir.

“Gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hislərinin tərbiyəsi” mövzusundahəmsöhbətim tanınmış jurnalist İsmayıl Cəfərli ilə olan  müsahibəni “Hərbi and” oxucularına təqdim edirik.

 

–       Özünüzü yaxından təqdim edin.

 

–       Mən İsmayıl Siyavuş oğlu Cəfərli 34 il bundan əvvəl Neftçala rayonunda  dünyaya gəlmişəm. 2001-ci ildən jurnalistikanın sirlərini Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvandan öyrənməyə başlamışam. Hələ də bu maraqlı və məsuliyyətli peşəni öyrənirəm. (gülür) Düzdür jurnalist peşəsi konkret ixtisas tələb etmir, amma mən, bu peşənin ixtisasca əsgəriyəm. Yəqin ki, səbəb bu sahədə ilk olaraq hərbçi jurnalsit kimi fəaliyyət göstərməyimdir. Bu rəsmi olaraq 4 il davam etsə də, ruhum yenə səngərdə, düşmənlə ön cəbhədədir. Hal-hazırda  Cənub ARB televiziyasında Xəbərlər və Analitik İnformasiya Departamentinin direktoru vəzifəsində çalışıram.

–       Uşaqlığınızı necə xatırlayırsız?

 

–       Mübaliğəsiz deyim ki, uşaqlıq illərini yaxşı və yaddaqalan keçirmişəm. Körpələr evinə getdiyim gündən sonrakı məktəb illərimi çox gözəl xatırlayıram. Yaddaşımda şirin anlar çoxluq təşkil edir. Valideynlərimin elə də yüksək maddi imkanları olmayıb. Sadə ailədə böyümüşəm. Ailədə üç uşaq olmuşuq. Ürəyimiz istəyəni valideynlərimiz min bir zəhmətlə bizə alıb yedirib, geyindiriblər. İndiki uşaqlar üçün çox heyfislənirəm. Onlar “gizlən qaç”, “mərə-mərə”,” xan-vəzir”, “ənzəli” oyunlarından xəbərsiz böyüyürlər. Dərslərimizi yaxşı oxumuşuq, eyni zamanda bu oyunları da hər gün oynamışıq. İndiki uşaqlar telefon əlində (gülür) böyüyürlər. Ətraf mühitdən sanki təcrid olunublar.

–       O vaxt vətən anlayışı necə aşılanırdı?

–       Müəllimləri fərqləndirmək olmaz. Onlar bizə ilk ana dilini öyrədən, vətən sözünü aşılayan şəxsiyyətlərdir. Xoşbəxtlikdən müəllimlərimizin hər biri mən və yaşıdlarımın vətənpərvər ruhda yetişməsində müstəsna xidmətləri olub. Bizi bu ruhda tərbiyə edən müəllimlərimin qarşısında baş əyirəm. Vətən anlayışı geniş məhfumdur, həm də böyük məhfumdur. Bildiyim odur ki, Vətən bizim yaşadığımız kənddən, rayondan, qəsəbədən, şəhərdən  başlanır.

–       Milli dəyərlər necə?

 

–       Vətən anlayışını dərk edən insan, elə milli dəyərlərə sahib olan bir insandır. Mən deyərdim bu anlayışlar bir-biri ilə vəhdət təşkil edirlər. Bu mənim subyektiv fikirimdir. Yəni Anasını, Torpağını, Xalqını qorumağı bacaran insan demək ki, milli dəyərlərinə də sahib çıxmağı bacarır. Bir sözlə dəyər verdiyimiz bütün milli mənəvi keyfiyyətlər bizim elə milli dəyərlərimizdir.

–       Boş vaxtlarınızı necə dəyərləndirirdiniz?

 

–       Asudə vaxtlarımı futbol oynamaqla keçirmişəm. Düzdür, hərçənd ki, oynamağı yaxşı bacarmamışam, (gülür) amma müdafiəçi kimi böyük həvəslə məhəllə meydanlarında oynamışam. Bu hobbi və maraq indi də yaşayır. Həftə sonları kollektivlə birlikdə futbol oynayırıq.

 

–       Uşaqları kompüterdən uzaqlaşdırıb təbiət oyunlarına meylləndirmək üçün neynəmək lazımdır?

–       Bilirsiz, bu həlli çox vacib və aktual sualdır.  Hazırda əksər ailələr bu problemi yaşayır. Bir az əvvəl dediyim kimi,indiki uşaqların böyük bir qismi məhəllə ünsiyyəti görmədən böyüyürlər.Hər birimiz ailə başçısıyıq, evimizdə cəmiyyət üçün yetkin, savadlı şəxsiyyətlər tərbiyə edirik, amma bu məsələnin həllində sanki bir qədər acizik. Çünki müasir texnologiyaya hədsiz aludəçiliyə, uşaqları öz əsirinə çevirən komyüterdən mütəmadi istifadəyə qarşı çox zəifik. Biz bilirik ki, bu problemin uşaqlara vurduğu zərbələr böyükdür, amma bunları bilə-bilə övladlarımıza qadağa qoya bilmirik. Həm sağlamlığına, həm də zehni inkişafına çox mane olur. Mən çətinliklə də olsa övladlarımı bu şüalanmadan uzaq tutmağa çalışıram.

 

–       Uşaq vaxtı bəddi kitablar oxumusuz?

–       Uşaq vaxtı bədii kitablar oxumamışam. Düzdür, bədii ədəbiyyatı uşaqlıqdan sevmişəm, ancaq tədris xaricindən kənara çıxmamışam. Bədii kitabları oxumağa marağım tələbəlik illərimdən başlayır. Diktor kimi ilk əmək fəaliyyətimə başlayanda bildim ki, bədii kitablarınnitq qabiliyyətinin inkişafında, söz ehtiyatının artmasında, ümumiyyətlə dünyagörüşünün formalaşmasında çox böyük rolu və əhəmiyyəti var.

–       Uşaqlara verilən azadlıq hansı həddə olmalıdır?

–       Uşaqlara azadlığı, məsuliyyəti dərk etdiyi qədər verməliyik. Bunlar hər ikisi paralellik təşkil etməlidir.  Yəni biz uşağa azadlıq, sərbəstlik veririksə, mütləq ona şərtlərini izah etməliyik. Nə üçün icazə verdiyimizi, hansı seçimlərin nəticəsi necə ola bilər deyə onlara danışmalıyıq. Bunlar olduğu həddə isə uşaq özünə güvənərək müstəqil qərar verə biləcək.

–       Sizcə gənclərin azadlıq anlayışı necə formalaşır?

–       Bilirsiz azadlığın da bəlli bir sərhədi olmalıdır. Misal üçün coğrafiyada ölkələrin, materikərin, bir sözlə dünyada hər şeyin bir sərhədi olduğu kimi azadlığında bir sərhədi var. Mənim aləmimdə sərhədsiz anlayış yoxdur. Uşaqlığında, gəncliyində, hətta qocalığında bir sərhəddi var. Valideynlər uşaqlarının şəxsiyyət kimi inkişafına gərəkli olan şeylərdən məhrum etməməli, onların bütün istəklərinə göz yummamalıdır. Onlara öz fiziki və zehni qabiliyyətlərini göstərməkdən ötrü imkanlar verilməlidir, amma burda da sərhəddində olmalıdır bölgülər.

–       Bəs cəza hansı yaşa qədər keçərlidir?

 

–       Ələbttə uşağın tərbiyəsində diqqət yetirəcəyimiz məsələlərdən biri də cəza sistemidir. Valideyn əsəbdən ani qərarlar verməməlidir. Valideynin verəcəyi qərarlar uşağın yaşına uyğun olmalıdır. Misal üçün, valideynlər ilk 4 yaşa qədər uşaqlara heç bir cəza verməməlidir. Birdə ki, verdiyimiz cəzalar isə qəlbqırıcı olmalalı və heç kimin yanında baş verməməlidir.

–       Mükafatlar necə?

 

–       Fikrimin davamı olaraq deyim ki, mükafatları uşaqlara istədiklərini əldə etməsi üçün çalışmağın, zəhmətin bəhrəsini görməyi və dadmağı anlasın deyə verməliyik.

 

–       Bəzən valideynlər gənc yaşda olan övladlarının qarşısında kəskin qadağalar qoyur.

 

–       Bu düzgün metod deyil. Uşaqları tərbiyə edərkən, böyüdərkən onun tərbiyəsinin təkcə bizim üçün vacib olduğunu deyil, cəmiyyət və insanlıq üçün nə dərəcədə vacib olduğunu bilməliyik. Unutmayaq ki, uşağa verdiyimiz töhfələr, insanlığa və cəmiyyətə verdiyimiz töhfə sayılır.

–       Yenilikçisiz?

 

–       Keçmiş artıq keçmişdə qaldı. Söhbət yeni nəsildən gedirsə onun gördükləri və yaşadıqları yalnız yenilik olmalıdır.

–       Bu gün gənclərdə kənd mədəniyyətini bəyənməzlik var. Sizcə niyə?

–       Bu gənclərin az məlumatlı olmağından irəli gəlir. Mən də kənddə böyümüşəm, bunu isə təmsil olunduğum cəmiyyətdə etiraf etməkdən heç də utanmıram. Şəhərli və rayonlu sözünü ortaya atanlar milli mənliyimizə zərbə vuran insanlardır. Xalq şairi Bəxtiyar Vahabzadə, böyük filoloq alim İmamverdi Əbilov dünya miqyasında tanınan ziyalılarımız olub. Biri Şəkidə yaşayıb yaradıb, biri də Neftçala rayonunda. Şəhərlilər onları görmək üçün kəndə gəliblər. Ümumi götürsək, bu günki cəmiyyətdə olan intellektuallıq çoxdur ki, az deyil.

–       Kitabxanaları yox, əyləncə məkanlarını hamı tanıyır…

 

–       Bəli, bəzi tələbərimiz var ki, oxu zallarında kitab oxumaqdansa dəbdəbəli əyləncə mərkəzlərinin axtarışındadır. Nədənsə kitab evləri yerşəşən əksər küçədə kitab oxuyan azdır və o küçə kitaba verilən dəyəri bilməyənlərin küçəsidir. Amma bunu hamıya şamil etmək olmaz. Kitaba dəyər verənlər də çoxdur.

 

–       Vətən sizinçün nə deməkdir?

–       Mənim üçün vətən, üzərində yaşadığım torpaqdır. Vətən tarixi, coğrafiyası, mədəniyyəti, milli adət-ənənələri mənə doğma olan yurd yerimdir.

 

–       Müharibə necə?

 

–       Dava-dalaş, günahsız tökülən qanlar, insan ölümü, gözü yaşlı qalan ana-bacılarımız, günahsız və yetim qalan uşaqlar…Bir yandan da işğalda qalmış torpaqlarımızın azadlığı müharibə adlı bu minbərdən keçir.

–       İndiki şəraitində yeni nəsli necə yönləndirməliyik ki, müharibəni düzgün anlasın?

 

–       İlk növbədə hər bir gənc hazırda müharibə şəraitində yaşadığımızı bilməlidir və yaşca özündən kiçiklərə də təlqin etməlidir. İşğal altında qalan torpaqlarımız və məcburi yurd yerlərindən didərgin düşən soydaşlarımız haqqında məlumatlı olamaldır gənclər. Xocalı və Qaradağlı, 20 yanvar kimi dəhşətli faicələrimizin üzüntüsünü yaşamalı və əbədi düşmənimiz olan ermənilərə böyük nifrət bəsləməlidir. Hər an qəlbi şəhidlərimizin intiqamını almaq hissi ilə döyünməlidir. Təbii ki, bu mövzuda təbliğatın ən yaxşı yolu təhsil müəsisələrindən başlayır. Pedoqoqlarla yanaşı, biz jurnalistlərin də üzərinə böyük məsuliyyət düşür. Vətənpərvərlik mövzularına üstünlük verməliyik, hətta yeri gələndə birinci bu mövzudan yazmalıyıq.

–       Vətənçün yaşayanlar uzunömürlüdür yoxsa ölənlər?

 

–       Vətən üçün yaşayıb uzun ömür sürmək olar, amma vətən uğrunda ölüb əbədi yaşamaq hər kəsə nəsib olmur. Odur ki, hər birimiz belə şərəfli uzunömürlülüyü qismətimizə yazılmasını arzu etməliyik. Bu ali məqamı isə ən çox şəhidlərimiz fəth edir. Ömürləri qısa olsa da, ölümsüzlükləri əbədi olur.

 

Ramilə QARDAŞXANQIZI

Şərh Yaz