Əli Cəfəroğlu: “Gənclər elə düşünür ki, azadlıq anlayışı onların bütün istək və arzularının dərhal, ya da qeyd-şərtsiz yerinə yetirilməsidir” » Hərbiand

Son Dəqiqə:

Əli Cəfəroğlu: “Gənclər elə düşünür ki, azadlıq anlayışı onların bütün istək və arzularının dərhal, ya da qeyd-şərtsiz yerinə yetirilməsidir”

TƏRBİYƏNİN BEŞİYİ AİLƏDƏ YIRĞALANIR

İohan Vilhelm Snelman deyirdi ki, Gəncliyin ruhunu istifadə edilməyən bir tarla kimi özbaşına qoysanız, orada gicitkən və tikandan başqa bir şey tapa bilməzsiniz. Bəli, bu fikir bütün dövrlərdə öz gerçəkliyini qoruyur və hətta bu deyim sadəcə gənclər üçün yox, uşaqlar üçün də keçərlidir.

“Gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hisslərinin tərbiyəsi” mövzusunda bu həfdəki həmsöhbətim yazıçı Əli Cəfəroğlu ilə olan müsahibəni “Hərbi and” oxucularına təqdim edirik.                      

–        Özünüz haqda biraz geniş məlumat verin.

–         Mən, Əli Cəfəroğlu (Əli Cəfər oğlu Əliyev), 1968-ci ildə Ağstafa şəhərində anadan olmuş, 1992-ci ildə Bakı Dövlət Universitetinin tarix fakültəsini bitirmişəm. Həmin ildən Həsənsu kənd tam orta məktəbində müəllim, 1993-cü ildə Ağstafa Rayon İcra Hakimiyyəti başçısının köməkçisi, 1993-1995-ci illərdə Gəncə Dövlət Pedaqoji İnstitutunun Qazax filialında müəllim, 1995-1999-cu illərdə Rayon Gənclər və İdman İdarəsində baş inspektor, 1999-2011-ci illərdə Rayon İcra Hakimiyyətinin təhsil, səhiyyə və mədəniyyət şöbəsində baş məsləhətçi vəzifələrində işləmişəm. İkinci dərəcəli dövlət qulluqçusuyam. 2006-cı ildən Azərbaycan Yazıçılar Birliyinin, 2014-cü ildən Azərbaycan Jurnalistlər Birliyinin üzvü, 2014-cü ildən “Qızıl qələm” media mükafatı laureatıyam. 2014-cü ildə Prezident təqaüdçüsü adına layiq görülmüşəm. Altı bədii kitabın, beş elmi məqalənin müəllifiyəm. “Çinar və taxta parçası” adlı hekayəm 2015-ci ildə VIII siniflərin rus bölməsi üçün nəşr edilmiş “Azərbaycan dili” dərsliyinə salınıb.

–        Hazırda nə ilə məşğulsuz?

–        2011-ci ildən bu günə qədər Ağstafa Rayon Təhsil Şöbəsində aparıcı məsləhətçi vəzifəsində çalışıram. Təhsil sahəsindəki fəaliyyətimlə bərabər bədii və publisistik fəaliyyətimi də davam etdirirəm. Bu ilin iyun ayında Türkiyə Respublikasının Adana şəhərində nəşr olunan “Adana haber postası” qəzetində “Beş kuruş” adlı hekayəm türk dilində və iyul ayında Özbəkistan Respublikasının Daşkənd şəhərində nəşr olunan “Kitob dunyosi” adlı qəzetdə “Beş tiyin” adlı hekayəm özbək dilində dərc edilmişdir. “Təhsil”, “Mədəniyyət.az”, “Ulduz” jurnallarında, “Savalan”, Təhsil problemləri” və s. qəzetlərdə bədii, elmi və publisistik məqalələrim çap olunur.

–        Uşaqlığınızı necə xatırlayırsınız?

–        Uşaqlığım çox qayğısız və şən keçmişdir. Şəhərdə doğulmağıma və yaşamağıma baxmayaraq uşaqlıqdan indiyənə qədər həmişə təbiət qoynuna səyahət etməkdən zövq almışam. Belə ki, həmin illərdə ailəmizlə bərabər valideynlərimin doğma kəndlərinə baş çəkir, yay tətili günlərində orada həmyaşıdlarımla birlikdə futbol oynayır, anamın kəndi olan Xılxına kəndi Ağstafa çayının sahilində yerləşdiyi üçün çayda doyunca üzürdük. Dayım idmançı olduğu üçün mənə idman məşğələləri keçir, həm güləşməyi, həm müxtəlif gimnastika hərəkətlərini öyrədirdi. Bundan başqa yayda qonşu Tovuz rayonunun Ağbşlar kəndinə gedir, orada həm coşqun dağ çayında üzür, həm meşəyə gedir, müxtəlif ölçülü daşları qaldırır, kiçik daşları uzaq məsafəyə atmaq üçün yarışırdıq. Həmin illərə təsadüf edən Rusiyanın Şimalı Qafqaz bölgəsində yerləşən Jeleznovodsk şəhərinə ailəmizlə etdiyimiz bir aylıq səfər hələ də xatirimdə parlaq səhifə tək yaşayır. Burada müalicəvi Smirnov və Slavyanovsk isti su mənbələrindən su içir, səliqəli, yaraşıqlı küçələrində, parklarında müxtəlif ağac, bəzək kolları, ətirli güllər fonunda gəzişir, o zamanlar sarsılmaz sayılan  dostluq və beynəlmiləlçiliyin şahidi olurdum. Amma ən başlıca məşğuliyyətim gecə-gündüz kitab oxumaq idi. Məhz bu gün nəyə nail olmuşamsa, hamısını mütaliənin sayəsində, bir də ki, iradə və həvəsimin hesabına əldə etmişəm.

–        Uşaqlara vətən anlayışı necə aşılanırdı?

–        Vətən onda SSRİ məfhumundan ibarət idi. Biz hamımız sovet dövlətini, hansı ki, 15 müttəfiq respublikadan ibarət idi, onu vətən hesab edirdik. Hətta məktəb dərsliyində də SSRİ tarixinə geniş yer ayrılır, Azərbaycan tarixi isə çox az saatla tədris edilirdi. SSRİ tarixinin əsasını isə Rusiyanın tarixi təşkil edir və xalqımızın tarixi ötəri, bayağı və qərəzli işıqlandırılırdı. Əsas mövzu sovet xalqının alman faşizmi üzərində qələbəsinə köklənmişdi. Həm də həmin vaxt bizim beynimiz beynəlmiləlçilik ideologiyası ilə doldurulmuş və elə zənn edirdik ki, dünyada sosializm quruluşundan yaxşı quruluş yoxdur.

–        Milli dəyərlər necə?

–        Əlbəttə, bu o demək deyildi ki, biz öz doğma vətənimizi, yəni sovetlər birliyinin tərkib hissəsi olan Azərbaycanı sevmirdik. Vətən bizim üçün müqəddəs və şanlı idi. İkinci dünya müharibəsində 600 mindən çox Azərbaycan vətəndaşı döyüşmüş və bunlardan 300 mindən çoxu böyük bir coğrafi arealı təşkil edən cəbhədə həlak olmuşdu. Mənim hər iki babam müharibədə igidliklə döyüşmüş, müxtəlif orden və medallarla təltif olunmuş və mən həmişə onlarla fəxr etmişəm. Onda milli dəyərlər vətənin kapitalist dövlətlərinin hücumundan qorunmaq, böyüklərə hörmət etmək, onların sözünə qulaq asmaq və əməl etmək idi.

–        Dərslərdən qalan vaxtlarınızı necə dəyərləndirirdiz?

–        Yuxarıda qeyd etdiyim kimi, əsasən kitab oxuyur, çayda üzür, futbol oynayır, idmanla məşğul olur, səhər tezdən Ağstafa şəhərinin küçələrində qaçır və məktəb stadionunda turnikdə çəkinir, müxtəlif gimnastika hərəkətləri edirdim. Bundan başqa təbiət qoynuna səyahət edir, ağaclara, meşələrə, çaylara, quşıara tamaşa edir, həm də ki, nərd, şahmat, domino, loto oynayırdım. O vaxtlar “Ənzəli” deyilən bir oyun vardı, dairənin içərisində uşaqlar qol-qola düzülürdü, kənardan digər uşaqlar onların üstünə atılırdı. Bu zaman dairə içərisində olan bir nəfər onların ayağını tapdalamağa çalışırdı. Elə ki, məqsədinə çatdı, onda ayağı tapdalanan uçaq içəridə dayanıb əlverişli məqam gözləyirdi. Onda qoyun dərisindən bir parça kəsir, onu əridilərək iki yerindən deşik açılmış qurğuşuna keçirir və simlə bərkidirdik. Bu, “lemka” adlanırdı. Saatlarla bu oyunu oynayır, kim ayağı ilə daha çox çiləyirdisə, o, qalib hesab edlirdi. Bunu da hərə bir cür formada edirdi. Aşıq-aşıq oyunu da geniş yayılmışdı. Qoyun kəsilərkən ilk növbədə onun topuq hissəsində olan aşığı götürüb təmizləyir və digər aşıqları düzüb o biri aşıqla vurub aşırmağa cəhd edirdik. Bir sözlə, maraqlı məşğuliyyətimiz çox idi.

 

–        Bu oyunların deməy olar heç birini indiki uşaqlar bilmir. Bu uşaqları komputer oyunlarından azda olsa ayırıb təbiətə bağlamaq üçün nə etmək olar?

–        Bunun üçün parklarda, meydançalarda, həyətlərdə quraşdırılmış idman qurğuları və s. kimi avadanlıqların kütləvi inşası lazımdır. Həmçinin, şəhər və rayonlarda tikilmiş olimpiya idman komplekslərinin imkanlarından istifadə etmək lazımdır ki, burda da ən əsas valideyn marağı olmalıdır. Uşaqlar belə yerlərdə daha çox vaxt keçirməli, burada bədən tərbiyəsi və idmanla – futbol, voleybol, basketbol, üzgüçülüklə məşğul olmalı, müxtəlif idman dərnəklərinə və musiqi məktəblərinin şöbələrinə cəlb olunmalıdırlar. Ən əsası isə, paytaxtda ağac kəsimlərinin qarşısı alınmalıdır. Təbiət mədəni şəkildə öldürüldükcə uşaqlar da robotlaşmağa başlayır.

–        Bəs ən çox hansı mövzularda kitabları oxuyurduz?

–        İlk vaxtlar mövzuları seçmədən, ədəbiyyat müəllimi və məktəb kitabxanaçımızın məsləhət bildiyi kitabları oxuyurdum. Sonralar macəra janrında yazılan əsərləri daha çox sevdim. Məsələn, Daniel Defonun “Robinzon Kruzo”, Jül Vernin “Kapitan Qrantın uşaqları”, Hektor Malonun “Ailəsiz” əsərlərini sevə-sevə oxumuşdum. Müharibə və vətənpərvərlik mövzusunda, həmçinin orta əsrlərə aid cəngavərlik əsərləri, Nizami, Füzuli, Mirzə Fətəli Axundzadə, Haqverdiyev, Yusif Vəzir Çəmənzəminli, Cəlil Məmədquluzadə, Səməd Vurğun və digər məşhur Azərbaycan müəllifləri ilə yanaşı rus və xarici müəlliflərin əsərlərini oxuyurdum. Cek Londonun “Həyat eşqi” əsərini bu gün də çox sevirəm.

–        Uşaq azadlığı hansı həddə olmalıdır?

–        Uşaqlar ən əvvəl kiçik yaşlarından düzgün tərbiyə olunmalıdır. Mən aforizmlərimdən birində qeyd etmişəm: “Tərbiyənin beşiyi ailədə yırğalanır”. Yəni uşaq məktəbə qədəm qoyanda hərə öz ailəsində mənimsədiyi tərbiyə və davranışını da ortaya qoyur. Ona görə məktəb üçün şagirdlərin təlim-tərbiyəsi həmişə xüsusi aktuallıq kəsb edir. Ötən ildən məktəblərdə təşkil edilməyə başlayan məktəbəhazırlıq qrupları bu mənada uşaqların məktəb həyatına hazırlanmasına öz səmərəsini göstərir. Bu azadlıq mənim fikrimcə, orta həddə olmalıdır. Onlara həddindən artıq müstəqillik vermək, eyni zamanda azadlıq hiss və düşüncələrindən məhrum etmək düzgün deyil. Əks halda bu, özbaşınılığa, mərkəzdənqaçma meyllərinin artmasına gətirib çıxara bilər.

–        Gənclərin azadlıq anlayışı necə formalaşır?

–        Bu gün gənclər elə düşünür ki, azadlıq anlayışı onların bütün istək və arzularının dərhal, ya da qeyd-şərtsiz yerinə yetirilməsidir. Yəni nə istəsələr, edər, hara istəsələr, gedər və arzularını yerinə yetirmək üçün müstəqil hərəkət etməyə cəhd göstərər,  fikir söyləyə bilərlər. Amma azadlıq özbaşınalıq deyil və bunun bir həddi olmalıdır. Əks halda valideyn sözünə qulaq asmamaq, kənar təsirlərin əsirinə çevrilmək insanı pis yola və uçuruma apara bilər.

(Ardı var)

Ramilə Qardaşxanqızı

Şərh Yaz