Əli Cəfəroğlu: “Vətən eşqi qanımda, canımda, nəfəsimdə, bir sözlə, varlığımdadır” » Hərbiand

Son Dəqiqə:

Əli Cəfəroğlu: “Vətən eşqi qanımda, canımda, nəfəsimdə, bir sözlə, varlığımdadır”

TƏRBİYƏNİN BEŞİYİ AİLƏDƏ YIRĞALANIR

Bir yoxsul qürbətdə şah olsa əgər
Hər axşam o, vətən deyib ah çəkər.

Ə.Təbrizi

Vətənsiz, yurd-yuvasız insan olmaz. Çünki vətən insanı insan edən yeganə məfhumdur ki, Vətən uğrunda qan tökən heç kimsə öz qanına heyifsilənməz. Həmçinin Vətən o məfhumun adıdır ki, o, insanların milli kimliyini, varlığını sübut edir.  “Gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hisslərinin tərbiyəsi”mövzusunda ötən həftəki həmsöhbətim, yazıçı Əli Cəfəroğlu ilə olan müsahibənin yekun hissəsini “Hərbi and” oxucularına təqdim edirik.

–         Vətən sizin üçün nə deməkdir?

–         Vətən mənim üçün hər şey deməkdir. Vətən mənim doğulduğum, böyüyüb boya-başa çatdığım, havasını udduğum, torpağında gəzdiyim, çörəyi ilə böyüdüyüm müqəddəs bir yerdir. Vətən eşqi qanımda, canımda, nəfəsimdə, bir sözlə, varlığımdadır. Torpaqlarımızı mənfur Ermənistanın işğalından azad etmək yolunda fəaliyyət göstərmək, vətənə faydalı olmaq, onu göz bəbəyi kimi qorumaq, ən əsası isə torpaqlarımızın işğaldan azad olduğunu görmək ən böyük arzumdur.

–         Bəs müharibə?

–         Müharibə ölüm saçan dəhşətdir. Bunu başına gəlməyənlər anlaya bilməz. Bu alov insanları ağuşuna alaraq məhv edir, körpələr, qadınlar, qocalar həyatını itirir. Övladlar valideynlərindən, qadınlar ailə həyatından məhrum olur. Evlər, binalar, tarixi abidələr, bir sözlə, insan əli ilə yaradılan bütün hər şey dağıdılaraq insan həyatı ilə birlikdə məhv olur. İnsanlarımız yurd həsrəti ilə qovrulur. İşğal altında inləyən torpaqlarımıza, ata-babalarımızın uyuduğu qəbiristanlıqlara baş çəkmək, ölülərimizi ziyarət etmək, doğma yurdun havasını udmaq bu gün mümkün deyil. Bu, dərddir, nisgildir, müharibənin gətirdiyi fəlakətin əyani təzahürüdür.

–         Sizcə, erməni vandalizmini xaricdə yaşayan həmvətənlərimiz necə dərk edir?

–         Bildirmək istəyirəm ki, erməni işğalçılarının xalqımızın başına gətirdikləri fəlakətlər, soydaşlarımıza qarşı törətdikləri soyqırımlar barədə arxiv materialları əsasında kifayət qədər bədii, publisistik və sənədli əsərlər, yazılıb və dünya ictimaiyyətinə çatdırılıb. Sadəcə olaraq, dünyada hökm sürən ikili siyasət ucbatından münaqişənin həllinə hələ də nail olmaq mümkün deyil. Amma torpaqlarımızın erməni işğalçılarından geri alınması hər bir azərbaycanlı üçün prioritet məsələ olmalıdır. Xaricdə yaşayan soydaşlarımız münaqişənin həlli üçün məqsədyönlü tədbirlər həyata keçirməlidirlər. Vaxtilə ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə dünya azərbaycanlılarının qurultayları keçirilmiş, xaricdə yaşayan həmvətənlərimizin siyasi cəhətdən təşkilatlanması prosesi başlanmış və Diasporla İş üzrə Dövlət Komitəsi yaradılmışdı. Bu gün həmin siyasət uğurla davam etdirilir. Lakin xaricdə yaşayan bəzi həmvətənlərimiz problemin aktuallığını, vətənimiz üçün nə qədər əhəmiyyət kəsb etdiyini o qədər dərindən dərk etmirlər. Bu işdə yalançı erməni təbliğatı da az rol oynamır. Onların məqsədi təcavüzkarlıq əməllərinə haqq qazandırmaqdır. Ona görə də hamımız səlahiyyətimiz və imkanlarımız çərçivəsində təbliğatımızı artırmalı, erməni qətliamının iç üzünü açıb göstərməli və xaricdəki soydaşlarımıza hər vasitə ilə köməklik göstərməliyik.

–         Belə şəraitdə inkişaf edən nəsli necə yönləndirməliyik?

–         Biz torpaqlarımızın işğaldan azad olunması üçün daim səfərbər olmalı, vətənimizin keşiyində sayıq dayanmalı və təbliğat vasitələrindən hərtərəfli istifadə etməliyik. Məktəblərimizdə təhsil alan şagirdlərimiz hərbi vətənpərvərlik ruhunda tərbiyə olunmalı, onlara münaqişənin kökləri, ərazilərimizin zaman-zaman erməni qəsbkarları tərəfindən təcavüzə məruz qalması barədə ətraflı məlumatlar verilməli və gənclərimizin hərbi biliklərə yiyələnməsi, hərbi məktəblərdə təhsil almaları üçün ciddi işlər görülməlidir.

–         Təbliğatın ən uğurlu yolu hardan keçir?

–         Ən yaxşı təbliğat yolu müharibə və qəhrəmanlıq mövzusunda kitabların yazılması, yüksək bədii dəyəri ilə seçilən əsərlərin ekranlaşdırılması, tamaşaya qoyulması, Azərbaycan həqiqətlərinin ən yüksək kürsülərdə, beynəlxalq səviyyəli tədbirlərdə dünya ictimaiyyətinə çatdırılmasıdır.  Təsadüfi deyil ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin siyasi iradəsi, həmçinin Azərbaycan Respublikasının birinci vitse-prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyeva və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə artıq ABŞ-ın iyirmidən çox ştatı, bir çox Avropa və Asiya ölkələri artıq Xocalı faciəsini soyqırımı kimi tanıyır, Ermənistanın təcavüzkarlığını qəbul edirlər. Eyni zamanda qəhrəmanlıq mövzusunda musiqi əsərlərinin yazılması, rəssamlıq nümunələrinin yaradılması da təbliğatın ən yaxşı yoludur. Əlbəttə ki, xarici dillərdə müxtəlif ölkələrdə nəşr olunsa daha səmərəli nəticələr verə bilər.

–         Bu gün ədəbiyyatımızda vətən mövzusu nə dərəcədə sizi qane edir?

–         Hər il Dövlət Sərhəd Xidməti tərəfindən vətənpərvərlik mövzusunda müsabiqələr keçirilir və yüzlərlə yazıçı və şair bu müsabiqədə müxtəlif əsərlərlə çıxış edirlər. Azərbaycanın məşhur şairləri Məmməd Arazın, Zəlimxan Yaqubun, Xəli Rzanın, Mirvarid Dilbazinin, Bəxtiyar Vahabzadənin, Vidadi Babanlının əsərlərini, həmçinin Əvəz Qurbanlının “Canlı dirəklər” romanını, Natiq Məmmədlinin ”Zəngulə” povestini, Sevinc Nuruqızının “Qisas”, Ə. Quluzadənin “Qadan mənə Qarabağ”, E.Elatlının “Qisas gecəsi”, Səriyyə Müslümqızının “Onlar heç vaxt böyüməyəcək”, G. İbrahimovanın “Evin kişisi” kimi əsərlərini misal gətirmək olar. Bundan başqa, Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimov, Fərid Əhmədov, Ramil Səfərov və digər qəhrəman oğullarımız haqqında nə qədər bədii əsərlər yazılıb. Deməli, vətən barədə bədii əsərlərin yazılması işi davam etdirilir.

–         Vətən üçün yaşayanlar uzunömürlüdür, yoxsa ölənlər?

–         Hər iki halda insan yaşayır, təki vətənə sədaqətlə xidmət etsin.

–         Yaradıcılığınızda vətən mövzusunda nələr var?

–         Mənim yaradıcılığımda vətən mövzusu əsas yerlərdən birini tutur. Belə ki, ilk dəfə 1990-cı ildə yazdığım “Qarabağım” adlı mənsur şeirim həmin ildə, tələbəlik illərində “Qarabağ” adlı qəzetdə dərc edilib və Azərbaycan radiosunda səsləndirilib. Bundan başqa, “Şəhidlər” adlı mənsur şeirim “20 Yanvar” qəzetində çap olunub. Eyni zamanda XX əsrin 90-cı illərində rayonumuzun Ermənistanla həmsərhəd kəndlərinə, xüsusilə də Köhnəqışlaq kəndinə tez-tez gedir və burada döyüşən igid oğullarımız haqqında vaxtaşırı olaraq yazdığım məqalələr həm Azərbaycan radiosunda səsləndirilir, həm də ki, həmin dövrdə “Səhər”, “Həqiqət”, Novruz” və digər qəzetlərdə dərc olunurdu. Bundan başqa, 2003-cü ildə “Zirvəyə doğru” adlı povest və hekayələr kitabım nəşr olundu. “Zirvəyə doğru” və “Milli qəhrəman” adlı povestlərim Azərbaycan xalqının erməni təcavükarlarına qarşı mübarizəsinə həsr edilib.

Əsərin adını daşıyan povest Ağstafa rayonunda döyüşmüş kapitan Əsgər Əliyevin simasında onun döyüş yolu və əsirlik həyatından bəhs edir. O, əsir düşməsinə baxmayaraq işgəncələrə mətanətlə sinə gərib və düşmənə heç bir sirr verməyib. Bundan başqa, 2006-cı ildə nəşr edilən “Milli qəhrəman” adlı kitabımda da, vətənin müdafiəsi yolunda erməni qəsbkarları ilə döyüşən polis zabiti Yusif İsmayılovun timsalında həm də polis əməkdaşlarının cəbhədə göstərdiyi qəhrəmanlıqlardan və nəticədə Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmələrindən bəhs etmişəm.

–         Əsərləriniz gənclər tərəfindən necə qarşılanır?

–         Açığını desəm, vətənpərvərlik mövzusunda yazdığım əsərlər gəncləri daha çox cəlb edir. Çünki yaşadığım bölgə Ermənistanla sərhəddə yerləşdiyindən həmin məsələ daim aktuallıq kəsb edir. “Zirvəyə doğru” adlı povestimi də elə rayonumuzda yaşayan və yağılarla döyüşən oğullarımıza həsr etmişəm. Həmin döyüşçülər bu gün də yaşayır və vətənin müdafiəsi üçün əllərindən gələni əsirgəmirlər. Bir də sevgi, məhəbbət mövzusu da gəncləri cəlb edir. Amma elə əsərlər yazmaq lazımdır ki, həm gənclərimizin vətənpərvərlik tərbiyəsinin yüksəldilməsinə xidmət etsin, həm də sevgi əsərləri yeniyetmələri vicdanlı, namuslu,  əhdinə, eşqinə sədaqət, mənəvi dəyərlərə hörmət ruhunda tərbiyə etsin.

–         Yaradıcılıq planlarınızda nələr var?

–         Mən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında iki elmi məqalənin müəllifiyəm. Azərbaycan Milli Elmlər Akademiyası Tarix İnstitutunun dissertantı olmuşam. Qaçqın və məcburi köçkünlərin problemlərini vaxtilə Baş Arxivlər İdarəsi, Milli Məclis, Təhsil Nazirliyi, Səhiyyə Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyinin arxivlərində, Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində, Qaçqınlar Cəmiyyətində araşdırmışam. İstərdim ki, həmin araşdırmaların nəticəsi olaraq yazdığım kitabı başa çatdırım. Həm də vətənlə bağlı bir neçə hekayə yazmaq niyyətindəyəm.

–         Bəlkə, yaradıcılığınızdan milli ruhda gözəl bir şeir eşidək?

–         1990-cı ildə qələmə aldığım “Qarabağım” adlı mənsur şeirimdən bir parça söyləmək istəyirəm:

Qarabağım-şah damarım!

Qarabağım-ömrüm-günüm, ömürlərdə yuva quran, əsrlərdə qanad çalan, möhtəşəmlik təcəssümlü yadigarım!

At oynadıb qılınc vurmuş, üzərində iftixarla həyat sürən ərənlərim, odlar ilə fəxr eyləyən, yağılarla cəng eyləyən, insanlığa meyl eyləyən, şan-şöhrətli ərənlərim…

Natəvanın misraları, Üzeyirbəy musiqisi, Bülbülümün, Xanın səsi, “Qarabağın şikəstəsi”, Qədirimin ah-naləsi, sənsən, mənim Qarabağım!

 

Ramilə QARDAŞXANQIZI

 

 

Şərh Yaz