“Misli görünməmiş qəddarlıq – erməni vandalizmi” layihəsi çərçivəsində yeniyetmə və gənclərlə görüşlər keçirildi » Hərbiand

Son Dəqiqə:

“Misli görünməmiş qəddarlıq – erməni vandalizmi” layihəsi çərçivəsində yeniyetmə və gənclərlə görüşlər keçirildi

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə “İstehlakçıların Maarifləndirilməsinə Dəstək” İctimai Birliyi tərəfindən “Misli görünməmiş qəddarlıq – erməni vandalizmi” layihəsi çərçivəsində yeniyetmə və gənclərlə görüşlərkeçirildi. Tədbirlər noyabr ayı ərzində Bakı şəhərində və Füzuli rayonunun Horadiz qəsəbəsində həyata keçirildi.

İlk görüş Nəsimi rayonu 151 saylı tam orta məktəbdə baş tutdu. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və torpaqlarımızın azadlığı uğrunda canlarını fəda etmiş qəhrəman Vətən övladlarının əziz xatirəsinin ehtiramla yad edilməsi ilə başladı. Giriş olaraq “İstehlakçıların Maarifləndirilməsinə Dəstək” İctimai Birliyinin sədr müavini Yeganə Şirinova iştirakçıları salamladı və sözə başladı. O, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasına,151 saylı tam orta məktəbin rəhbərliyinə və bütün təşkilatçılara təşəkkürünü bildirdi və daha sonra əlavə etdi ki, başqa məktəblərdə də yeniyetmə və gənclərlə bu cür görüşlərin sayı çox olsa, gənclərə vətənpərvərlik ruhunun aşılanması və təbliğ edilməsi baxımından daha yaxşı olar. Daha sonra, Azərbaycan Respublikasının  Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvü, Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri Emin Həsənli Ermənistanla sərhəd rayonlarda ermənilərin dinc əhalini, xüsusən uşaqları necə amansızca qətlə yetirdiklərindən danışdı. Emin Həsənli çıxışına davam edərək gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyəsinin mühüm əhəmiyyətini və onların bu sahədə daha da formalaşması üçün orta məktəblərdə bu cür görüşlərin artmasının labüd olduğunu vurğuladı. Daha sonra, layihənin eksperti Aytən Kərimova çıxış edərək əvvəlcə, tədbir iştirakçılarını salamladı və layihə haqqında ətraflı məlumat verib tədbiri yekunlaşdırdı. O, bildirdi ki, Dağlıq Qarabağ münaqişəsi nəticəsində 193 azərbaycanlı körpə erməni vandalları tərəfindən qətlə yetirilib, 61 uşaq itkin düşüb, 27-si isə hələ də əsirlikdədir: “1994-cü ildə atəşkəs rejiminin elan olunmasına baxmayaraq son dövrdə də ermənilərin törətdiyi dəhşətli uşaq cinayətləri davam edir”.

***

İkinci görüş Ağdam rayon 149 saylı tam orta məktəbdə baş tutdu. Tədbir eyni qayda ilə Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutu ilə başladı. Daha sonra, “İstehlakçıların Maarifləndirilməsinə Dəstək” İctimai Birliyinin sədr müavini Yeganə Şirinova, Qarabağ Əlilləri və Veteranları Cəmiyyətinin sədri Növrəstə Yusifova, layihə eksperti Aytən Kərimova çıxış etdilər. Onlar da erməni vandalizminin dözülməz tərəflərindən, ermənilərin körpə uşaqlara, qadınlara və yaşlı insanlara göstərdiyi amansız işgəncələrdən danışdılar. Daha sonra, Növrəstə Yusifova öz cəbhə xatirələrindən, erməni vandalizminin canlı şahidi olduğundan tədbir iştirakçılarına danışdı. Sonda isə, tədbirdə iştirak edən yeniyetmə və gənclər öz suallarını Növrəstə Yusifovaya ünvanladılar. Tədbir xatirə şəklinin çəkilməsi ilə yekunlaşdı.

***

Növbəti görüş Bərdə Dövlət İdarəetmə və Texnologiya Kollecində keçirildi. Kollecin direktor müavini Xosrov Musayev tədbiri açıq elan etdi. Görüşdə “İstehlakçıların Maarifləndirilməsinə Dəstək” İctimai Birliyinin sədr müavini Yeganə Şirinova, Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri Emin Həsənli çıxış etdilər. Qeyd edildi ki, işğal altındakı ərazilərdə minlərlə tarixi-mədəni abidəmiz erməni vəhşiliyinin qurbanına çevrilib, bununla yanaşı erməni vandalları nə qədər körpə uşaqları amansızca qətlə yetirib. Onlar gənclərə tövsiyə etdilər ki, düşmənin bu dəhşətli cinayətlərini heç vaxt unutmasınlar, yağılara qarşı daha nifrətlə və barışmaz olsunlar. Sonra vurğulandı ki, Azərbaycan gənclərinin günümüzün müasir, inkişaf etmiş, yüksək intellektli aparıcı qüvvə kimi formalaşmasında Silahlı Qüvvələrin Ali Baş Komandanı, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən gənclər siyasəti mühüm əhəmiyyət daşıyır. Tədbirin sonunda xatirə şəkli çəkildi.

***

Bir sonrakı görüş isə Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın Füzuli rayonunun Alxanlı kəndində yaşayış məntəqələrin və mülki obyektlərin atəşə tutulması nəticəsində qətlə yetirilmiş 1967-ci il təvəllüdlü Quliyeva Sahibə İdris qızı və 2015-ci il təvəllüdlü, heç 2 yaşı tamam olmayan nəvəsi Quliyeva Zəhra Elnur evində oldu. Görüşdə “İstehlakçıların Maarifləndirilməsinə Dəstək” İctimai Birliyinin sədr müavini Yeganə Şirinova, Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri Emin Həsənli baş vermiş bədbəxt hadisə ilə bağlı öz təəssüratlarını bölüşdülər. Erməni vandallarının vəhşiliklərindən, onların törətdiyi cinayətlərdən danışdılar. Daha sonra, Zəhranın ailəsi balaca Zəhranın körpəliyindən, onunla bağlı xatirələrini bölüşdülər. Sonra isə balaca Zəhranın və onun nənəsinin qəbri ziyarət edilib.

Şərh Yaz

16

Kateqoriyasız