Fuad Ələsgərov: “Müasirliyin təbliğatı milli məfkurə fonunda diqqətdən qaçmamalıdır” » Hərbiand

Son Dəqiqə:

Fuad Ələsgərov: “Müasirliyin təbliğatı milli məfkurə fonunda diqqətdən qaçmamalıdır”

VƏTƏNİN VARSA, AZADLIĞIN DA VAR

Kimliyindən, vəzifəsindən, sosial statusundan və tutduğu mövqedən asılı olmayaraq xalq adlandırılan toplumun, cəmiyyətin hər bir üzvü Vətənə möhtacdır. Bu səbəbdən də yeni nəsli düzgün istiqamətləndirmək lazımdır ki, milli kimliyini, vətənini yaxşı tanıyan vətəndaşlar yetişsin.

“Gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hislərinin tərbiyəsi” mövzusundabu həftəkihəmsöhbətim mühəndis Fuad Ələsgərov ilə olan müsahibəni “Hərbi and” oxucularına təqdim edirik.

–         Özünüzü daha ətraflı təqdim edin.

–         1986-cı ildə Daşkəsən rayonunda ziyalı ailəsində anadan olmuşam. Orta məktəbi fərqlənmə ilə bitirib, arzu etdiyim mühəndis ixtisasına daxil olub, ixtisasımı alman proqramında bitirdim. Tələbəlik illərində silsilə olaraq mənim, atamın, anamın səhhətində gözlənilməz problemlər yaşandı. Bunlar mənim magistr təhsili almaq arzumu gözümdə qoydu. Maddiyyat baxımından çətin günlərimiz çox oldu. Maddi durumumuz durğunlaşan kimi ailəmizin promlemli yaşamında hər birimiz dua və səbr ilə çətinlikləri keçirə bildik. Həyat şüarım din ilə elmin vəhdaniyyətidir. Savadlı insanın qəlbində iman olduqda sakini olduğumuz bəşərin müşkülləri də həll edilmiş olar. Uşaqlıqdan mənim fitrətimdə doğruluq və düzgünlük hisləri hökm sürüb. Atam bizə həmişə doğru olanı söyləməyi aşılayıb.Hələ beş yaşımdaykən kiril əlifbasını, sonra isə orta məktəbə gedənə kimi latın əlifbasını öyrənmişdim. Atam mənim ilk həyat müəllimim olub. Həmçinin orta məktəb elmlərini qavramağımda atamın mənə əvəzsiz xidmətləri var. Yaşa dolduqca siyasət, vətənpərvərlik, ən əsası da milli mənlik hislərimin böyüməsində onun rolu böyükdür. Atam 27 yaşımda olarkən amansız xəstəlikdən dünyasını dəyişib. Hazırda ali təhsilli mühəndisəm, ailəliyəm və bir övladım var.

–         Uşaqlığınızı necə xatırlayırsınız?

–         Böyüdükcə siyasi xadim olmaq həvəsi ilə yaşayan uşaqlığım olub. Kiçik yaşlarımdan güzgünün qarşısında öz-özümə nitq söyləyir, öz aləmimdə işgüzar görüşlər keçirirdim. Qapalı uşaq idim, səhər idmanını sevirdim. Yaşıdlarım həyətdə oyun oynayanda mən isə oxumaqdan vaxt edə bilmirdim. Amma vaxtım olanda həyətdə qonşu uşaqları ilə çox maraqlı oyunlar oynayardıq, hərdən bacımla o günləri xatırlayırıq. Tətildə vaxtımı nənəmgilin səfalı kəndində keçirirdim. Bir-iki ildən bir paytaxta bir neçə günlük gəzməyə, çimərliyə gedərdik.  Özümə gündəlik tuturdum. Hərdən əlimə qələm alıb qafiyəli misralar da yazardım. Tək-tək hallarda maraqlı rəsmlər çəkərdim.

–         Nağıllara inanmısınız?

–         Uşaqlıqda mənə ən çox nağılı nənəm söyləyərdi. “Göyçək Fatimə”, “Məlikməmməd” nağıllarını sevirdim.Elə olurdu ki, hər gün eyni nağılı dinləməkdən zövq alırdım. Nağılların təsirinə düşsəm də real olduğuna inanmırdım.

–         Nağıllarla tərbiyə üsulu, sizcə, düzgün seçimdir?

–         Baxır hansı nağıllarla. Həyatda bir çox ibrətamiz hadisələr fonunda elə müsbət qəhrəmanlar var ki, onları uşaqların auditoriyasına uyğun ədəbi dildə hekayələrə və nağıllara çevirməklə təqdim etmək yaxşı olardı. Bu cür nağıllar uşaqların tərbiyəsində bir vasitə ola bilər.

–         Uşaqlıqda asudə vaxtlarınız necə keçirdi?

–         Asudə vaxtlarımda, adətən, zehni və fiziki əməyin yorğunluğunu çıxarırdım. Hərdən dostlarla təbiət gəzintilərinə gedir, bir sıra kompüter oyunlarında vaxt keçirirdim. Hərçənd ki, asudə vaxtlarım elə də çox olmazdı.

–         Uşaqlara nə dərəcədə azadlıq veriməlidir?

–         Hər bir uşağa fərdi xüsusiyyətlərinə uyğun olaraq lazımi qədər azadlıq verilməlidir. Valideynin borcudur ki, övladının fərdiyyətinə yaxından bələd olsun. Uşaqlara vaxt ayrılmalıdır. Məktəb və valideyn əlaqələri daimi olmalıdır. Hər iki mühitin – məktəb və ailənin təsiri uşaqların təlim və tərbiyəsində əsas rol oynayır.

–         Cəza və qadağalar necə olmalıdır?

–         Belə bir deyim var: “Əzizim əzizdir, tərbiyəsi ondan da əzizdir”

Təbii ki, uşağın tərbiyəsinə təsir edən amillərə görə qadağalar qoymaq və cəzalar tətbiq etmək normaldır. Bunu elə tərzdə etmək lazımdır ki, uşaq onu qəbul edə bilsin. Haqlı qadağanı uşağa sevdirmək qabiliyyəti də olmalıdır. Qadağan edilən işin mənfi təsirini tez bir zamanda uşağa başa salmaq lazımdır ki, cəzanı tətbiq etməyə məcbur olmayasan. Uşaqlar həyatdakı bir çox hadisələrə oyun kimi baxır. Onlara zərərli vərdişləri qadağan etmək məqsədi ilə həmin vərdişləri pis oyun kimi başa salmaq məsləhətdir. Yaxşı olar ki, həmin qadağanın yerinə yetirilməsi üçün uşaqlara həvəsləndirici vədlər verilsin.

–         Yeniyetmə və gənclər üçün hansı şərait yaradılmalıdır ki, boş vaxtları hədər keçməsin?

–         Yeniyetmələr öz həyat bilgilərini dərinləşdirmək üçün müxtəlif yerlərə səyahət etməlidirlər, bunun üçün də imkan daxilində onlara şərait yaradılmalıdır. Bu, ölkə daxilində və ya xaricində maraqlı yerlərin gəzintisi, muzeylərin və tarixi abidələrin tanıdılması da ola bilər.Bu dövrün tələbatlarına uyğun maraqlı və faydalı istirahətə də vaxt ayırmaq lazımdır.  Bundan başqa, məktəblilər üçün “Ölkəmizi tanıyaq” layihəsindən yeniyetmələr maksimum yararlansınlar. Gənclər də çalışmalıdırlar ki, öz maraq dairələrini ancaq bilikli və əqidəli dostlarla vaxt keçirərək təmin etsinlər. Dövlətimizin gənclər üçün yaratdığı şəraitdən faydalansınlar. Sosial şəbəkələrdə də milli məfkurəyə söykənən təbliğat işləri ilə mütəmadi olaraq məşğul olsunlar. Sağlam həyat tərzi üçün bütün şəraitdən yararlansınlar. Mütaliəyə də vaxt ayırmaq lazımdır. Təəssüflə deyərdim ki, indiki gənclərin çoxu az biliklə çox danışmağı adət ediblər. Bir çox televiziya və media nümayişləri, əsasən, bayağı əyləncələrə meyl edir. Yaxşı olar ki, incəsənət duyğularını ucuza satmamaq üçün, bayağı musiqidən və proqramlardan uzaq olsunlar. Tariximizə önəm versinlər, ədəbi klassiklərimizi çox oxusunlar. Milli kimliyimiz tarixi dərsliklərdə və ədəbiyyatlarda gözəl təsvir olunub.

–         Toplumda olan intellektuallıqdan razısınız?

–         İnformasiya texnologiyalarının həyatımızın ayrılmaz hissəsi olmağı ilə gənclərin çoxunun beyninin məşğuliyyəti həmin texnologiyaların lazımlı və lazımsız istifadəsi nəticəsində vaxtın itirilməsidir. Mütaliə ilə məşğul olanların əksəriyyəti də elektron vasitələrdən istifadə etməyi üstün tuturlar. Bu da kitabxana mədəniyyətinin zəifləməsinə gətirib çıxarır. Kütləvi oxucu mədəniyyətinin azalmasını əyləncə və bu kimi vərdişlər əvəz edir ki,  kitab evlərinin ünvanı əvəzinə əyləncə və ticarət obyektlərinin ünvanları daha cəlbedici olur. Yabanı sivilizasiyanın dəbdəbəli təbliğatları nəticəsində bəzi insanlar milli kimlik hislərini azaldıblar.Qloballaşmanın özlüyündə milli kimlik və məfkurə önəmsənilməklə müasirliyin məqsəd və məramı hər bir sahədə aydın təsvirlərlə geniş və davamlı təbliğ olunmalıdır. Müasirliyin təbliğatı milli məfkurə fonunda diqqətdən qaçmamalıdır. Dövlətin bu sahədə bir sıra rəsmi proqramları mövcuddur. Yaxşı olar ki, televiziya verilişlərində daha ciddi və maraqlı, milli ruhlu müasirliklə bağlı proqramlar üstünlük təşkil etsin, bir sıra ticarət və  ictimai xidmət adları milli adlarla fəaliyyət göstərsin və s.

–         Sizcə, fəal gənclərin yüksək potensialı nədən irəli gəlir?

–         Bir sıra gənclərin fəaliyyətində aydın mövqe görmək olur. Bunun davamlı olması və genişlənməsi lazımdır. Azərbaycançılıq modelində faktiki olaraq nəslin çoxunu gənclər təşkil edir. Ölkəmizin coğrafi baxımdan Şərqlə Qərbin – iki müxtəlif sivilzasiyasının qovşağında yerləşməsini nəzərə alan dövlət proqramlarının balanslı mexanizminin nəticəsində bir sıra müsbət irəliləyişlərə səbəb olub. Gəncliyə aid istər dövlət proqramları, istərsə də bir çox gənclərin Vətənə sevdası onların fitri olaraq potensialının nümayiş etdirilməsinə şərait yaradır.

–         Son olaraq deyə bilərsiniz ki, sizin üçün Vətən nə deməkdir?

–         Ümumilli Liderimizin dediyi kimi: “Düşünməyin ki, Vətən sizə nə edib, düşünün ki, siz Vətən üçün nə etmisiniz”. Vətənin varsa, azadlığın da var, azadlığı əldə etmək və qorumaq sənin, mənim, hamımızın müqəddəs borcudur. Təmənnasız sevilən və təmənnasız xidmət edilən torpaq bütünüdür Vətən.  Lazım olarsa, canımızdan belə keçməyə can borcu olduğumuz diyardır Vətən!

Ramilə QARDAŞXANQIZI

Şərh Yaz