Ağ – həqiqət, sarı – işıq, mavi – göy rəmzi, saflıq, ülvilik, qara – qatılıq, matəm, yaşıl – əbədilik… » Hərbiand

Son Dəqiqə:

Ağ – həqiqət, sarı – işıq, mavi – göy rəmzi, saflıq, ülvilik, qara – qatılıq, matəm, yaşıl – əbədilik…

(Gənc yazıçı Hicran Hüseynovanın “Üç ümid tablosu” pritçasına həsr olunub)

Rənglər insan hallarını ifadə edir, bəs, çəhrayı rəng hansı halın ifadəsidir? Rəssamlar hansı rəngin harada yerinə düşdüyünü yaxşı bilir, bu bilik insanın təkcə həyat təcrübəsindən üzə çıxıb gerçəkləşməyib. Həm də insanın öz daxili aləminin təzahürü kimi fırça və kətan yaxınlığından doğan tablolarda göz yaddaşımıza həkk olunur. Bəzən heç bir rəngin ifadə edə bilmədiyi bir hal olur – qarışıq aləm, qarışıq dünya. O məqamda boz rəng köməyə gəlir, heç bir halın olmaması əlaməti kimi. İnsan öz aləmindən yalanı təmizləyə-təmizləyə həqiqətə qovuşmaq istəyilə daim içində ümid işığı gəzdirir. Səma ucalığı, göy ülviyyəti onun üçün təkcə saflıq rəmzi deyil, həm də bununla o, özünün təbiətin bir hissəsi olduğuna inanır. Ən qatı yalanın içinə düşəndə belə fitrətində olan ədalət hissi onu tərk etmir. Qaranlıq, qatılıq onun ömrünə hakim kəsilə bilməz, bu səbəbdən ki, daxili döyüşkənlik insanlığın əbədiliyindən xəbər verir. Hicran Hüseynovanın ”Üç ümid tablosu” pritçasını oxuyub özümünküləşdirəndən sonra onu yazıçı, psixoloq kimi yox, məhz rəssam kimi təsəvvür etdim, təbəssümün rəngini tapdığı üçün. Təkcə özü üçün kəşf etdiyinə görə yox, həm də tapdığını təqdim edə bildiyinə görə. Demə, “Üç umid tablosu” müəllifinin aləmində çəhrayı rəng məhz təbəssümün rəmzi imiş. Yerdən göyə qədər bozla rənglənmiş müasirlik tablosunda çəhrayı rəng insanı xilas edir. Buna inanmağımıza əsas verənsə müəllifin təbəssümü təkcə rəng kimi yox, həm də fırça yerində işlətmək qabiliyyətidir. Əsərdə üzündə çəhrayı rəng olan insan bir məqamda dərddən azad olunmuş şəkildə təsvir olunur. Daimi azadlıq hissi isə məqamı əbədiləşdirmək tələbi yaradır. Gənc müəllifə rəngi qarışmış dünyamızda özünə ağ yol salmaq üçün ürəyinin qaranlıqlarını yarmasını arzulayıram. İnanıram ki, buna onun daxili imkanı və bu imkanı aşkarlamaq üçün fitri istedadı, mənəvi saflığı çatar.

Eluca Atalı

Şərh Yaz