Şöhrət Eyvazov: “Azərbaycançılq ideyası 50 milyondan çox soydaşımızın bir araya gəlməsinə əsas qüvvə olaraq qalmaqdadır” » Hərbiand

Son Dəqiqə:

Şöhrət Eyvazov: “Azərbaycançılq ideyası 50 milyondan çox soydaşımızın bir araya gəlməsinə əsas qüvvə olaraq qalmaqdadır”

MÜSTƏQİL DÖVLƏTİN GÜCLÜ İDEOLOGİYASI – AZƏRBAYCANÇILIQ

 

 

Qloballaşan dünyanın dövlətlər və xalqlar üçün yaratdığı çətinliklərin başında milli kimliyin qorunması durur. Sərhədlərin “yumşalması” milli identikliyin zəifləməsinə gətirir. Buna görə də ideoliji sistemin qurulması və qorunması dövlətin atributları qədər vacibdir. Yeni ideolgiyaların yaranması üçün əsas şərtlər yeni ideyaya sosial sifariş, aktiv auditoriyanın və ideyanın yayılması şəbəkəsinin mövcudluğudur. Milli ideologiyamızın tarixi kökləri  xeyli əvvəllər, əsasən, XX əsrin əvvəllərindəki milli azadlıq mübarizəsi tarixi ilə səsləşir. Lakin Azərbaycanın dövlətçilik ideologiyasının əsas müddəaları müstəqil Azərbaycanın memarı, Şərq və Qərb dəyərlərini uğurla birləşdirə bilən ulu öndər Heydər Əliyev tərəfindən müəyyən edilib. Şübhəsiz ki, Azərbaycançılıq ideologiyasının devizini də  “MƏN HƏMİŞƏ FƏXR ETMİŞƏM Kİ,  AZƏRBAYCANLIYAM” kəlamını hesab etmək olar.

 

İDEOLOGİYA ANLAYIŞININ YARANMASI VƏ STRUKTURU

 

İdeologiya termin olaraq XVIII əsrin sonlarında Destyüt de Trasi tərəfindən irəli sürülüb. Fransızca “idee” – fikir, düşüncə deməkdir. O, bu kəlməni ilk dəfə Fransa inqilabı zamanı işlədərək,  bununla ideyaların yaranmaların ümumi prinsiplərini öyrənəcək elm yaratmağa cəhd etdi. Lakin  elmdən fərqli olaraq ideologiya sosial-siyasi həyatın cəmiyyətin əsas qüvvələrinə münasibətinə, bu vəya digər sosial mövcudluğun arzuedilən və arzulanmayan qiymətləndirilməsinə görə yaranır. Engelsə görə dövlət insan üzərində ilk ideoloji gücdür, Rolan Bat ideolgiyanı  müasir metadilli mif adlandırır. Manheymə görə isə ideologiya mövcud qaydanın saxlanması cəhdidir.Müasir dövrdə meta-ideoligiya – ideologiyaların yaranması, struktur və formalarını öyrənir. Bu zaman ideologiya – faktolji əsasa malik olan (və ya olmayan), reallığa nəzərən müəyyən əsaslandırmalar bazasına malik olan ideyalar sisteminin qarşılıqlı əlaqəsidir. Bu baxımdan ideoligiya “yalan” və “həqiqi” deyil, relyativ intellektual strategiyalardır.

Uillard Mallinzə görə ideologiyanın əsas baza xarakteristikları aşağıdakılardır:

–         idraki proseslərə hakim olmalıdır;

–         qiymətləndirmə mülahizələrinə rəhbərlik etməlidir;

–         hərəkətlərə instruksiya verməlidir;

–         siyasi ardıcıllığa malik olmalıdır.

Akademik Ramiz Mehdiyev ideologiyanı daha çox müasir industrial cəmiyyətin siyasətinin ayrılmaz hissəsi hesab edir. O, ideologiya haqqında klassik baxışa əsaslanaraq göstərir ki, ideologiya baxış və ideyaların rasional əsaslandırılması kimi çıxış edir.

 

 

DİNƏ, MİLLƏTƏ VƏ DÖVLƏTƏ ƏSASLANAN İDEOLOGİYALAR

Hər bir müstəqil dövlətin özünəməxsus milli ideologiyası – dövlətçilik ideologiyası mövcuddur. Alimlərin bir çoxu ideologiyanın əsas məqsədinin ictimai rəyə təsir göstərməkdən ibarət olduğunu və etnik, milli, dini, dövlət təhlükəsizlik formaları ilə bağlılığını göstərir. Tarixə nəzər salsaq, ideologiyanın yaradılmasında 3 əsas istiqaməti – dinə, millətə və dövlətə əsaslanan ideologiyaları görmək olar. (Sosial-siyasi  (anarxizm, konsevatizm, liberaizm və faşizm), sinfi (sosializm, kapitalizm, kommunizm), milli-etnik (rasizm, nasizm, nasionalizm) kimi ideologiyaların konkretləşdirilməsi başqa söhbətin mövzusudur).

Dini əsaslara söykənən ideologiya Azərbaycan tarixində  Şah İsmayıl Xətainin adıyla bağlıdır. Qızılbaşlar – onun əsas qüvvəsi dini ideologiya əsasında birləşirdilər. Qeyd edək ki, hələ XVI əsrdə Şah İsmayıl Xətai tərəfindən Azərbaycan türkcəsinin dövlət dili elan edilməsi onun dil və milli kimliyini də unutmaması hesab edilə bilər. Bununla belə, din burada yaşayan xalqların Azərbaycan ətrafında daha sıx birləşməsində önəmli faktora çevrildi.

Müasir dövrdə dinin dövlətçilik ideologiyasının əsası olduğu ölkə isə İrandır. İran İslam Respublikasının Konstitusiyasında və ideoloji mənbələrində qeyd olunan xarici siyasətin əsas prinsiplərində İslam inqilabının ixrac edilməsi, dünya səviyyəsində islami hökumətin qurulması, harada olduğundan asılı olmayaraq dünya müsəlmanlarını dəstəkləmək, başqa dinlərdə olanları islam dininə dəvət etmək kimi məsələlər əsas yer tutur.

Milli kimliyə əsaslanan ideologiya – Türkiyə Cumhuriyyətində mövcuddur. Bir cümlə ilə ifadə etməli olsaq, Atatürkün “Nə mutlu, Türküm deyənə!” devizi əsas xətti müəyyənləşdirməyə imkan verir.

Dövlətə əsaslanan ideolgiyaya- ərazini, ölkə vətəndaşlığını əsas tutur. Dünyanın əsas güc mərkəzinə çevrilmiş Amerika Birləşmiş Ştatlarında hakim olan ideologiyanı misal çəkmək olar. Orada millət, din fərqi qoyulmadan “amerikalı” məfhumu ideya xəttinin əsasına çevrilib. Azərbaycançılıq ideolgiyası həm dövlətimizin adıyla və diliylə, həm də vətəndaşına verilən önəmlə bağlıdır.

 

ÜMUMMİLLİ  LİDER HEYDƏR ƏLİYEV VƏ AZƏRBAYCANÇILIQ İDEOLOGİYASI

Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə ilk dəfə 1991-ci ildə Naxçıvan Muxtar Respublikası Ali Məclisi “Dünya azərbaycanlılarının həmrəylik və birlik günü haqqında” tarixi qərarında 31 dekabr tarixinin respublikada bayram kimi qeyd olunması ilə bağlı Azərbaycan Respublikasının Milli Məclisi qarşısında vəsatət qaldırıb.Onun siyasi hakimiyyətə qayıdışından sonra isə müstəqil Azərbaycan Respublikası dünya azərbaycanlılarının mənafe və maraqlarının təminatçısı olduğunu rəsmən bəyan edib.“Azərbaycan Respublikası bütün dünya azərbaycanlıları üçün istinad və cazibə mərkəzi, onların ümid və məhəbbətlə üz tutduqları müqəddəs məkandır. Buna görə də, bütün azərbaycanlılar müstəqil dövlətimizin ətrafında daha sıx birləşməli, onun azad, firavan, daha da güclü və qüdrətli olması üçün əllərindən gələni etməlidirlər”.Ulu öndər Heydər Əliyevin bu fikri müasir dövrdə öz aktuallığını qoruyub saxlayır. O, Azərbaycan dili, Azərbaycan tarixi və mədəniyyətinin azərbaycançılıq məfkurəsi ilə dünyaya tanıdılmasının banisidir. Ümummilli lider, “azərbaycançılıq” sözünün mahiyyətini belə açıqlayıb: “Biz azərbaycanlılarıq. Hamımızın vətəni Azərbaycandır. Bu torpaq bizi xalq kimi, millət kimi, şəxsiyyət kimi böyüdüb. Ona görə də hər birimizin varlığında azərbaycançılıq ruhu yaşayır. Azərbaycançılıq ruhu, azərbaycançılıq ideologiyası bizi bir-birimizlə daha sıx bağlayan, birliyə sövq edən amildir.Müstəqil Azərbaycan respublikasının ideologiyası azərbaycançılıq ideologiyasıdır”.  Bu nəzəriyyə ilə Azərbaycan dövləti çağdaş dünya inteqrasiyasında beynəlxalq diqqət mərkəzinə keçdi, həm Qərb, həm də Şərq aləmində qəbul olundu.Azərbaycançılq ideyası 50 milyondan çox soydaşımızın  bir araya gəlməsində əsas qüvvə olaraq qalmaqdadır.Müxtəlif ölkələrdə yaşayan həmvətənlərimizin ölkəmizlə əlaqələrinin daha da möhkəmləndirilməsi məqsədi ilə2001-ci il noyabrın 9-10-da Bakıda keçirilən Dünya Azərbaycanlılarının I Qurultayında  ümummilli lider Heydər Əliyevin böyük həyəcanla söylədiyil “Fəxr edirəm ki, mən azərbaycanlıyam!” sözləri dünya azərbaycanlıları üçün həmrəylik şüarına çevrildi.

Azərbaycan və azərbaycançılıq anlayışlarının tarixi qədim olsa da, uzun müddət yalnız coğrafi yer adı kimi işlədilib, son yüzillikdə həm də milli ideya olaraq formalaşıb. Azərbaycançılığın dövlət siyasətində milli ideologiyaya çevrilməsi ümummilli liderimiz Heydər Əliyevin Azərbaycan xalqı qarşısındakı böyük tarixi xidmətlərindən biridir.

 

AZƏRBAYCANÇILIĞI QORUMAQ – AZƏRBAYCANI QORUMAQDIR

 

“–  Albert, hansı millətin nümayəndəsisən?
–  Yəhudi
–  Yəhudilərə Azərbaycan torpağını qorumağı nə məcbur edir?
–  Mən bu torpağda yaşayıram, doğulmuşam burda, yaşayıram da burda. Ayrı heç nə məcbur eləmir.
– Bir vətəndaş kimi öz borcunu  nədə görürsən?
– Gəlib torpağı qorumaq.”

Bu müsahibənin qəhrəmanı yəhudi əsilli Albert Aqarunov öz vətəndaşlıq borcunu ləyaqətlə yerinə yetirərək Şuşanın müdafiəsində şəhid olub. Sərhəd Zöhrabbəyov isə Qusarda ləzgi ailəsində doğulmuşdu. O, ermənilərin əsassız Qarabağ iddialarına dözməyərək Vətənin müdafiəsinə yollanan ilk könüllülərdən olub və Ağdərə istiqmətində igidliklə döyüşərək şəhidlik zirvəsinə ucalıb. Onlar ən yüksək adlara – Azərbaycanın Milli Qəhramanına və “Azərbaycan  Bayrağı” ordeninə layiq görülüblər. Yüzlərlə, minlərlə belə igidləri birləşdirən də Azərbaycan torpağı və azərbaycançılıq ideologiyasıdır. Azərbaycançılıq ideologiyası Ermənstanın işğalçılıq siyasətinə qarşı burada yaşayan bütün xalqları öz ətrafında birləşdirən möhkəm sipərdir.

Azərbaycançılıq ideyası xalqımızın  adət-ənənələrini, milli-mənəvi dəyərlərini, polietnik zənginliyini özündə yaşadan və birləşdirən baxışlar sistemi kimi təşəkkül tapıb. Ölkəmiz çoxmillətli ölkə, milli və dini tolerantlığın bərqərar olduğu məkan kimi tanınır və elə bunlar da azərbaycançılıq məfkurəsinin əsasıdır. Bu ideologiya həm də dünya azərbaycanlılarının vahid ideya ətrafında birləşməsini şərtləndirən tarixi-siyasi amillərin təsnifatını, xaricdə yaşayan soydaşlarımızın hüquq və azadlıqlarının qorunması, Azərbaycana münasibətdə üzərlərinə düşən mənəvi öhdəlikləri, azərbaycanlı anlayışının sosial-fəlsəfi məzmununu müəyyənləşdirən konsepsiyadır. “Vətən” anlayışı  daxili “Mən”imizlə başlar, “Biz”ə  çevrilməklə davam edər. Azərbaycançılıq ideologiyası hər bir Azərbaycan vətəndaşının ümummilli dəyəridir. Bu dəyəri qorumaq elə Azərbaycanı qorumaq deməkdir.

Azərbaycançılıq özünü azərbaycanlı sayan vətəndaşların həmrəyliyi üçün möhkəm istinad mənbəyinə çevrilib. 31 dekabr tarixi neçə illərdir ki, Dünya Azərbaycanlılarının Həmrəylik günü kimi qeyd edilir. Birlik və həmrəylik  ideyasını gücləndirən bu bayram xalqımızın sarsılmaz milli-mənəvi birliyinin rəmzinə çevrilib. Tərəqqini əks etdirən, onu müstəqil dövlətçilik uğrunda müqəddəs mübarizəyə səfərbər edən həmrəylik günü bizdə özünəinamı gücləndirir.Azərbaycanın 20 faizdən artıq ərazisini işğal altında saxlayan təcavüzkar Ermənistanın müxtəlif səviyyələrdə ifşası, erməni lobbisinin respublikamıza qarşı apardığı bədnam təbliğata qarşı effektiv əks-hücumun təşkilində hamımız, o cümlədən xaricdə yaşayan soydaşlarımız da fəal olmalıdarlar. Ermənistan beynəlxalq hüququn əsas norma və prinsiplərinə etinasızlıq göstərməkdə davam etməklə özünü ifşa edir, strateji layihələrdən kənarda qalıb. Azərbaycanlı olaraq bu və digər mühüm faktlardan maksimum səmərəli yararlanmalıyıq, işğalçı Ermənistannın ifşası istiqamətində daha fəal iş aparmalıyıq.

İnanırıq ki, Prezident İlham Əliyevin yürütdüyü siyasət müstəqil Azərbaycanın yaxın perspektivdə torpaqlarımızın azad olunmasıyla və daha da inkişaf etmiş ölkəyə çevrilməsi ilə nəticələnəcək, hər bir azərbaycanlı Vətənimizin uğurları ilə daha çox qürur duyacaqdır.

 

Azərbaycan Respublikasının Prezidenti yanında

Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun

keçirdiyi müsabiqəyə təqdim etmək üçün

Şərh Yaz