Ramilə Qardaşxanqızı: “2018-ci ilin proqnoz göstəricilərində elmi fəaliyyət sahəsində fundamental tədqiqatların inkişaf etdirilməsi labüddür” » Hərbiand

Son Dəqiqə:

Ramilə Qardaşxanqızı: “2018-ci ilin proqnoz göstəricilərində elmi fəaliyyət sahəsində fundamental tədqiqatların inkişaf etdirilməsi labüddür”

ÖYRƏNMƏYİ ÖYRƏDİRƏM

 

“Dünya elminə nə vermisinizsə, o qədər də ala bilərsiniz”

Xudu Məmmədov

 

Yüksək təhsil elmlə nəticələnə bilər, ümumilikdə isə, elm təhsilin nəticəsi deyil. Təhsillə elmi dərinləşdirmək, genişləndirmək, savad qazanıb, o savadı elm üçün sərmayə etmək mümkündür. Əslində isə elm lütfdür və bu lütfün adı yenilik doğan anadır. Dünya o ananın baxışlarında kiçilir, kainatın bütün nöqtələri əlçatan olur.

 

 

MİLLİ TƏHSİL STRATEGİYAMIZ YOXDUR

Məqsədi və məramı ədalət, məğrurluq, mübarizə və sülh olan yaşadığımız bu müqəddəs yurd min illər boyu neçə-neçə qəsbkarlıq həmlələrinin qurbanına çevrilib. Hadisələrin finalında isə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi dayanır.  Müharibə zamanı sadəcə ərazi bütövlüyümüz pozulmadı, maddi-mənəvi zərərlə yanaşı, Azərbaycan elminə də ciddi zərbə vuruldu. Toplumun beyni müharibənin ağırlığından, yaşanan sosial-iqtisadi gərginliklərdən yorğun düşdü, hətta bu yorğunluq irsi ötürülən bəlaya çevrilərək cəmiyyətdə bu gün də hiss edilməkdədir.

Butün bunlarla yanaşı, yenicə 25 yaşını tamam etmiş müstəqil dövlətimiz artıq dünyada barmaqla sayıla biləcək ölkələr sırasındadır. Bu illər ərzində bir çox sahələrdə olduğu kimi elm və təshil sahəsində qazandığmız nailiyyətlər də az olmadı. Elm adamlarının, təhsil işçilərinin gün-güzəranı, onların əməyinin dəyərləndirilməsi sahəsində bir sıra addımlar atılır. Elm adamlarının bu sahə ilə məşğul olması üçün hər cür şərait yaradılıb. Ölkənin baş elm məbədi olan Azərbaycan Milli Elmlər Akademiyası, AMEA-nın elmi-tədqiqat institutları göstərilən dövlət qayğısı hesabına yüksək səviyyədə fəaliyyət sərgiləyir. Dövlətin elmə diqqəti sayəsində bu elm məbədinin şöhrəti yenidən özünə qaytarıldı.   Məhz buna görə də 2018-ci ilin proqnoz göstəricilərində elmi fəaliyyət sahəsində fundamental tədqiqatların inkişaf etdirilməsi labüddür. Həmçinin  elmyönlü texnoparkların və innovasiya zonalarının inkişaf etdirilməsinin nəzərdə tutulması, stimullaşdırılması bu istiqamətdə yeni mərhələyə doğru inkişafa təkan verəcəkdir. Azərbaycan Milli Elmlər Akademiyasında uğurla inkişaf etdirilən texnologiya parkının istehsal və innovasiya imkanlarının daha da artırılması gözlənilir. AMEA-nın Yüksək Texnologiyalar Parkı qısa müddətdə ixracyönlü məhsullar istehsal edən və dünya bazarına çıxmağa hazır olan, əhəmiyyətli bir sahəyə çevrilib.

2018-ci il üçün nəzərdə tutulan büdcə zərfində ilk dəfə olaraq ölkəmizdə Milli İnnovasiya Proqramının və İnnovasiya Bankının yaradılmasına biotexnologiyanın inkişafı üçün zəruri əsaslı vəsaitlərin nəzərdə tutulması Azərbaycan elminin yeni hədəflərinə çatmaq üçün stimulverici faktordur. Eyni zamanda, elmdə sahibkarlıq və innovasiya fəaliyyətinə həm də əlavə gəlir gətirən sahə kimi baxılması Azərbaycan Respublikasının sosial-iqtisadi inkişafına dair Yol Xəritəsinin müddəalarının reallışdırılmasına dəstək vermək məqsədi daşıyır. Bu o deməkdir ki, Milli Elmlər Akademiyasında, ali məktəb və sahə elmində yeni islahatlar aparmağa yol görsənir. İslahatların bu şəkildə davam etdirilməsi yeni inkişaf dövrünə qədəm qoyan elm və təhsil sisteminə öz töhfəsini verərək, daha yüksək nəticələr əldə etməyə zəmin yarada bilər. Ancaq təəssüf ediləcək bir məqam da var ki, bu problem də aradan qaldırılmalıdır. Bizim hələ də Milli təhsil strategiyamız yoxdur.

Elmə və elm adamlarına verilən dəyərin əyani sübutu kimi, yeni nəslə örnək olacaq Azərbaycan elminin fəxri, qeyri-səlis məntiq nəzəriyyəsinin banisi Lütfi Zadəni göstərmək olar. Azərbaycan elm tarixinə adını qızıl hərflərlə həkk edən Lütfi Zadə sağlığında olduğu kimi dünyasını dəyişdikdən sonra da yüksək dəyərləndirildi və onun vətəninə gətirilməsi, doğma torpağında dəfn edilməsi tarixi hadisə idi. Elmin inkişafına böyük töhfələr verən bu dahinin dəfnində Prezident İlham Əliyevin, elm və mədəniyyət xadimlərinin yaxından iştirakı respublikamızda Lütfi Zadəyə və Azərbaycan elminə verilən yüksək dəyər idi.

 

TƏLİM NƏZƏRİYYƏSİ

Uzun zamandır ki, dünyanın inkişaf etmiş ölkələri nəzəri təhsildən daha çox, praktiki təhsilə üstünlük verir. Nəticədə savadlı kadr həm də təcrübəli kadr kimi yetişir. Çünki təhsilin ali məqsədi var. Son vaxtlar müəllimlərin diaqnostik qiymətləndirilməsi nəticəsində orta məktəblərdə savadlı kadrların çalışması reallığı mövcuddur. Ancaq yaxşı olardı ki, bu qiymətləndirmə daha şəffaf davam etsin və savadsız müəllimlərin fəaliyyətinə son qoyulsun. Bu həm də, repetitorluq fəaliyyətini azaldar və məktəblərdə təhsilin səviyyəsi yüksələr. Yüksək əmək nəticəsində tez müddətdə məktəblər elə səviyyəyə gələ bilər ki, artıq yuxarı sinif şagirdləri ixtisaslarını tələb-təklif münasibətləri çərçivəsində seçə bilər. Ali məktəblər də həmçininverdiyi təhsilin səviyyəsinə görə kateqoriyalara bölünməlidir. Təhsil ocaqlarında ixtisaslaşdırılmış laboratoriyalar fəaliyyət göstərərsə, tələbələr yiyələndiyi ixtisasın mütəxəssisi ola bilər. Laboratoriya deyəndə isə bu ancaq dəqiq elmlər üçün, kimya, fizika laboratoriyası nəzərdə tutulmur, tarix, hüquq, jurnalistika və s. üçün də nəzərdə tutulur.

Təhsil anlayışı məqsədli olduğu zaman öz mənasına çatır. Biz isə hələ də təhsili biliklər məcmusu kimi qəbul etməkdə davam edirik. Öyrəndiklərimizdə və öyrətdiklərimizdə fərdi, şəxsi düşüncə yox səviyyəsindədir. Buna görə də pedaqogikanın bu gün də qarşısında dayanan həllini tapmamış ən böyük problemi, müstəqil şəxsiyyət yetişdirməkdir. Bəli, müəllim bilik istehsal edəndir, amma şagird müəlliminin, dərs vəsaitlərinin ona öyrətdiklərini əzbərləyib, olduğu kimi tətbiq etməklə kifayətlənməməli, öyrəndiklərinə yaradıcı yanaşıb, biliklərindən yeni məhsulların emalı üçün istifadə etməyi bacarmalıdır ki, bu zaman bütöv bir elm camiası qidalansın.Pedaqogikanın bu sahəsi “inkişafetdirici təlim nəzəriyyəsi” adlanır. XVIII əsrdə əsası qoyulmuş bu nəzəriyyə XXI əsr adamı üçün nə qədər praktik mahiyyət qazana bilib? Təbii ki, məsələyə Azərbaycan kontekstindən qiymət vermək lazımdır. Orta məktəb müəllimlərinin ixtisasartırması istiqamətində fəaliyyət qənaətbəxşdir,  ancaq yaxşı olardı ki, müəllimlər “öyrədirəm” anlayışının yerinə, “öyrənməyi öyrədirəm” anlayışı ilə əvəzlənsin. Çünki informasiyanın bu qədər əlçatan olduğu bir dövrdə müəllim öz suallarına müstəqil cavab tapa bilmirsə, demək, biz hələ ancaq özümüz üçün danışırıq.

 

GƏLƏCƏYƏ BAXIŞ

Azərbaycan Respublikasının dövlət büdcəsinin 2018-ci il üçün təqdim olunan layihəsi Prezident İlham Əliyevin apardığı respublikamızın hərtərəfli inkişafına dair məqsədyönlü siyasətin nəticəsidir. Təyin olunan dövlət büdcəsi, “Azərbaycan 2020: Gələcəyə baxış” İnkişaf Konsepsiyasının ardıcıllıqla və məqsədyönlü şəkildə həyata keçirilməsinin əyani əksidir.

2018-ci il üçün nəzərdə tutulan büdcədə sosialyönümlü xərclərin 36,6 faizə çatdırılması, 2017-ci illə müqayisədə 2,2 faiz artırılması dövlətimizin öz vətəndaşlarına, Azərbaycan insanına göstərdiyi daimi diqqət və qayğını bütün reallığı ilə ifadə edir. Dövlət büdcəsinin məntiqindən geniş mənada əhalinin bütün təbəqələrinin, o cümlədən də elm və təhsil işçilərinin 2018-ci ildə sosial müdafiəsinin daha da yaxşılaşacağını, əməkhaqlarının və təqaüdlərin artırılacağını aydın surətdə görmək olar.

Millətin gələcəyə hesablanan təhsil xərclərinin 11,3 faiz artırılması ölkəmizdə davamlı təhsil islahatlarının aparılmasına imkan yaradır. Təhsil xərcləri içərisində təhsilin bütün pillələri üzrə keyfiyyətin yüksəldilməsi üçün stimullaşdırıcı mexanizmlərin yaradılması ilə birlikdə peşə təhsilinə, məktəbəqədər təhsilə və elektron təhsilə xüsusi diqqət yetirilir. Büdcə qanununun leksikasına 2018-ci ilin yeniliyi kimi daxil olmuş universitet şəhərcikləri kampuslarının formalaşdırılması anlayışı isə ölkəmizdə ali məktəb quruculuğunu yeni mərhələyə çıxarmağa təkandir. Bu, Azərbaycanda ali məktəb quruculuğunu dünya standartları səviyyəsinə çatdırmağa hesablanmış bir yenilik kimi də əhəmiyyətlidir.

Gənclik dövlətin gələcəyidir. Bu səbəbdəndir ki, ölkə daxilində gənclər üçün yüksək təhsil sisteminin yaradılması ilə yanaşı, xaricdə təhsil proqramı da davam etməkdədir. Dövlətin də xüsusi marağında olan “Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil almasına dair Dövlət Proqramı haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 19 oktyabr tarixli 1746 nömrəli Sərəncamı imzalandı və sərəncamın tətbiq olunduğu gündən indiyənə qədər yüzlərcə gənc xaricdə təhsil almaq imkanına sahib olub, vətənə qayıdanlar hazırda yüksək səviyyəli kadr qismində ölkədə fəaliyyət göstərməkdədirlər.

2017-2018-ci tədris ili üzrə təhsil almaq üçün isə elə tək Macarıstan təqaüd heyəti və ali təhsil müəssisələri tərəfindən seçimlərin nəticələrinə əsasən, 200 nəfər azərbaycanlı gənc Macarıstan ali təhsil müəssisələrində təhsil almaq hüququnu əldə edib. Ümumilikdə, 2015-2016-cı tədris ilində 51 nəfər, 2016-2017-ci tədris ilində 182 nəfər bu təqaüd proqramı çərçivəsində təhsil almaq hüququ qazanıb.

 

BİR FAİZ İSTEDAD DOXSAN DOQQUZ FAİZ ZƏHMƏT

18 May 1992-ci il… Bu tarix sadəcə Dağlıq Qarabağda dəhliz rolunu oynayan Laçın rayonunun işğal tarixi deyil, həm də mənim və mənim kimi onlarca insanın təhsilində işğal tarixidir.Müharibə vaxtı məktəbə getmək, təhsil almaq istəyib, nəinki kitab, adi dəftər-qələm tapmaq üçün xəyallar quran uşaq başqasının əlindəki çörəyə həsrətlə boylanan qarnı ac, gözü yaşlı yetimdən daha betər ağrı çəkir, bu dəqiq belədir.

Laçının işğalından sonra ailəmiz “Ağcəbədi qış yataqları”nın birində məskunlaşmışdı. İndi fermer deyəndə əkin-biçinlə, mal-qarayla məşğul olan, bir növ “biznesmen” başa düşülür, ancaq mənim səkkiz yaşıma təsadüf edən o dövrdə fəhlə bildiyimiz fəhlə, çoban isə elə çoban idi, onların nə kitaba nə də dəftər-qələmə ehtiyacları olmazmış. Belə olduğu halda fermada, həm də müharibənin başladığı o dövrdə kitab tapmaq, səhranın ortasında su axtarmaq kimi bir şey idi. Altı ildə yalnız üç bədii kitab, “İtkin gəlin”, “Başsız atlı”, “Qara volqa”, bir də sadəcə dəftər-qələm sahibi olmuşdum, bu da mənim üçün böyük bir möcüzə idi. Bəlkə də, elə bu səbəbdən Tanrının qələmi alnıma yazarlıq taleyini həkk eləyib. Ancaq həyat mübarizə üçün açılmış geniş meydandır, əzmi olanlar son döyüşdən qalib çıxar.

Azərbaycan Respublikasının Prezidenti yanında

Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun

keçirdiyi müsabiqəyə təqdim etmək üçün

Şərh Yaz