Vasif Qurbanzadə: “Vətən Azıx mağarası, Qobustan, Üzərliktəpə, qırıb qurtardığımız meşələr, tükətdiyimiz təbii sərvətlərdir” » Hərbiand

Son Dəqiqə:

Vasif Qurbanzadə: “Vətən Azıx mağarası, Qobustan, Üzərliktəpə, qırıb qurtardığımız meşələr, tükətdiyimiz təbii sərvətlərdir”

VƏTƏN DEMƏK QURU TORPAQ DEMƏK DEYİL

  

Yaxşı insan anasına, mükəmməl insan isə Ana Vətəninə daima borclu olduğunu düşünənlərdir, məncə. Pislər isə bu məfhumların heç birinə layiq deyil, onları nə saymaq, nədə sadalamaq lazımdır.

“Gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hislərinin tərbiyəsi” mövzusunda bu həftəki həmsöhbətim şair Vasif Qurbanzadə ilə olan müsahibəni “Hərbi and” oxucularına təqdim edirik. Qeyd edim ki, bu mövzuda Vasif Qurbanzadə ilə ikinci müsahibəmizdir.

 

  • – Özünüzü yaxşı övlad və yaxşı valideyn sayırsınız?

 

  • – Övladlarıma çox az vaxt ayırıram, bu səbəbdən də “yaxşı valideynəm” deməyə haqqım çatmır. Valideynlərimin də çox arzularını çin etməyi bacarmamışam deyə “yaxşı övladam” da söyləyə bilməyəcəm. Bir şeyi deyə bilərəm ki, şükürlər olsun Allahımıza, bu günə qədər valideynlərimə baş aşağılığı gətirməmişəm. Sabah bilmirəm nə olacaq, necə olacaq, amma bu vəziyyətdə dünyadan getsəm, övladlarım da mənim adımdan utanmayacaq.

 

  • – Aldığınız tərbiyə ilə verdiyiniz tərbiyə arasında fərq nədir?

 

  • – Mənə tərbiyə verən olmayıb, tərbiyəli insanların əhatəsində böyümüşəm, görmüşəm, seçmişəm… Cənnətməkan babam deyərdi ki, sizin kitablardan oxuduğunuzu biz böyüklərimizdən öyrənmişik. Bu mənada, mən də kitablardan daha çox mühitimdən öyrənmişəm, amma mənim mühitim təmiz idi. Yaddaşım mühitdən nə qazanıbsa, onlarla yetişmişəm. Ağsaqqallar, ağbirçəklər institut kimiydi, onların yanında böyümək, bizə, şəxsən mənə təcrübə qazandırıb. İndi vəziyyət fərqlidir, ağsaqqal institutu zəifləyib, böyüyə sayğı, ümumiyyətlə, yox dərəcəsindədir. İnformasiya texnologiyaları uşaqları erkən yaşlarından məlumatlarla yükləyir və uşaq elə məlumatlar əldə edir ki, böyüklərin ötürdüyü və ya ötürəcəyi informasiyalar, məlumatlar onların maraq dairəsində olmur. Mən bir az fərqli üsullara əl atmışam, amma hələ ki, necə nəticələnəcəyi haqqında bir söz deyə bilmərəm. Məsələn, evimdə televizor yoxdur, yığışdırmışam. Çünki, efirlərdə müsbət heç nə yoxdur və mənim övladlarıma verəcəyim tərbiyəyə maneədir. Həmçinin internet də limitlidir, yəni günün bəlli bir saatında qoşuram. Çalışıram ki, uşaqlarla birlikdə seçdiyimiz nələrəsə baxaq. Lakin hər halda məktəb də, məhəllə də bu prosesdə rol oynayır. Uşaq məktəbdən və ya məhəllədən hər evə gələndə onunla müəyyən söhbət aparmaq lazımdır. Çünki, onun dizi-dirsəyi kimi, düşüncəsi də zədələnə bilir. Təəssüf ki, hər gün bu xüsusda iş apara bilmirəm, amma, çalışıram.

 

  • – Milli özəllikləri müasir tərbiyə metodikasında necə tətbiq etməliyik?

 

  • – Biz əsrlərin sınağından keçib gəlmiş ailə institutumuzu bərpa etməli və qoruyub saxlamalıyıq. Bu, bizə həyat qədər vacibdir. Milli analar olmadan milli tərbiyə olmayacaq. Deməli, öncə, sağlam, təhsilli analar yetişdirilməlidir. Təhsilli deyəndə diplomlu demək istəmirəm, dünyagörüşlü, aktiv. Onların uşağı tərbiyə etməsi stimullaşdırılmalıdır. Bundan sonra, məktəbəqədər təlimə diqqət yetirilməlidir. Düşünürəm ki, uşaq, məktəb yaşına qədər tam təlim-tərbiyə görməlidir, məktəb, bilavasitə təhsillə məşğul olmalıdır. Bir az da kobud desək, məktəb hazır məhsulun çeşidlənməsini təşkil etməlidir. Burada məhsul uşaqdır, onların bacarıqlarına, qabiliyyətlərinə görə yönləndirilməsini orta məktəb həyata keçirməli və yüksək standartlara cavab verən təhsil vermək iqtidarında olmalıdır.

 

  • – Sizcə, müasir gənc anlayışı ilə milli prinsiplər ən çox hansı məqamlarda toqquşur?

 

  • – Gəlin “müasir gənclər” yox, “müasirimiz olan gənclər” deyək. Son 25 ildə gəncliyimizin ruhu təcavüzə uğrayıb. Kütləvi İnformasiya Vasitələri, xüsusilə də, televiziyalar, sosial media, ölkədə təşkil olunan müxtəlif yönlü tədbirlər və s. gəncliyimizi təsirə salıb və böyük əksəriyyətinin dünyagörüşünə təsir edib, təfəkkür sisteminə nüfuz edib. Axı hər bir millətin təfəkkürü müstəqildir. Bura kənar təsir olduqda dağılır. Müasirlik düşüncə tərzində təzahür etməlidir, müxtəlif görüntülər ondan doğan elementlərdir. Hər kəsin müasirlik haqqında fərqli fikirləri var və bu təbiidir. Əgər “müasirlik” dediyiniz başqa kültürlərin məişətimizə, cəmiyyətimizə inteqrasiyasıdırsa, mən bunun qəti şəkildə əleyhinəyəm. Biz hər şeyi mütləq öz dəyərlərimiz üzərində inşa etməliyik. Bunun üçün bizim resursumuz var və bu işə mənəvi haqqımız çatır.
    Əslində bizim milli prinsiplər həmişə müasirdir. Dünyanın ilk təkAllahlı milləti bizim millətdir. Hələ islamdan da əvvəl dədələrimiz tək Allaha sitayiş edib. Cəmiyyətdə mövqe məsələləri, ailə-məişət münasibətlərində prinsipiallıq bir millət olaraq daim prioritetdir, aktualdır.  Şərəfsizliyə, ikiüzlülüyə qarşı dayanmaq, namus məsələlərinə xüsusi önəm vermək, qadına hüquq, ixtiyara sayğı, uşağa qayğı göstərmək bizim tarixi genlərimizdədir. Sadəcə olaraq, biz bu ənənələrə xüsusi bir ad qoyub ixrac edə bilməmişik. Hazırda bizim kültürümüzə təsir edən kültürlərlə fərqimiz budur.

 

  • – Bəs necə edək ki, müasirlik, dünyaya inteqrasiya adı altında gəncliyimiz yabanılaşmasın?

 

  • – Çox ağır sualdı. Hətta bu sual məni aşır. Xudu Məmmədovun bir fikri var, deyir: “dünya elminə nə vermisinizsə, o qədər də ala bilərsiniz.” Bütün problemlər cəmiyyətimizin “izafiləşmiş təhsil”ə qapılması, elmin pillə-pillə kəşfolunan qaranlıqlarına vaqif olmaq yolunda çaba göstərməməsindəndir. Bu qədər çabaya rəğmən, son 25 ildə savadsızlıq, hədəfsizlik tamamilə aradan qaldırıla bilməyib, bir qrup cahil kütlə yetişir. Ən acınacaqlısı isə odur ki, bu “müasirlik” oyunu bizi elə bir səngərdə yaxaladı ki, başımızı qaldırıb yaxın üfüqləri belə görə bilmirdik. Məhz bu səbəbdən, dünyagörüşlü insanlarımızdan da, bu tora düşənlər oldu, həm də kifayət qədər… Adam öz-özünə bir sual verər, bu müasirlik deyilən məfhumun kriteriyalarını kim müəyyənləşdirir? Nə olur olsun, millətin kültürü qorunmalıdır. Əks halda, daha uzun müddət, bəlkə də, heç vaxt özümüz kimi var ola bilməyəcəyik.

 

  • – Milli dəyərlərin tarazlığını toplumda necə qorumaq olar?

 

  • – Əvvəla, milli dəyər dediyimiz heç vaxt əskiləşmir, o daimidir və həmişə müasirdir. Mənim şəxsi fikrimdir ki, milli dəyərlər üzərində bina olmaq üçün, ümumiyyətlə, özünəməxsus və kimsəni təkrarlamadan, beynimizi oğurlatmadan sabahları sağlam təməllər üzərində inşa etmək bir neçə məsələ ilə mümkündür, ən əsası isə televiziyalarımızın, məktəblərimizin, dərsliklərimizin sahibi ola bilməklə və s. ilə.

 

  • – Vətənpərvərlik ruhunu yüksəltmək üçün nələr edə bilərik?

 

  • – Vətəni yeni nəslə tanıtmalıyıq. Yenə də Xudu müəllimdən bir sitat gətirim, deyir: “uşaqlarınıza vətəni sevməyi öyrətməyin, vətəni öyrədin, özləri sevəcəklər”. Ümumiyyətlə, vətən təkcə torpaq və daşdan ibarət deyil. Vətən Nizamidir, Füzulidir, Şah İsmayıldır, Nadir şahdır, Qacardır… Vətən Hacı Zeynalabdin Tağıyevdir, faşist əsirliyində olan soydaşlarımızı ölümün cəngindən xilas etmək üçün həyatını xərcləyən Məhəmməd Əmin Rəsulzadədir, Qori seminariyasından Azərbaycanın hissəsini götürüb, gəlib Qazaxda seminariya açan Firudin bəy Köçərlidir, belə şəxsiyyətlərdir Vətən. Yəni, Vətən uğrunda can verdiyimiz torpaqlar qədər də, o canı verənlərin özləridir. Vətən həmçinin böyük ideallarla yaşayan şagird, elmin zirvələrinə doğru addımlayan tələbədir. Vətən Azıx mağarası, Qobustan, Üzərliktəpə, qırıb qurtardığımız meşələr, tükətdiyimiz təbii sərvətlərdir. Yəni, anlamalıyıq ki, Vətən demək quru torpaq demək deyil, o torpağın damarlarında axan sərvətdən tutmuş, üst qatında bitən bitkilərə qədər, daşlarının yaddaşından tutmuş, üzərində haqqını verərək gəzən insanlara qədər nə varsa, hamısının cəmidir VƏTƏN!

 

  • – Düşünmürsünüz ki, bəzi gənclər rahatına bir az artıq düşkündür?

 

  • – Əslində gənclərin çox böyük hissəsi düşkündür – çayxanalara, müxtəlif internet portallarına, avtomobillərə, mənasız oyunlara, əyləncələrə və s. Amma bir maraqlı məqam da var ki, bizim gənclərin rahatlığı yoxdur. Onu həmişə nəsə təhdid edir. Kasıbını işsizlik, ehtiyaclar, varlısını daha çox pul qazanmaq hirsi və ya kimdənsə geri qalmamaq xəstəliyi. Yəni, məmləkətimizdə çox az gənc olar ki, həyatından razıdır.

 

  • – İctimai-siyasi cəhətdən aktiv olan gənclərdə vəziyyət necədir?

 

  • – Düzdür, özümü ictimai-siyasi fəal saymasam da, biz hamımız dil qəhrəmanıyıq. Savad qazanmaqdan daha çox populyarlıq qazanmaq ardına düşürük ki, bu da bizim özümüzün də, dövlətimizin də zərərinədir. İkincisi, bizə ictimai-siyasi fəal gənclərdən daha çox elmli, bilikli gənclər lazımdır. Bu gün professor Rafiq Əliyev kimi alimlərin elmi irsinə sahib çıxacaq, o işləri sabahlarda öz ölkəmizdə aparmaq potensialına malik olan gənclər yetişməlidir.

 

  • – Hərbi vətənpərvərlik təbliğatı üçün KİV-də nələr çatmır?

 

  • – Çox çatışmazlıqlar var, amma hər şeyə rəğmən KİV bu sahədə mümkün olanı etməyə çalışmalıdır. Hərblə bağlı neqativ məlumatları yaymaqdan çəkinməli, amma ona qarşı mübarizə tədbirləri də görməlidir. Məsələn, hər hansı əldə etdiyi bir məlumatı ictimaiyyətə açmadan Baş Qərargaha ötürməli və tədbir görülməsini tələb etməlidir.

 

 

 Ramilə QARDAŞXANQIZI

Şərh Yaz