Elmir Həsənov: “İnsanlar özlərini maddi varlıq kimi görməklə yanaşı, mənəvi və ruhi baxımdan düşüncələrini də inkişaf elətdirməlidirlər” » Hərbiand

Son Dəqiqə:

Elmir Həsənov: “İnsanlar özlərini maddi varlıq kimi görməklə yanaşı, mənəvi və ruhi baxımdan düşüncələrini də inkişaf elətdirməlidirlər”

UŞAQLARI DÜNYƏVİ BAXIŞLAR NÖQTEYİ-NƏZƏRDƏN YETİŞDİRMƏLİ

  

Hazırkı dönəmdə dünyada yeniyetmə və gənclərə, onların təhsil almalarına külli miqdarda maliyyə sərf olunur. Çünki bununla hər bir dövlət gələcəkdə bəhrələnə biləcəyi savadlı, intellektual, dünyagörüşlü, bilikli və bacarıqlı gəncliyə sahib olmaq istəyir. Hər bir dövlətin hərtərəfli inkişafında bu cür gənclərin böyük rolu olur. “Gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hislərinin tərbiyəsi” mövzusunda bu həftəki həmsöhbətim pedaqoq, jurnalist Elmir Həsənovla olan müsahibəni “Hərbi And” oxucularında təqdim edirik.

 

–       Əsl vətənpərvər necə olur?

 

–       Vətənpərvərlik təkcə vətəni sevməyə deyilmir. O daha geniş mahiyyət kəsb edir. Vətənpərvərlik vətən termini altında cəmləşən ümumi dəyəri sevməyə deyilir. Bəzən insanlar vətənpərvərliyi, millətçilik, Azərbaycançılıq hisləri ilə qarışdırırlar. “Gəzməyə qərib ölkə, ölməyə vətən yaxşı” deyimi vətənpərvərliyi xarakterizə edən ifadədir. Vətənini dünyanın bütün məkanlarından seçib öndə tutan, doğma torpağı uğrunda canını fəda etməyə hazır olan, vətənin ona bəxş etdiyi maddi və mənəvi varlıqları muhafizə etməyi özünə borc bilən insanlar əsl vətənpərvərlər hesab olunurlar.

 

–       Milli ruhu necə qorumalıyıq?

 

–       Öncə, cəmiyyətdə milli ruhun qayəsi barədə təbliğat aparılmalı, maarifləndirmə işləri daha da genişləndirilməlidir. Çünki cəmiyyətimiz tək-tək insanlardan ibarət böyük bir toplumdur. Bu toplumun hər bir fərdinin isə milli düşüncə, milli ruh haqqında bilgiləri müxtəlif forma və səviyyələrdədir. Hər bir fərd ən kiçik halda bir ailənin üzvü və ya ailə başçısı statusuna malikdir. Bu halda bir ailənin tərkibində olan insanların milli ruh və milli mənlik haqqında düşüncələrində mövcud olan səviyyə fərqləri bu istiqamətdə vahid mərhələyə çatmaqda müəyyən çətinliklər yaradacaq. Cəmiyyətdə bu istiqamətdə aparılacaq müxtəlif səpkili işlər hər bir ailədə uşaqların milli ruhda böyüməsinə vahid yanaşma gətirəcək. Körpələrlə bu istiqamətdə aparılacaq təbliğat işləri də artıq eyni səviyyədə olacaq və eyni mahiyyət daşıyacaq. Məktəbəqədər təhsil müəssisələrində və orta ümumtəhsil müəssisələrində vahid tədris prosesiylə təhsil alan bütün uşaqlar uzun illər ərzində eyni inkişaf mərhələləri keçirlər ki, bu zaman uşaqlarda milli ruh, milli maraqlar və milli mənlik daha yaxşı, kompleks formada inkişaf edəcək.

 

–       Tarixin qanlı səhifələrini uşaqlara necə izah etməliyik?

 

–       Heç kəsə sirr deyil ki, keçmişdən bu yana xalqımızın başına bir çox müsibətlər gətirilib. Həmvətənlərimiz zaman-zaman təcavüzlərə məruz qalıb, ərazi bütövlüyümüz qonşu dövlətlərin işğalçılıq siyasətləri nəticəsində pozulub. Ən son Qarabağda törədilən hadisələr isə tarixi Azərbaycan ərazisi olan böyük bir diyarın 25 ildən artıq müddətdə düşmən tapdağı altında qalması ilə nəticələnmişdir. Biz tariximizə qanlı hərflərlə yazılan hadisələri unutmamalıyıq. Xalqımızın başına gətirilən müsibətlərdən dərs çıxartmalıyıq. Bununla bizim olanlara sahib çıxmaq istəyimizi möhkəmləndirməli və tarixi keçmişimizi qoruyub saxlamalıyıq. Lakin bu hadisələri uşaqlara neqativ motivli informasiyalar kimi mənimsətməməli, əslində tariximizin dirəniş, azadlıq, qorxmazlıq səhifələri kimi təqdim etməli, ərazilərimizə, torpaqlarımıza sahib çıxmaq yolunda əsl mübarizə kimi qiymətləndirməliyik. Əgər şagirdlər bu hadisələri aqressiv tərzdə mənimsəsələr, onlar vətənpərvər ruhda deyil, düşmənçilik ideyaları ilə böyüyəcəklər. Körpələri bir millətə qarşı düşmənçilik, nifrət və zorakılıq ideologiyaları ilə tərbiyə etmək yanlış bir metodologiyadır. Sağlam cəmiyyətin formalaşdırılmasını qarşıya məqsəd qoyan millət əsla bu cür addımlar atmaz. Heç kəsə sirr deyildir ki, ermənilər öz uşaqlarını hələ körpəlikdən türklərə nifrət, düşmənçilik, qisas hisləri ilə böyüdürlər. Çox təəssüfləndirici məqam ondan ibarətdir ki, Azərbaycan da daxil olmaqla bütün dövlətlərdə balaca fidanlar dünyaya barış, sülh, mərhəmət, yardım, dinlərə və millətlərə hörmət, tolerantlıq və sair prinsiplərin birgə təzahür etdiyi ideologiya ilə tərbiyələndirildiyi halda ermənilər uşaqlarını tam fərqli formada – aqressivlik, düşmənçilik, kin, nifrət dolu xarakterik xüsusiyyətlərlə böyüdür. Bu isə əslində xəstə təfəkkürün bəhrəsi olmaqla yanaşı, dünya üçün təhlükə saçan millətçilikdir. Uzun illər ərzində məhz bu ideologiya ilə tərbiyələndirilən ermənilər 1992-ci ildə Yuxarı Qarabağda irimiqyaslı hərbi əməliyyatlara başladı. 1992-ci ilin əvvəllərində Kərkicahan, Malıbəyli, Quşçular və Qaradağlı kəndlərini viran etdilər. 1992-ci il fevral ayının 25-dən 26-na keçən gecə erməni hərbi qüvvələri Rusiya Federasiyasının Xankəndidə yerləşən silahlı qüvvələrinin 366-cı alayının köməyi ilə Xocalı şəhərini yerlə yeksan etdilər. Dinc mülki əhaliyə qarşı xüsusi qəddarlıqla soyqırımı həyata keçirdilər. 1993-cü ilədək Ermənistan Respublikasının silahlı qüvvələri Azərbaycan Respublikasının 20%-dən artıq ərazisini işğal etdi. Bir milyondan artıq soydaşımız hələ də müxtəlif rayon və şəhərlərimizdə öz doğma yurd-yuvalarından ayrı, məcburi köçkün həyatı yaşayırlar. Bütün bunları ağrıdıcı, acı faktlar olaraq qəbul etsək də, eyni formada uşaqlarımıza mənimsətməməliyik. Uşaqları dünyəvi baxışlar nöqteyi-nəzərdən yetişdirməli, xalqımızın başına gətirilənlərin isə əslində xəstə bir təfəkkürün məhsulu olduğunu və bütün dünyanın qəbul etmədiyi zorakılıq siyasəti kimi anlatmalıyıq.

 

–        “Qarabağ tarixi”nin tədrisi barədə nə deyə bilərsiniz?

 

–       Öncə, qeyd edim ki, ümumtəhsil məktəblərinin 8-ci sinfi üçün fakultativ kursun tədris vəsaiti olan “Qarabağ tarixi” Azərbaycanın Qarabağ regionunun ən qədim dövrdən bu günə qədər olan tarixini əhatə edir. Bu dərslikdə Qarabağ regionunun tarixi xronoloji ardıcıllıqla mərhələli şəkildə müxtəlif mövzular şəklində əks olunur. Burada Qarabağın yerləşdiyi tarixi ərazi, təbii-coğrafi xüsusiyyətləri, adının etimologiyası, ictimai-tarixi, əhalisinin etnik tərkibi, dövlətçilik ənənələrində eləcə də, siyasi, iqtisadi və mədəni proseslərdə olan əhəmiyyəti xüsusi olaraq göstərilir. Fikirimcə hazırkı dönəmdə Qarabağımızın tarixinin ayrıca bir fənn kimi ümumtəhsil məktəblərində tədris olunması mühüm əhəmiyyətə malikdir. Çünki Azərbaycanımızın ayrılmaz parçası olan bu dilbər guşəsinin qədim tarixi və zəngin mədəniyyəti haqqında şagirdlərdə əhatəli təsəvvür yaratmaq çox vacibdir. Bu dərslik vasitəsiylə bizim gələcəyimiz olan yeniyetmələr Qarabağ toponimi, Qarabağın ərazisi, təbii-coğrafi şəraiti, buradakı zəngin maddi-mədəniyyət abidələri, Qarabağın qədim türk etnoslarının vətəni olması, müxtəlif dövrlərdə Qarabağdakı siyasi, sosial-iqtisadi vəziyyət, Qarabağa ermənilərin köçürülməsi, ermənilər tərəfindən törədilmiş kütləvi qırğınlar, deportasiya və soyqırımıları, Ermənistanın Azərbaycana təcavüzü nəticəsində Dağlıq Qarabağın və ona bitişik ərazilərin işğalı ilə bağlı geniş məlumat əldə edirlər. Şagirdlər bu fənnin tədrisi zamanı ümummilli lider Heydər Əliyevin, Azərbaycanın Prezidenti İlham Əliyevin torpaqlarımızın işğaldan azad edilməsi istiqamətində həyata keçirdikləri görüşlər, çıxışlar barədə də informasiya alırlar. Nəzərə alaq ki, hazırda müharibə şəraitində yaşayırıq və haqqında bəhs etdiyimiz tarixi ərazimiz ermənilərin işğalı altındadır. Qarabağ tarixinin gənc nəslə öyrədilməsi bizim qarşımızda duran  prioritet sahələrdən olmalıdır. Məhz bu dərslikdə Qarabağın keçmişdən başlayaraq hazırkı duruma qədər olan tarixi zaman ardıcıllığı ilə, silsiləli formada hazırlanmış 29 mövzu şəklində yeniyetmələrimizə öyrədilir. Düşünürəm ki, bu kursun tədrisi yeniyetmələrin dünyagörüşünü və Qarabağ haqqında məlumatlılıq səviyyəsini inkişaf etdirməklə yanaşı, onların vətənpərvərlik tərbiyəsində də mühüm rol oynayır.

 

–       “Gənclərin çağırışa qədərki hazırlığı” fənni necə?

 

–       Orta ümumtəhsil məktəblərində təhsil alan şagirdlərin hər biri gələcəyin potensial hərbçiləridir. Müharibə şəraitində yaşamağımız isə hərbi sirrlərə hələ erkən yaşlardan yiyələnməli olmağımızı vacib edir. Bu baxımdan orta təhsil ocaqlarında tədris olunan “Gənclərin çağırışa qədərki hazırlığı” fənni məktəblilərə hərbi biliklərə yiyəlnməyə geniş imkan yaradır. Orta məktəblərdə bu fənnin tədrisi sayəsində övladlarımız hərb elmi haqqında ilkin biliklərə yiyələnir, hərbi nizamnamələr, rütbələr, vəzifələr, sıra hazırlığı qaydaları, xidməti vəzifələr, onların mahiyyəti, silah və hərbi sursatların istifadə qaydaları, onların təyinatı, müharibədə davranış qaydaları, döyüş şəraitində hərbiçinin davranış xüsusiyyətləri barədə əhatəli məlumatlar öyrənirlər. Orta təhsilini başa vurduqdan sonra istər mülki həyatda, istərsə də həqiqi hərbi xidmətə yollandıqda bu fənnin  tədrisi müddətində əldə edilən biliklər gənclərimizə çox böyük yardımçı olur. Eyni zamanda bu fənn vasitəsilə yeniyetmələrimiz hərb tariximiz barədə də geniş məlumatlar əldə edirlər. Qədimdən başlayaraq bu günə qədər torpaqlarımzın mühafizə olunmasında xidmətləri olan xalqımızın qəhrəman oğulları haqqında informasıyalara yiyələnirlər. Bu isə onlarda vətənpərvərlik hissinin daha da inkişaf etməsinə səbəb olur.

 

–       Yeni nəslin vətənpərvər tərbiyə olunmasında dünya və axirət tarazlığının qorunması nə dərəcədə vacibdir?

 

–       Nəinki vətənpərvər, hər bir insanın şəxsiyyət kimi formalaşmasında qeyd etdiyiniz tarazlıq vacibdir. Bədən-ruh, maddi-mənəvi, dünya-axirət kateqoriyaları barədə düşüncə və fikirlərinin kompleks olaraq inkişafı isə olduqca vacibdir. Çünki bu istiqamətlər bir-biri ilə çox əlaqəlidir. İnsanlar özlərini həm canlı, ağıllı, kamil varlıq, yaradılmışların ən alisi, yer üzünün əşirəfi, xeyirxah məxluq, mənəviyyatlı bəndə kimi görməlidir. Bununla yanaşı, mənəvi və ruhi baxımdan düşüncələrini də inkişaf elətdirməlidirlər. Fikrimcə hər bir bəşər övladı özünü fiziksəl baxımdan tanımalı, ruhi halətini dərk etməli, dünyada bir canlı olaraq mövcud olduğunu anlamalı və bu həyatın ona nə üçün verildiyini dərk etməli, dünyadakı missiyası zamanı hansı əməllər etməli olduğunu bilməlidir. Bu balans qorunmadıqda onlar ya mənəviyyatı, səmimiyyəti, əxlaqı, insani keyfiyyətləri itirilmiş insana, ya da özünü ruhi asılılığa salan ekstremizmə və radikalizmə meyilli olan dini fanatiklərə çevrilirlər. Bütün bu amillərin məntiqi izahı nəticəsində aydın olur ki, insanlarda bədən-ruh, maddi-mənəvi, dünya-axirət tarazlığı mütləq qorunmalıdır.

 

–       Son olaraq, bu günkü gənclərin cəmiyyətdəki rolundan razısınız?

 

–       Nəzərə alsaq ki, gənclərin cəmiyyətimizdə payı böyükdür, bu baxımdan onların fikir və düşüncələri ilə razılaşmaq lazım gəlir. Günümüzdə ölkəmizdə müxtəlif siferalarda çalışan gənclərin sayı çoxdur. Onların da bu dövlət qarşısında fəaliyyətləri çox böyükdür. Məhz onların fəaliyyətləri ölkəmizin daha da irəliyə getməsinə öz təsirini göstərir. Buna görə də, gənclər inkişaf prosesində subyekt rolunu oynayır. Bu durumda isə günümüzün gəncliyindən narazı qalmaq təbii ki, mümkün deyil.

 

 

Ramilə QARDAŞXANQIZI

Şərh Yaz