Rəşad Xəlilov: “İstər mənfi, istərsə də müsbət cəhətdən indiki uşaqlar bütün məqamlardan yararlanmaq bacarığına malikdir” » Hərbiand

Son Dəqiqə:

Rəşad Xəlilov: “İstər mənfi, istərsə də müsbət cəhətdən indiki uşaqlar bütün məqamlardan yararlanmaq bacarığına malikdir”

SAĞLAM DÜŞÜNCƏ, SAĞLAM ƏYLƏNCƏ, SAĞLAM HƏYAT

İngilislərin belə bir deyimi var: Nadanlar elmə həqarətlə baxır, savadsızlar ona heyran olur, müdriklər isə ondan bəhrələnirlər. Dövlət bəhrələnə biləcəyimiz hər bir şəraiti yaradıb, qalır düzgün tərbiyə ki, bunun təməli isə ailədə qoyulmalıdır. “Gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hislərinin tərbiyəsi” mövzusunda bu həftəki həmsöhbətimiz texnoloq,  aparıcı-DJ Rəşad Xəlilovla olan müsahibəni “Hərbi And” oxucularına təqdim edirik.

–         Sizi oxuculara biraz yaxından tanıdaq.

–         Tanıdaq da (gülür). Xəlilov Rəşad Ramiz oğlu. Bakı şəhərində anadan olmuşam. 31 yaşındayam, ailəliyəm, iki qız övladım var. Hazırda Bestfm.az onlayn radiosunun vitse-prezidenti, eyni zamanda iki verilişin – “Tap Görək” və “Sərbəst saat” verilişlərinin aparıcısıyam. İnsanlarda yaxşı əməllər görəndə, həmçinin kiməsə ən xırda yaxşılığı edəndə sevinirəm. Aparıcı olmaq çoxdankı arzum idi, bu aralar özümü bu sahədə də inkişaf etdirməyə çalışıram. Dostcanlıyam, gördüyüm bütün işləri sevərək, istəyərək görürəm. Darda qalan bir insan görəndə çox pis oluram və arzu edirəm ki, ölkəmizin sosial durumu daima yüksəlsin, bir nəfər də olsun ac, kasıb ailə, uşaq qalmasın.

–         Amin. Siz uşaqlığınızı necə xatırlayırsınız?

–         Uşaqlığımı ani, kino lenti kimi anlarla və qırıq-qırıq xatırlayıram. Bağçada olduğum günləri, orada keçirilən şənlikləri və eyni zamanda birinci sinifə getdiyim günü hələ də xatırlayıram. İbtidai sinif müəllimimin söhbətlərini, uşaqlarla məhəllədə oynadığımız futbol oyunlarını, gizlənpaç və s. kimi oyunları da xatırlayıram. Mənim uşaqlıq dövrümün indiki uşaqların gündəlik yaşamından çox maraqlı olduğunu düşünürəm. Çünki o vaxt kompüter yox, təbiət oyunları dəbdəydi…

–         İki övladınız var, sizcə, Vətən və millilik anlayışı uşaqlara necə aşılanmalıdır?

–         Vətən anlayışı uşaqlara anbaan və həqiqətləri ilə aşılanmalıdır. Bu gün Qarabağa əlimiz çatmasa da, o yerlər barədə uşaqlarda təsəvvür yaratmaq lazımdır və Azərbaycanın qalan bütün bölgəsini imkan daxilində gəzib, uşaqlara göstərmək lazımdır. Sonra sırf bizim ölkəyə xas olan adət-ənənələri, milli mənəvi dəyərlərmizi onlara başa salmaq lazımdır. Tariximizdə baş verən Xocalı, 20 yanvar faciələrini onlara ən uyğun dillə anlatmaq və vaxtaşırı şəhidlər xiyabanını uşaqlarla birlikdə ziyarət etmək lazımdır. Vətənin, xalqın azadlığı uğrunda qəhrəmancasına şəhid olan igid oğullar barədə uşaqlarda fikir formalaşdırmaq lazımdır. Bütün bunların hamısı bir-birilə tam bağlıdır. Necə ki, uşaq iməkləyəndə ona gəzməyi, dili söz tutanda ana-ata deməyi öyrədirsən, ona hər zaman qayğı göstərirsən, səhv edərkən düzün harada olduğunu başa salırsan, eləcə də övladlarımıza sahib olduğu Vətəni bütünlüyü ilə aşılamalıyıq. Çünki uşaqlara verdiyimiz ilkin informasiyalar onların yaddaşına ömürlük həkk olunur. Millilik isə yeni nəsil uşaqlara sırf bizim millətə xas olan hər şeyi anlatmaq deməkdir, məsələn: dövlət bayrağımızı, milli mətbəximizi, adət-ənənələrimizi, milli bayramımız olan Novruz bayramını və s. kimi milli atributları… O qədər gözəl milli dəyərlərimiz var ki, hamısını qeyd etməyə çalışsaq, saya-hesaba gəlməz.

–         Uşaqları kompüterdən müəyyən yaş həddinədək necə uzaq tutmaq olar?

–         Məncə, bu mümkünsüzdür. Təbii ki, müxtəlif yollarla bu problemin aradan qaldırılmasına çalışmalıyıq, amma bu hal da tezliklə mümkün olacaq kimi görsənmir. İndi üç yaşlı uşaq sərbəst şəkildə “google” vasitəsilə axtarış aparır, “youtube”kanalına daxil olur və istədiyi videolara, cizgi filmlərinə baxır.

–         Bəs kitaba marağı necə artırmalıyıq?

–         Kitabı sevmək haradasa insanın qanında olur və bir də ailə tərbiyəsindən, valideyn təbliğatından irəli gələ bilər, amma bir müddət sonra gərək hər kəsin kitabı sevmək və sevdirmək həvəsi olsun, elit cəmiyyət formalaşsın, mütaliə əsas öhdəliklərdən biri olsun. Mən kitabı da, mütaliəni də sevirəm. Çünki kitab mənim üçün sadəcə maariflənmə metodu deyil, həm də intellekt məsələsidir. Vaxtımı dəyərləndirmək istəyəndə belə kitaba üz tuturam.  Hansısa əsəri, romanı oxuyanda onu gözlərimin önündə film kimi canlandırıram və bundan xüsusi zövq alıram. Məncə, indiki halda kitab sevgisinin azalmasına səbəb kimi texnologiyanın sürətli inkişafını əsas götürmək olar, bunu isə beyinlərdən təmizləmək müşkül məsələdir, gərək insanların özündə də təpər olsun.

–         Yeni nəslin özgüvən hissi hansı həddə olmalıdır?

–         Uşaqların psixologiyasında özgüvən hissini valideynlər və məktəb müəllimləri düzgün formalaşdırmalıdır ki, hədd də öz dərəcəsini göstərə bilsin. Valideyn övladına hər hansı bir tapşırığı verəndə ona sonuna kimi güvəndiyini də inandırmalıdır, nəticə nə olur olsun, ruh düşkünlüyü yaratmaq olmaz. Həmçinin məktəb müəllimləri də maarifləndirmə prosesi zamanı maksimum dərəcədə vətəndaş yetişdirmək barədə düşünməlidirlər. Bu zaman yeni nəslin özgüvən hissi nə artıq, nə də əksik, normasında olar deyə düşünürəm.

–         Müəllim şagirdi döyə bilər, yəni bu düz olar?

–         İstər mənfi, istərsə də müsbət cəhətdən indiki uşaqlar bütün məqamlardan yararlanmaq bacarığına malikdir. Uşaq vaxtı biz də məktəbdə döyülürdük, amma müəllimə hardasa haqq qazandırırdıq və anlayırdıq da. İndi həmin müəllimləri görəndə böyük hörmət hissi ilə onlara yaxınlaşırıq. Məncə, şagirdi yüngül cəzalandırmaq olar, amma baxır necə. Məktəbli öz yoldaşları arasında psixoloji cəhətdən travma almamalıdır və cəzalandırma prosesinə müəllimlər tərəfindən fərdi yanaşılmalıdır.

–         Uşaqları mükafatlandırmaq ərköyünlüyə aparır, yoxsa uğura?

–         Gərək uşağa mükafatı vermədən öncə hansısa tapşırıq verilsin, əgər bacararsa, mükafatlandırmaq lazımdır, yox əgər nəticəsi uğursuzluq olan tapşırıqlarda uşaqlar mükafat qazanarsa, bu uşaqda ərköyünlük yaranar. İstər mükafat olsun, istərsə də cəza, bir məqam unudulmamalıdır – valideyn qadağaları mütləq olmalıdır. Çünki elə bir dövrdür ki, uşaqlara nəzarət əvvəlkindən daha çox lazımdır.

–         Ölkədə kəndlə şəhər mədəniyyəti qarışıq haldadır. Bu isə gənclər arasında ayrı-seçkiliyə yol aça bilir. Bu halı necə aradan qaldırmaq olar?

–         İstər kənddə, istərsə də şəhərdə hər bir şəxs təhsilə ciddi yanaşmalıdır. Hətta deyərdim ki, valideynlər qız övladlarının təhsilinə daha ciddi yanaşmalıdır. Çünki qızlar gələcəyin analarıdır və onlar da öz övladlarının təlim-tədrisinə dəstək olmalıdır. Bütün uşaqlar ev tapşırıqlarının həllində azca çətinliyə düşən kimi analarına müraciət edir. Deməli, təhsilli anaların yetişməsi gələcəyin inkişafına da müsbət təsir göstərir və ən əsası kənddə yaşayan valideynlərin də düşüncələrini bu baxımdan dəyişmək lazımdır. Düzdür, bu, hər bir valideynə şamil olunmur, çünki kəndlərdə yaşayan savadlı, dünyagörüşlü valideynlərimiz və şagirdlərimiz var, amma dağ kəndlərində istedadı üzə çıxmayan uşaqlar da çoxdur. Təəssüflər olsun ki, qızları tez ərə vermək düşüncəsi hələ də aktual mövzu olaraq qalır. Bəli, 18 yaşdan sonra qızların da ailə qurması qanunla yolveriləndir, amma bu zaman təhsil keçir arxa plana. Bütün bunları da gərək valideynlər yaxşı-yaxşı düşünüb götür-qoy etsin, bu məqam şəhərli valideynlərdə daha çox özünü göstərir, həqiqət danılmazdır. Həmçinin şəhər mühitində doğulub böyüyən uşaq və gənclər arasında da bu istiqamətdə düzgün təbliğat aparmaq lazımdır. Hər kəs anlamalıdır ki, fərdin istər mədəniyyəti, istərsə də elmi insanın haradan gəldiyinə görə deyil, özünü necə yetişdirdiyinə görə özünü göstərir. Götürək elə milli dəyərlər məsələsini, bunun kənd və şəhərlərlə əlaqəsi olduğunu düzgün qəbul etməzdim.

–         Elmlə intellektuallıq arasında nə kimi fərq var?

–         Elmlə intellektuallıq arasındakı fərq – maraqlı sual oldu. Düşünürəm ki, elmdən təhsil almaqla, yəni oxumaqla bəhrələnilir, intellektuallıqsa edilən səyahətlərdən, alınan informasiyalardan və s. əldə edilir. Məsələn, sosial şəbəkələrdən intellektual olmaq üçün informasiya alına bilər, amma elmli olmaq üçün yox. Elmli insan həm də intellektual olsa, bu mükəmməllikdir ki, məncə, hazırda yüksək savadlı və intellektli gənclərimiz çoxdur.

–         Gənclərin əyləncələrə meylli olması halı da var…

–         Düzdür, indiki gənclərin əksəriyyəti əylənməyə daha çox üstünlük verir. Zamanında əylənmək normaldır, çünki bu, həm istirahət, həm də inkişafdır. Gərək indiki gənclər elə əyləncələrdən istifadə etsinlər ki, bu, həm sağlamlığın inkişafına müsbət təsir göstərsin, həm də zamana uysun. Əksəriyyət, əsasən də gənclər mənfi təsirli əyləncələrə maraq edir, bunun üçün də öncə, öz düşüncəmizi, psixologiyamızı düzgün yönləndirməliyik. Necə deyərlər, sağlam düşüncə, sağlam əyləncə, sağlam həyat.

–         Müharibə sizin üçün nə deməkdir?

–         Milli qəhrəmanımız Mübariz İbrahimov kimi yüzlərcə oğlu var bu diyarın. Mübariz deyirdi ki, müharibə Vətən, haqq-ədalət uğrunda mübarizə deməkdir. Allah bu vətən uğrunda şəhid olan bütün qəhrəmanlarımıza rəhmət eləsin. Bundan sonra isə, müharibə bizim üçün onların qanını yerdə qoymamaq, qisas, haqq-ədalətin bərpası, bərqərar olunması deməkdir. Beləcə, müharibə həm də şəhidlərimizi unutmamaq, unutdurmamaqdır.

–         Müharibəni yeni nəslə necə anlatmalıyıq ki, onlarda olan insan anlayışı diri qalsın?

–         Bu hal məktəb, valideyn və bütöv bir cəmiyyətin diri qalmasından irəli gəlməlidir. Vətənpərvər mövzularda televiziya proqramları hazırlanmalıdır, bütöv cəmiyyətdə təbliğatlar aparılmalıdır. Bu xalqın başına gətirilənlər uşaqlara düzgün təqdim edilməli, unutdurulmamalır. Bizim Xocalı faciəmiz var, 20 yanvar şəhidlərimiz var və bu gün sən, mən, o, biz varıqsa, yaşayırıqsa, bu itirdiklərimizin sayəsindədir. Həmçinin bu gün erməni tayfası yer üzündən hələ də silinməyibsə, demək, bizdə insani anlayış hələ də yüksəkdədir.

Ramilə QARDAŞXANQIZI

Şərh Yaz