Elçin İbrahimov: “Uşaqları tədrisin elə birinci sinfində kompüter texnologiyasına yönləndirmək lazımdır” » Hərbiand

Son Dəqiqə:

Elçin İbrahimov: “Uşaqları tədrisin elə birinci sinfində kompüter texnologiyasına yönləndirmək lazımdır”

QADAĞALARIN FƏLSƏFƏSİ DÜZGÜN İZAH OLUNMALIDIR

 

Dünya öz oxu ətrafında fırlanmağa başlayandan üzü bu yana insanlar hər gün çək-çevir etməyə bir mövzu axtarıb. Kimi dünyanın özünü, kimi idarəsini, kimi keçmişini, kimi də elə bu gününü müzakirə edir.

“Gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hislərinin tərbiyəsi” mövzusunda bu həftəki həmsöhbətim Filologiya üzrə fəlsəfə doktoru Elçin İbrahimovla olan müsahibəni “Hərbi And” oxucularına təqdim edirik.

  • Özünüzü yaxından təqdim edin.
  • Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətinin üzvü, “Türkologiya” jurnalının məsul katibi, filologiya üzrə fəlsəfə doktoruyam. Həmçinin dilçiliklə bağlı elmi tədqiqatlar aparıram.
  • Mövzumuzla bağlı ilk olaraq nə deyə bilərsiniz?
  • Mövzunuza giriş olaraq qeyd edim ki, Vətən mənim üçün hər şey deməkdir. Vətən doğulub böyüdüyümüz, üzərində yaşadığımız, uğrunda canımızı verə biləcəyimiz torpaqdır. Bizlərin (Azərbaycanlıların) vətənə olan sevgisi, bağlılığı tarixi bir həqiqətdir və bu, millətimizi digər millətlər arasında üstün edən ən əsl özünəməxsusluqlardan biridir. Xalqımız tarix boyu Vətəninin mənfəətini öz mənfəətindən, Vətəninin gələcəyini öz gələcəyindən üstün tutan bir anlayışa, dərin bir Vətən sevgisinə sahib olmuş xalq kimi tanınmışdır. Gənclik isə insan ömründə həyat karvanının müəyyən bir kəsiyini əhatə edən hissədir.
  • Uşaqlığınızı necə xatırlayırsınız?
  • Uşaqlığımı çox yaxşı xatırlayıram. Doğulduğum, boya-başa çatdığım yer Naxçıvan MR, Babək rayonu Nehrəm kəndidir. O yerlərdə Vətən sevgisi, yurd sevgisi özümüzü tanıdığımız, kim olduğumuzu bildiyimiz andan bizlərə aşılanıb.
  • Vətən indiki uşaqlara necə aşılanmalıdır?
  • Vətən, vətən sevgisi indiki uşaqlara keçmişdəki milli-mənəvi dəyərləri aşılamaqla mümkündür. Çox vaxt indiki dövr uşaqları haqqında bədbin fikirlər irəli sürülür. Mən heç də bu fikirdə deyiləm. Uşağın beyni istənilən dövrdə ağ vərəqdir, sadəcə düzgün yönləndirmə və düzgün tərbiyə metodu seçilməlidir. Mən indiki dövrün uşaqları haqqında çox müsbət fikirdəyəm və Azərbaycanımızın böyük, işıqlı gələcəyini də məhz onların işıqlı gözlərində, brilliant kimi beyinlərində görürəm.
  • Dəyərlər necə?
  • Milli dəyərlər, bu çox geniş anlayışdır. Milli dəyərlərimizin qorunması və gələcək nəsillərə çatdırılması bu gün daha çox aktualdır. Çünki milli dəyərlərimizin Azərbaycan xalqının formalaşmasına təsiri böyük olduğu kimi, milli dövlətçiliyimizin möhkəmləndirilməsində də xüsusi rolu vardır.
  • Sizcə, cəmiyyətdə milliliklə müasirlik bərabərdir?
  • Millilik və müasirlik paralel şəkildə inkişaf etdirilməlidir. Əgər sualınızdakı “müasirlik” bu gün cəmiyyətdə də dırnaq arasında qəbul olunan “müasirlik”dirsə, əlbəttə, onu heç milliliklə eyni tərəziyə qoymağa ehtiyac yoxdur. Ancaq müasirliyə günümüzdəki elmi-texniki tərəqqi, innovativ dəyərlər, texnoloji aspektlərdən yanaşsaq, birmənalı olaraq onu deyə bilərik ki, yuxarıda qeyd etdiyimiz kimi, müasirlik milliliklə paralel inkişaf etdirilməlidir. Bunu artıq qlobollaşan dünya da tələb edir. Milli dəyərlər olmadan, onlara söykənmədən gələcəyi heç bir şəkildə görmək (qurmaq) mümkün deyil. Biz bu gün milli köklərə sadiq, müasir dövrün tələblərinə uyğun bir nəsil formalaşdırmalıyıq. Bunun üçün də qeyd olunan gənclik (gənc nəsil) yeniləşən dövrün tələblərinə uyğun formalaşmalıdır. Əks halda dünya ilə rəqabət aparmaq mümkünsüz olar. Artıq bu gün dünyada beyin savaşı gedir. Bu savaşlarda texnoloji yeniliklərdən düzgün şəkildə istifadə edənlər hər zaman öndə olur. Cəmiyyətimizə milli düşüncəmizə sadiq, müasir dövrün tələbələrinə uyğun yetişmiş bir gənclik lazımdır. Bu, artıq müasirləşən dünyanın tələbidir. Əgər ki, biz də bu rəqabət meydanında özümüzü görmək istəyiriksə, o zaman onun da tələbələrini yerinə yetirə bilən bir nəsil formalaşdırmalıyıq.
  • Biz daha çox müasirik, yoxsa yabanı?
  • Burada yabanının nə mənada soruşulmağını bilmirəm (gülür). Ancaq biz dünyanın ən düzgün şəkildə irəliləyən müasir xalqlarındanıq. Bizim məhz müasirliyimizin də əsası elə zəngin keçmişimizlə, mədəniyyətimizlə, milli-mənəvi dəyərlərimizlə bağlıdır. Bu millətin zəngin keçmişi Orxon abidələrindən başlayaraq günümüzə qədər davam etmişdir və etməkdədir. Tarixin hər bir dövründə Azərbaycan istər Türk dünyasında, istərsə də bütün dünyada hər zaman görkəmli şəxsiyyətləri ilə seçilib.
  • Dil bir xalqın ən qədim tarixi və milli dəyəridir. Dilimizin qorunması sizi qane edir?
  • Filoloq olduğum üçün bu sualla bağlı çox geniş danışa bilərik. Ancaq konkret cavab verərək deyə bilərəm ki, əlbəttə, qane edir. Dilimiz qorunmasaydı, ən qədim yazılı abidələrimizin söz varlığında (lüğət tərkibində) işlənən sözləri bugünkü dilimizdə işlənməzdi. Dünyada bu xüsusiyyətləri özündə daşıyan başqa ikinci belə bir dil yoxdur. Xüsusi bir məsələni vurğulamaq istərdim: Azərbaycanda dil məsələsi hər zaman dövlət siyasətinin prioritet istiqamətlərindən olmuşdur. Hətta rus və ingilis təmayüllü tədrisdə belə Azərbaycan dili tədris olunur. Dil hər bir millətin milli kimliyidir. Ona qarşı həssaslıqla yanaşmaq, ondan düzgün istifadə etmək lazımdır, bu bizim vətəndaşlıq borcumuzdur. Bunun tək yolu var: o da intellekt səviyyənin inkişaf etdirilməsi. Kitab oxumaq, kitab oxumaq, kitab oxumaq.
  • Uşaqları kompüter kimi pis vərdişlərdən necə uzaqlaşdırmaq olar?
  • İndiki dövrdə uşaqları kompüterdən uzaqlaşdırmağa nə ehtiyac var ki? Bütün dünya kompüter texnologiyasının ən son elmi yeniliklərindən istifadə edir, biz isə onları kompüterdən uzaqlaşdırmaq istəyirik? Əksinə, uşaqları tədrisin elə birinci sinfində kompüter texnologiyasına yönləndirmək lazımdır. Əgər sualın içində pis vərdişlər nəzərdə tutulursa, burada valideyn-övlad və şagird-müəllim münasibətlərinə diqqət etmək lazımdır. Məsələnin kökü burdadır. Düzgün tərbiyə, düzgün istiqamətləndirmə və tədris… Yoxsa kompüterdən uzaqlaşdırmaqla heç nəyə nail olunmaz. Qadağaları ifrat dərəcədə tətbiq etdikcə qadağalara qarşı sevgi də yaranmış olur. Burada diqqət edilməli əsas məqam düzgün yönləndirmədir.
  • Toplumun elmə marağından razısınız?
  • Əlbəttə ki, razıyam.
  • Gənclərdə özgüvən hissi hansı həddə olmalıdır?
  • Birmənalı olaraq ən yüksək həddə olmalıdır. Yuxarıda qeyd etdiyimiz kimi, burada valideyn-övlad və tədrisin böyük rolu var.
  • Mükafat uşaq və gəncləri arxayınlığa aparır, yoxsa uğura?
  • Əlbəttə ki, uğura. Bunu əyani olaraq öz övladım üzərində görmüşəm (gülür).
  • Qadağalar necə?
  • Bu məsələ də çox genişdir. Qadağalar olmalıdır, əlbəttə ki… Ancaq ilk növbədə münasibətlər müəyyən edilməlidir. Bu münasibətlərdən və yanaşmalardan asılı olaraq qadağalar və qeyri-qadağalar öz yerini tapacaq. Ünsiyyət çox böyük rol oynayır. Onu etmə, bunu etmə deməklə olmur bu işlər… Bu qadağaların “fəlsəfəsi” düzgün izah olunmalıdır. Valideynlərin üzərinə burada çox böyük məsuliyyət düşür. Çünki valideyn qadağa etdiklərinə ilk olaraq özü əməl etməlidir. Bu çox ciddi bir məsələdir. Valideyn dominantlığından irəli gəlməməlidir.
  • Yeni nəsli keçmişə bənzətmək istəyi düzdür?
  • Qəti şəkildə yox. Hər dövrün öz tələbləri və reallıqları var. Amma, əlbəttə, keçmişimizi dərindən öyrənmədən gələcəyimizə yol ala bilmərik. Keçmişdən dərs çıxarmaq lazımdır.
  • Milli dəyərlərin qorunmasında coğrafi prinsip rol oynayır?
  • Dəyərlər qorunursa hər yerdə qorunur. Bunun üçün coğrafi ərazinin və məkanın fərqi yoxdur. Təbii ki, kənd mühiti ilə şəhər mühiti eyni deyil. Ancaq bu fərqliliyə milli dəyərlər aspektindən baxmaq dügün deyil.
  • İndiki gənclər daha çox elmə, yoxsa “biznes”ə önəm verir?
  • Artıq dünya praktikasında elmlə təhsil qarşılıqlı əlaqədə inkişaf edir. Biz də bu gün Azərbaycanda bu modeli formalaşdırmalıyıq. Ancaq bu gün gənclər daha çox “biznes”ə üstünlük verir. Bunun həm obyektiv, həm də subyektiv səbəbləri var. Onu deyə bilərəm ki, hazırkı gəncliklə bağlı çox ümidliyəm və Azərbaycanımızın böyük və işıqlı gələcəyində gənclərimizin rolu müstəsnalıq təşkil edəcək.
  • Bu potensial nədən irəli gəlir?
  • Dünya texnologiya dünyasıdır. Hər gün yeni-yeni informasiyalar əldə edilir. Bizim burada əsas məqsədimiz innovativ dəyərləri, bilikləri praktik həyata tətbiq etməkdir. Bizim gəncliyimiz dünya ilə rəqabət apara biləcək gücdədir. Bu gün ABŞ ordusunda (dəniz quvvələrində), Sinqapur Universitetlərində, Yaponiyada bir çox sahələrdə çalışan gənclərimiz var (şəxsən tanıdıqlarım).
  • Dünyaya çıxışın, inteqrasiyanın millilikdən qopma təhlükəsiylə nəticələnməməsi üçün nə etmək lazımdır?
  • Bəli, burada bəzi məsələlərdə çox diqqətli olmaq lazımdır. Elmi-texnoloji yeniliklərdən çox düzgün istifadə olunmalıdır, bunun praktik həyatda tətbiqinə həssaslıqla yanaşmaq lazımdır. Ancaq düşünmürəm ki, inteqrasiyaya meyillənmə milli-mənəvi dəyərlərdən uzaqlaşmağa səbəb olsun. İnteqrasiyaya meyillənmə zamanı dəyərlər düzgün aşılanmalıdır. Əgər uşaqlara, yeniyetmələrə, gənclərə ailədə, məktəblərdə, universitetlərdə düzgün maarifləndirmə tədbirləri layiqincə izah olunsa, düşünmürəm ki, qeyd olunan məsələlərdə hər hansı xoşagəlməz hallar yaşansın.

Ramilə QARDAŞXANQIZI

Şərh Yaz