Ramilə Qardaşxanqızı: “Gənclər sabaha hazırlıq prosesində fəal iştirak etməli, öyrənməli, gələcəyi idarə etməyə hazır olmalıdırlar” » Hərbiand

Son Dəqiqə:

Ramilə Qardaşxanqızı: “Gənclər sabaha hazırlıq prosesində fəal iştirak etməli, öyrənməli, gələcəyi idarə etməyə hazır olmalıdırlar”

MİLLİ MƏNLİK ŞÜURU XALQIN GENETİK KODU İLƏ BAĞLIDIR

Yaşanan uşaqlıq illəri bir insanın sonrakı həyatı üçün yol göstərir, istiqamət təyin edir. Gənclik isə qocalığa azuqə, sovqat toplamaq üçün ən münbit dövrdür. Təbii ki, uzun və ya qısa yaşamaq bu məqamda söz haqqına malik deyil. Çünki qismət deyilən bir həqiqət də var. Ona görə də, hər kəs dünyaya gətirdiyi körpəni yaxşı gəncliyə hazırlamalıdır ki, dünya qocaların gözündə solmasın. Böyüyü-kiçiyi həmrəy olan cəmiyyət isə digərlərindən fərqlənər. “Gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hislərinin tərbiyəsi” mövzusunda bu həftə mən özüm danışacağam.

 

 

           Bütün cəmiyyətlər yaxşı bilir ki, dünyaya gələn hər körpənin beyni ağ lövhə kimidir. Ailə və fərd olaraq o lövhəyə nələri həkk ediriksə, gələcəkdə həmin lövhədə yazılanları bütöv bir toplum, cəmiyyət olaraq hərfbəhərf oxumağa məcburuq. Yapon alimləri də belə düşünür. Onların fikrinə görə, beş yaşına qədər öyrəndiklərimiz bizim həyat tərzimizi təyin edir. Bu durumda təbii ki, valideynlər qədər tərbiyəçilər də şəxsiyyətin formalaşmasında məsuliyyət daşıyırlar.
Amerikalı rejissor Petrik Rid Consonun filmi olan “Körpə gəzintidə” (Baby’s Day Out) filmi maraqlı ekran əsəridir. Filmdə doqquz aylıq körpə Bink dayəsinin ona oxuduğu şəkilli kitabın qəhrəmanına çevrilir və kitabda gördüyü yerlərə gedir. Bundan xəbər tutan dayə kitaba əsasən uşağın harada olduğunu anlayır.
Odlar yurdu adlanan bu diyarın əsilli-nəsilli davamçıları olsaq da, dövrlə ayaqlaşmaqda dünya təcrübəsindən də yararlanmalıyıq. İndiki halda isə vəziyyət acınacaqlı deyil. Günümüzün intellektual valideynləri çoxalır və uşaqlara erkən yaşdan yaxşı vərdişlər aşılanır. Milli kökə sadiqlik də görsənir. Təxminən bir-iki il əvvələ qədər valideynlərdən narazılıq edirdim, dövrün uşaqlara düzgün aşılanmadığını düşünürdüm. Zamanla fikrim dəyişməyə başladı. Dövrümüzə görə düzgün istiqamətləri tanıyan və yaxşı tərbiyəçi olan valideynlər çoxalır.
Bu gün texnologiya dövrüdür və dövrün yetişdirdiyi, keçmiş nəsillərdən geri qalmayan, zəki və hardasa təhlükəli nəsil formalaşır. Yeni nəsil zəmanəmiz qədər həddən ziyadə sürətlidir. Sürət isə hadisələrin keçmiş fonunu yeniləyir, yüz ölçüb bir biçmək anlayışını köhnəldir. Bu məqamda xeyirlə şərin qardaşlıq hissi güclənir. Deməli, yeni nəsil həm iradəli, həm də hər növ hadisələrə cavab verəcək qədər güclüdür.
Bir saatı ikiyə, sonra dördə böləndə ilk on beş dəqiqənin xərclənmə prosesi sonrakı dəqiqələrin nə dərəcədə bəhrəli olmasını təyin edir. Eyni bunun kimi indiki nəslin necə yararlı olması və ya olmaması uşaqlarda erkən yaş dövründə özünü göstərir.
İctimai yerlərdə gənclərin davranış qaydaları pis görsənmir, ancaq o zamana qədər ki, onları qıcıqlandıran hallar baş verməsin. Əgər baş verərsə, yaşından, vəziyyətindən asılı olmayaraq məsələnin sonu münaqişə ilə tamamlanır. Aqressiya və eqoizmi özündə cəmləşdirən gənclər dövrün təhlükəli məqamları ilə tez-tez üzləşir. Orta yaşını keçmiş insanları hardasa anlayırıq, elə erkən keçid dövrünə çatanları da. Sadəcə ən pisi budur ki, indiki zəmanədə keçid dövrü keçib getmək bilmir.

 

Vətənpərvərlik təlim-tərbiyə ilə cilalanır

 

Gənclik insan həyatı üçün önəmli hesab olunan yaş dövrüdür və nəinki bu günün, bütün dövrlərin gəncliyi özündə böyük potensial daşıyıb. Keçmişimizi dana bilmərik, biz kökü dərinə işləyən ən qədim millətin davamçılarıyıq. Gənclik dinamika, həssaslıq, cəsarət, coşqunluq və potensial deməkdir. Gəncsənsə, demək güclüsən, istədiyini əldə etməyə qadirsən və potensiallısan. Milli mənlik şüuru xalqın genetik kodu ilə bağlıdır və bu bağ hər an təzələnən, hər zəif təkanda qırılan bağ deyil, nəsillərdən-nəsillərə ötürülən yaddaş bağıdır. Azərbaycan xalqının son 20-30 ilin keşməkeşi bunu bir daha təsdiq etdi və bu günkü gənclik də bu intellektual məhsulu, milli mənlik şüurunu daşıyır. Bunu öz intellekti, davranışı, vətənpərvərliyi ilə göstərir. Bu gün Azərbaycanı dünyaya tanıdan neçə-neçə fəxr ediləsi gənclərimiz var. Gənclərimiz bütün sahələrdə aktivdir.
Vətənpərvərlik elə bir hissdir ki, təlim-tərbiyə ilə cilalanır. Yəni insanın daxili aləmindən, düşüncəsindən başqa, böyüyüb boya-başa çatdığı mühitdən də çox şey asılıdır. Almazın necə brillianta çevrilməsini yəqin ki, bilməyən yoxdur. Biz azərbaycanlılar da yurda, elə bağlı adamlarıq. Həmişə çalışırıq ki, uşaqlarımız el-oba, cəmiyyət üçün yararlı fərdlər olsun. Çalışqan, ictimai aktiv olan gənclər də elə bu səbəbdən vətənpərvərlik hislərindən xali deyil, əksinə bu anlayış onlarda daha güclüdür. Buna sübut olaraq, 2016-cı ilin aprel döyüşləri zamanı gənclərimizin göstərdiyi şücaəti nümunə vermək olar. O zaman nəinki cəbhədə döyüşən gənclər, hətta əli silah tutan bütün gənclər səfərbər olmuşdu. Bu da bir millət olaraq bizim üçün çox önəmli, qürurverici amillərdəndir. Artıq 2018-ci ilə qədəm qoymuşuq, amma o anların təsiri bu gün də gənclərin üzərindədir.

 

Bir azərbaycanlı kimi bu tarixi öyrənməyə və öyrətməyə borcluyuq

 

Azərbaycanın ayrılmaz hissəsi olan Dağlıq Qarabağ zəngin bir tarixdir ki, bu tarixi hər an uşaqlara xatırlatmaq, həmin torpaqlara dikilən bədnam gözlər sayəsində xalqımızın əsrlər boyu başına gətirilən faciələri tarixi dəlillərlə tədris etmək lazımdır. Çünki işğal altında qalan torpaqlarımızı bu gün ziyarət etmək haqqından məhrumuq və bu da o deməkdir ki, yetişən nəsil sadəcə nəzəri bilgilərlə kifayətlənmək məcburiyyətindədir. Çox təəssüf ki, bu gün tariximizin bax belə həqiqətlərilə barışmalıyıq, ancaq unutmamalıyıq ki, işğal altında qalan torpaqlarımız tezliklə azad olunmalıdır. Yəni biz hər birimiz bir azərbaycanlı olaraq tariximizi öyrənməyə və öyrətməyə borcluyuq. Çünki işğal altında qalan torpaqların, millətin və dövlətin gələcək taleyi bu gün yetişən gənclərdən asılıdır. Bu günün şagirdi, yeniyetməsi sabahın gənc əsgəridir. Unudulmaz şairimiz Məmməd Araz demişkən – “Vətən daşı olmayandan olmaz ölkə vətəndaşı!”

 

Sağlam bədən, sağlam ruh

 

Bədən-ruh, maddi-mənəvi, dünya-axirət tarazlığının qorunması vacibdir. Çünki müasir düşüncə sahibi bu hislərdən məhrum olmalı deyil. Maddi-mənəvi, dünya-axirət tarazlığı insanın öz hislərinə nəzarət etməsində, hərəkətlərini nizamlamasında, digər insanlarla ünsiyyətində yardımçı olur. Bir sözlə, bu tarazlıq insanın özünü insan kimi hiss etməsinə, psixoloji aləminin rəvanlığına kömək olur. Gənclik sabah deməkdir. Gənclər sabaha hazırlıq prosesində fəal iştirak etməli, öyrənməli, gələcəyi idarə etməyə hazır olmalıdırlar. Başqa cür zamanın sürətli axınında baş çıxara, verilən qərarların düzgün hədəfə çatmasına nail ola bilmərik.
1997-ci ildən 2 fevral Gənclər günü dövlət tərəfindən müəyyənləşib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin siyasətinin əsas qollarından biri və mühüm olanı ölkənin mənafeyi naminə gənclərin potensialından istifadə olunmasıdır. Gənclər bu gün bütün dövlət orqanlarında təmsil olunur, onlara üstünlük verilir və onlar da cəmiyyətin inkişafına öz töhfələrini verirlər. Gəncliyimizin amalı, istəyi uğurlu sabaha nail olmaq, düzgün yolla irəliləməkdir. Azərbaycan gəncliyi pis vərdişlərdən uzaq, böyük-kiçik yeri biləndir, ancaq o halda ki, yuxarıda da qeyd etdiyim o qara qüvvəni, eqoizmi, aşırı aqressiya hissini özlərindən kənarlaşdıra bilsinlər.
Cəmiyyət öz gəncinə, sabahına sahib çıxmalıdır, necə ki, bu gün bu gəncliyin pik nöqtələrdə dayana bilməsi üçün dövlətimiz tətikdə dayanıb. Göstərilən qayğının nəticəsi olaraq Azərbaycan gəncliyi bütün sahələrdə aktivdir. Bu qayğı ilə irəliləyən gənclik vətənpərvər və sivil dünyanın adamı olmaqdan yayına bilməz. Uşaqlarda olan millilik anlayışının güclənməsi üçün hər sahədə bu vahidlik qorunmalı, kompleks iş aparılmalıdır. Tarixi keçmişimiz, görkəmli şəxsiyyətlər, qan yaddaşımız, Azərbaycanın mədəniyyəti, adət-ənənələri, millikultural dəyərləri geniş təbliğ olunmalıdır.
Müharibəni canlı yaşayanlardan olduğuma görə, qeyd edim ki, uşaqlarda müharibə anlayışını nə insan faktoru ilə, nə də qan-qada ilə müqayisə edərək formalaşdırmaq olmaz. Bu, uşaqların psixoloji aləminə mənfi təsir edir, onlarda özünəinamı zəiflədir, düşmənə nifrət hissini hardasa qorxu ilə əvəzləyir. Hərbi vətənpərvərlik ruhunu yüksək səviyyəyə çatdırmaq üçün qələbə anını yetişdirmək, o anı yetişdirmək üçün isə aprel döyüşləri zamanı igidlik, cəsarət və əsil qəhrəmanlıq göstərən Lələtəpə fatehlərini hər gün yetişdirməliyik.

 

 

Ramilə QARDAŞXANQIZI

Şərh Yaz