İNSAN KİMDİR? » Hərbiand

Son Dəqiqə:

İNSAN KİMDİR?

Məni kimdənsə soruşma: “O, kimdir?”. Kim məni sənə təqdim edə bilər özüm kimi? Məni məndən soruş, deyim ki, mən İNSAN olmaq istəyən ADAMAM. Deyim ki, özündə qorxunu öldürüb daxilən azad olmuş varlığam. Deyim ki, təkcə əqidəmdən asılı olduğum dərəcədə müstəqiləm və elə ona görə də hər an vicdanımla üz-üzə qala bilirəm. Özümdən asılılığım mənə dünyadan, cəmiyyətdən, şəraitdən, mühitdən, zamandan üstün olmağa imkan verir. (Eluca Atalı)

Eluca Atalı (Hüseynova Mədinə İxtiyar qızı) 19 noyabr 1966-cı ildə Azərbaycan Respublikasının Neftçala rayonunun Xolqaraqaşlı kəndində anadan olub. Asif Ata Ocağının Övladıdır, Asifçilik əqidəsinə sahibdir. Bakı Dövlət Universitetinin kitabxanaçılıq fakültəsini bitirib və “Azərbaycanda kitabşünaslıq: yaranması, inkişafı, müasir mərhələ və perspektivləri” adlı namizədlik dissertasiyasını  müdafiəyə hazırlayıb. Ədəbiyyata yeni – fəlsəfi-bədii-miniatür janrını gətirib. Onun bu janrda, həmçinin hekayə, esse, mənsur şeir, publisistika janrlarında yüzlərlə əsəri öz vətənində və xaricdə çap olunub və başqa dillərə tərcümə edilib.

“Adamdan üstün” (Azərbaycan dilində), “Paşa Qəlbinur biblioqrafiyası”, “Atillanın açıq pəncərəsi” (rus dilində), “Qum üstündə sərçələr”, “Milli monoloq”, “Gecikmiş oyuncaq”, “Bir udum azadlıq”,  “Kərküklülər – təklənmiş türklər” siyasi məqalələr toplusu, “Atlara güllə atmayın”, “Azadlıq hekayələri”, “Tiqranizm Xocalıda”, “Özünü gətir” özbək dilində, “Yad dildə azadlıq nəğməsi” Amerikada kitabları çap olunub. “Qız və quzğun” povestini, “Salam, eşq”, “Müharibədə qalib yoxdur” romanlarını və “Ağ gəminin kapitanı” uşaq romanını yazıb. “İran hizbullah zindanında” Xomeyni və xomeynizmin iç üzünü aşkarlayan, ifşa edən roman üzərində işləyir. Bundan əlavə, ictimai-siyasi mövzuda olan məqalələri ilə mətbuatda müntəzəm olaraq çıxış edir. Hazırda İsveçdə yaşayır, evlidir, işləyir, bədii yaradıcılıq və jurnalistika ilə ciddi  məşğuldur. Həmsöhbətimiz Eluca Atalı ilə olan müsahibəni “Hərbi And” oxucularına təqdim edirik.

  • Zəhmət olmasa, bədii yaradıcılığınız haqqında geniş məlumat verin.
  • İlk şeirimi 12 yaşında olarkən yazmışam, mövzusu Azərbaycan təbiəti ilə bağlı idi. Atam da şeir yazırdı, ona görə ona verdim ki, oxuyub rəy bildirsin. Atam oxuyub fikir bildirənə qədər özümdən çox razı idim. Lakin atamın rəyi məni göydən yerə çırpdı: “Şeir deyil, amma nəyəsə oxşayır!” – cümləsini eşitməyə hazır deyildim. İndiyə qədər hələ də bilmirəm, o şeir olmayan yazım nəyə bənzəyirdi. On il şeir yazdım, gözlənilmədən nəsrə keçdim və ilk nəsr əsərim olan “Ən şirin şey” alleqorik hekayəm “Ulduz” jurnalında çap olundu. Asif Ata hekayəm haqqında yüksək fikirdə olaraq mənə yeni janr yaratmağımı tövsiyə etdi. Yaratdım, adını isə Ata qoydu: fəssəfi-bədii-miniatür janrı. O zaman Ata mənə belə bir fikir söylədi: “Bu janrı sən başladın, indi sən yazırsan, amma beş-altı ildən sonra bu janrda yazanlar tapılacaq”. Bir neçə il yazılarım geniş şəkildə yayımlanmadı, çünki çoxları mənim ədəbi formamı qəbul edə bilmirdi. Amma bu gün bu janrda bir neçə kitabım yayımlanıb, həm də tək ana dilində yox, digər dillərə də çevrilib. Ümumi halda desək, bundan başqa ədəbi, publisistik və elmi janrda yazıram. On doqquz kitabım yayımlanıb, hazırda Qarabağ savaşından bəhs edən “Müharibədə qalib yoxdur” romanı üzərində çalışıram. Keçən ay isə “Salam, eşq” adlı romanımı bitirdim. Bədii yaradıcılığımla bağlı tez-tez müxtəlif universitetlərdə konfranslar verirəm. Ocaq həyat tərzindən irəli gələn “Əllidən iyirmi altıya” ədəbi-fəlsəfi proyektini hazırlayıb ilk dəfə olaraq Qırğızıstanın Manas universitetində təqdim etdim. Bu proyekti təkmilləşdirib dünyanın hər yerinə yaymaq kimi böyük arzum var. Burada insanın özünü yaratması üçün yola necə və haradan başlaması, mənzilə necə çatması kimi yol şərh edilir.
  • Daha çox hansı istiqamətdə yazmağa üstünlük verirsiniz?
  • Daha çox insanlıq yönündə yazmağa üstünlük verirəm. Asif Ata fəlsəfəsi əsasında “insan kimdir?” sualını bədii formada şərh etmək istəyirəm.
  • Kitablarınız haqqında məlumat verərsiniz.
  • Əsərlərimdə tarixi mövzulara üstünlük verirəm, əsasən də son illər daha çox tarixilik yönünə meyilli olmuşam. Bu da həqiqəti üzə çıxarmaq iddiamdan irəli gəlir ki, tarixdən fakt kimi istifadə edərək doğru olanı göstərməklə gələcəyi müəyyən etmək çətin olmasın. Mövzuya aydınlıq gətirməkdən ötrü son “Tiqranizm Xocalıda” kitabımı götürək, ilk səhifəsindən sonuna qədər tarixi olaylar, faktlar gerçəklikdən alınıb. Gerçəklik əsasında gələcəyi təyin etməyə çalışmışam. Əlbəttə, burada yazar fəhmi, fantaziyası da öz işini görüb.
  • Daha çox hansı müəllifin əsərlərini oxuyursunuz və nümunəvi hesab edirsiniz?
  • İlk növbədə Asif Ata fəlsəfəsini oxuyuram. Bədii əsər kimi Əziz Nesini ən yorğun zamanımda oxuyuram, bütün gərginliyimi azaldan bir yazardır, Svetlana Alekseyevanın əsərlərini ruhən özümə yaxın bilirəm, Q.Q. Markesi, Misir yazıçısı Nəcib Məhbusu, Haruki Murakamini daima oxuyuram. Onlar yeganə yazıçıdırlar ki, əsərlərini təkrar oxuyanda da oradan yeni nəsə öyrənirəm. Sözsüz ki, onların sənətkarlıq xüsusiyyətləri, oxucunu maraq dairəsində əsər boyu saxlamaq bacarıqları məni qane etdiyindəndir ki, onlardan yorulmuram.
  • Sizcə, müasir gənclər hansı mövzuda olan əsərlərə üstünlük verir?
  • Bəşərboyu gəncliyin öz mövzusu olub, yaş dövründən irəli gələrək: EŞQ! Bunu təbii qarşılayıram, çünki onlar özlərini kimdəsə axtarırlar, tapıb özlərini tamamlamaq istəyirlər. Lakin son dövrlər eşqlə paralel addımlayan kriminal mövzu da bu dairəyə qoşulub. Yəqin bu kriminal mövzunun da eşq qədər gözlənilməzliyi özündə birləşdirmək cəhdindən irəli gəlir.
  • Gənclərin milli mənlik şüurunu, vətənpərvərlik hislərini necə formalaşdırmaq lazımdır?
  • Özlərinə inandırmaqla! Bu dəqiqə elə bil ki, bizim gənclikdən özü ilə fəxr etmək duyğusu oğurlanıb. Bir də vətənpərvərlik tək sözlə yaranmır, halla, əməllə yaranan bir işdir bu. Unutmayaq, sözün şəkli var, forması var, o hava deyil ki, uçub gəncliyin içinə girsin. O, eşitdiyi sözün enerjisini öz iç dünyasında hiss etməlidir, hava-su kimi. Onda o gənclik böyüyüb artar, vətən eşqi onu tərk etməz.
  • Bilindiyi kimi, İsveçdə yaşayırsınız, orada Vətənimizlə bağlı daha çox nəyi təbliğ edirsiniz?
  • Azərbaycanımızı, tarixi fəlakət və fərəhlərimizi.
  • Xaricdə yaşayan soydaşlarımızın Dağlıq Qarabağla bağlı fikirləri necədir?
  • Bir mənalı şəkildə Qarabağı azad görmək istəyi hamıda var, lakin əsarətin ömrünün uzanması biz qürbətdə yaşayanlara sonsuz əzab verir. Hər kəsə anlatmaq istəyirik ki, biz Qarabağda tək erməni ilə yox, dünya ilə savaşdıq, həm də əliyalın, ordusuz bir dövlət olaraq. Milli müdafiə dəstələri ilə yurdumuzu müdafiə etdik. Lakin bu gün güclü ordumuz olduğunu daxildəkilər kimi, xaricdəkilər də anlayır və Qarabağ savaşını bizdən soruşan hər kəsə bunu izah edirik.
  • 2016-cı ilin aprel döyüşləri haqqında fikirləriniz bizim üçün maraqlıdır, bu haqda nə düşünürsünüz?
  • O üç günü gecə-gündüz xəbərləri həyəcanla izlədim, sevincdən gözyaşıma hakim ola bilmirdim. Ordumuz hər dəfə qabağa bir addım atanda onların addımını ayaq üstə alqışlayırdım. Bəlkə də, həyatımda yaşamadığım anları – təkrarsız məqamı həmin günlərdə yaşadım. Mənə bir daha aydın oldu ki, özümüzdən savayı kimsəyə bel bağlasaq, uçuruma yuvarlanarıq. Bunu ən çox beynəlxalq təşkilatların Qarabağa münasibətində gördüm. ATƏT-in Minsk qrupunun üzvü olan İsveçin Xarici İşlər Naziri Morqot Vallström həmin anda tv vasitəsi ilə bəyan etdi ki, hər iki tərəfi atəşkəsə çağırmaq üçün barışdırıcı rol oynaya bilər. Olmaz olsun sizin barışdırıcı mövqeyiniz, ikiüzlü siyasətiniz. Siz sakitlik istəyirsiniz, biz də torpağımızı! Həmçinin BBC-nin kadrları nümayiş etdirilirdi, ermənilər Qarabağdan kütləvi şəkildə köç edirdilər. BMT şərh verdi ki, ermənilər yurdlarından didərgin düşürlər, baxmayaraq ki, Qarabağ Azərbaycan torpağıdır, amma ermənilər orada çoxluq təşkil edirlər. Yenə İsveçin STV 4 kanalı 1915-ci il sözdə “erməni soyqırımı”nın fotoların nümayiş etdirdi, sonra Qarabağda irəliləyən tankların üzərindəki Azərbaycan bayrağını böyük ekranda göstərərək ermənilərin Qarabağda çoxluq təşkil etdiyini, amma bu gün Azərbaycan ordusunun onları silahla qorxudub qovduğunu təbliğ etdi.
  • Yaradıcılığınızla bağlı nə kimi planlarınız var? Yeni kitablar, əsərlər gözlənilir?
  • “Müharibədə qalib yoxdur” və “Salam, eşq”  romanlarını, “Bataqlıq” hekayəmi redəktə edib çapa vermək istəyirəm. “Tiqranizm Xocalıda” dramının Azərbaycanda tamaşasının hazırlanması üçün bir sıra işlər gedir, onun üzərində çalışırıq.
  • Yaradıcılığınızda uşaq ədəbiyyatına da yer verirsiniz, bəs balacalara daha çox nəyi aşılamağa üstünlük verirsiniz?
  • Yalanı doğrudan ayırmağı bacarmalarını və təbiətsiz yaşamağın mümkünsüzlüyünü onlara izah etmək istəyirəm. Biz yeni nəsil yetişdirməliyik, ruhu daim bədənini idarə edən, cisimə, gerçəkliyə pərçimlənib kölgəsinin tapdanmasından qorxan gəncliklə sabaha getmək olmaz. Nikbinliyim əsas verir deyim ki, biz ruhlu gənclik yetişdirə bilərik, buna fitri istedadımız və zəhmətkeşliyimiz imkan verir.
  • “Hərbi And” qəzetinin oxucularına tövsiyəniz?
  • Oxuculara ilk əvvəl bildirmək istəyirəm ki, mən bu qəzetdə müsahibə verən təsadüfi adam deyiləm, qəzetin ilk sayından burada əsərlərim yayımlanır, hərbin mahiyyətinə dair müntəzəm məqalələrlə hardasa beş il fəaliyyət göstərdiyim bir mətbu orqanında indi qonağam. Hərbçi olmasam da, hərb sahəsi ilə daima maraqlanıram və hərb tariximizin ən yaxın tarixində – Qarabağ savaşında gedən prosesləri müxtəlif dillərdə xarici oxuculara çatdırmağa çalışıram. Yuxarıda bəhs etdiyimiz kimi, “Tiqranizm Xocalıda”, “Qan içində yananım”, “Müharibədə qalib yoxdur” romanlarım savaşçı ömrünü əhatə edir. Buna görə də hərbin çox çətin, şərəfli, məsuliyyətli bir sahə olduğunu dərk edirəm və istəyirəm oxucularımız da bunu dərk etsinlər. Asif Ata deyir: “Vətən adi daş-kəsək deyil, Vətən müqəddəsləşmiş torpaqdır!”. Bu səbəbdən də hərbçilərimiz adi torpağı yox, müqəddəsgahı qoruduqlarını bir an belə unutmasınlar. Vətənin ağırlığı sizin çiyninizdədir, mənim əzizlərim. Biz yazarlar savaşdan nə qədər yazsaq da, bu sizin əməyinizin əvəzi ola bilməz, biz yalnız və yalnız şərhçiyik, siz isə tarixin yaradıcıları. Həm də söhbətimiz yeni il ərəfəsində olduğu üçün istəyirəm ki, “Hərbi And” qəzetinə arzularımı da bildirim. Arzu edirəm ki, 2018-ci ildə Vətən sərhədləri bütövləşsin, müqəddəsgahımızın hər qarışında öz igid əsgərlərimiz keşik çəksinlər. Bu yolda diziniz bükülməsin, ürəyiniz əsməsin, özünüz ilə fəxr etmək duyğusu heç zaman sizi tərk etməsin!!! Çox istərdim, Qarabağın azadlıq xəbərini ilk dəfə sizin qəzetdən oxuyum. Şuşaya, Xankəndinə bayraq asan oğulu bağrıma basım. Bu xəyal deyil, bu çox yaxın gələcəyimizdə reallaşacaq tarixi hadisə ilə bağlı bir yurddaşın göz önündə sərgilədiyi səhnə ssenarisidir. Yazar kimi özümə arzum, hərbçi oğullarla birgə Xocalıda “Müharibədə qalib yoxdur” romanımın tanıtımın qeyd edim. Son arzum, bütün hərbçilərimizin Azərbaycan tarixini mükəmməl öyrənmələrini sitərdim, onda onlar öz keçmişləri ilə fəxr edə biləcəklər. Həm də tarixdəki səhvlərimizdən dərs almaq, səhvi təkrarlamamaq üçün də yenə tarixi öyrənib ötmək gərəkdir.
  • Zaman ayırdığınız üçün minnətdaram.
  • Xoşdur.

Aytən NAZİMQIZI

Şərh Yaz