İCTİMAİYYƏT VƏ ORDU » Hərbiand

Son Dəqiqə:

İCTİMAİYYƏT VƏ ORDU

Müharibənin, torpaqlarımızın işğalının ağrı-acılarını yaşayanlar “Mən Azərbaycanlıyam!” qürurunu fəxrlə yaşadır. Cəmiyyətin mühüm tərkib hissəsi olan orduya münasibətin səviyyəsi həmişə dövlətçiliyə münasibət kimi anlaşılıb. Vətəndaşlıq mövqeyinə söykənən bu münasibət qarşılıqlı inamdır, qarşılıqlı güvəncdir. Belə bir inam, belə bir güvənc Azərbaycan Ordusunun şəxsi heyətinin mənəvi-psixoloji hazırlığında mühüm amillərdən biri olaraq, yeniyetmələrin, çağırış yaşlı gənclərin vətənpərvərlik duyğularının dövlətçilik baxımından formalaşmasını təmin edir. Orduya sevgi dövlətçiliyə sevgidir. Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiqlədiyi plana müvafiq keçirilən “Xalq ordunun, ordu xalqın dayağı”, “Sənə inanırıq, ölkə rəhbəri, sənə güvənirik, Vətən əsgəri!”, “Qarabağa yaz gələcək!” kimi kütləvi vətənpərvərlik tədbirləri bu münasibətin dönməzliyini təsdiqləyib və hər tədbir əvvəlkinin məntiqi davamı kimi dərk olunub. Ötən ilin sentyabrında Qazaxda keçirilən “Ordum – qürurum, xalqım – dayağım” kütləvi vətənpərvərlik bayramında on mindən çox iştirakçı “Ordum qürurumdur!” deyirdi, ordumuzu təmsil edən yüzlərlə hərbçi “Xalqım dayağımdır!” deyirdi. Ssenarinin söz yükü də, səslənən şeir parçaları da, şair Barat Vüsalın şeirinin mahiyyəti də ictimaiyyətin (xalqın) orduya, ordunun ictimaiyyətə (xalqa) inamının, güvəncinin təsdiqiydi: xalq ordusuna güvənir, ordu xalqın dayağıdır. Sülh danışıqları baş tutmasa, Vətən sevgisini, Vətən sevgisindən rişələnən bu münasibəti döyüş ruhuna hopduran Azərbaycan əsgəri torpaqlarımızı işğaldan döyüşlə azad edəcək.

İctimai rəy vəzifəsindən, cəmiyyətdə tutduğu mövqeyindən asılı olmayaraq bu və ya digər fərdin rəyi ola bilməz. İctimai rəy xalqın mütləq çoxluğunun rəyidir. “Elin gözü tərəzidir” deyimi var. Bu deyim bütün zamanların kəlamı olub. Xalq 1993-cü ilin yayında hakimiyyətdə səbatsızlığı, dövlətçiliyimizin təhlükədə olduğunu gördü – tarixi şəxsiyyət Heydər Əliyevin hakimiyyətə qayıtmasını böyük təkidlə tələb etdi. Dövlətçiliyimiz təhlükədən xilas edildi. Bir daha təsdiqləndi ki, “Sel bir olsa, dağ oynadar yerindən”, bir daha təsdiqləndi ki, “El bir olsa, zərbi kərən sındırar”. Ordu ilə ictimaiyyət arasında münasibətlərin nə səviyyədə şəffaf olduğunu Müdafiə naziri general-polkovnik Zakir Həsənovun müvafiq əmri ilə keçirilən “Açıq qapı” günü kimi gərəkli tədbirlər də təsdiqləyir. “Açıq qapı” günü, adından da göründüyü kimi, ictimaiyyətin ordu mühiti ilə hərtərəfli tanışlığına şərait yaradır. Həmin gün tədbirə gələnlər əskərlərə yaradılmış şəraitlə tanış olur, hərbi hissənin səlahiyyətli zabitləri onların suallarını cavablandırır.

Ötən il hərbi hissələrdən birində “Açıq qapı” günündəydim. Gözləyənlərin həyəcanını da duyurdum, narahatlığını da, baxışlarında çırpınan istəyi də. Tədbir ərəfəsində diqqətimi əskər atasının söhbəti çəkdi: “Qarabağ müharibəsi əliliyəm. Böyük oğlum on, ortancıl oğlum altı il əvvəl xidmət edib. İndi kiçik oğlum hərbi xidmətdədir. O biri oğullarımın xidmət etdiyi dövrdəki şərait hara, bu oğlumun xidmət etdiyi indiki şərait hara? Təbii ki, belə bir ordunun əskəri olmasıyla oğlum da qürurlanır” – tədbirdən sonra bu məzmunda eşitdiyim çoxsaylı fikirlərə istinadən əskər atasının dediyi kəlmələri bütün əskər valideynlərinin timsalında ictimaiyyətin rəyini bildim. Bu qənaətimdə indi də israrlıyam. Tədbir zamanı valideynlər, ictimaiyyətin nümayəndələri, müxtəlif qəzetləri, televiziyaları, saytları təmsil edən jurnalistlər hərbi hissə ilə ətraflı tanış oldular. Necə deyərlər, bağlı qapı qalmadı. Hamı əskərlərin istifadəsində olan silahları, sursatları gördü, hərbi hissənin zabitləri onların istismar xüsusiyyətləri, təyinatları ilə bağlı verilən sualları əhatəli cavablandırdılar. Bu, ordu ilə ictimaiyyət arasında münasibətin səviyyəsinin, ordunun ictimaiyyət üçün qapalı olmadığının təsdiqi deyilmi? Xalq son dörd ildə Azərbaycan Ordusunda həyata keçirilən irimiqyaslı islahatları da görür, onun mahiyyətini də yüksək dəyərləndirir. “TurAz Qartalı-2017” tədbiri başa çatan gün Qarabağ müharibəsi əlili olan qonşumuz Səməd Qasımovla söhbətləşirdik. Qüruru yerə-göyə sığışmırdı: “Bu uçuşları dost da gördü, düşmən də. Dost sevindi, 2016-cı ilin aprelində gizlin-aşkar niyyətinin beli qırılan, azərbaycanlı şahinlərin nəyə qadir olduğunu görən düşmən işğal etdiyi torpaqlardan çıxmasa, onu nə gözlədiyini dərk etdi”. Səməd kişinin düşüncələri ictimaiyyətin düşündüklərinin eynidi.

Əməkdar İncəsənət xadimi, Prezidentin fərdi təqaüdçüsü Abdulla Qurbaninin ssenarisi və rejissorluğuyla keçirilən “Bayrağım – varlığım, bəxtiyarlığım” kütləvi vətənpərvərlik tədbirində iştirak edən ictimaiyyət azərbaycançılıq məfkurəsini dəyərləndirdi. Minlərlə iştirakçı Dövlət bayrağımıza sevginin işığında “Varıq, var olacağıq!” deyirdi. Bu səs düşmənlə təmas xəttində döyüş növbətçiliyi aparan əskərləri də bir boy dikəltmişdi. Onda bir yeniyetmə türk şairi Arif Nihat Asyanın “Bayrağım” şeirini demişdi. Şeirin son misrasını minlərlə iştirakçı təkrarlamışdı: “Haraya sancılmaq istəsən, söylə, səni oraya sancım”. Başqa bir yeniyetmənin “Bayrağımız Şuşada dalğalanmağın təşnəsidir, Şuşada!” harayı meydanı dalğalandırmışdı. Bu kükrəyiş “Böyük Qələbə ərəfəsindəyik!” kimi anlaşıldı. İctimai rəy budur! İctimaiyyətin orduya münasibəti budur: inam, güvənc!..

2016-cı ilin apreli tarixdir. 2016-cı ilin aprelində Azərbaycan Ordusu möhtəşəm qələbə qazandı. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin dediyi kimi, bu döyüşlər ordumuzun gücünü, xalqla ordunun dönməz birliyini təsdiqlədi. Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi plana əsasən, Əməkdar İncəsənət xadimi, Prezidentin fərdi təqaüdçüsü Abdulla Qurbaninin ssenarisi və rejissorluğuyla keçirilən kütləvi vətənpərvərlik tədbirlərindən birini xatırlayıram: “Vətən üçün hər birimiz bir əskərik”. Aprel döyüşləri Azərbaycanın hər bir vətəndaşının Vətən üçün əskər olduğunu – əskərləşməyə qadir olduğunu da təsdiqlədi. Bu təsdiq ictimaiyyət-ordu münasibətinin düsturu deyilmi? Hər şəhid hər birimizin əzizidir. Hər şəhid Müdafiə Nazirliyinin təşkilatçılığıyla dəfn edilir. Ordunun bir əskərinin şücaəti, qəhrəmanlığı düşüncələrə hopur – yaşadılır. Bu, ictimaiyyətin orduya qədərsiz ehtiramıdır. Bu ehtiram xəlqi, milli-mənəvi dəyərlərdən biri kimi hər birimizin mənəvi borcunu müəyyənləşdirir. Bu borc ictimaiyyət – ordu münasibətinin tərkib hissəsidir.

Müdafiə Nazirliyi Mənəvi-Psixoloji Hazırlıq və İctimaiyyətlə Əlaqələr İdarəsinin təkcə Azərbaycan Ordusunun şəxsi heyətinin deyil, yeniyetmələrin, çağırış yaşlı gənclərin də vətənpərvərlik duyğularının formalaşmasında, bu prosesin məzmun və forma baxımından dərinləşməsində müstəsna fəaliyyəti ictimaiyyət – ordu münasibətinin genişlənməsini təmin edir. Bu idarənin təşkilatçılığı ilə keçirilən tədbirlər azərbaycançılıq məfkurəsinin daha əhatəli və məzmunlu yaşarılığına yönəldilir; ictimaiyyət – ordu münasibətində qarşılıqlı inam, etibar, qarşılıqlı güvənc – fəaliyyətin qayəsi belədir. İctimai rəyin dövlətçilik baxımından formalaşmasında Kütləvi İnformasiya Vasitələrinin böyük rolu vardır. Faktın (hadisənin) dövlətçilik mövqeyini nəzərə almaqla ictimailəşdirilməsi jurnalistin vətəndaşlıq borcudur; ictimai rəy, müəyyən mənada, ictimailəşdirilən fakt (hadisə) ilə də bağlı olur. 2015-ci ilin avqustundan sonra yaşanılanlardan fərqli olaraq, 2016-cı ilin aprel döyüşlərində Azərbaycan jurnalistikası peşə borcundan daha çox vətəndaşlıq borcunu yerinə yetirdi. Bununla da ictimaiyyət – ordu münasibəti qazanılan qələbənin tərkib hissəsi oldu.

Müharibə hələ başa çatmayıb. Müharibə torpaqlarımız işğaldan azad ediləndə başa çatacaq. Bu baxımdan ictimai rəy də müharibəaparma vasitəsi kimi orduya olduqca həssas münasibət tələb edir. Fikir səsləndirəndə, fikir yazanda dövlətçiliyin nəzərə alınması bu baxımdan zəruridir. Zəruri olduğuna görə vətəndaşlıq səviyyəsində nəzərə alınır. İctimai rəyə təsir edə biləsi informasiyanın ictimailəşdirilməsi. “Mən azərbaycanlıyam! qürurunu yaşama, yaşatma” missiyasına söykənməlidir. Onda ictimaiyyət – ordu münasibəti dövlətçiliyə sədaqətin tərkib hissəsi olur. Bu gün ictimaiyyət – ordu münasibəti ictimai rəyi Mübarizləşdirib (Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimov), Çingizləşdirib (Azərbaycanın Milli Qəhrəmanı Çingiz Qurbanov). Ona görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev qətiyyətlə deyir: “Azərbaycan güclü dövlətdir və onun güclü ordusu vardır”. İctimaiyyət – ordu münasibətinə yanaşma həssaslıq, əsl vətəndaşlıq mövqeyi tələb edir. Unutmayaq ki, ordu müstəqilliyimizin, dövlətçiliyimizin qarantıdır. Ordumuz Ali Baş Komandanın sərkərdəliyi ilə torpaqlarımızı işğaldan azad edəcək!

Rəşid HÜSEYNOV

Şərh Yaz