Yaponiya Pxenyanda keçirilən hərbi paradı təxribat adlandırıb » Hərbiand

Son Dəqiqə:

Yaponiya Pxenyanda keçirilən hərbi paradı təxribat adlandırıb

Yaponiya hökuməti Pxenyanda keçirilən hərbi paradı beynəlxalq təhlükəsizliyə qarşı təxribat hesab edir.

AZƏRTAC xəbər verir ki, bu barədə bəyanatla Nazirlər Kabinetinin baş katibi Yoşihide Suqa fevralın 9-da keçirdiyi mətbuat konfransında bildirib.

“Bu hərbi texnikanın nümayişi regional və beynəlxalq təhlükəsizliyə qarşı açıq təxribatdır. Biz bununla barışmaq fikrində deyilik”,- deyə Y.Suqa vurğulayıb.

Baş katib, eyni zamanda, Seulun Koreya Xalq Demokratik Respublikası (KXDR) ilə gərginliyin aradan qaldırılmasına yönələn siyasətini də növbəti dəfə tənqid edib.

Y.Suqa deyib: “Pxenyanın təbəssüm diplomatiyasına inanmaq lazım deyil. Şimali Koreyaya qarşı beynəlxalq təzyiqlərə zərər yetirən hərəkətlərdən çəkinmək lazımdır”.

Xatırladaq ki, KXDR paradda yeni nəsil “Xvason-15” qitələrarası ballistik raketini də nümayiş etdirib.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

Şərh Yaz