GƏNCLƏRİMİZ KİFAYƏT QƏDƏR VƏTƏNPƏRVƏR VƏ MİLLƏTSEVƏRDİRLƏR » Hərbiand

Son Dəqiqə:

GƏNCLƏRİMİZ KİFAYƏT QƏDƏR VƏTƏNPƏRVƏR VƏ MİLLƏTSEVƏRDİRLƏR

Azərbaycan xalqı igid, qorxmaz, qəhrəman xalqdır. Təbii ki, bu qəhrəmanlığın əsasını qoyan amil vətənpərvərlik, millətsevərlikdir. Çünki vətənpərvərlik hissi insanda özü ilə bərabər qəhrəmanlıq, fədakarlıq və məğlubedilməzlik hissini yaradır, apardığı mübarizələrdə onda inam hissini artırır, gücləndirir. Bəlkə də, buna görədir ki, tarix boyu xalqımız öz Vətənini göz bəbəyi kimi qorumağa hər an hazır olan igid oğullar yetişdirib. Müstəqilliyimizin ilk illərində canlarını Vətənimizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda fəda edən qəhrəman oğullarımız bunu bir daha sübut etdilər. Bundan başqa, aprel döyüşləri də xalqımızın qəhrəman xalq olduğunun bariz nümunəsidir. Bu qəhrəman oğullarımızdan biri də Azərbaycanın Milli Qəhrəmanı Vahid Quliyevdir. Vahid Quliyevlə olan müsahibəni “Hərbi And” oxucularına təqdim edirik.

  • Zəhmət olmasa, oxucularımız üçün özünüzü geniş şəkildə təqdim edin.
  • Əlbəttə ki, təqdim edərəm. Mən, Quliyev Vahid Həbibullah oğlu 20 sentyabr 1955-ci ildə Cəbrayıl rayonunun Niyazqullar kəndində anadan olmuşam. 1972-ci ildə Zəngilan rayonunda Hacallıkənd orta məktəbini bitirmişəm. Bir müddət Niyazqullar kəndində təsərrüfat işlərində çalışmışam. 1974-cü ildə ordu sıralarına çağırılmışam. Hərbi xidmətimi Özbəkistan Respublikasında və Rusiyanın Obninsk şəhərində keçmişəm və 1976-cı ildə hərbi xidməti başa vurub, Bakı Dövlət Universitetinin fizika fakültəsinə daxil olmuşam. 1981-ci ildə Universiteti bitirərək, təyinatla Laçın rayonunun Fərəcan kəndinə göndərilmişəm. 3 il burada müəllimlik etdikdən sonra Bakıya qayıdıb “Azon” Cihazqayırma Zavodunda mühəndis-texnoloq vəzifəsində işə başlamışam, bir neçə il sonra isə elə burada sahə rəisi vəzifəsində çalışmışam. 1992-ci ilə qədər bu zavodda çalışdıqdan sonra 1996-cı ildə BDU-nun hərbi kafedrasında müəllim, 2000-ci ilin avqust ayından 2002-ci ilin oktyabr ayına qədər Azərbaycan Ali Hərbi Məktəbində baş müəllim kimi fəaliyyətimi davam etdirmişəm. 26 oktyabr 2002-ci ildə isə ordudan tərxis olunmuşam.
  • Döyüş yolunuz haqqında da, zəhmət olmasa, geniş məlumat verərdiniz.
  • 1992-ci ilin avqust ayında Yasamal rayon Hərbi Komissarlığına gəlib könüllü olaraq cəbhəyə göndərilməyimi xahiş etdim. Bundan sonra məni tank əleyhinə alaya zabit kimi qəbul etdilər. O zamanlar ruslar Azərbaycandan çıxmazdan öncə bizim silahlarımızın yaxşılarını gücləri çatdığı qədər aparmışdılar, yerdə qalanlarının da, demək olar ki, hamısını sıradan çıxarmışdılar ki, Azərbaycan əskərləri istifadə edə bilməsin. Mən hərbi hissənin qərargah rəisindən texnikaları açmaq üçün icazə verməsini xahiş etdim. O, icazə verdi və mən silahlara baxdım, gördüm ki, idarəetmə blokunun mikrosixemlərini doğrayıb götürüblər. Mən bunu hərbi hissə komandirinə məruzə etdim və o, göstəriş verdi ki, hərbi hissənin anbarında hər bir maşına aid olan ehtiyat hissə qutularını açıb, oradakı bloklardan çıxarıb gətirək və onları silahlara taxıb işləyib işləmədiyini yoxlayaq. Biz maşını açanda gördük ki, o bloklar da yoxdur, eyni zamanda maşını təmir etmək üçün hazırlanmış xüsusi məlumat kitabçaları da yoxdur. Yəni onları da özləri ilə aparıblar. Beləliklə, biz bir neçə gün oradakı bütün yeşikləri bir-bir açdıq və yeşiklərin birindən təsadüfən həmin blokun birini tapdıq. Onu texnikaya qoyan kimi silah işlədi. Bundan sonra biz yerdə qalan maşınları təmir etmək üçün Bakıdakı zavodlara müraciət etdik, bir neçə gün ərzində digər silahlar da birinci silahın nümunəsinə baxılaraq hazırlandı. Bütün silahlar təmir olunduqdan sonra bizi Bibiheybət dəmiryol stansiyasından Ağdam istiqamətində sınaq atışı keçirməyə göndərdilər. Bir neçə gündən sonra isə bizi atəş mövqeyinə çıxartdılar və təxminən sentyabrın 25-i mən ilk dəfə olaraq Ağdam istiqamətində qoşunlarımıza atəş açan düşmən tanklarının birini vurdum. Bunu rəhbərliyə məruzə etdikdən bir neçə gün sonra məni Bakıya çağırdılar və artıq döyüş təcrübəm olduğunu nəzərə alaraq məni Qubadlı istiqamətinə döyüşə göndərdilər. Bir neçə gün Qubadlının Qaralar kəndində döyüş mövqeyində oldum, daha sonra mən müraciət etdim ki, məni Ermənistan sərhəddində olan başqa döyüş bölgələrinə göndərsinlər və mən bundan sonra Qubadlının Yazı düzündəki Qurbantəpə deyilən ərazisinə köçürüldüm. 31 avqust 1993-cü ilə qədər həmin mövqedə, o cümlədən bir müddət Qubadlı rayonunun Tarovlu, Cibikli ərazilərində gedən döyüşlərdə iştirak etdim. Daha sonra Zəngilan rayonundakı döyüşlərdə təxminən bir həftə iştirak etdim.

Qubadlı döyüşlərində düşmənin 4 ədəd tankını məhv etmişəm. Qubadlının işğalından sonra Bakıya qayıtdım və buradan Ağdam istiqamətinə göndərildim. Ağdamda Zəngişalı, Ağcəbədinin Qiyaməddənli, Yusifcanlı, Qərbənd, Baş Qərbənd, Orta Qərbənd, Çəmənli, Sarıcalı və s. kəndləri istiqamətində gedən döyüşlərdə iştirak etdim. Bu döyüşlərdə iştirak etdiyim müddətdə isə düşmənin xeyli texnikasını və canlı qüvvəsini məhv etmişəm. Beləliklə, xidmətə başlayan gündən atəşkəs elan olunana qədər düşmənin on ədəd zirehli texnikasını sıradan çıxarmışam. Bunun səkkizi tank, ikisi isə PDM olub (piyada döyüş maşını). Eyni zamanda düşmənin 30-dan çox canlı qüvvəsini də məhv etmişəm. Mən 9 oktyabr 1994-cü ildə Ağdamın Orta Qərbənd kəndində atəş mövqeyində olarkən Ümumilli Liderimizin ordu günü ilə bağlı fərmanı radioda səslənirdi (O vaxt ordu günü 9 oktyabr hesab olunurdu) və mən həmin gün radioda “Hərbi qulluqçuların ordu günü münasibətilə təltif olunması haqqında” bu fərmanı dinlədiyim zaman öz adımı da eşitdim. İki gün sonra – oktyabrın 11-də məni Bakıya dəvət etdilər və toplanışda hərbi hissə komandiri Prezidentin Fərmanını mənə təqdim etdi.

Beləliklə, 1992-ci ilin 7 sentyabrından 1994-cü ildə atəşkəs elan olunana qədər və daha sonra yenidən 1996-cı ilin fevral ayına qədər döyüş bölgələrində xidmət etmişəm. 1996-cı ildə artıq məni Bakı Dövlət Universitetinin hərbi kafedrasına müəllim vəzifəsinə təyin etdilər. 2000-ci ilə qədər BDU-nun hərbi kafedrasında müəllim və baş müəllim vəzifəsində çalışdım. NATO sisteminə keçməklə əlaqədar olaraq 2000-ci ildə hərbi kafedralar bağlandı və mən Heydər Əliyev adına Ali Hərbi Məktəbin artilleriya kafedrasına baş müəllim kimi göndərildim. 2002-ci ildə isə həm təqaüd yaşıma çatdığım üçün, həm də səhhətimlə əlaqədar olaraq ərizə yazıb təqaüdə çıxdım. 4 ay müalicə olunduqdan sonra isə Müdafiə Nazirliyinə müraciət etdim və məni Silahlı Qüvvələrin təlim-tədris mərkəzinə göndərdilər, orada da 5 il mülki müəllim kimi fəaliyyət göstərdim. 2007-ci ildə yenidən səhhətimlə bağlı problemlər olduğuna görə, öz arzumla təqaüdə çıxdım. Hazırda təqaüddəyəm. Milli Qəhrəmanları Tanıtma İctimai Birliyinin idarə heyətinin üzvüyəm. Gənclərimizin milli vətənpərvər ruhda tərbiyə olunması üçün məktəblərdə, ali məktəblərdə, təşkilatlarda lazım olan tədbirlərdə iştirak edirəm.

  • Sizcə, gənc nəsildə milli mənlik duyğuları və vətənpərvərlik hisləri necə inkişaf edir?
  • Düzdür, bəzi insanlarda belə fikir formalaşıb ki, gənc nəsil, əsasən, internetlə və əyləncələrlə məşğuldur, amma mən belə düşünmürəm. Gənclərimiz kifayət qədər vətənpərvər və millətsevərdirlər. Bunu 2016-cı ilin aprel döyüşləri göstərdi. Biz bu döyüşlər zamanı şahidi olduq ki, hər bir gənc necə canı dildən və ürəkdən torpaqlarımızın azadlığı uğrunda gedən döyüşdülərdə iştirak etdilər. O cümlədən Azərbaycanın əli silah tutan hər bir vətəndaşı həmin vaxt könüllü olaraq cəbhə bölgəsinə üz tutdu və əksəriyyət gedən döyüşlərdə iştirak etdi. Ona görə də hesab edirəm ki, gənclərimiz vətənpərvərdir. Bu, dövlətimizin apardığı uğurlu siyasətin nəticəsidir və mən hesab edirəm ki, bundan sonra da belə olacaq.
  • Bəs, sizcə, uşaqların və yeniyetmələrin vətənpərvər insan kimi yetişməsində, milli vətənpərvərlik hislərinin formalaşması istiqamətində nə kimi tədbirlər görmək lazımdır?
  • Əlbəttə ki, bu kimi tədbirlərin görülməsində ilk növbədə kütləvi informasiya vasitələri, sosial şəbəkələr böyük rol oynayır. Bundan başqa, ali və orta məktəblərdə, bəzi müəssisə və təşkilatlarda bu istiqamətdə müəyyən tədbirlər təşkil etməklə, həmin tədbirlərə müharibə iştirakçılarını, veteranlarını çağırmaqla, şagird və tələbələri onlarla görüşdürməklə də onlarda vətənpərvərlik hislərini formalaşmaq olar.
  • Ölkə rəhbərliyinin, dövlətimizin müharibə veteranlarına, şəhid ailələrinə, milli qəhrəmanlara göstərdiyi diqqət və qayğıdan nə deyə bilərsiniz?
  • Hamımızın bildiyi kimi, dövlətimiz daima müharibə veteranlarını, şəhid ailələrini və milli qəhrəmanları diqqət mərkəzində saxlayır. Verilən təqaüdlər artırılır, onların sosial şəraitlərinin yaxşılaşdırılmasında müəyyən tədbirlər görülür. Bir sözlə, vətən uğrunda döyüşən qəhrəmanlar və onların ailələri hər zaman dövlətin diqqət mərkəzindədirlər.
  • “Hərbi and” oxucularının əsas hissəsinin əskərlərdən, hərbçilərdən ibarət olduğunu bilərək onlara nə tövsiyə edərdiniz?
  • Hər bir Azərbaycan vətəndaşı vətənini, dövlətini, bayrağını, gerbini və prezidentini sevməldir. Yeri gələndə Vətən uğrunda canından keçməyə həmişə hazır olmalıdır. Mən hesab edirəm ki, Azərbaycan əskərləri bu istiqamətdə tərbiyə olunub və Ali Baş Komandan əmr verəndə də torpaqlarımızın işğaldan azad olunmasında öz sözlərini deyəcəklər.
  • Vaxt ayırdığınız üçün təşəkkür edirəm.
  • Sağ olun

Aytən NAZİMQIZI

 

Şərh Yaz