Təbliğat kampaniyasına start verildi » Hərbiand

Son Dəqiqə:

Təbliğat kampaniyasına start verildi

27 aprel 2018-ci il tarixində Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin (TOHGMİB) ofisində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin maliyyə dəstəyi ilə həyata keçirilən “Əlilliyi olan şəxslərə və sağlamlıq imkanları məhdud uşaqlara diqqət və qayğının artırılması məqsədi ilə təbliğat kampaniyasının təşkili” layihəsi çərçivəsində ilk dəyirmi masa keçrildi.

Dəyirmi masanı Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri və layihə rəhbəri Emin Həsənli açaraq bildirdi ki, bu layihə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin maliyyə dəstəyi ilə həyata keçirilir. Azərbaycanda yaşayan əlilliyi olan şəxslərə və sağlamlıq imkanları məhdud uşaqlara dövlətimizin diqqət və qayğısı ildən-ilə artmaqda davam edir. İlk növbədə bu insanların cəmiyyətə inteqrasiya olunması, onlara bilik və bacarıqlarını üzə çıxarmaları üçün mənəvi-psixoloji dəstəyin verilməsi olduqca vacibdir. Bu işləri isə dövlət qurumları deyil məhz vətəndaş cəmiyyəti öz üzərinə götürməlidir: “Bu gün təqdimatına yığışdığımız layihənin iki başlıca məqsədi var, birincisi dövlətin əlilliyi olan şəxslərə və sağlamlıq imkanları məhdud uşaqlara yönəlik həyata keçirdiyi siyasətin ictimaiyyət arasında təbliği, ikincisi isə əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların həyat səviyyəsini ağırlaşdıran, sosial-psixoloji vəziyyətini çətinləşdirən, cəmiyyətdən təcrid olunmasına gətirib çıxaran halların qarşısını almaq, istedadlı əlil və sağlamlıq imkanları məhdud uşaqları ictimaiyyətə təqdim etməklə onların sosiallaşması və ünsiyyət qabiliyyətlərinin inkişaf etdirilməsinə şərait yaratmaq, eyni zamanda onların şərəf və ləyaqətlərinə, bacarıqlarına və verə biləcəyi töhfələrə hörmət hissi gücləndirməkdir. Biz bu məqsədlərə nail olmaq üçün layihə çərçivəsində dəyirmi masalar keçirməklə yanaşı, kütləvi informasiya vasitələrində məqalə və video materiallar hazırlamağı planlaşdırmışıq. Amma təbii ki, bu dəyirmi masalarda səsləndiriləcək fikirlər bizim tərəfimizdən nəzərə alınacaq və gələcək fəaliyyətimizdə biz bu fikirlərə də istinad edəcəyik. Ona görə də hər birinizi müzakirələrə fəal olmağa dəvət edirəm”.

Daha sonra Ehtiyyatda olan Zabitlər Konfederasiyası İctimai Birliyinin sədri e.o. general-mayor Məmmədhüseyn Sarıyev bildirdi ki, bu cür insanlara diqqət və qayğı daha da artırılmalıdır: “Doğrudur, ölkəmizdə xeyli sayda əlilliyi olan şəxslərlə, həmçinin sağlamlıq imkanları məhdud uşaqlarla işləyən və bu kateqoriyadan olan insanların özü tərəfindən yaradılmış QHT-lər var. Qeyd etmək lazımdır ki, onların da fəaliyyəti dövlətimizin müxtəlif donor qurumları tərəfindən dəstəklənir. Lakin hələ görülməli olan xeyli işlər var”.

Daha sonra isə Azərbaycan Əfqanıstan Veteranları İctimai Birliyinin sədri Məhəmməd Vəliyev vurğuladı ki, dünyanın hər bir ölkəsində əlilliyi olan şəxslər və sağlamlıq imkanları məhdud uşaqlar yaşayır və hər bir ölkədə bu sosial kateqoriyalardan olan insanlara münasibət ilk növbədə həmin ölkələrin sosial iqtisadi imkanları və insan faktoruna verilən dəyərlərlə ölçülür.

Sonra digər dəyirmi masa iştirakçıları çıxış edərək maraqlı təkliflər irəli sürdülər.

Aytən NAZİMQIZI

Şərh Yaz