Azərbaycanda ümumi əhalinin 5,5 faizi əlildir » Hərbiand

Son Dəqiqə:

Azərbaycanda ümumi əhalinin 5,5 faizi əlildir

Bildiyiniz kimi, 03 dekabr Ümumdünya Əlillər Günüdür. Bu qərar BMT-nin Baş Assambleyasında, Rusiya Federasiyasının təşəbbüsü ilə 1992-ci ildə qəbul olunub. Hər ilin həmin günü BMT-yə üzv olan ölkələrdə əlilliyi olan insanların cəmiyyətdəki mövqelərinin daha da möhkəmlənməsinə yönəlmiş tədbirlər təşkil olunur. Biz də “Əlilliyi olan şəxslərə və sağlamlıq imkanları məhdud uşaqlara diqqət və qayğının artırılması məqsədi ilə təbliğat kompaniyasının təşkili” tədbirlərinə start verdik.

Qeyd edək ki, dünyada əlil insanların sayı 1 000 000 000-a bərabərdir. Azərbaycanda isə ümumi əhalinin 5,5 faizi (506 127 nəfər) əlildir. Onların bir hissəsi XX əsrin ən dəhşətli fəlakəti sayılan İkinci Dünya müharibəsinin, Birinci Qarabağ müharibəsinin, erməni soyqırımının və terrorunun nəticəsidir. Amma anadangəlmə əlil olanlar da az deyil. Məhz onlar əhalinin başqa təbəqələri ilə müqayisədə sosial müdafiəyə, mənəvi dəstəyə, humanist münasibətə daha çox ehtiyac duyanlardır. Bu insanlar hətta maddi cəhətdən təmin olunsalar belə, isti münasibət, doğmalardan və yadlardan qayğı, mərhəmət və diqqət umurlar.

Ölkəmizdə də əlillərin sosial müdafiəsinə xüsusi diqqət yetirilir. Onlar mənzil, maşın, əlil arabaları ilə təmin olunur, müxtəlif ölkələrdə dövlət vəsaiti hesabına müalicə və bərpa kursları keçirlər. Əlillərin sosial müdafiəsi ilə bağlı ölkədə həyata keçirilən genişmiqyaslı tədbirlərin əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulub. Ölkədə əlillərin sosial müdafiəsi ilə bağlı dövlət proqramı hazırlanıb. Həmin proqramda əlilliyin qarşısının alınması, əlillərin reabilitasiyası və sosial müdafiəsi haqqında qanunun bütün müddəaları öz əksini tapıb.

Bakıda və regionlarda əlillər üçün reabilitasiya mərkəzləri, protez-ortopedik müəssislərin yaradılması da Ulu Öndərin əlillərin problemlərinə, onların fiziki sağlamlığına göstərdiyi diqqətdən xəbər verirdi. Əlillərin, şəhid ailələri və müharibə veteranlarının sosial müdafiəsinin gücləndirilməsi prezident İlham Əliyevin də diqqət mərkəzindədir. Əlillərin pensiyaları, onlara edilən maddi yardımlar ildən-ilə artır. İlham Əliyevinin xüsusi tapşırığına əsasən, əlillərin evlə təmin olunması istiqamətində böyük işlər görülüb və görülməkdədir.

Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva da əlillərin problemlərini daim diqqətdə saxlayır. Xüsusi qayğıya ehtiyacı olan vətəndaşlara qayğının artırılması Fondun geniş spektrli fəaliyyətinin mühüm istiqamətlərindəndir. Təəssüf ki, bəzən cəmiyyət arasında əlillərə qarşı ögey, aşağılayıcı münasibətə də rast gəlirik. Onların işə götürülməsi, qayğı ilə əhatə olunmaları məsələsində diqqətsizliyə yol veririk. Halbuki əlil insanlara qarşı daim diqqət və qayğı göstərmək sadəcə dövlətin deyil, bir vətəndaş, insan kimi bizim də borcumuzdur. Əlillərlə bağlı müxtəlif layihələrin həyata keçirilməsinə dövlət maraqlı olduğu kimi imkanlı şəxslər də öz xeyirxahlıqlarını əsirgəməməlidir. Xüsusən də əlillikdən əziyyət çəkən körpələrə münasibətdə.

Anadangəlmə qüsurlu doğulanlar, yəni anadangəlmə əlillik və sonradan qazanılan qüsurlar onsuzda həmin insanların şəxsinə və ailələrinə böyük psixoloji zərbədir. Bununla mübarizədə isə onlar tək qalanda müxtəlif yanlış yollara da əl ata bilirlər, hansı ki, bu yolun bəzən intihar olduğu aşkarlanır.

Əslində isə dünyaya necə gəldiyindən asılı olmayaraq, hər bir insan potensial əlildir. Çünki heç birimiz bu təhlükədən sığortalanmamışıq. Ölkədə həyata keçirilən sosial-iqtisadi siyasətin başlıca məqsədi məhz bütün insanların rifahının daha da yaxşılaşdırılmasıdır. Bu, elə ali siyasətdir ki, ölkənin heç bir vətəndaşı ondan kənarda qalmır. Bildiyimiz kimi, sağlamlıq imkanları məhdud gənclər üçün Peşə Reabilitasiya Mərkəzi də yaradılıb, fəaliyyətini davam etdirir və bu sistemin əhatə etdiyi vətəndaşların müdafiəsi gücləndirilib.

Bütün bunlar Azərbaycan vətəndaşının, əhalinin bütün kateqoriyalarından olan insanların rifah halının, sosial müdafiəsinin dövlətin daimi qayğısı olduğunu, həmişə diqqət mərkəzində dayandığını göstərir. Bundan başqa, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin müvafiq əmri ilə “2018-ci ildə əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların sosial müdafiəsi və reabilitasiyası Proqramı” təsdiq edilib. Proqram əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların cəmiyyətə inteqrasiyası, tibbi bərpası, bədən tərbiyəsi və idmana cəlb edilmələri, asudə vaxtlarının səmərəli təşkili üçün kompleks tədbirlərin həyata keçirilməsi, onların sosial müdafiəsinin gücləndirilməsi məqsədinə xidmət edir.

Sənəddə bu istiqamətdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 2018-ci il ərzində görüləcək tədbirlər əksini tapır. Belə ki, proqramda əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyasına şərait yaradılması, onların ölkə daxilində müalicə olunmalarına köməkliyin, sosial-məişət problemlərinin həlli ilə bağlı maddi və sosial xidmət müəssisələrinə texniki yardımın göstərilməsi, əlillik problemi ilə bağlı informasiya təminatının, bu təbəqələrdən olan insanlara diqqət və qayğının artırılması üçün təbliğat kampaniyasının təşkil olunması kimi tədbirlər yer alır.

Sənəddə qeyd olunan insanların asudə vaxtlarının təşkili məqsədilə istirahət zonalarına göndərilməsi, onların cəmiyyətə inteqrasiyasına xidmət edən layihələrin (o cümlədən, eşitmə və nitq qabiliyyəti olmayan uşaqlara surdoloji xidmətlərin, sağlamlıq imkanları məhdud uşaqlar üçün xüsusi proqramlar əsasında idman, incəsənət, xalq sənəti növlərinin öyrədilməsinə yardımın göstərilməsi və s.) həyata keçirilməsi də nəzərdə tutulub. Proqramda əlilliyi olan şəxslər və sağlamlıq imkanları məhdud uşaqlar arasında idman tədbirlərinin təşkil edilməsi, onların beynəlxalq yarışlarda iştirak etmələrinə şərait yaradılması ilə bağlı tədbirlər də əksini tapır.

Eyni zamanda, həmin insanların yaradıcılıq imkanlarının dəstəklənməsi, onların istedad və qabiliyyətlərinin cəmiyyətə təqdim olunması üçün cari ildə də ümumrespublika səviyyəli tədbirin təşkil edilməsi planlaşdırılır. Proqrama uyğun olaraq bu il əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların X Ümumrespublika yaradıcılıq sərgi-müsabiqəsi də keçiriləcək.

Bu günə qədər verilən qərarlar, görülən işlər bizə də stimul verir ki, potensialımızda olan bütün istək və bacarıqlarımızı bərqərar edək, özünə lazımı yer tapa bilməyən bu cür insanlara mənəvi, psixoloji dəstək olaq, onların ictimai mühitə inteqrasiyasını, özgüvən hissini və s. lazımı cəhətlərin bərpasında yardımçı olaq.

 

Bu məqalə “Əlilliyi olan şəxslərə və sağlamlıq imkanları məhdud uşaqlara diqqət və qayğının artırılması məqsədi ilə təbliğat kompaniyasının təşkili” layihəsi çərçivəsində hazırlanıb.

Ramilə QARDAŞXANQIZI

Şərh Yaz