MƏN VƏTƏNİ HAQQ ÜÇÜN DEYİL, HAQQIM OLARAQ QORUDUM! » Hərbiand

Son Dəqiqə:

MƏN VƏTƏNİ HAQQ ÜÇÜN DEYİL, HAQQIM OLARAQ QORUDUM!


Azərbaycan tarixən qəhrəmanlar yurdu, igidlər məskəni olub. Bu torpaq Babəklərin, Cavanşirlərin, Nəbilərin, Koroğluların vətənidir. Belə qəhrəmanlar keçmişdə də olub, bu gün də var, sabah da doğulacaqlar. Son dövrlərin aprel döyüşləri bir daha göstərdi ki, Azərbaycan indi də igidlər diyarı, qəhrəmanlar ölkəsidir. Çünki bu torpaq halal torpaqdır. Kimlərinsə əlindən alınmayıb, kimlərdənsə zəbt olunmayıb. Halal bir torpağın övladları isə qəhrəman olmaya bilməz. Böyük türk şairi demişkən: “Torpaq – uğrunda ölən varsa, Vətəndir!” Deməli, torpağı Vətənə çevirən onun qəhrəman övladlarıdır. Belə qəhrəmanlarımızdan biri də Topçu Əkbər ləqəbi ilə tanınan Əsgərov Əkbər Qurban oğludur.
Əsgərov Əkbər Qurban oğlu 1959-cu ilin 14 may tarixində Ağstafa royonunun Köçəsgər kəndində anadan olub. Təhsilini başa vurduqdan sonra Almaniyaya hərbi xidmətə yollanıb. Hərbi xidmət müddətində göstərdiyi yüksək nailiyyətlərə görə ona Almaniyada qalmağı təklif ediblər, lakin onun cavabı müsbət olmayıb. O, cavabında deyib ki, mənim Vətənim var və Vətən məni gözləyir. Hərbi xidmətini başa vurduqdan sonra Vətənə dönüb. Bir müddət Almaniyada aldığı topçuluq peşəsi üzrə mühəndis vəzifəsində çalışıb. Peşəsini daha mükəmməl səviyyədə bilmək üçün xarici ölkələrə təlimlərə gedib. Eyni zamanda o, bir müddət Rusiyada yaşayıb. O vaxta qədər ki, Vətəni olan Azərbaycanın üstünü qara buludlar alıb. O, buna biganə qala bilməyib, çünki onun daxilindəki vətən eşqi ilə döyünən qəlbi onu Vətənsiz yaşatmazdı. Getdikcə vəziyyət ağırlaşdığı üçün o, Vətənə qayıdıb.
Topçu Əkbər candan şirin olan torpağı qorumaq üçün öz ətrafına könüllüləri yığıb və qəsbkarlara qarşı mübarizəyə qalxıb. Almaniyada hərbi xidmətdə öyrəndiyi topçuluq peşəsi ona hava su kimi gərəkli olub. 11 nəfərdən ibarət könüllülər batalyonuna komandirlik edib. Bu peşənin sənətkarı öz dəqiq və sərrast atıcılığı ilə hücum edən düşmənin sipərinə çevrilib. Hər dəfə həmlələri boşa çıxan nankorlar müxtəlif hiylələrə əl atıblar. Topçu Əkbərin başı üçün pullar qoyulub. Heç bir hədə, heç bir xəyanət, heç bir ardı-arası kəsilməyən hücum ona qalib gələ bilməyib. Torpağın gücü, ətrafındakı adamların sədaqəti, özünün cəsarəti və sayıqlığı onu ölməz edib. Ballı qaya, Qələmçə bulağı, Bala Cəfərli, Köhnə Qışlaq, Tatlı, Köçəsgəri və digər kəndlər, yaşıl dağ yamacları, bulaqları, uluların müqqədəs qəbirləri Topçu Əkbər və onun vətənsevər könüllülərinin sayəsində qorunub, murdar tapdağına qismət olmayıb.
İnsan əbədi deyil, əbədi olan o insanın yaşadıqları, yaşatdıqları, qoyduğu əbədi, unudulmaz izlər, xatirələrdir. Vətən, dövlət, millət, cəmiyyət üçün yaşananlar əbədi ola bilər. Əbədiyyət isə düşüncələrdə, xatirələrdə, tarixlərdə yaşayır. Tarix isə heç bir vaxt unudulmur, silinmir, yalnız və yalnız yaddaşlara həkk olur.
Qızı Əkbərli Rəqsanənin xatirələri: Ata, yoxsa qəhrəman? Hər ikisi də necə qürur verici və fəxarət hissi yaradan ifadədir. Mən çox xoşbəxt övladam, çünki bu ifadənin hər ikisinin məğrurluğunu da mənim qəhrəman atam mənə yaşatdı.
Bəzi xatirələri xatırlamaq üzündə təbəssüm yaradır…
Bəzi xatirələri xatırlamaq ürəyini ağrıdır…
Bəzi xatirələri xatırlamaq səni qürurlandırır…
Bəzi xatirələri xatırlamaq səni məhv edir…
Bəzi xatırələr isə hər gözünü yumduğunda hər dəfə sanki yenidən yaşanır…
Kaş ki, o xatirələr də göz yaşınla süzülüb getsə… Kaş ki, gözünü açdığında yuxudan oyandığın kimi, xatirədən də oyanasan… Amma hislərimiz insan iradəsindən asılı olmasa da, ən azından onları idarə etməyə cəhd etməliyik.
Atam mənim ustadım idi. Ən az mənim atam olan, hamıdan çox öyrəndiyim ilk qəhrəmanım. İndi onun xatirəsinə yazı yazmaq qədər acı heç nə yoxdur. Axı mən onun yoxluğuna heç indi də inanmıram. Amma onun necə biri olduğunu anlatmağın şərəfini yaşayıram. Bu şərəfi belə, ilk olaraq o mənə öz ömür yolu ilə bəxş edib. Ona həmişə minnətdar olmuşam. Çünki o, ömrünü elə yaşayıb ki, başqalarının – tanımadığım adamların dilindən onun necə cəsur, qorxmaz döyüşçü, vətənpərvər insan olduğunu öyrənmişəm. Atasının şərəfli həyatının başqa ağızlarda əfsanələr kimi danışılması bir övlad üçün xüsusi bir şərəfdir. Minnətdaram ki, varlığı mənə məktəb oldu, mən isə o həyatın daimi öyrəncisi.
Mənim atam uca yaradanın bu dünyada göndərdiyi qoruyucu mələyim idi. O, mənim həm dostum, həm sirdaşım, həm də həyat yolumdakı generalım idi. Atam mənim üçün bir ümman, bir dünya idi ki, o dünyada həmişə ruhuma dinclik tapırdım. O, eyni zamanda mənim həmişə insan kimi, şəxsiyyət kimi təqdim edəcəyim qürur yerimdir. Atam həmişə bizlərə bu dünyada dürüst və alnıaçıq yaşamağı öyrədib. Onun arzuladığı və nail olduğu tək bir şey balalarının vətənpərvər, insan kimi, şəxsiyyət kimi dürüst və imanlı olmaları olub. Atam bizlərə həmişə insanlara hörmətlə yanaşmağı öyrədib, təkəbbürlü olmamağı aşılayıb.
Atam haqqında danışmaq ağır olsada, eyni zamanda qürur vericidir. Bilirsiniz, insan oğlunun xislətində yaradılışından ömrünün sonuna qədər belə bir psixoloji hiss mövcuddur: qarşılıq. Daha dəqiq desək, insan bəzən hansısa bir hərəkətinin, sözünün qarşılığında təmənna umur. Müəyyən məqamlarda bu, insanın ən təbii haqqıdır. Amma yeganə varlıq vardır ki, o, təmənnasız olaraq sevilir, ona təmənnasız olaraq xidmət edilir, deyərdi atam. O xidmət Vətənə olan xidmətdir. Onun daim təkrarladığı iki kəlam var idi. Biri onun özünün kəlamı idi: Vətəni haqq üçün qorumadım, haqqım olaraq qorudum. Bəli o, Vətəni haqqı olaraq layiqli şəkildə qorudu və o, Vətəni üçün Vətəni qorudu. Digər kəlam isə ümummilli lider Heydər Əliyevin dediyi kəlam idi: “Düşünməyin ki, Vətən sizə nə edib, düşünün ki, siz Vətən üçün nə etmisiniz”. Atam mənə həmişə deyərdi ki, qızım gözləmə vətən sənin üçün nəsə etsin, sən Vətən üçün etməlisən. Sənin qələmin, sənin təhsilin, sənin elmin sənin düşmənlərə qarşı heç bir zaman susmayacaq silahındır. Çalış, bu silahla sən Vətənini qoruyasan. Mən fəxr edirəm ki, belə vətənpərvər insanın övladıyam.
Həyat yoldaşı Əkbərli Zibeydənin xatirələri: O, içərisində bir çox insani keyfiyyətləri daşıyırdı. Bir fərd kimi tək görünsə də, əslində daxilində muxtəlif missiyaları daşıyan və həyata keçirən bütöv bir şəxsiyyəti təmsil edirdi. O, oğul, qardaş, əmi, dayı, qohum, bir ailənın nümayəndəsi, həyat yoldaşı, ata, baba ən başlıcası isə o, Vətəni qoruyan bir əsgər idi. Bu qədər insanı daxilində saxlayan Əkbər bu misiyaların hamısını layiqincə yerinə yetirməyə çalışıb. İnsan var ailəsi üçün yaranıb, insan var cəmiyyət üçün yaranıb, insan var zamanı üçün yaranıb, insan var Vətəni üçün yaranıb. Narahat təbiətli, məsum baxışlı, saf qəlbli Topçu Əkbər isə həm ailəsi, həm cəmiyyəti, həm zamanı, həm də Vətəni üçün yaranıb. O, yalnız bunu düşünürdü: “Torpaq, o zaman vətən olur ki, onu qoruyasan, uğrunda qan tökəsən”. Vətənə, onun çiçəklənməsinə xidmət etmək, torpağımızı qorumaq bizim vətəndaşlıq borcumuzdur. Bütün gücümüzlə bu cənnət diyarını göz bəbəyimiz kimi qorumalı, onun inkişafı üçün əlimizdən gələni etməliyik. O, həmişə deyirdi ki, bizlər vuruşmalıyıq, Vətəni qorumalıyıq, canımızdan, qanımızdan keçməyi bacarmalıyıq və həmişə övladlarına da bunu aşılayırdı. Şükürlər olsun ki, o, övladlarını da vətənpərvər ruhda tərbiyə etdi. Torpağına, yurd-yuvasına olan sevgisini onların da qanına, canına hopdurdu. Vətən, sadəcə müəyyən sərhədləri olan coğrafi bir məkan deyil, deyirdi. Vətən xüsusi sevgi və hörmətə layiq müqəddəs bir torpaqdır. Biz vətənin suyunu içir, çörəyini yeyir, havasını uduruq. Evimiz, kəndimiz, obamız bu torpaqlardadır. Ata-babalarımız bu torpaqlarda yaşayıb, onu becərib, qoruyub, uğrunda vuruşublar. Onlar qədim torpaqlarımız üçün canlarından keçib, şəhidlik zirvəsinə yüksəliblər.O, “Vətən hamımızındır” deyərdi.
Oğlu Əkbərli Səbuhinin xatirələri: Atam mənim bu dünyada ən çox güvənə biləcəyim tək insan idi. Bir övladın ata ilə, sizcə, xatirələri nə qədər ola bilər? Mənim atamla xatirələrim çoxdur, deməklə, yazmaqla bitməz. Amma onu deyə bilərəm ki, atam Vətəninə, elinə-obasına çox bağlı bir insan idi. O, həmişə “Vətənini qoru, ona bir övlad kimi sahib çıx” deyərdi. Vətən kəlməsi necə də mənalı və dərindir. Deyilişi şirin olduğu kimi, məzmunu, qayəsi də yüksək və hikmətlidir. Biz ana dedikdə Vətəni, Vətən dedikdə anamızı düşünürük. Çünki Vətən də bizə anamız qədər doğma, anamız qədər əzizdir. Ana müqəddəsliyi Vətən müqəddəsliyi, vətən ucalığıdır. Vətən uğrunda canımızdan, qanımızdan keçməliyik, axı o bizim anamızdır. Ananı qorumaq isə hər bir kəsin övladlıq borcudur. Axı biz bu Vətənin övladlarıyıq. İndi başa düşürəm ki, onun dediyi hər bir kəlmədə bir hikmət var və atam Vətənini çox sevirdi. Həmişə döyüşdüyü illəri qürurla xatırlayıb danışardı. Bu gün onun oğlu adını daşımaqla fəxr edirəm. Onun yolunu getməyə də bir Vətən övladı kimi hazıram. Axı mən Topçu Əkbər məktəbi keçmişəm.
Oğlu Əkbərli Talehin xatirələri: Atam örnək götürdüyüm, qəhrəmanlıq simvolum, qürur etdiyim dəyərli varlığımdır. O deyərdi ki, dünyada hər bir qəhrəmanlığın, fədakarlığın, hər bir hünərin və zəfərin anası məsləkdir, əqidədir. Məslək və əqidə isə ilk növbədə Vətənlə bağlıdır. Dünyada insanlığın ən böyük şərtlərindən biri də Vətən sevgisidir. Mən hərbi xidmətdə olduğum vaxtlar atamı bir daha kəşf etdim. Atamın necə cəsur, qorxmaz, vətənpərvər olduğunu onda daha yaxşı anladım. Hərbi xidmət müddətində atam yanıma gəlmişdi. O, mənə “mən bura bir ata olaraq deyil, bir döyüşçü olaraq gəlmişəm” dedi və mənə Vətəni qorumağın sirlərini öyrətdi. Uşaq olanda sevməyi, qorumağı aşılamışdı, lakin bu dəfə atam mənə öyrətdi. Doğma vətənim Azərbaycan müxtəlif fikirli və əqidəli övladları birləşdirən yeganə anadır, – dedi. O ana ki, övladları arasında heç bir fərq qoymur, hamısını böyük məhəbbətlə ağuşuna alır. Bəs Vətən haradan başlanır? – Vətən sərhəddən başlanır. Vətən məndən, səndən, ondan başlanır. Demək, sərhəd dedikdə, mən, sən, o nəzərdə tutulur. Yəni Azərbaycan torpağının üzərinə səpələnən hər bir azərbaycanlı bu torpağın düşmən çəpəri və yaxud sərhədinin keşiyində duran şanlı əsgərdir. Sənin sinən Vətənin aşınmaz qalasıdır, şanlı əsgərim, – dedi. Mən atamı bir daha kəşf etdim. Kəşf etdim ki, Atam Vətən uğrunda döyüşəndə özünü insan olaraq deyil, bir sipər, bir qala, bir şanlı əsgər olaraq düşünüb.
Aytən NAZİMQIZI

Şərh Yaz