Ramilə Qardaşxanqızı: “Bu gün mənim dogma torpağımın, Laçın yurdumun işğalından düz 26 il ötür” » Hərbiand

Son Dəqiqə:

Ramilə Qardaşxanqızı: “Bu gün mənim dogma torpağımın, Laçın yurdumun işğalından düz 26 il ötür”

BİR GÖZÜMÜZ AĞLAYANDA DİGƏRİ GÜLMƏK MƏCBURİYYƏTİNDƏDİR 

Bizim ümumi vəzifəmiz  bir-birimizdə olan vətənpərvərlik, torpağa sədaqət hislərinin güclənməsinə stimul verməkdir. Bu torpağa mənsub olan, havasını udan, suyunu içən hər bir fərd anlamalıdır ki, vətən müqəddəsdir. Bir torpaqdanki yaranasan, bütün həyatını onun üzərində yaşayasan və son mənzilin də onun qoynu, qucağı ola, demək o məkan bizim üçün yeganə cənnətdir. Cənnətə isə şərik qoşulmaz və bütün laçınlılar son mənzilindən məhrum edilib…

Bu gün mənim dogma torpağımın, Laçın yurdumun iğalından düz 26 il ötür. Az deyil, asan deyil, heç dözülən də deyil, amma hər bir laçınlının içində, ürəyində közərən ümid işığı Laçından uzaq yaşaya bilməsinə də səbəb olur.

İlk dəfə çiyinlərimdən məktəbli çantası asılanda 1989-cu il, sentyabrın 1-i idi, 6 yaşım olanda birincilər sırasına qəbul edilmişdim, amma ibtidai sinifi başa vurmamış torpağım mənfur qonşular tərəfindən işğal edildi, qaçqın ststusu ilə yükləndim, düz 26 ildir daşıyıram. Bu il isə mənim oğlum universitetin birinci kursuna başlayacaq. İllər bax bu cür amansız və elə bu cür də başqatan keçir. Vətənsiz bir gözümüz ağlayanda digəri gülmək məcburiyyətindədir. Çünki dünyaya gətirib böyütdüyümüz övladlar da bu vətən üçündür.

Birinci sinifə qədəm qoyanda elə xoşbəxt idim ki, elə bilirdim artıq böyümüşəm,1-ci kursa başlayıram. Bu gün də o hisləri yaşayıram. Xəyallarım təzə, xatirələrim köhnədir. Sanki laçınlı illərimə dönəcəyəm və yenidən 1-ci sinifə gedəcəyəm.

İbtidai sinifi əlaçı bitirdiyimə görə “Uliyin” meşəsinin yanındakı “Üç armud” təpəsinin düz başında mənə yelləncək asacaqdı atam, qismət olmadı. O günlərdən 26 il keçdi və mən indi oğluma söz verirəm ki, doğulduğum torpağı sənə qarış-qarış tanıdacağam. Harda iməkləmişəm, harda ilk addımlarımı atmışam hamısını…

Keçən bu illər ərzində xatirələrim də “daş armud” bitirən o ağacdan yelləncək əvəzi asılı qalıb, amma hələ də arzularımdan vaz keçməmişəm. Vaxt gələcək ki, Uliyin meşəsində yenə əzgil axtaracam, “üç armud” təpəsində yellənə-yellənə dogma kəndimi seyr edəcəm.

Əsas adı Cağazur olan kəndimiz dörd hissədən ibarət idi. “Cağazur, Novruzlu, Çaylı, Kalafalıq. Bizim məhəllə isə kəndin Kalafalıq hissəsində yerləşirdi və çox gözəl idi. O gözəllik müharibə başlanana kimi davam etdi, müharibə məqamında isə tüstülənən kənd, ulaşan itlər, bir-birinə qarışan toyuq-cücə, kükdə qalan hinduşkalar, çölə-bayıra dağılan ev-eşiklər, güllə-borana tutulan VƏTƏNimin toz içində çiçək halı heç vaxt yadımdan çıxmaz.

Qoynunda yaşadığım 8 ilin bircə anı belə yadımdan çıxmayıb və əminliklə deyə bilərəm ki, kəndimiz haqda bu günə kimi heç vaxt, heç kimdən, heç nə soruşmamışam. Ona görə soruşmuram ki, xatirələrimi cəmləyim və hər yeri beynimdə qarış-qarış gəzim. Ona görə xatırlamaq istəyirəm ki, unutmayım və ona görə unutmuram ki, ora mənim doğma vətənimdir.

Bu gün 26 yaşı tamam olan müharibənin dəhşətli başlanğıcı 1992-ci il, 17 mayın qaranlıq gecəsindən 18 mayın zülmət gündüzünə hesablanmışdı. Dağların arası ilə Laçına tərəf irəliləyən kənd əhlinin dəhşət içindən gələn səsi də unudulmazdır. Hamı gücü çatan götürüb ayaqlarını yaşamaq istəyinin arxasıyca sürüyürdü. Bəzən getmək istəmədiyi yerlərə sürünərmiş insan və həyatı kökündən dəyişərmiş.

İçi sadə, saf millətlə dolu rayon güllə-borana tutulmuşdu, hava isə yenicə işıqlanırdı. Meşələrdə əks-səda yayan atışma səsi əsil vahimə yaradırdı. Hər yerdən insan ah-naləsi, zarıltısı, it ulartısı eşidilirdi. Bir yandan həyat zülmətə bələndikcə, bir yandan da yurdun talan olur. O dəhşətli müharibə anını yaşayan insanlar üçün müharibə heç vaxt bitməyəcək. Çünki öz evindən qovulmağın, sırtıq, üzlü və nankor qonşuya inanmağın peşmançılığı, ürəy ağrısı, sızıltısı nə deməkdirsə biz, yəni məcburi köçkün ststuslular daha yaxşı bilir.

Köç maşınlarının üstündə kim necə gəldi özünə yer edib oturur, ana balasını hansı kənd maşınına atırdı heç özü də bilmirdi, təki sağ qurtula biləydi. Müharibədən sağ qurtulanlar həyatlarının qalan hissəsini yaşamağa məcbur olanda da yaşadıqlarını zənn edirmişlər. Biz bunu da anladıq.

Bir dəfə Hindistana gələn amerikalı gənc görür ki, qoca hindli yedəyində gətirdiyi fili nazik kəndirlə balaca bir palma ağacına bağlayıb getdi, fil isə sakitcə palmanın dibində yerə çökdü. Amerikan təəccüblənir və qərara gəlir ki, hindlini gözləyib bu işin sirrini ondan öyrənsin. Hava qaralana yaxın hindli gəlib çıxır, filə yaxınlaşanda amerikan irəli keçir və salamlaşandan sonra söhbətə başlayır. Marağının səbəbini açıqlayıb sirdən agah olmaq istəyini bildirir. Hindlinin verdiyi cavab isə onu sadəcə susmağa vadar edir. “Fili bu palmaya bağlayanda o çox körpə, qorunmasız idi və nə qədər dartınırdısa da ağacı yetindən tərpədə bilmirdi. İndi bu fil böyük olsa da, palma onun gözündə daha böyük qalıb. Buna tale ilə barışmaq deyilir”.

Bu gün bir milyondan artıq qaçqın və məcburi köçkün öz taleyi ilə barışıb. Ancaq güc ilk öncə bir fərdin öz içində yaranır, sonra fərdlərə bölünür və çoxalır. Deməli biz hələ çoxalmaqdayıq. Vətənə çatmağa, taleyimizə düşən bu düyünü çözməyə vaxtımız var.

Laçın, bir az daha səbr elə, çünki biz taleyimizlə barışmadıq, sadəcə böyüyürük…

 

Ramilə QARDAŞXANQIZI

 

 

Şərh Yaz