Rasim Məmmədov: “Aprel döyüşləri zamanı gənc əsgərlərimizə olan xalq sevgisini yada salmaq kifayət edir ki, sözlərimin səmimiyyətinə inanılsın” » Hərbiand

Son Dəqiqə:

Rasim Məmmədov: “Aprel döyüşləri zamanı gənc əsgərlərimizə olan xalq sevgisini yada salmaq kifayət edir ki, sözlərimin səmimiyyətinə inanılsın”

GƏNCLİK DEYİB-GÜLMƏK, SEVMƏK, DOSTLUQ ETMƏK, ŞƏNLƏNMƏK DEMƏKDİR

Necə ki, ana ağlayan körpəsini kiritmək, bir dərdi-azarı varsa, ona şəfa tapmaq istəyir, vətənpərvər də yarıcan Vətənini bütöv görmək, birləşdirmək üçün əlindən gələni etmək istəyir. Çünki Vətən səssiz məfhum olduğuna görə, biraz da körpə bala kimi şirindi. Buna görə də, gəncliyi elə formalaşdırmaq, elə yetişdirmək lazımdır ki, o, vətəninə həm ana, həm də bala olmağı bacarsın. “Gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hislərinin tərbiyəsi” mövzusunda bu həftəki həmsöhbətim sıralarında 90-a yaxın təsisatı – QHT, KİV, sayt və başqa qurumları birləşdirən İctimai Nəzarət Koalisiyası İdarə Heyətinin sədri, Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzi İB-nin I vitse-prezidenti, “Sabitlik və İnkişaf” Mərkəzi İctimai Birliyinin rəhbəri Rasim Məmmədovla olan növbəti müsahibəni “Hərbi And” oxucularına təqdim edirik. 

  • Eyni mövzuda sizinlə ikinci görüşümüzdür, çünki birinci dəfə elə maraqlı cavablar aldıq ki, əlavə suallar yarandı. Gənclərlə mütamadi olaraq ictimai və iş əlaqələriniz var. Sizcə, gənc valideynlər övladları ilə güclü bağı necə qurmalıdırlar?
  • Sizinlə növbəti dəfə həmsöhbət olmaq mənim özüm üçün də olduqca maraqlıdır və buna görə qəzetinizin bütün heyətinə minnətdarlığımı bildirirəm. Sualınız zamanı, İmam Əlinin bir kəlamı yadıma düşdü. Deyir ki, uşaqlarımız bizim yox, zəmanənin övladlarıdır. Qlobal dünyada yaşayırıq, Azərbaycan valideynləri öz övladlarına bir qədər azad seçim imkanı yaratsalar, inanın, gənclərimiz dünyaya ağalıq edərlər. Mən 55 milyonluq  Azərbaycan insanının fövqəlada imkan və qüdrətini, bacarıq və istedadına inanıb bunu deyirəm. Orta əsrlərdə yaşamırıq ki, ailəyə çox möhkəm bağlanıb rayonundan, kəndindən kənara çıxmayasan. İnanın, bizim insan harada yaşamasından asılı olmayaraq hər zaman Vətəninə, doğma elinə, ailəsinə sıx bağlılığını saxlamağı bacarır.
    – Ailədə qadına verilən söz haqqının limiti var?
    Xalqımız tərəfindən qadına verilən yüksək dəyər hər zaman tariximizin qızıl səhifələrini təşkil edib. Tomris, Nüşabə, Məhsəti, Sara xatun, Natəvan kimi tarixi şəxsiyyəti olan xalqıq. Dünyada Azərbaycanı tanıdan I vitse-Prezidentimiz Mehriban xanım Əliyevanın fəaliyyəti göz qabağındadır. Azərbaycan ailəsində qadına kifayət qədər hüquqlar verilib. Yetər ki, bu hüquqlardan sui-istifadə edilməsin. 
    – Qadının ailədə söz haqqı ilə bağlı nə düşünürsünüz?
    Orta məktəblərdə, eləcə də ali təhsil ocaqlarında yüksək qiymətlərlə oxuyanların böyük əksəriyyəti qızlarımızdır. Tibbdə, təhsildə, mədəniyyətdə, dövlət orqanlarında çalışanların əksər hissəsi məgər xanımlarımız deyil?!  Siz başqa Şərq xalqları ilə bizimkiləri müqayisə edin, fərqi aydınca görərsiniz.
    – Gənclərin cəmiyyət anlayışından razısınız?
    – İctimai sektorda könüllülük edənlər məhz gənclərimizdir. Ölkəmizdə keçirilən bütün idman yarışlarının, beynəlxalq forumların, sənət, elm, mədəniyyət, ictimai-siyasi tədbirlərin əsas təşkilatçıları və könüllüləri də gənclərdir. Xarici dilləri gözəl bilən, İKT və yeni texnologiyalara bələd olan gənc oğlan və qızlarımızdır ki, bu da onların cəmiyyətə verdikləri dəyər, ictimai fərd olaraq toplumun inkişafındakı xidmətlərinin göstəricisidir.
    – Əyləncəyə daha çox meyilli olmaları ilə bağlı nə deyə bilərsiniz?
    Normal qarşılamaq lazımdır. Gənclik deyib-gülmək, sevmək, dostluq etmək, şənlənmək deməkdir. Bu yaşda fərdlər özlərini təsdiq etmək üçün, başqalarına göstərməkdən ötrü kütləvi tədbirlərə meyilli olurlar. Sizə kiçik bir sirr açım, elə bizim gənclik çağlarımızda da diskotekalara, konsertlərə, el şənliklərinə toylara meyil güclü idi. İndi də elədir. Əksinə, asosial gənclərimizin sayı artır. Elələri isə xarici və daxili dini təriqətlərin toruna düşüb cəmiyət üçün başağrısına çevrilirlər.
    – Bu günkü gənclik əvvəlki nəsildən daha çox nə ilə fərqlənir?
    – İntellektuallığı, çevikliyi, dünyayaaçılışı, xaricə can atması, çoxməlumatlılığı və yaşlarından çox bilgilərə malik olmasıyla.
    – Gənclərin ictimai-siyasi həyatda yeri və rolu sizi qane edir?
    Bu yaxınlarda keçirilən Prezident seçkilərində həm real həyatda, həm də virtual aləmdə “İlhamla İrəli!” adlı güclü kampaniyanı aparan gənclik bir daha sübut etdi ki, ölkəmizin gələcəyi etibarlı çiyinlərdədir. İctimai Nəzarət Koalisiyasının yüzlərlə gənc könüllüsü simasında deyə bilərəm ki, yeni nəsil nümayəndələri ictimai-siyasi düşüncəmizdə də xüsusi mövqeyə, rola, yerə malikdir.
    – Gəncliyin potensialından bütöv ictimaiyyət xəbərdar ola bilir?
    Bəli. Vaxtaşırı olaraq yazılı və elektron KİV-də, TV-lərdə, yeni mediada, sosial şəbəkələrdə gedən məlumatların monitorinqini apardığımızdan qətiyyətlə deyə bilərəm ki, ictimaiyyətimizdə və ictimai fikrimizdə gənclərə olan etimad, inam, güvən heç vaxt bu qədər yüksək olmamışdı. Aprel döyüşləri zamanı gənc əsgərlərimizə olan xalq sevgisini yada salmaq kifayət edir ki, sözlərimin səmimiyyətinə inanılsın. 
    – Təhsil sistemində yaradılan islahatlardan gənclik yararlana bilir?
    Ali məktəblərə testlə qəbul, Boloniya sistemi, imtahanların kompüter vasitəsi ilə yoxlanılışı, yüksək nəticələr toplayanlara verilən təhsil və Prezident təqaüdləri, dövlət vəsaiti hesabına xaricdə təhsil proqramları, açılan yeni universitetlər, bilgilənmənin liberallaşmasından kimlərsə yararlana bilmirsə, özündən küssün.
    – Gənclərin beynəlxalq səviyyədə təhsil alma imkanları barədə nə düşünürsünüz?
    Peşəkarlığa, intellektuallığa, ali təhsilə xüsusi önəm verən Pezident İlham Əliyev cənablarının şəxsi təşəbbüsüylə dövlət vəsaiti hesabına xaricdə təhsil proqramının uğurları artıq göz qabağındadır. Son illər yüksək dövlət vəzifələrində qabağa çəkilən nazirlər, böyük məmurların əksəriyyəti də məhz müxtəlif əcnəbi ölkələrdə ali təhsilin bakalavr və magistr, doktorluq pillələrini uğurla bitirmiş gənc kadrlardır.
    Vaxtilə bizim nəslin nümayəndələri də ümummilli liderimiz Heydər Əliyevin təşəbbüsüylə keçmiş SSRİ-nin ən nüfuzlu ali təhsil məktəblərinə oxumaq üçün göndərilirdilər.İndi onlar müxtəlif sahələrdə bilik və bacarıqlarını Vətənimizin inkişafına sərf edir. Xaricdə yaşayanları isə milli diasporumuzun formalaşmasında əvəzsiz rolları var.
    – Mütaliə mədəniyyətilə bağlı təbliğat proqramlarında nə kimi yeniliklərə ehtiyac var?
    İNK-ya daxil olan www.kitabxana.net – Milli Virtual-Elektron Kitabxananın yaradıcısı, yazıçı-kulturoloq Aydın Xan Əbilovun təbirincə desəm,  ənənəvi mütaliə ilə yanaşı virtual, elektron oxunu da inkişaf etdirmək vacibdir. Bizim vaxtımızda bir kitabı oxumaq üçün Axundov adına kitabxanada günlərlə növbədə dururduq. Amma indi kompüter texnologiyaları, e-kitablar, elektron kitabxanalar mütaliəni çox asandlaşdırıb. İstənilən halda, hər zaman oxu vərdişləri, mütaliə mədəniyyəti ilə bağlı ictimai-mədəni aksiyalara ehtiyac duyulur.
    – İstedadlı və yaradıcı gənclərin aşkarlanması istiqamətində görülən tədbirlər nəticə verir?
    Prezident təqaüdləri, Prezident yanında Gənclər Fondu tərəfindən innovativ fərdi layihələrin maliyyələşdirilməsi, müxtəlif olimpiada, yarışlar, müsabiqə və başqa tədbirlərin təşkili məhz bu yöndə atılan ciddi addımlar sayılmalıdır.
    – Gənclər və idman. Bu ikili ölkədə idmanın gələcəyi üçün daha hansı vədləri verə bilər?
    İdmana olan dövlət qayğısının uğurlu nəticələri barədə danışmağa ehtiyac görmürəm, göz qabağındadır.
    – Yeni nəslin kreativ düşüncəsi necə?
    Əgər bizimkilər Avrovizionda qalib gələ bilirlərsə, gənclərimizin bu kreativ düşüncəyə malik olmasına dəlalət etmirmi? Avropada, Amerikada, Türkiyədə, MDB ölkələrində, Rusiyada, hətta uzaq Yaponiya və Cənubi Koreyada bizim gənclər öz savadı, intellektuallığı, məşğul olduqları sahələrə kreativ yanaşmalarıyla özlərinə karyera qura biliblərsə, nə qədər böyük potensiala malik olduğumuzu görürük. Bu hələ Şimali Azərbaycanın 10 milyonluq insanlarının arasında çıxan gənclərimizdir, Güney və Qərbi Azərbaycan, Borçalı və Dərbənd torpaqlarımızda, Anadoluda, İraq-Türkmən elindəki 55 milyonluq dünya azərbaycanlı gənclərin uğurlarına nəzər salınanda necə nəhəng gücə malik olduğumuz görsənir.
    – Yeni nəslin mükəmməl vətəndaş kimi yetişməsi ölkəmizdə yüksək sivil cəmiyyət formalaşdıra biləcək?
    Vətəndaş cəmiyyətinin inkişafında yeni nəsil nümayəndələrinin fəal iştirakı, eləcə də QHT-lərin əvəzsiz rolu danılmazdır. İstər minlərlə layihələrin həyata keçirilməsində, istərsə də beynəlxalq aləmdə, xarici qlobal təşkilatlarını müxtəlif platformalarında ardıcıl səviyyəli fəaliyyət quran gəncləri hər zaman dəstəkləmişik və bundan sonra da gəncliyimizin yanındayıq.
    – Müstəqillik illərində doğulub-böyümüş, milli dövlətçilik ideyaları ilə tərbiyələnmiş yeni nəsil barədə son fikirləriniz…
    – Gənclər unutmamalıdırlar ki, müstəqil, müasir Azərbaycanımız babalarımızdan onlara yadigar qalmış və gələcək nəsillərə də onu layiqincə ötürmək lazımdır. Deməli, gənclərimiz gələcəyimizin qarantı, inkişafımızın memarlarıdır. Onlar xoşbəxtdirlər ki, Prezident İlham Əliyevin hər zaman dəstəyini alırlar. Bu istiqamətdə hamımıza uğurlar diləyirəm…

Ramilə QARDAŞXANQIZI

 

Şərh Yaz