Aqil Acalov: “Vətənini sevməyən insan vətəninə nə qədər borclu olduğunu da dərk edə bilməz” » Hərbiand

Son Dəqiqə:

Aqil Acalov: “Vətənini sevməyən insan vətəninə nə qədər borclu olduğunu da dərk edə bilməz”

AZƏRBAYCAN GƏNCİ ÖZ İNTİBAH DÖVRÜNÜ YAŞAYIR

Gəncliyin ruhunu istifadə edilməyən bir tarla kimi özbaşına qoysanız, orada gicitkən və tikandan başqa bir şey tapa bilməzsiniz, – deyə qeyd edib İ.V.Snelman. Kökünə bağlı, ata-babasının yolu ilə gedən, milli-mənəvi dəyərlərə sadiq, vətənpərvər, əyilməz, alnıaçıq, həm də tükənməz gücə sahib bir nəsil, cəmiyyət formalaşdırmaq istəyiriksə, gəncliyin ruhunu yalnız yaxşı nümunələr ilə tərbiyə etməliyik. “Gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hislərinin tərbiyəsi” mövzusunda bu həftəki həmsöhbətim Avrasiya Kombat Ciu-Citsu Federasiyasının Prezidenti, İqtisadiyyat üzrə fəlsəfə doktoru, gənc alim, ictimai fəal gənc Aqil Acalov ilə olan müsahibəni “Hərbi And” oxucularına təqdim edirik.

  • – Söhbətə peşəkar fəaliyyətinizdən başlayaq.
  • – İqtisadçıyam, amma sırf idman sahəsi, idmanın təbliği ilə məşğulam. Mənim əsas xəttim vətənpərvərlik, dövlətçilik, azərbaycançılıq dəst-xəttidir ki, bu səbəblə ictimai fəaliyyətim ruhuma daha yaxındır. İşimdən, fəaliyyətimdən zövq alıram. Hazırda tarixi araşdırmalarla da məşğulam. Siyasətə çox böyük önəm verirəm və düşünürəm ki, hər bir Azərbaycan gənci öz ölkəsində və ölksinin hüdudlarında baş verən ictimai-siyasi proseslərdən kənar qalmamalıdır. Gənclər dünyada nələr baş verdiyini bilməlidir və düzgün analiz etməyi bacarmalıdır. Həmişə çalışmışam ki, vətənimə, millətimə, dövlətimə layiqli bir vətəndaş olum. İstəyirəm ki, Azərbaycanda vətənpərvərliyin təbliğində, idmanın inkişafında, kiçik də olsa, rolum olsun.
  • – Uşaqlığınızı necə xatırlayırsınız?
  • – Uşaqlıq illərimi çox gözəl xatırlayıram, çünki o illər pozitiv, maraqlı, rəngarəng keçib. Sevgi, qayğı içində böyümüşəm. Valideynlərimin və doğmalarımın diqqət mərkəzində olmuşam. Ailədə iki qardaşıq və uşaqlıq illərimiz mütəmadi olaraq gəzintilərdə keçib. Atanın-ananın övlada verə biləcəyi sevgini ən yüksək səviyyədə hiss eləmişəm.
  • – Vətənə xidmət borcdur, yoxsa sevgi?
  • – Vətənini sevməyən insan vətəninə nə qədər borclu olduğunu da dərk edə bilməz. Fərqi yoxdur, hərbçi, musiqiçi, idmançı, alim, dövlət məmuru olsun, sahəsindən asılı olmayaraq, hər kəs üçün vətənə xidmət həm də ən şərəfli yol, peşədir. Hər bir azərbaycanlının həyat yolu azərbaycançılıq, dövlətçilik yolu olmalıdır.
  • – Gənclərdə millilik anlayışı hiss edirsiniz?
  • – Məncə, son on il ərzində Azərbaycan gənci öz intibah dövrünü yaşayır. Vətənini sevən, milli soy-kökünü, məfkurəsini bilən gənclərimiz yetişir. Azərbaycan gəncliyini idmanda, hərbdə, informasiya texnologiyaları sahəsində və bir çox uğurlu sahələrdə görürük. Bu da bir mənalı olaraq Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulmuş və onun layiqli davamçısı olan Azərbaycan Respublikasının Prezidenti, Ali baş komandan cənab İlham Əliyev tərəfindən aparılan gənclər siyasətinin nəticəsidir. Ulu Öndər deyirdi ki, dövlətimizin güclü gələcəyi bizim milli birliyimizdən keçir.
  • – Gəncliyin özgüvəni ailədən gəlməlidir?
  • – Özgüvən daha çox insanın daxilindən, təbiətindən gələn bir hisdir və bu hissi sadəcə inkişaf etdirmək lazımdır. Ancaq ailə faktoru da böyük rol oynayır. Əgər uşaq körpəlikdən ailəsi tərəfindən müəyyən travmalara məruz qalmasa, hərtərəfli sağlam şəkildə böyüdülsə, həmin uşaqdan formalaşan gəncin özgüvən hissi yolunda olar. Şəxsən mənim özgüvən hissim güclüdür. Çünki mən daima öz üzərimdə çalışmağı sevirəm. Boş vaxtlarımı da üzünüinkişaf məqsədi ilə xərcləyirəm. İnsan öz üzərində nə qədər çox çalışarsa, həm fiziki, həm mənəvi, həm də elmi cəhətdən inkişaf edər və özgüvəni artar. İnsan özünə nə qədər inanar, güvənərsə, bir o qədər də uğur əldə edər.
  • – Gənc valideynlər övladları ilə güclü bağı necə qurmalıdır?
  • – Valideyn övladı ilə ilk növbədə səmimi dost olmalıdır. Dostluq münasibəti olanda müəyyən məqamları övladına başa salanda, tələb edəndə valideyn də hardasa çəkinmir, övlad da problemlərini, fikirlərini ailəsi ilə tam rahat şəkildə bölüşə bilir. Təbii ki, burda söhbət yeniyetmələrdən gedir. Hamımız uşaq olmuşuq, bu gün gəncik və bizə elə gəlir ki, biz çox bilirik. Oxumaqla deyil, insan yaşadıqca da öyrənir. Təcrübə onu göstərir ki, bizim bilmədiyimiz çox şey var. Bəzən elə hallar olur ki, valideynlər öz uşağını onun gələcəyi üçün nəyəsə məcbur edirlər. Ola bilər ki, uşaq həmin məqamlarda valideynləri ilə razılşmasın, amma həmin məcburiyyət müəyyən hallarda övlad üçün vacibdir. Bizim millətin psixologiyasında var, övlad valideyndən çəkinməlidir ki, hardasa böyük səhvlərə yol verməsin.
  • – Mütaliə etməyə zamanınız var?
  • – Təbii ki… İş qrafikim gərgindir, amma mütaliəyə uşaqlıqdan bu yana önəm verirəm. Kitabxanamda maraqlı kitablar var və deyərdim ki, doxsan faizini oxumuşam. Elmi kitablardan əlavə xeyli ədəbiyyat oxumuşam. Tarix ən çox sevdiyim sahədir və tarixi romanlardan da oxumuşam. Siyasi, psixoloji əsərləri də, həmçinin… Psixologiya bir növ mənim üçün hobbidir. Dünyaca məhşur yazıçıların əsərlərini oxusam da, klassik Azərbaycan ədəbiyyatını daha çox sevirəm. Ümumiyyətlə, klassikanı sevirəm. Elmi araşdırmaları daima oxuyuram. Kitab almağa vaxtım olmayanda belə, elektron, audio-səsli kitablardan istifadə edirəm. Bir sözlə, mütaliə həyatımın bir hissəsinə, hobbi kimi bir anlama çevrilib. İndinin özündə də daha çox tarixi, elmi araşdırmalar oxuyuram. İqtisadçı olduğumdan öz sahəmə uyğun iqtisadi ədəbiyyatdan da çox istifadə edirəm və uğur qazanmış insanların həyatlarını mütaliə eləməyi sevirəm. Düzdür, oxuduqda hər bir alimin, yazarın özünün düşüncələri olur, amma bu, o demək deyil ki, onlar məşhurdur deyə bütün fikirləri ilə razılaşıram. Sadəcə hərəsindən özümə aid olanları götürməyi bacarıram. Bu da mənə həyatda düzgün addımlamağa çox böyük kömək olur.
  • – Film, teatr, muzeylərə və s. getmək imkanınız nə qədərdir?
  • – Kinomanam, film mənim ən çox sevdiyim, ən çox zövq aldığım bir əyləncə növüdür və qrafikim ağır olsa da, axşamlar tez-tez filmlər izləyirəm. Ən çox da xoşlayıram ki, filmləri sinemalarda izləyim və buna da mütləq formada vaxt ayırıram. Yaxşı tamaşaları da seyr eləməyi xoşlayıram. Teatrlara əvvəllər tez-tez gedirdim, son zamanlar isə az gedirəm, amma gedirəm.
  • – Mədəniyyət ocaqları ilə mütamadi əlaqə yeni nəsil üçün vacibdir.
  • – Mədəniyyət ocaqlarına mütəmadi olaraq baş çəkmək vacib şərtdir. Elə bir dünyada yaşayırıq ki, bir dövləti işğal eləmək istəyirsənsə, ilk növbədə onun mədəniyyətini əlindən almağa çalışacaqsan. Ölkəmizi sevməyən qüvvələr də var. Bəzi antimilli qüvvələr var ki, mədəniyyətimizi əlimizdən almağa çalışırlar. Amma çox şükürlər olsun ki, dövlətimizin apardığı siyasət nəticəsində bu gün mədəni irsimiz həm qorunur, həm inkişaf etdirilir, həm də dünyada tanıtdırılır. Hər birimiz mədəniyyət ocaqlarına baş çəkməli, təbliğ etməliyik. Çünki Azərbaycan mədəniyyətini yaşatmaq vacib məsələdir. Bu, bizi ayaq üstə saxlayan amillərdəndir. Söhbət mədəniyyətdən gedirsə, deməli, burada bizim milli dəyərlərimiz, adət-ənənələrimiz var. Elə buna görə də biz tariximizi, mədəniyyətimizi bilməliyik və adət ənənələrimizə bağlı olmalıyıq. Bunları bildikdən sonra biz vətən sevgisinin nə olduğunu və vətənimizə nə qədər borclu olduğumuzu daha yaxşı dərk edə, milliliyimizi qoruya bilərik.

Ramilə QARDAŞXANQIZI

 

 

Şərh Yaz