Daşqın Şikarov: “Qlobal internet şəbəkəsi erasında yaşayan müasir dövrün gəncləri kütləvi informasiya və əyləncə axını ilə qarşılaşırlar” » Hərbiand

Son Dəqiqə:

Daşqın Şikarov: “Qlobal internet şəbəkəsi erasında yaşayan müasir dövrün gəncləri kütləvi informasiya və əyləncə axını ilə qarşılaşırlar”

VƏTƏNƏ XİDMƏT ÖVLADIN SEVGİDƏN GƏLƏN BORCUDUR

Bəzən yeni nəsli keçmişə, bəzən gələcəyə, bəzən isə dünyada inkişafına görə tanınan cəmiyyətlərə bənzətmək istəyirik. Gənclik isə məcburiyyətərə və məhkumiyyətlərə məsafələrcə uzaq dayanmağı sevir, hər dövrdə sadəcə öz düşüncələrinə bənzəyir və zəmanəsi ilə eyni yeriyib eyni dildə danışır.

“Gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hislərinin tərbiyəsi”mövzusunda bu həftəki həmsöhbətim Azərbaycan Respublikasının Birləşmiş Ərəb Əmirliklərində fövqəladə və səlahiyyətli səfiri Daşqın Şikarovla olan müsahibəni “Hərbi And” oxucularına təqdim edirik.

Daşqın Şikarov 1973-cü ildə Şamaxı rayonunda anadan olub. Bakı şəhəri, 4 nömrəli fars təmayüllü orta məktəbi bitirdikdən sonra  Bakı Dövlət Universitetinin şərqşünaslıq fakültəsinə qəbul olub. Ali məktəbi bitirdikdən sonra isə 1997-ci ildən etibarən Azərbaycan Respublikası Xarici İşlər Nazirliyində müxtəlif vəzifələrdə çalışıb. 1999-2001-ci illərdə Azərbaycan Respublikasının İstanbul şəhərindəki Baş konsulluğunda, 2001-2005-ci və 2007-2011-ci illərdə Azərbaycanın Pakistan İslam Respublikasındakı Səfirliyində xidmət göstərib. 2011-ci ilin mart ayından 2015-ci ilin dekabr ayına kimi Azərbaycan Respublikasının Pakistan İslam Respublikasında, həmçinin iqamətgahı İslamabad şəhərində olmaqla Əfqanıstan İslam Respublikasında fövqəladə və səlahiyyətli səfiri kimi fəaliyyət göstərib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 12 yanvar 2016-cı il tarixli sərəncamı ilə Azərbaycan Respublikasının Birləşmiş Ərəb Əmriliklərində fövqəladə və səlahiyyətli səfiri vəzifəsinə təyin olunub.

2011-ci ildə “Diplomatik xidmətdə fərqlənməyə görə” medalı, 2012-ci ildə “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib. Evlidir, üç oğlu var.  

  • – Vətənə xidmət borcdan, yoxsa sevgidən irəli gəlir? 
  • – Biz vətəni Ana Vətən adlandırırıq. Vətənə olan münasibət anaya olan münasibətdən qaynaqlanır. Məhz buna görə də vətənə xidmət övladın sevgidən gələn borcudur ki, həmin borcu yerinə yetirmək fədəkarlıq, səmimiyyət, dürüstlük, yüksək peşəkarlıq tələb edir.
  • – Sizcə, millilik anlayışı yeni nəsildə necə formalaşır? 
  • – Yeni nəslin millilik duyğuları bizim və bizdən qabaqkı nəsillərin vətənə, millətə sadiqliyi, tarixin şərəfli və acı xatirələri, qara səhifələri, təqib və təzyiqlərə baxmayaraq milli özünəməxsusluğu qoruyub saxlamağa qadir olması, həmçinin müasir dövrün çağırışları və təhdidləri kimi amillər əsasında formalaşır. Bu duyğular yüz illər ərzində formalaşan azərbaycançılıq ideyası və mübarizlik ruhu, dünyanı heyrətləndirən ədəbiyyat şedevrləri, yaxın tariximizə məxsus olan Şərqin ilk demokratiyası, müasir dövrə aid incəsənəti, elmi kəşfləri, dahi şəxslərdən qaynaqlanır, inkişaf edir, millətimizi yeni nailiyyətlər əldə etməyə sövq edir.
  • – Bəs günümüzün gəncləri  əvvəlki nəsildən daha çox hansı xüsusiyyətlərinə görə fərqlənir? 
  • – Yeni nəsli nəinki bizim, bizdən öncə yaşamış onlarla nəsillərdən fərqləndirən bir önəmli amil var. O da müstəqil, suveren Azərbaycan vətəndaşı olmaq amilidir. Bu nəsil digər bir dövlətin bir parçası olmağın, sərvətlərinin sahibi olmamağın, milli özünəməxsusluğu yalnız “yuxarıdan” gələn icazə və məhdudlaşdırılmış formada reallaşdırmağın nə olduğunu bilməyən bir nəsildir. Bu nəsil dövlət müstəqilliyini heç vaxt əldən verməyəcək, azad düşüncəyə malik və eyni zamanda, yaşlı nəslin onların bu mühitdə yaşamalarını təmin etməsi üçün keçdiyi şərəfli mübarizə yolundan agah olan bir nəsildir.
  • – İctimai-siyasi həyatda gənclərin yeri və rolu barədə nə düşünürsünüz? 
  • – Azərbaycan gəncliyi ölkəmizin ictimai-siyasi həyatında çox fəal iştirak edir. Gənclər həm dövlət, həm də qeyri-dövlət, media, biznes qurum və strukturlarında geniş təmsil olunurlar. Yeni mühitdə böyümüş, qloballaşmış dünyanın reallıqlarını dərk edən, bir çox hallarda xaricdə təhsil almış, müasir texnologiyalara yiyələnmiş gənclərin sözügedən strukturlarda rolu vacib və bəzən həlledicidir.
    Dünya praktikasında gənclərin ictimai-siyasi proseslərə cəlb edilməsinin müxtəlif nümunələri mövcuddur. Bir sıra ölkələrdə gənclərin hökumət və qeyri-hökumət strukturlarına buraxılışına müəyyən məhdudiyyətlər qoyulub, bu da həmin dövlətlərdə yeni ideyalar qıtlığına gətirib çıxarıb. Digər dövlətlər də isə əksinə, sözügedən qurumlarda yalnız gənclərə üstünlük verilir. Bu halda gəncliyə xas olan maksimalizm və romantizm bəzi mənfi nəticələr verir. Çox təqdiredicidir ki, gənclərin Azərbaycanın ictimai siyasi proseslərinə inteqrasiyası çox düşünülmüş bir şəkildə olub, bu da gəncliyə məxsus enerji və kreativliyin, yaşlı nəslə məxsus təcrübənin unikal  simbiozunu təşkil edib.
  • – Bu yönümdə ictimaiyyətin məlumatlandırılma dərəcəsini necə qiymətləndirirsiniz? 
  • – Müasir dövrdə xəbərlər daha çox elektron media, sosial şəbəkələr vasitəsilə yayımlanır ki, bu resurslardan məhz gənclər geniş istifadə edirlər. Odur ki, gənclərin potensialı və dinamikası, yəni əldə etdiyi nailiyyətlər barəsində ictimaiyyətimiz tam və dolğun şəkildə xəbərdardır.
  • – Ölkədə yaradılan müasir təhsil sistemi barədə nə deyə bilərsiniz? 
  • – Müstəqillik dövründə Azərbaycan təhsil sistemində ardıcıl, köklü və deyərdim ki, inqilabi islahatlar aparılıb. Təhsil sisteminə aid maddi-texniki baza, təhsil proqramları yenilənib, yüzlərlə yeni təhsil müəssisələri, tədrisi xarici dillərdə aparılan məktəb və universitetlər açılıb, beləliklə, Azərbaycan təhsil sistemi dünya sisteminə inteqrasiya olunub. Gənclərin beynəlxalq səviyyədə təhsil alması üçün bütün imkanlar yaradılıb. Bu gün Azərbaycan tələbələri dünyanın aparıcı universitetlərində, ABŞ, Böyük Britaniya, Almaniya, Fransa, Türkiyə, Rusiya və digər ölkələrin universitetlərində təhsil alırlar. Eyni zamanda Azərbaycan təhsil sistemində müstəqilliyə yeni qədəm qoymuş bir çox dövlətlərin yol verdiyi səhvlər təkrarlanmır. Milli özünəməxsusluq qorunur, dövlət maraqlarına zidd olan cərəyanların təhsil sisteminə daxil olmasına imkan verilmir.
  • – Gənclər və İdman. Bu ikili barədə nə düşünürsünüz? 
  • – Çox sevindirici haldır ki, Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin qayğısı sayəsində bu gün idman ölkəmizdə artıq kütləvi xarakter alıb. Azərbaycan regionlarında onlarca olimpiya idman kompleksləri açılıb. Bu gün idmançılarımız bütün beynəlxalq yarışlarda ən yüksək nəticələr göstərirlər. Azərbaycanda keçirilmiş Avropa və İslam Həmrəyliyi oyunlarında biz ən qabaqcıl yerlərdəyik. İslam Həmrəyliyi Oyunlarında Azərbaycan idmançıları birinci yerə layiq görüldü, Avropa məkanında isə biz ikinci olmuşuq. Bu, gənc müstəqil dövlət üçün tarixi nailiyyətdir. Bu nailiyyəti bizə bəxş edən idmançılardır, gənclərdir.
  • – Kreativ düşüncəli gənclərin formalaşması barədə fikirləriniz maraqlı olar.
  • – Qlobal internet şəbəkəsi erasında yaşayan müasir dövrün gəncləri kütləvi informasiya və əyləncə axını ilə qarşılaşırlar. Bütün müsbət amillərlə yanaşı bu proses, eyni zamanda mənfi hallarla da müşahidə olunur. Formalaşma prosesində olan gənclər asudə vaxtlarını şəbəkədə keçirir, bu da onların ictimai ünsiyyətini məhdudlaşıdırır. Digər tərəfdən isə gənclərin internetdən əldə etdikləri məlumatlar bəzi hallarda həqiqətdə uyğun olmayan, bir çox hallarda isə maraqlarımız, milli ənənələrimiz ilə ziddiyyət təşkil edən məlumatlar olur. Bu da öz növbəsində onların özünüinkişaf prosesinə, kreativliyinə mənfi təsir göstərir. Sözügedən mənfi tendensiyaların qarşısı ailə, məktəb, universitet məkanında, dövlət və ictimai təbliğat strukturları çərçivəsində maarifləndirmə ilə alına bilər.
  • – Gənclərin hərbi vətənpərvərlik ruhu sizi qane edir?
  • – Tam əminliklə bildirmək olar ki, Azərbaycan gəncliyi yüksək vətənpərvərlik, o cümlədən hərbi vətənpərvərlik ruhuna malikdir. Gənclərin ölkə daxilində davranışı, sosial şəbəkələrdə vətənpərvərlik mövzusunda fəaliyyəti, xaricdə təhsil alan tələbələrimizin təşkil etdikləri aksiyalar, 2016-ci il aprel hadisələri zamanı kütləvi halda döyüşə sarılmaq əzmi, gənc əsgər və zabitlərimizin göstərdiyi şücaəti bunun göstəricisidir.
  • – Təəssüf ki, söhbətimizin sonuna gəldik…
  • – Müsahibəmi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin seçkilərdən sonra keçirilmiş tədbirdə səsvermədə böyük fəallıqla seçilən gənclərə müraciəti ilə yekunlaşdırmaq və fürsətdən istifadə edərək cənab İlham Əliyevin Prezident seçkilərində möhtəşəm qələbəsi ilə bağlı bütün Azərbaycan xalqını təbrik etmək istəyirəm: “Azərbaycan gənclərinə mən üz tutub deyirəm, Azərbaycanın gələcəyi sizin əlinizdə olacaq. Bu gün yetişən gənc nəsil Azərbaycanı gələcəkdə idarə edəcək, xoşbəxt gələcəyə aparacaqdır”.

Ramilə QARDAŞXANQIZI

Şərh Yaz