Kənan Kərimli: “Bizim hələ bağlanmamış bir hesabımız, yolumuzu gözləyən Qarabağımız var” » Hərbiand

Son Dəqiqə:

Kənan Kərimli: “Bizim hələ bağlanmamış bir hesabımız, yolumuzu gözləyən Qarabağımız var”

QƏLƏBƏLƏR TORPAĞA AXMIŞ ŞƏHİD QANLARI İLƏ QAZANILIR

Vətənpərvərlik və milli mənəvi dəyərlər deyəndə, adətən keçmişin nisbətində nələrisə axtarmaq istəyirik. Ancaq nəzərə almaq lazımdır ki, dövr təzələndikcə yeni təlabatlar yaranır və yenilikləri özü ilə gətirən nəsil meydana gəlir. Bu nəsil əslində keçmişdən heç nə ilə geri qalmır, ancaq irəliyə doğru daha iti baxa və daha proqmatiq addımlaya bilir. “Gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hislərinin tərbiyəsi” mövzusunda bu həftəki həmsöhbətim Marketoloq və İctimaiyyətlə əlaqələr üzrə mütəxəssis Kənan Kərimli ilə olan müsahibəni “Hərbi And” oxucularına təqdim edirik.

K.Kərimli 1981-ci ildə Qərbi Azərbaycanda anadan olub. 2003-cü ildə Bakı Dövlət Universitetinin Beynəlxalq münasibətlər və beynəlxalq hüquq fakültəsini Beynəlxalq münasibətlər ixtisası üzrə bitirib. Hazırda Azərbaycan Respublikasının Təhsil İnstitutunda İnformasiya şöbəsinin müdiri vəzifəsində çalışır.

  • – Vətənə xidmət borcdur yoxsa sevgi?
  • – İnsan doğulduğu məkanı, yəni gələcək vətənini özü seçmir. Elə bu səbəbdən də hesab edirəm ki, vətənə xidmət ilk olaraq sevgidən irəli gəlir. Bu sevgi olmasa, bir gün xidmət xəyanətə də çevrilə bilər.
  • – Millilik anlayışı necə formalaşır?
  • – Hesab edirəm ki, istənilən nəslin istənilən mənada formalaşmasında ailə və orta məktəbin rolu danılmazdır. Onların özünün yeni nəslə millilik duyğusunu nə dərəcədə aşılaması isə birbaşa ailədə mövcud olan milli ruhdan, inancdan və bir çox hallarda da ailənin sosial vəziyyətindən asılıdır. Yəni bir ailə özünü vətəndə nə dərəcədə rahat hiss edərsə, övladına ötürəcəyi millilik duyğusu da bir o qədər güclü olar. Yaxud bir müəllim öz peşəsindən nə dərəcədə razı qalarsa, bu razılığın verdiyi motivasiya ilə örnək olduğu şagirdlərinə milliliyi bir o qədər çox həvəslə aşılaya bilər. Amma bütün bunlarla yanaşı harada və nə vaxt baş verəcəyi bəlli olmayan hadisələr də var ki, bu hadisələr özü özlüyündə bir millilik, bir vətənpərvərlik məktəbi ola bilər. Buna misal olaraq şəhidimiz, Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovu göstərə bilərik. Onun bir gecədə etdiyi qəhrəmanlıq, bəlkə də, bir ailənin, bir məktəbin illərlə verdiyi millilik, vətənpərvərlik duyğusundan daha güclü təsirə malikdir.
  • – Gənclər özlərindən əvvəlki nəsildən daha çox nə ilə fərqlənir?
  • – İndiki nəslin beyni əvvəlkilərə nisbətdə daha çox informasiya ilə yüklüdür. Bu informasiyaların faydalılığı və ya faydasızlığı isə tam başqa bir mövzudur. İndiki nəsil daha sürətli yaşamağa, düşünməyə və qərar verməyə məcburdur, çünki dünyada proseslər daha sürətli gedir. Çox uzağa yox, 15-20 il əvvələ baxsaq, görərik ki, adi geyim dəbi indikindən daha ləng dəyişirdi və ya yeni model telefonlar daha uzun intervallarla çıxırdı və s. Bütün bunların sürətlənməsi eyni zamanda zövqlərin, düşüncələrin, məsələlərə yanaşma tərzinin daha sürətlə dəyişməsinə, formalaşmasına təsir edir. Bütün bunları ümumiləşdirdikdə görərik ki, indiki nəslə millilik duyğusunun aşılanması əvvəlki nəslə nisbətən daha çətindir, çünki bu proses də ya ətrafda baş verənlər kimi sürətli getməlidir, ya da geridə qalıb unudulmağa məhkumdur.
  • – Yeni nəslin kreativ düşüncəsi necə?
  • – Hazırda kreativ düşüncənin inkişafının başlanğıc dövrlərini yaşayırıq. Səhv etmirəmsə Eynşteynin fikridir: “Ortaya atılan bir fikirdə qəribəlik yoxdursa o fikirdə ümid yoxdur”. Bunu ona görə xatırlatdım ki, əvvəlki nəsil fikir söyləməkdə daha çəkingən idi, “səhv edərəm”, “gülünc vəziyyətə düşərəm” kimi düşüncələr onlara daha çox hakim idi. Amma indiki nəsil ağıllarına gələn yaradıcı fikirləri söyləmək, rahat şəkildə reallaşdırmaq baxımından daha sərbəstdirlər. Yəni əvvəlki nəsildə olan o çərçivə, demək olar ki, qırılıb. Belə olduğu halda kreativ düşüncəli insanların aşkarlanması da daha rahat olur. Bu gün onlar artıq cəmiyyətdə öz yerlərini tutmağa başlayıblar. İnanıram ki, getdikcə bu, bir məktəb forması alacaq, yaradıcı və yenilikçi düşüncəyə sahib gənclərimiz ölkə sərhədlərini aşacaqlar.
  • – Müasir innovativ gənclik və millilik anlayışı barədə nə düşünürsünüz?
  • – Müstəqillik varsa, başımızın üstündə üçrəngli bayrağımız varsa, deməli, bu dəyərləri qorumaq üçün milli ruh da inkişaf etməyə məcburdur. Bununla paralel innovativ gənclik də dünyada baş verən proseslərdən kənarda qalmır və öz inkişaf yoluna davam edir.
  • – Yeni kadrların peşəkar fəaliyyətlərinin dəstəklənməsi barədə valideyn-övlad münasibətləri ictimaiyyətə nə vəd edir?
  • – Sevindirici haldır ki, artıq valideynlər əvvəlki kimi gənclərin gələcək karyeralarını seçmələrinə müdaxilə etmir. Düzdür, müdaxilələr var, amma deyərdim ki, əvvəlki dövrlərdən çox azdır. Valideyn artıq dərk edir ki, övladının gələcək karyerasının parlaq olması onun seçiminə hörmət etmək və dəstək olmaqdan keçir. Bu isə təbii ki, ictimaiyyətə, cəmiyyətimizin inkişafına müsbət təsirini göstərəcək.
  • – Yeniyetmə və gənclərin özünüinkişaf prosesi düzgün formalaşır?
  • – Artıq elə bir dövrdə yaşayırıq ki, özünüinkişaf bir zərurət halı alıb. Yaxşı hal odur ki, yeniyetmə və gənclərimizin əksəriyyəti bunun fərqindədirlər. Onlar bilirlər ki, atılacaqları həyatda ayaqları üstündə dura bilməyin ilk yolu özünüinkişafdan keçir. Bundan başqa, hesab edirəm ki, əvvəlki nəsil gənclərlə müqayisədə indikilər özünüinkişaf baxımından daha şanslıdırlar. Çünki indi onlar daha sərbəst seçimlər edə bilirlər. Əvvəllər valideynlərin təkidi ilə ixtisas seçimi, peşə seçimi daha geniş yayılmış bir hal idi və bu da bir çox hallarda uşaqların zorla seçdiyi peşə üzrə inkişaf etməsinə mane olurdu. Çünki özünüinkişaf o halda daha uğurlu olar ki, bir yeniyetmə həyatını valideyninin yox, özünün görmək istədiyi peşəyə həsr etsin.
  • – Gənclərin hərbi vətənpərvərlik ruhunun yüksəldilməsi istiqamətində aparılan təbliğatlar necə?
  • – Müşahidə edirik ki, müxtəlif dövlət qurumları zamanla bu istiqamətdə layihələr həyata keçirir. Məsələn, Azərbaycan Respublikası Təhsil Nazirliyinin təşəbbüsü ilə məktəblilər arasında hər il “Şahin” və “Sərhəd” hərbi-idman oyunları keçirilir. Bundan əlavə, dövlətçiliyimiz və milli ruh baxımından mühüm əhəmiyyət kəsb edən xüsusi günlər – 20 Yanvar, Xocalı faciəsi, Müstəqillik Günü, Dövlət Bayrağı Günü və digər tarixi əhəmiyyətli günlərlə bağlı məktəblərdə gənclərdə milli ruhun inkişafına, tarixi hadisələrə düzgün qiymət verməyə, vətən sevgisi və vətənpərvərlik hislərinin aşılanmasına xidmət edən çoxsaylı tədbirlər keçirilir. Hətta ötən il Təhsil Nazirliyinin elan etdiyi Təhsildə inkişaf və innovasiyalar üzrə 1-ci qrant müsabiqəsinin qalibləri arasında sırf vətənpərvərlik ruhuna köklənmiş layihələr də vardı. Bu layihələr məktəblərdə uğurla həyata keçirildi. Sevindirici haldır ki, hətta bu tip təşəbbüsləri dövlət qurumları ilə yanaşı özəl sektorda da görmək mümkündür. Hər xalqın tarixində qanla yazılan faciələr ola bilər. Bizim də Xocalı faciəsi, 31 mart soyqırımı kimi acılı günlərimiz var. Amma unutmaq olmaz ki, tarixi qələbələr torpağa axmış şəhid qanları ilə qazanılır. Məhz bu baxımdan 20 yanvar hadisələri bizim qəhrəmanlıq dastanımızdır.
  • – Yeni nəslin mükəmməl vətəndaş kimi yetişməsi ölkəmizdə yüksək sivil cəmiyyət formalaşdıra biləcək?
  • – Mükəmməl vətəndaş bir cəmiyyətin inkişafı üçün ən vacib göstəricidir. Çünki o, dərk edir ki, onun ölkəsinə, vətəninə xidməti nə qədər yüksək səviyyədə olarsa, gələcək nəslə bir o qədər faydalı olar. Yalnız mükəmməl vətəndaş özü ilə yanaşı, dövlətini və cəmiyyətini də düşünə bilər.
  • – Müstəqillik illərində doğulub-böyümüş, milli dövlətçilik ideyaları ilə tərbiyələnmiş yeni nəsil barədə son fikirləriniz…
  • – İlk başda da qeyd etdiyim kimi, insan doğulduğu ailəni, cəmiyyəti, dövləti özü seçmir. Onlar şanslıdırlar ki, müstəqil bir dövlətdə doğulublar. Bu şansı düzgün dəyərləndirib daha güclü və daha sivil bir cəmiyyətin formalaşmasına nail olmaq isə onların bu vətənə olan sevgilərindən keçir. Hətta deyərdim ki, onlar üçün heç də hər vətəndaşa nəsib olmayan müqəddəs bir vəzifə də var: işğal olunmuş torpaqları geri qaytarmaq. Bunu hansı nəsil edərsə, məncə, tarix o nəsli əsla unutmayacaq və tarixin silinməz səhifələrinə məhz bu cür düşmək imkanı da hər nəslə qismət olmur.

    Odur ki, gənclərimiz öz üzərlərində işləməlidirlər, güclü olmalıdırlar, savadlı olmalıdırlar, öz peşələrində sadəcə yerli çərçivədə yox, dünya səviyyəsində peşəkar kimi qəbul edilməlidirlər ki, bu müqəddəs vəzifənin öhdəsindən gəlmək mümkün olsun. Nə xoş o nəslə ki, “Qarabağı azad etdik!” deyə bilsin!

      Ramilə QARDAŞXANQIZI

Şərh Yaz