HƏR BİR EVDƏ AZƏRBAYCAN BAYRAĞI DALĞALANMALIDIR » Hərbiand

Son Dəqiqə:

HƏR BİR EVDƏ AZƏRBAYCAN BAYRAĞI DALĞALANMALIDIR

Zahid Kərimov: “Əsgərlərimiz xarici filmlərdə göstərilən qəhrəmanlardan heç də geri qalmırlar, əksinə qat-qat onlardan üstündürlər, mən aprel döyüşlərində bunun yaxından şahidi oldum”

Tariximizin hansı səhifəsini vərəqləsək, orada igid babalarımızın keçdiyi qəhrəmanlıq yollarının izinə rast gələrik. Çünki yaşadığımız torpağı qorumaq üçün Vətən uğrunda mübarizə əsas şərtdir. Məhz bu amil vətənpərvərliyi şərtləndirir. Əsl vətənpərvər isə Vətənə məhəbbətini sözdə deyil, gördüyü işdə, çəkdiyi zəhmətdə, fəaliyyətində nümayiş etdirir. Məhz buna görə də vətənpərvərliyin meyarı söz ilə əməlin üst-üstə düşməsidir. Bu həftəki həmsöhbətim polkovnik-leytenant Kərimov Zahid Firuddin oğlu Vətənpərvərliklə bağlı fikirlərini bizimlə bölüşəcək.

  • Zəhmət olmasa, oxucularımız üçün özünüz haqqında, hərbi fəaliyyətiniz barədə məlumat verin.
  • Mən Kərimov Zahid Firuddin oğlu, 1973-ci il aprelin 28-də Xaçmaz rayonunun Xudat şəhərində anadan olmuşam. 1980-ci ildə elə orada ibtidai sinfə qəbul olub 1987-ci ildə oranı bitirmişəm və Cəmşid Naxçıvanski adına hərbi məktəbə daxil olmuşam. 1987-ci ildən 1990-ci ilə kimi bu hərbi məktəbdə oxumuşam. 1990-cı ildə Şimali Osetiyada yerləşən Vladiqafqaz şəhərindəki ümumqoşun hərbi məktəbində oxumuşam. 1992-ci ildə müharibə başlayanda öz istəyimlə Bakı şəhərində yerləşən Ali Ümumqoşun məktəbinə təyinatımı götürdüm. 1992-ci ilin may ayında Ağdam ətrafında olan döyüşlərdə iştirak etdim. 1993-cü ilin yanvar ayında bizi xüsusi bir dəstə kimi – 2 BMP (Piyadaların Döyüş Maşını) heyəti, 3 tank olaraq Cəbrayıl rayonuna ezamiyyətə göndərdilər. Biz orada “N” saylı hərbi hissədə Cəbrayıl ətrafında gedən döyüşlərdə iştirak etdik, oradakı əhaliyə bir çox köməklər etdik. 1993-cü ilin aprel ayında Bakı şəhərinə qayıtdıq, məktəbi bitirib leytenant rütbəsi aldıq və yenidən Qarabağda – Ağcabədi, Beyləqan istiqamətlərində gedən döyüşlərdə iştirak etdik. Daha sonra isə 2016-cı ilə qədər hərbi fəaliyyətim yenə də cəbhə bölgələrində davam etdi. 2016-cı ildə tərxis olundum. Müdafiə Nazirliyində Hərbi Strategiya Müdafiə Planlaşdırılması İdarəsində xidmətimi bitirdim. Amma ondan əvvəl 11 il 2000-ci ildən 2011-ci ilə kimi Naxçıvanda cəbhə bölgəsində və digər vəzifələrdə xidmət etdim. Sonra Bakı şəhərinə gəldim. Ali Hərbi Məktəbdə müəllim vəzifəsində, sonra Müdafiə Nazirliyində bölmə rəisi vəzifəsində çalışdım.
  • Sizcə, gənc nəsildə milli mənlik duyğuları və vətənpərvərlik hisləri necə inkişaf edir, necə formalaşır?
  • Kifayət qədər vətənpərvər gənclərimiz var, lakin bu istiqamətdə bir az da artıq çalışsalar, daha yaxşı olacağını düşünürəm. Orta məktəbdən başlayaraq, yeniyetməlik çağlarından bu hislər uşaqlara aşılanmalıdır. O dövrlərdən etibarən Vətənə sevgi, torpağa məhəbbət hisləri formalaşır.
  • Gənclərdə vətənpərvərlik hislərinin formalaşması istiqamətində nə kimi tədbirlər görmək lazımdır?
  • Bizim kifayət qədər hərbçilərimiz, ehtiyatda olan zabitlərimiz var. Mən təklif edərdim ki, dərslərdə məhz Qarabağ döyüşlərində iştirak etmiş zabitlər, gizirlər vasitəsilə uşaqlara bu sevgini aşılasınlar. Hərbi dərsləri o döyüşlərin canlı şahidləri olan hərbçilər uşaqlara öz döyüş yollarından nümunələr çəkərək dərs keçsələr, bu, uşaqlara daha çox təsir edər, onlarda vətənpərvərlik hislərini daha çox artırar və bu dərslər yaddaşlarına həkk olunar. Bundan başqa, mən təklif edərdim ki, məktəblərin rəhbərlikləri Qarabağ qazilərini, döyüşçülərini, hərbçiləri, gizirləri, hətta döyüşlərdə iştirak etmiş əsgərləri məktəblərə dəvət etsinlər. Qoy onlar yeniyetmə və gənc nəslə bu hisləri, erməni vandalizmini, şahidi olduqları hadisələri daha dərindən izah etsinlər. Bu cür olsa, deyilənlər yeni nəslin yaddaşına həkk olunar və bu hislər daha da çoxalar. Bundan əlavə, məktəblərdə filmoteka hazırlanmalıdır. Hər məktəbdə Qarabağ döyüşlərindən, erməni vandalizmindən, Azərbaycanın tarixindən, mədəniyyətindən, ədəbiyyatından bəhs edən azı 5-6 sənədli film olmalıdır. Bütün bu döyüş səhnələri təkcə tarixi günlərdə yox, müntəzəm olaraq uşaqlara izlədilməlidir. Çünki müharibə elə bir şeydir ki, onu tək hərbçilər yox, onu xalq aparır. Ona görə da lap kiçik yaşlarından bu maarifləndirmə işləri düzgün yerinə yetirilməlidir ki, yeniyetmə və gənc yaşlarında artıq gənc nəsildə vətənpərvərlik hisləri formalaşmış olsun.
  • Bəs uşaqların, yeniyetmələrin vətənpərvərlik hislərinin formalaşmasında ailə faktoru nə dərəcədə önəmli rol oynayır?
  • Əlbəttə ki, böyük rol oynayır. Əgər ailədə Vətənpərvərlik yoxdursa, əgər ailədə valideynlər tariximizi uşaqlara göstərmirlərsə, təbii ki, bu hislər zəif formalaşacaq. Elə ailələr var ki, uşaqları, ümumiyyətlə televizora baxmağa qoymur, təkcə dərs, məktəb, başqa heç nə. Amma bu düzgün deyil. Uşaqlar televizora da baxmalıdır, tariximizi əks etdirən sənədli filmləri də izləməlidir. Bunun bünövrəsi kiçik yaşlardan qoyulmalıdır. Əgər ata hər gün futbola baxacaqsa, ana da serial izləyəcəksə, uşaqda da təbii olaraq bu formalaşmayacaq. Hər bir evdə Azərbaycan bayrağı dalğalanmalıdır, bu zaman orada Vətənpərvərlikdən danışmaq olar. Bayramlarda necə xoş gəlir eyvanlarda bayrağımız dalğalananda. Bayrağımız təkcə bayramlarda deyil, müntəzəm olaraq dalğalanmalıdır hər evdə, eyvanda. Bu, çox gözəl bir mənzərədir.

Məsələn, biz bayramlarımızda maşınlarımızı bayrağımızla bəzəyirik və yürüş təşkil edirik. Bunun özü də izləyən insanların vətənpərvərlik hislərini daha da coşdurur, gözəl mənzərə yaradıronların nəzərində.

  • 2016-cı ilin aprel döyüşləri haqqında nə deyə bilərsiniz?
  • Aprel döyüşləri zəfər döyüşləri oldu. Bütün camaat ayağa qalxdı, istər rayonlarda, kəndlərdə, istərsə də şəhərlərdə. Hər kəs döyüşə getmək istəyirdi. Bac budur, vətənpərvərlik, budur, nümunə. Mən həmin döyüşlərdə də iştirak etdim. O zaman mən Azərbaycan əsgərinin şücaətini, gücünü, qüvvəsini gördüm. Həmçinin zabitlərimizin bacarığını gördüm. Bizim əsgərlərimiz xarici filmlərdə göstərilən qəhrəmanlardan heç də geri qalmırlar, əksinə qat-qat onlardan üstündürlər, mən aprel döyüşlərində bunun yaxından şahidi oldum. Onların döyüşlərə necə mərdliklə atılması, irəlidə getməkdən çəkinməmələri, əsgərlərlə zabitlərin necə bir-birini anlaması, onlar arasındakı münasibət, verilən tapşırıqların vaxtında yerinə yetirilməsi və s. bizim – Azərbaycan Ordusunun üstünlüyüdür. Orada məcburiyyət yox idi, bir söz kifayət edirdi ki, tapşırıqlar yerinə yetirilsin. Hər kəs bir-birini başa düşürdü. Aprel döyüşləri çox şeyi üzə çıxartdı, Azərbaycan Ordusunun, xalqının iradəsini, gücünü, qüvvətini, inkişafını göstərdi.
  • Cəmiyyətdə vətənpərvərlik hislərinin səviyyəsi döyüşçülərə və onların ailə üzvlərinə göstərilən diqqət və qayğıdan asılıdır. Bəs ölkə rəhbərliyi tərəfindən veteranlara, şəhid ailələrinə göstərilən münasibəti necə qiymətləndirirsiniz?
  • Yüksək qiymətləndirirəm. Ölkə rəhbərliyi bu istiqamətdə çox böyük işlər görür. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev veteranlara, qazilərə, şəhid ailələrinə daim diqqət və qayğı göstərir, maddi-mənəvi cəhətdən hər zaman onların yanında olur. Onlara evlərin, maşınların verilməsini, uşaqlarının təhsil haqlarının dövlət tərəfindən ödənilməsini yüksək qiymətləndirmək lazımdır. Bu böyük prosesdir.
  • Bəs gənclərin milli musiqilərimizə, muğamlarımıza olan marağını necə artırmaq olar?
  • Buna maraq yenə də evdən, ailədən başlayır. Amma təbii ki, təhsilin və cəmiyyətin də rolu böyükdür.
  • Azərbaycan gəncləri ictimai-siyasi sferada, beynəlxalq arenada təmsilçilik baxımından nə dərəcədə fəaldır?
  • Beynəlxalq arenada Azərbaycanı yaxşı mənada təmsil edən Azərbaycan gəncləri çoxdur. Bunu daha da genişləndirmək üçün mühüm addımlar atılmalıdır. Mən istərdim ki, Azərbaycanın ucqar bir kəndindən olan bir gənc də gedib Azərbaycanı hardasa təmsil etsin. Onları da irəli çəkmək lazımdır. Düzdür, bu istiqamətdə müəyyən addımlar atılır, bunu bir az da genişləndirmək lazımdır.
  • “Hərbi and” oxucularının əsas hissəsinin əsgərlərdən, hərbçilərdən ibarət olduğunu bilərək onlara nə tövsiyə edərdiniz?
  • Mənim tövsiyəm odur ki, hər zaman belə mərd, cəsarətli və igid olsunlar. Xalqın onlara olan rəğbətini, inamını doğrultsunlar.
  • Vaxt ayırdığınız üçün çox təşəkkür edirəm.
  • Mən təşəkkür edirəm.

Aytən NAZİMQIZI

Şərh Yaz