Aqil Acalov: “Nə qədər ki, gəncliyimiz öz milliliyini dərk edərək inkişaf edir, Azərbaycan dövləti və dövlətçiliyi daha da güclənəcəkdir” » Hərbiand

Son Dəqiqə:

Aqil Acalov: “Nə qədər ki, gəncliyimiz öz milliliyini dərk edərək inkişaf edir, Azərbaycan dövləti və dövlətçiliyi daha da güclənəcəkdir”

MİLLİ DÖVLƏTÇİLİK İDEYALARI İLƏ BÖYÜYƏN UŞAQLARIMIZ, İNKİŞAF EDƏN GƏNCLƏRİMİZ ÇOXDUR

Gənclərə nümunə göstərmək üçün sadəcə ata-babalarımıza, tarixi şəxsiyyətlərə və ya yaşlı nəslə işarə verərək barmaq uzatmaqla kifayətlənmək olmaz. Nümunə üçün elə gəncliyin öz içindən seçilmişləri, özündən olanları da təqdim edərək onlardan misəl çəkmək olduqca vacibdir və effektivdir. Çünki Azərbaycan ailəsi dünyaya nümunə ola biləcək göstəricilərə malikdir və bu cür ailələrin zəhməti, səyi nəticəsində biz artıq öz gəncliyimizlə dünyaya inteqrasiya edə bilirik.

“Gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hislərinin tərbiyəsi” mövzusunda bu həftəki həmsöhbətim Avrasiya Kombat Ciu-Citsu Federasiyasının Prezidenti, İqtisadiyyat üzrə fəlsəfə doktoru, gənc alim Aqil Acalov ilə olan növbəti müsahibəni “Hərbi And” oxucularına təqdim edirik.

İlk görüşümüzdən məlum olmuşdu ki, həmsöhbətim ixtisasca iqtisadçı olsa da, idmana olan xüsusi marağı onun idman sahəsində fəaliyyətinə, idmanın təbliği ilə məşğul olmasına yol açıb.  Fəaliyyət xəttinin əsas istiqamətinin isə vətənpərvərlik, dövlətçilik, azərbaycançılıq dəst-xəttində olması məndə xüsusi maraq yaratdı və onunla ikinci dəfə həmsöhbət olmağa vadar etdi.

–       Sizcə, gənclərimiz daha çox hansı potensialları ilə fərqlənir?

–       Düzdür, hər bir dövrün öz gəncliyi olur, amma nəzərə alsaq ki, atalar ilə oğullar hər zaman müqayisə olunur, onda əvvəlki gənclərlə indikiləri müqayisə etməkdən biz də geri qalmayaq. Deyərdim ki, indiki biz, yəni indiki gənclik əvvəlkindən daha potensiallı, savadlı, intellektual, beynəlmiləldir. Bu da çox yaxşı haldır. Bir başqa tərəfdən baxanda isə atalarımızı da anlamaq lazımdır. Çünki əvvəllər çar, sovet hakimiyyəti dövründə məhdudiyyət içərisində yaşamışıq. O dövr gəncləri psixoloji basqılara məruz qalmışdılar. Bu gün ölkənin hərtərəfli inkişafında və gəncliyin tam azadfikirli olmasında müstəqilliyin rolu böyükdür. Müstəqillik əldə olunduqdan sonra Azərbaycanın əbədi və ümumilli lideri Heydər Əliyev cəmiyyətin qarşısında dayanan bir çox problemləri görərək müxtəlif tədbirlər irəli sürdü. Onun layiqli davamçısı olan Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən isə gənclər siyasəti daha da zənginləşdirildi və hazırda yüksək səviyyədə davam etdirilir. Zaman-zaman müxtəlif dövlət proqramları işlənib hazırlanır ki, gənclər düzgün istiqamətləndirilərək inkişaf, tərəqqi yoluna atılsınlar. Bu siyasət də artıq öz nəticəsini verir. Bundan əvvəlki görüşümüzdə də vurğulamışdım ki, bu gün gəncliyimiz öz intibah dövrünü yaşayır. Ancaq yenə də vurğulayım ki, 26 illik müharibə şəraitinə baxmayaraq Azərbaycan gənci hazırda diriliş dövrünü yaşayır, özünə qayıdır və öz milli məfkurəsini, milli mənsubiyyətini, soykökünü, hardan gəldiyini yaxşı bilir, dərk edir.

–       Deməli, bu gedişlə gələcək keçmişdən daha fərqli olacaq?

–       Mən şəxsən Azərbaycan gəncinə inanıram və gəncliyimizin təşkil edəcəyi gələcəyə nikbin baxıram. Tez-tez vurğulayıram, ümumilikdə dünyanın heç bir yerində nə ideal cəmiyyət nə də dövlət olmur. Hər bir dövlətin və cəmiyyətin müxtəlif sahələrdə problemləri olur və bu normaldır, hətta olmalıdır da. Çünki problem olmayan yerdə fəaliyyət, fəaliyyət olmayan yerdə isə inkişaf olmaz. Əvvəlki illərə nəzərən, bu gün Horvard, Lomonosov (Moskva) Miçiqan, Koliforniya və dünyanın bir sıra qabaqcıl elm ocaqlarında Azərbaycan gəncləri təhsil alırlar və elə gənclərimiz var ki, elmi ixtiraları ilə artıq dünyada tanınırlar. Bu gənclər əslində cəmiyyətə çox böyük vədlər verir. Bu gün istər dövlət, istərsə də özəl sektorlarda əsas işçi qüvvəsi, mütəxəssis kadrlar heyəti gənclərdən ibarətdir. Mən özüm də dövlət qulluğunda çalışıram. Bilirəm ki, gənclərimiz çox aktiv fəaliyyətdədirlər və yetərincə təmsil olunurlar. Bu da təbii ki, daha enerjili, daha potensiallı nəslin ardının gəlməsinə imkan yaradır. Həmçinin Azərbaycan dövlətinin inkişaf tempini daha da artırır. Çünki gənclikdə olan potensial təbiətən yaşlı nəsildə olmur.

–       İstedadlı və yaradıcı gənclərin aşkarlanması barədə nə düşünürsünüz?

–       Dövlət tərəfindən istedadlı gənclərin özlərini sübut etmələri üçün hər bir imkan və şərait yaradılıb. Bəzi məqamlar isə hər bir gəncin, insanın özündən asılıdır. Biz elə bir dünyada yaşayırıq ki, internet, texnologiya sürətlə inkişaf edir. Sadəcə qloballaşan bu dünyanın qanunlarına dəqiqliklə riayət eləsək, dövrlə lazım olduğu kimi ayaqlaşa bilsək, verilən imkanlardan düzgün formada istifadə etsək, bütün bunlar öz təsirini göstərə bilələr və heç bir gənc kölgədə qalmaz. Tam əminliklə deyə bilərəm ki, təhsil, idman, elm, incəsənət, bir sözlə, bütün sahələrdə azərbaycan gənci öz sözünü nəinki Azərbaycanda, dünyada deməyi bacarır. Ən çox sevindiyim tərəf də budur ki, Azərbaycandan kənarda, beynəlxalq arenalarda, müstəvilərdə, əsasən də siyasətdə Azərbaycan gənci özünə inam qazanmağı bacarır. Milli dövlətçilik ideyaları ilə böyüyən uşaqlarımız, inkişaf edən gənclərimiz çoxdur və günü-gündən də çoxalır. Güman ki, bütün bunların formalaşmasında gəncliyə verilən dəyər öz rolunu oynayır. Gənclərlə işlədiyim, onlarla sıx münasibətdə olduğum üçün bütün bunlara özüm şahid oluram və elə buna görə də gələcəyə çox nikbin baxıram. Bu gün Azərbaycan nə qədər güclüdürsə, nə qədər yüksək templə inkişaf edirsə, yaxın illərdə bu inkişaf tempini daha da artıracaq. Bunların da hamısı təbii ki, ölkədə aparılan gənclər siyasətinin nəticəsidir.

–       Dövlət tərəfindən yaradılan imkanlardan gənclik düzgün yararlana bilirmi?

–       Mən özüm də müstəqil Azərbaycan dövlətinin yetişdirdiyi bir gəncəm və fəaliyyətimə nəzər salan hər kəs görə bilər ki, gənclərə olan dövlət diqqətindən, qayğısından kifayət qədər yararlanan kəsəm. Bu gün dövlətimiz tərəfindən savadlı, uğurlu bir gəncin, vətəndaşın yetişməsi üçün hər bir şərait yaradılıb. Sadəcə olaraq bu şəraitdən yaxşı mənada istifadə etmək, yararlanmaq lazımdır. Əgər bir gənc özünüinkişafa meyl etmirsə, təhsil almaq istəmirsə, idmanla maraqlanmırsa, ədəbiyyata, mədəniyyətə yönəlmirsə və s. təbii ki, bu, onun öz problemidir. Sovet dövrünə, SSSR hakimiyyətinə nəzər salsaq, bu gün çox-çox irəlidə olduğumuzu daha yaxşı anlayarıq. Bu günkü Azərbaycan gənci öz tarixini, milli mənsubiyyətini, məfkurəsini bilir. Nə qədər ki, gəncliyimiz öz milliliyini dərk edərək inkişaf edir, Azərbaycan dövləti və dövlətçiliyi daha da güclənəcəkdir.

–       Yeni nəslin mükəmməl vətəndaş kimi yetişməsi ölkəmizdə yüksək sivil cəmiyyət formalaşdıra biləcək?

–       Ümumilikdə mükəmməl deyilən bir şey yoxdur. Bir daha deyim, cəmiyyətdə hər şey mükəmməl olsa fəaliyyət olmaz. Fəaliyyət olmayan yerdə isə təbii ki, inkişaf və tərəqqidən danışmaq olmaz. Amma bir anlıq da olsa, gəlin hesab edək ki, mükəmməl gənclik yetişib. Təbii ki, bu vətəndaş cəmiyyətinin inkişafına çox böyük bir təkan olar. Vətəndaş cəmiyyətinin inkişafında gedən nəliyyətlərin bolluğu isə dövlətimizin daha da çiçəklənməsinə xidmət göstərər.

–       Azərbaycan ordusu yeni bir qələbəyə də imza atdı…

–       Bu qələbə də aprel qələbəsi kimi məni təəccübləndirmədi. Çünki Azərbaycan ordusu və ölkəmizdə olan ordu quruculuğu göz qabağındadır. Səhv eləmirəmsə, bu gün Azərbaycan ordusu dünya ölkələri arasında irəliləyişinə görə 50-ci yerdə qərarlaşıb. Həmçinin, bir müddət öncə Türkiyədə keçirilən hərbi oyunlarda Azərbaycan ordusunun 1-ci yerə çıxması bu cür qələbələrin daha da çox olacağına dəlalət edirdi və bu qıləbənin də sevincini yaşadıq. Bu göstəricilərə baxanda anlayırsan ki, Azərbaycan ordusu əvvəlki dövrə baxanda çox inkişaf edib. Bəli, bu və digər uğurlarımız təbii ki, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin gərgin səyi nəticəsində əldə olunur, biz bunları bilirik. Bu gün Azərbaycan xalqı da öz rəhbərinə, öz milli Milli Ordusuna güvənir. Bu da təbii olaraq ordumuza, əsgərlərimizə əlavə bir stimul verir ki, döyüş tapşırıqlarını yerinə yetirərkən daha peşəkar fəaliyyət göstərsinlər.

 

Ramilə QARDAŞXANQIZI

Şərh Yaz