Gənclər və İdman Naziri Azad Rəhimov Türkiyədə səfərdə olmuş qazilərdən, aprel döyüşlərində iştirak etmiş ehtiyatda olan zabitlərdən ibarət nümayəndə heyətini qəbul etdi » Hərbiand

Son Dəqiqə:

Gənclər və İdman Naziri Azad Rəhimov Türkiyədə səfərdə olmuş qazilərdən, aprel döyüşlərində iştirak etmiş ehtiyatda olan zabitlərdən ibarət nümayəndə heyətini qəbul etdi

21 iyun 2018-ci il tarixində Gənclər və İdman Nazirliyində müharibə qaziləri və “Hərbi And” kollektivinin üzvləri ilə görüş keçirildi. Azərbaycan Silahlı Qüvvələrinin 100 illik yubileyi münasibətilə təşkil edilən görüşdə Gənclər və İdman Naziri Azad Rəhimov, Gənclər və İdman Nazirinin müavini İntiqam Babayev və Nazirlyin digər nümayəndələri, Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri Emin Həsənli və birliyin digər üzvləri, Azərbaycanın Milli Qəhrəmanı Vahid Quliyev, müharibə qaziləri, aprel döyüşçüləri iştirak etdilər.

Gənclər və İdman Naziri Azad Rəhimov sözə başlayaraq öncə bütün iştirakçıları salamladı. Daha sonra o, bildirdi ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev hər zaman gənclərin vətənpərvər ruhda formalaşmasına mühüm önəm verir. O, həmçinin ölkədə aparılan dövlət siyasətinin müsbət nəticə verdiyini, vətənpərvər, sağlam düşüncəli gənc nəslin formalaşdığını, ölkəmizdə bütün sahələrdə olduğu kimi gənclər siyasətində də mühüm uğurların əldə olunduğunu qeyd etdi. Azad Rəhimov, həmçinin nazirliyin həyata keçirdiyi layihələrdə vətənpərvərlik mövzusunun xüsusi əhəmiyyət daşıdığını bildirərək, cənab Prezident tərəfindən imzalanan və müxtəlif illəri əhatə edən “Azərbaycan gəncliyi Dövlət Proqramı”nda da məhz bu sahənin geniş bölmə olduğunu diqqətə çatdırdı.

Gənclər və İdman Naziri, həmçinin bildirdi ki, Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri Emin Həsənli daima gənclərdə vətənpərvərlik hislərinin formalaşması istiqamətində böyük xidmətlər göstərib, yeniyetmə və gənclər arasında vətənpərvərliyin, milli mənlik şüurunun formalaşması istiqamətində bir sıra layihələr, tədbirlər həyata keçirib: “Sizin yeniyetmə və gənclər arasında vətənpərvərliyin təbliği istiqamətində gördüyünüz bütün xidmətləri çox yüksək qiymətləndirirəm. Gənclərimiz müharibə qazilərinin timsalında keçirilən görüşlərdə iştirak edir və onları daha yaxından tanıyıb, birbaşa onlarla ünsiyyətdə olub onları özlərinə örnək olaraq seçirlər. Bütün bu təqdirəlayiq xidmətlərinizi hər zaman dəstəkləyirik və dəstəkləməyə hazırıq”. Eyni zamanda nazir bu yaxınlarda Azərbaycan Respublikası Prezidentinin Administrasiyası, Gənclər və İdman Nazirliyinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin, Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi, “Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə” İctimai Birliyinin təşkilatçılığı ilə qazilərdən, ehtiyatda olan zabitlərdən, hərbiyönümlü QHT rəhbərlərindən ibarət Azərbaycan nümayəndə heyətinin Türkiyəyə haqqında da öz fikirlərini bölüşdü. Nazir, orada Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı, Türkiyə Böyük Millət Məclisi, Türkiyə Müdafiə Nazirliyi və digər önəmli məkanlarda keçirilən görüşlərin önəmi haqqında söz açaraq, bu səpkili səfərlərin digər ölkələrdə də gerçəkləşməsinin mühüm tərəflərindən danışdı: “Bu yaxınlarda baş tutan Türkiyə səfərində də siz Azərbaycanı sözün əsl mənasında uğurla təmsil etdiniz, qazilərimiz türk qardaşları ilə görüşdülər və bu görüş onların yaddaşına əbədiyyən həkk edildi. Bütün bu xidmətlərinizi Gənclər və İdman Nazirliyi hər zaman izləyir və sizi yüksək qiymətləndirir”.

Daha sonra Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri Emin Həsənli çıxış etdi. O, vurğuladı ki, güclü Azərbaycan Ordusu istənilən döyüş tapşırığını, hücum əməliyyatını yerinə yetirməyə qadirdir, şəxsi heyətin döyüş ruhu yüksəkdir: “Ordumuz ən müasir silah və sursatlarla, zirehli texnikalarla, zenit-raket qurğuları, hərbi hava qüvvələri və s. vasitələrlə təchiz olunub. Bütün bunlar Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin ordu quruculuğuna göstərdiyi diqqət və qayğının nəticəsində mümkün olub”.

Eyni zamanda birliyin sədri cənab nazirə öz təşəkkürünü bildirdi və qeyd etdi ki, birliyin təşkil etdiyi bütün bu layihələrin həyata keçirilməsində Gənclər və İdman Nazirliyi daima onlara dəstək olub: “Mən də öz növbəmdə birliyimiz adından sizə öz təşəkkürümü bildirirəm. Siz gənclərin vətənpərvərlik hislərinin formalaşması istiqamətində görülən bütün tədbir və layihələrin həyata keçirilməsində daima bizə dəstək olmusunuz. Bizi hər zaman yüksək qiymətləndirmisiniz”. Birliyin sədri, həmçinin bildirdi ki, Gənclər və İdman Nazirliyinin hər il gənclər üçün təşkil edilən yay düşərgələri də mühüm önəm kəsb edir və gənclərin bu istiqamətdə ruhlanmasında xüsusi rol oynayır. E. Həsənli çıxışına davam edərək Gənclər və İdman Naziri Azad Rəhimova təşəkkürünü bildirmək məqsədilə Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin “Vətən naminə” medalı ilə təltif etdi.

Daha sonra Azərbaycanın Milli Qəhrəmanı Vahid Quliyev də çıxış edərək cənab nazirə öz təşəkkürünü bildirdi: “Cənab nazir, bu gün bizə vaxt ayırdığınız üçün və hər zaman bizim üzərimizdə olan diqqət və qayğınıza görə təşəkkür edirik. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva daima gənclərə dəstək olur və onların inkişaf etdirilməsi istiqamətində mühüm işlər həyata keçirirlər.

Gənclər və İdman Naziri Azad Rəhimov bütün çıxışları dinləyib fikir bildirdikdən sonra “Hərbi And” qəzetinin kollektivinin üzvlərini vətənpərvərliyin təbliği istiqamətində göstərdikləri xidmətlərə görə fəxri fərmanlarla təltif etdi. Sonra Türkiyədə səfərdə olmuş qazilərdən, aprel döyüşlərində iştirak etmiş ehtiyatda olan zabitlərdən ibarət nümayəndə heyətinin üzvləri gənclər və idman nazirliyinə Türkiyəyə baş tutan səfərdə göstərilən dəstək, diqqət və qayğı üçün təşəkkürlərini  bildirdilər. Sonda xatirə şəkli çəkildi.

Aytən Nazimqızı

Şərh Yaz