GƏNCLƏRİN VƏTƏNPƏRVƏRLİK HİSLƏRİNİN FORMALAŞMASI İSTİQAMƏTİNDƏ GÖRÜLƏN İŞLƏR » Hərbiand

Son Dəqiqə:

GƏNCLƏRİN VƏTƏNPƏRVƏRLİK HİSLƏRİNİN FORMALAŞMASI İSTİQAMƏTİNDƏ GÖRÜLƏN İŞLƏR

 

Hər bir gənc öncə şəxsi mənini, yəni özünü, daha sonra milli mənliyini tanımalıdır. Çünki özünü şəxsiyyət kimi tanımayan insanda milli mənlik şüuru və vətənpərvərlik hisləri heç vaxt ola bilməz. Bu günün azyaşlısı sabahın Azərbaycan gəncidir. O, gələcəkdə xalqının, millətinin həyatında mühüm yer tutacaq cəmiyyət üzvüdür. Bu günkü gənclərin sabahkı cəmiyyət həyatında daha layiqli yeri, mövqeyi vətənpərvərlik ruhundan birbaşa asılıdır. Milli mənlik şüuru və vətənpərvərlik hisləri isə, zənnimcə, ailədən və ətraf mühitdən qaynaqlanır. Yeniyetmə və ya gəncin nə dərəcədə vətənpərvər olması da, həmçinin onun böyüyüb boya-başa çatdığı yerdən və ətrafındakı insanlardan, cəmiyyətdən asılıdır. “Gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hislərinin tərbiyəsi” mövzusunda bu həftə mən fikirlərimi sizlərlə bölüşəcəm.

Vətənpərvərlik hislərinin yaranmasında ailə faktoru

Bir ailədə doğulan körpənin beyni tərtəmiz ağ vərəq kimidir. Aylar, illər bir-birini əvəz etdikcə o körpə böyüyür və ətrafındakı insanları izləyərək onlardan nələrsə öyrənməyə başlayır. Əgər onun ətrafındakı insanlar yetərincə vətənpərvərdirlərsə, həmin mühitdəki uşaq da təbii olaraq özünə örnək kimi o insanları götürəcək. Yəni bu hislərin qaynağı ilk növbədə ailədir, daha sonra məktəb, universitet mühiti və s.

Gözünü açdığı andan etibarən evində – eyvanında bayrağın dalğalandığını görən insan, əlbəttə, o bayrağı daha çox sevib hörmət edəcək. Bir dəfə müsahiblərimdən biri demişdi ki, hər bir azərbaycanlının evində Azərbaycan bayrağı hökmən olmalıdır. Ona görə olmalıdır ki, orada doğulan uşaq hər dəfə gözünü açanda o bayrağı görsün və o bayraqla fəxr etsin. Bu cümlə, düzü, məni çox təsirləndirmişdi və o vaxtdan bəri ağlımdan çıxmır. Doğrudan da, hər bir evdə bayrağımız dalğalansa, gözəl olardı. Düşünün, adicə yol gedirsiniz və hər hansı bir evin eyvanında üçrəngli bayrağımızı görürsünüz, bu zaman nə hislər keçirirsiniz? Şəxsən mən qürur hissi keçirirəm və həmin evin sahibini görməsəm də, tanımasam da ona qarşı olan hörmət və fəxarət hissim birə-beş artır. “Necə də gözəl mənzərədir, kaş ki, şəhərimizin bütün eyvanlarını üçrəngli bayrağımız bəzəyərdi” deyə düşünməmək olmur.

Hər bir ailədə hər kəs Vətənini, millətini, bayrağını sevməlidir, ona hörmət etməlidir və bu sevgi yalnız dildə deyil, əməldə də özünü göstərməlidir, lazım gəlsə, Vətən uğrunda canını verməkdən çəkinməməlidir. Belə bir ailədə doğulan, böyüyən, bu kimi ailələrin tərbiyəsini alan uşaqda da vətənpərvərlik hislərinin təməli uğurla qoyulur və o artıq ailəsini özünə örnək götürərək böyüməyə başlayır. Beləliklə, vətənpərvərlik hislərinin ilkin qığılcımlarını ailə yaradır və formalaşdırır. Yəni ailə, valideynlər bu yöndə mühüm məsuliyyət daşıyıcısıdırlar.

Yeniyetmələrin milli mənlik şüurunun formalaşmasında təhsil-tədris müəssisələrinin rolu

Milli mənlik şüurunun formalaşması istiqamətində daha sonrakı mərhələləri isə təhsil-tədris müəssisələri təşkil edir. Bu işdə hətta məktəbəqədər təlim-tərbiyə mərkəzlərinin rolu əhəmiyyətlidir. Zənnimcə, tədris müəssisələri bu istiqamətdə kifayət qədər tədbirlər, təlimlər təşkil edirlər və bunu daha da təkmilləşdirəcəklər. İlkin olaraq şagirdin ibtidai sinfə başlamasında məktəbəqədər hazırlıq testləri diqqətimi daha çox çəkdi. Buradakı sualların arasında vətənpərvərlik hislərinin formalaşmasına kömək edəcək suallar var (ölkəmiz, bayrağımız, gerbimizlə bağlı suallar) və bu, məncə, bu istiqamətdə görülən işlər içində ən gözəl addımlardan biri hesab edilə bilər.

Bundan başqa, mən düşünürəm ki, bütün tədris müəssisələrində vətənpərvərliyi əks etdirən bir köşk yaradılmalıdır. Həmin köşk şagirdlər üçün əlçatan bir otaqda (istədikləri zaman ora gedə bilmək üçün) və müəllim nəzarəti altında olsa, daha yaxşı olar. Orada vətənpərvərliyi özündə əks etdirən müxtəlif rəsm tabloları, heykəltəraşlıq və ya tikiş nümunələri, şeir-hekayə guşələri və s. ola bilər. Mən düşünürəm ki, bu cür addımlar da uşaqlarda və yeniyetmələrdə həvəs yarada bilər və onlar öz vətənpərvərlik duyğularını bu şəkildə göstərə bilərlər, kimisi bayrağın şəklini çəkə bilər, kimisi Vətənə aid yazdığı şeiri o guşəyə qoyub digər şagirdlərin oxumasına vəsilə ola bilər və s. Həmçinin həftədə və ya ayda bir dəfə məktəbin akt zalında vətənpərvərlik mövzusunda çəkilən filmlər də nümayiş oluna bilər. Bütün bunlar məktəblilərdə vətənpərvərlik hislərini daha da artıracaq və onların milli mənlik şüuru bu istiqamətdə daha yaxşı formalaşacaq.

Vətənpərvərlik hislərinin formalaşmasına ətraf aləmin təsiri

Mənəvi dəyərlərimizin, əxlaq, vətənpərvərlik hissi və şüurunun aşılanması yolunda atılan bütün addımlar ardıcıl və davamlı olmalıdır. Vətənpərvərlik missiyası nüfuz və mövqedən asılı olmayaraq hamının işi olmalıdır. Hər bir insanın, cəmiyyət üzvünün əhatəsində xeyli sayda ağıllı, savadlı, çalışqan, kreativ, yüksək intellektli və bacarıqlı yeniyetmə və gənclər mövcuddur. Azərbaycan gənclərinin vətənpərvər ruhda inkişafı isə, əslində hər birimizin milli qazancımızdır. Ümumiyyətlə, mən düşünürəm ki, gənclər hər zaman nəzarətdə olmalıdır. Onların ətrafında olan dostları da vətənpərvərlik hislərinin tərbiyəsində önəmli rol oynayır. Belə ki, əgər gənc özlüyündə vətənpərvərdisə, lakin onun dostları və yoldaşlarında bu hislər kifayət qədər formalaşmayıbsa, ola bilər ki, bu da özlüyündə mənfi təsir yarada bilər. Ona görə dost seçimində də mütləq diqqətli olmaq lazımdır. Müsbət keyfiyyətləri özündə cəmləşdirən insanlarla yaxın olmaq daha məqsədə uyğundur.

Gənclərin Vətənə, millətə, milli-mənəvi dəyərlərə sevgisi olmalıdır. Hər bir gənc bunu özü şüurlu sürətdə dərk etməlidir. Gənclərin Vətən məsuliyyəti onların ilkin amalı olmalıdır. Bunun üçün də gənclər arasında daima maariflənmə işləri aparılmalıdır. Bu istiqamətdə müxtəlif dövlət qurumları, Qeyri-Hökumət Təşkilatları, ayrı-ayrı ictimai birliklər və gənclər təşkilatları öz töhfələrini vermək məqsədilə fərqli layihələr, hərbi yönümlü, vətənpərvərlik hislərini özündə əks etdirən tədbirlər həyata keçirirlər. Təşkil olunan tədbirlərdə bir sıra hərbçilər, müharibə qaziləri məktəblilərlə görüşüb öz hərb xatirələrini onlarla bölüşürlər. Müharibənin və döyüşlərin canlı şahidi olmuş insanların yeniyetmə və gənclərlə görüşməsi, onlarla söhbət etməsi də təbii olaraq onların vətənpərvərlik hislərinin formalaşmasında çox önəmli və müsbət rol oynayır.

Gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hislərinin tərbiyəsində KİV-in yeri və rolu

Gənclərin milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hislərinin tərbiyəsində kütləvi informasiya vasitələrinin rolu danılmazdır, desək yanılmarıq. Bu sahənin hər bir yazılı və elektron kütləvi informasiya vasitələrində diqqətdə saxlanması başlıca prioritet olmalıdır. KİV-lərdə milli-mənəvi dəyərləri, vətənpərvərliyi təbliğ edən materiallar daha çox yer almalıdır. Xüsusilə də tarixi şəxsiyyətlərin, ictimai xadimlərin, milli qəhrəmanların kimliyi, həyat yolu gənclər arasında mütəmadi şəkildə təbliğ olunmalıdır. Həmçinin kütləvi informasiya vasitələrində bu mövzu davamlı işıqlandırılmalıdır. Yalnız bu halda, güclü maarifləndirmə tədbirləri həyata keçirməklə gənclərimizdə vətənpərvərlik hislərini ən yüksək səviyyəyə qaldıra bilərik. Sonda isə onu vurğulaya bilərəm ki, yüksək vətənpərvərlik nümayiş etdirən gənclərimiz həmişə olub, indi də var. Son dövrlərdə bunun ən parlaq nümunəsi kimi 2016-cı ilin aprel döyüşlərini, 2018-ci ilin Günnüt əməliyyatını nümunə göstərmək olar.

Aytən NAZİMQIZI

Şərh Yaz