APREL SAVAŞLARI DÜŞMƏNİN RƏZİL DURUMUNUN AYNASI OLDU » Hərbiand

Son Dəqiqə:

APREL SAVAŞLARI DÜŞMƏNİN RƏZİL DURUMUNUN AYNASI OLDU

Gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunması aktual məsələ kimi böyük əhəmiyyət kəsb edir. Çünki vətənpərvərlik hissinin aşılanması dövlətin, dilin, adət-ənənələrin, ümumilikdə, bütöv bir xalqın gələcəyini təmin edən amillərin ən mühümüdür. Bu həftəki həmsöhbətimiz Dünya Gənc Türk Yazarlar Birliyi (DGTYB) Məsləhət Şurasının başqanı Əkbər Qoşalı “Gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hislərinin tərbiyəsi” mövzusunda fikirlərini “Hərbi And” oxucuları ilə bölüşəcək.

  • Zəhmət olmasa, oxucularımız üçün özünüz haqqında geniş bilgi verərsinizmi?
  • Bu ilin aprelində 45 yaşım tamam olub. Paytaxt Bakıdan 450 km-ə qədər uzaqlıqda, dəniz səviyyəsindən 1555 metrə qədər yüksəklərdə böyüyüb, boya-başa çatmışam. Orta məktəbi kənddə bitirmiş, ardınca Bakıya ali təhsil almağa gəlmişəm və o gəliş taleyimi də Bakıya bağlamaqla so­nuclanıb.

Ali təhsilimi 1990-1995-ci illərdə Azərbaycan Texniki Universitetində almışam. 1998-2001-ci illərdə isə Azərbaycan Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında ikinci ali təhsilə yiyələnmişəm.

Hələ tələbəlik illərindən işləmiş, öz xərclərimi özüm qarşılamağa çalışmışam. Bir neçə gənclər təşkilatının qurulmasında iştirak etmiş, iki ictimai qu­ruma rəhbərlik etmişəm. Gənclər və İdman Nazirliyi yaradılandan bir müd­dət sonra orda işə dəvət edildim, 4 ildən artıq orda çalışdım. Azərbaycanda Atatürk Mərkəzi qurulandan da burada işlə­yirəm, hazırda şöbə müdiriyəm.

Ailəmizə gəldikdə isə anam evdar qadın, atam usta olub. – Biz tərəflərdə bir söz vardı, deyərdilər, “Usta Mehdi ağacdan adam düzəldər, bircə nəfəs verəmməz”. – Bax, o qədər dərin usta olub rəhmətlik.

Rəhmətliklər bizi halal çörəklə böyüdüb, övladlar, nəvə-nəticələr üçün əl­lə­rindən gələni əsirgəməyiblər; ömürlərini şam kimi əridiblər bizim uğru­muz­da. Mən ailə həyatı qurub, Bakıya köçərkən, atam palıd yarmaçası kimi ağır, güclü əli ilə əlimi sıxaraq “bala, ürəyimi sənə verirəm” dedi və mən o ürəyi həmişə pənahım kimi hiss etmiş, o ürəyə arxalanmışam…

  • Həssas məqamları bizimlə paylaşdığınız üçün sağ olun.

İcazənizlə, ikinci suala keçmək istərdim. Sizcə, gənclərdə və­tənpərvərlik hislərinin formalaşması istiqamətində nə kimi tədbirlər görmək lazımdır?

  • Əlbəttə, “uşağın tərbiyəsi o anadan olandan başlamalıdır”, “hər şeyin öz vaxtı var”, “zamanla düzələcək”, “uşaqlarınızı öz zəmanələrinə hazırlayın” və s. – bu kimi, fikirlər, aforizmlərlə tanışıq. Bilirik ki, gənclər toplumun ən aparıcı kəsimi, böyük olaylarda hərəkətverici qüvvədir. Onu da bilməmiş deyilik ki, vətənpərvərlik şüuru, vətənkeşlik tərbiyəsi bizim üçün çox önəmlidir. Çünki bir neçə şəhər və rayonumuz, kəndlərimiz hələ işğal altındadır və biz mümkün olan ən qısa zaman ərzində, doğma torpaqlara qayıtmalyıq.

Əlbəttə, vətənpərvərliyin dərinləşdirilməsi, o şüurun yüksəldilməsi yönündə tədbirlər görülür. İlk növbədə o görülən tədbirlərin özünün effek­tivliyi, təsir dairəsi diqqətə alınmalıdır. Məsələn, televiziya və radio­ proqramlarının, deyərdim, ümumən proq­ramların moni­torinqi aparıla bilər; milli donor institutlarımız tərəfindən maliyyələş­di­rilmiş uyğun profilli layihələrin sonucları müzakirə edilə bilər; Silahlı Qüvvə­lə­rimizin, ayrı-ayrı qoşun növləri mənsublarının və yaradıcılıq qurumlarının yetkili şəxslərinin də iştirakı ilə ictimai müzakirə keçirilə bilər və s. Bütün bu və bənzər tədbirlərdən sonra, ortaya çıxan mənzərə, mövzu üzrə durumun necəliyini daha aydın göstərər, deyə düşünürəm.

  • Aydındır, bəs uşaqların, yeniyetmələrin vətənpərvərlik hislərinin for­ma­laşmasında ailə faktoru nə dərəcədə önəmli rol oynayır? Sizcə, vətənpərvərlik hislərini ailə for­malaşdırır, yoxsa bu uşağın özündən asılıdır?
  • Əlbəttə, ailə toplumumuzun mənəvi infrastrukturunda əvəzsiz yerə sahibdir, hətta, “ailə kiçik dövlətdir” kəlamını da işlədirik. Uşaq ilk tərbiyəni ailədən alır, bununla belə, klas­sik ailə modeli yaxud klassik tərbiyə metodu bu gün hansı çalarda, forma və məz­munda zənginləşməlidir, yenidən yüklənməli, ayarlanmalıdır? – Mən bu sözü təsa­dü­fən demi­rəm. – İndi informasiya kommunikasiya texnologiyalarının (İKT) yaşamımıza artıq­laması ilə nüfuz etdiyi bir dönəmdəyik. Hələ sürətlə inkişaf edən elektron texnologiyalar, nano­texnologiya və s. sabah hansı sürprizlərlə qarşımıza çıxacaq? – bu da, dü­şü­nülməli məsələdir. Deməli, ailələrimiz hazırlıqsız yaxalanmamalıdır. Bu­rada, evdar qadınlarımızın, anaların bilgili olması önəm ərz edir. Ata-anaların maraq dairəsi önəm ərz edir. Orta məktəb, hətta, uşaq bağçalarının plan-proqramları, mühiti özünəməxsus rola malikdir. Beləliklə, bu sahə xeyli sual və təklifə açıqdır.

Ailənin böyükləri hansı tərbiyədən keçib, özləri hansı mühitin iştirakçılarıdırsa, bö­yüdəcəkləri övladlara münasibətdə də, o tərbiyə, o mühitin elementləri iştirak edəcək. Burada, bir sevindirici məqamı vurğulamaq lazımdır. Ölkəmizdə, tam əksəriyyət övla­dının məktəbə getməsi, vaxtlı-vaxtında dərslərini hazırlaması, ən yaxşı məktəbdə, ən yaxşı müəllimin sinfində oxuması, gələcəkdə ali məktəbə girməsi üçün çalışır. Ən kasıb ailələr belə, uşaqlarını müəllim yanına qoymağa, əlavə hazırlığa pul-para xərcləyir. Məncə, bu canyanğısı, bu fədakarlıq da özündə bir tərbiyə şəkillənməsidir, bu da, özlü­yündə, uşaqların həyata, dünyaya, hadisələrə, deməli, doğma Vətənin başına gə­lən­lərə münasibətdə də, ən düzgün mövqedə durmasına gətirən yola xidmət edir.

  • Necə bilirsiniz, KİV bu istiqamətdə nə kimi tədbirlər görməlidir?
  • KİV-in rolu danılmazdır. Artıq qeyd etdiklərimizi təkrarlamadan deyim ki, ənənəvi mət­buatla yanaşı, yeni media da göz önündə tutulmalı, yeni medianın imkan və ger­çək­likləri dəyərləndirilməlidir. Özəlliklə, milli mənlik şüuruna xidmət edən bilgisayar proq­ramları işlənib hazırlanmalı, tətbiq edilməli, bu sahədəki təşəbbüslər müvafiq dövlət orqanlarımız tərəfindən dəstəklənməlidir.

KİV-lərimizə başçılıq edən vətəndaşlarımız isə həm öz vicdanları, həm də dövlətimizin məqsədyönlü siyasətinə töhfələr vermək düşüncəsi ilə hərəkət edir, deyə ümid edirəm. Unutmaq olmaz ki, yazılanlar kitabxanalarda, redaksiyalarda, şəxsi arxivlərdə və b. yer­lərdə qalır, necə deyərlər, hər KİV mənsubumuz həm də milli səlnaməmizin yaradıl­ma­sında iştirakçıdır və bu işin tarixi mahiyyəti, məsuliyyəti vardır.

  • Əkbər müəlim, istərdim indi də 2016-cı ilin aprel döyüşləri haqqında fikirlərinizi alaq.
  • 2016-cı ilin apreli 2016-cı ildə qalmadı, o keçən iki il ərzində də gündəmimizdədir, bu gün də, gələcəkdə də gündəlikdə olacağına inanıram. 2016-cı ilin apreli işğalçı Er­mənistanı əməlli-başlı çalxaladı, forpost erməni dövlətini, o toplumu silkələdi və haqq yola gəlməyin alternativi olmadığı gerçəkliyi ilə üz-üzə qoydu. O gün-bugün Ermə­nis­tanda baş verən olayların üzərində 2016-cı ilin apreli var.

Bizim toplumumuz üçün toparlanma, irəli getmə, inam, qürur qaynağı olan aprel sa­vaşları, düşmənin rəzil duru­munun aynası oldu.

Aprel savaşları bayaqdan etdiyimiz söh­bətə uyğun olaraq, gənclərin vətənpərvərlik ru­hunu da göstərmiş oldu. Mən bilərəkdən ruh sözünü işlətdim, inanıram ki, vətənə bağ­lılıq, Vətən eşqi, yurd məhəbbəti soydaşlarımızın ruhunda, qanında, qan yaddaşındadır.

  • Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində danı­şıq­ların hazırkı vəziyyəti və perspektivləri barədə fikirlərinizi bilmək maraqlı olardı.
  • Siz uluslararası səviyyədə qəbul edilmiş rəsmi istilahdan istifadə edirsiniz, anlayıram, an­caq bu münaqişə deyil, Ermənistanın öz havadarlarının dəstəyi ilə həyata keçirdiyi qanlı işğalçılıq siyasəti, elan olunmamış müharibədir. Mən işimizin haqq işi olduğuna, haqqın nazilsə də, üzülməyəcəyinə inanıram, mən öz dövlətimizə, öz Ali Baş Komandanımıza, onun alovlu vətənpərvərliyinə inanıram. Ona görə də, inanıram ki, Ali Baş Koman­danımızın ordumuzun modern silahlarla təchiz edilməsi, ümumən Silahlı Qüvvələrimizin güclənməsi sahəsində həyata keçirdiyi ardıcıl tədbirlər, habelə işğalın nəticələrinin ara­dan qaldırılması işinə vəkil etdiyi diplomatların işi, qeyd etdiyiniz vəziyyətə də, pers­pektivə də baxışımızı şəkilləndirir. Necə deyərlər, güclü ordu, müharibə üçün deyil, sülh üçündür. Əgər işğalçı ölkə, sülh dilindən anlamayacaqsa, şanlı ordumuz nəyə qadir olduğumuzu göstərəcək. Onsuz da, psixoloji, mənəvi və maddi cəhətdən gərgin durumda olan Ermənistan toplumu üçün ordumuzun hətta, bir kəndlik, bir şəhərlik irəliləyişi belə hansı sonucları doğuracaq, görəcəksiniz. Şuşada, Xankəndində, Laçında, Kəlbəcərdə üç­boyalı qut bayrağımızın dalğalanacağı günə, o bayrağı daşıyacaq qəhrəman oğullarımıza bu gündən eşq olsun!
  • Bəs, bu planda ölkəmizin dünya dövlətləri, uluslararası və regional təşkilatlarla əlaqə­lə­rinin səviyyəsi və inkişafı barədə nə düşünürsünüz?
  • Biz istər uluslararası, istər digər çaplı, konstruktiv mövqeli istənilən qurum və qu­ru­luşla normal münasibətlər içində olan bir ölkəyik. Əgər hansısa qurum öz qeyri-qanuni, qeyri-obyektiv mövqeyini bizə qəbul etdirmək istəyirsə, əlbəttə, qarşısında döv­lətin, xalqın iradəsini görəcək. Biz arzu edərdik ki, dövlətimizin mədəniyyətlər və sivilizaiyalararası dialoqa verdiyi töhfələrdən hər kəs bəhrələnsin, paytaxt Bakıda ke­çirilən humanitar forumlar, dialoq və görüşlər, digər şəhərlərimizdə keçirilən və artıq gələnək halını almış bənzəri tədbirlər ümumən insanlığa, mədəniyyətə xidmət edir.
  • Azərbaycan gəncləri ictimai-siyasi sferada, uluslararası arenada təmsilçilik baxı­mın­dan nə dərəcədə fəaldır?
  • Bir sıra uluslararası qurum və quruluşlarda layiqincə təmsil olunuruq.

Bilirsiniz, dediyiniz arenada ölkəmizi təmsil etmək yalnız dövlət qurumları rəsmilərinin işi deyil, deyərdim, ölkədən qırağa çıxan hər bir azərbaycanlı oturuşu-duruşu, rəftarı, da­nışığı da daxil olmaqla, ümumən maraq dairəsi ilə Azərbaycanı təmsil etməyin mə­su­liy­yəti içində olmalıdır. Bir misal deyim, son aylar respublikamıza kütləvi şəkildə gələn ərəb turistlərinin heç də nümunəvi olmayan bir sıra hərəkətləri sosial mediada yayımlanıb tirajlandıqca bu, bütövlükdə ərəb dünyası mənsublarına, onların toplumlarına münasibətimizə təsirsizmi ötüşür? – Demək, nəinki görəvləndirilmiş şəxslər, turist səfə­rinə gedən vətəndaşımız belə, öz çapında Azərbaycanımızın adına xələl gətirməməyin fərqində olmalıdır.

İş elə gətirdi ki, mən son bir neçə ay ərzində ard-arda fərqli ölkələrdə, fərqli şəhərlərdə səfərdə oldum. Uzaq Yakutskda, uzaq Arxangelskdə diasporumuzun, Qazaxıstanda bö­yükelçiliyimizin, Özbəkistanda Heydər Əliyev adına Mədəniyyət Mərkəzimizin tim­sa­lında xalqımızı, respublikamızı layiqincə təmsil edən soydaşlarımızı gördüm, onlarla qü­rurlandım. Biz öz xalqımıza, öz mədəniyyətimizə, öz dövlətimizə inanırıq və bu inamı gələcək nəsillərə daha yüksək səviyyədə ötürmək üçün öz üzərimizə düşən missiyanın da fərqində olmalıyıq…

  • Gələcək planlarınız nələrdən ibarətdir?
  • Azərbaycan Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə yeni layihəmiz başlayıb. “Türk dünyasının vətəndaş cəmiyyəti institutlarının inkişaf modelləri ilə bağlı konfransın keçirilməsi” adlı layihəmizin plan-proqramı, gündəliyi adından bəllidir.

Bundan başqa, bir sıra nəşrlər hazırlamışıq, bu ay içində işıq üzü görəcək.

Saxa (Yakutiya) Yazıçılar Birliyinin başqanı, Xalq şairi Natalya xanım Xarlamyevanın şeirlər kitabını, Saxa (Yakutiya) Dövlət Məclisinin üzvü, görkəmli aydınımız Əliş Məmmədovun dəstəyi ilə nəşr etmişik. Yenə Saxa (Yakutiya) ədəbiyyatının klassiki Platon Oyuyinskinin dörd povestinin toplandığı “Qırmızı şaman” kitabı üzərində son tamamlama işləri içindəyik.

15 sentyabr – Bakının Nuru Paşanın başçılıq etdiyi Qafqaz Türk-İslam Ordusu tərəfindən azad edilməsinin 100 illiyi şərəfinə bir kitab töhfəmiz olacaq. Habelə tanınmış İraqlı soydaşımız dr. Şəmsəddin Kuzəçinin “Kərkükdən səsləniş” kitabını dos.dr. Rəs­miyyə Sabirin uyğunlaşdırması, prof.dr. Qəzənfər Paşayevin məsləhti ilə çapa hazır­la­mışıq. Bir hissəsini qeyd etdiyimiz bu kitabları qarşı aylarda ədəbi ictimaiyyətə təq­dim edib kitabxanalara, mədəniyyət ocaqlarımıza hədiyyə verəcəyik.

  • “Hərbi and” oxucularının əsas hissəsinin əsgərlərdən, hərbçilərdən ibarət olduğunu bilərək onlara nə tövsiyə edərdiniz?
  • Mən Azərbaycan Silahlı Qüvvələrinin zabiti olaraq xidmət edərkən “Hərbi And” qəze­tinin nə qədər önəmli missiyası olduğunun biləvasitə şahidi olmuşam. İşləriniz avand olsun!

Hərbçilərimizə arzumuz aydındır: zəfər, qələbə sizinlə olsun! İşimiz haqq işidir, biz qalib gələcəyik! Möhkəm olun!

Aytən NAZİMQIZI

Şərh Yaz