Vətənpərvərlik hisləri ailə ilə bərabər, uşağın təmasda olduğu mühitin təsiri sayəsində formalaşır » Hərbiand

Son Dəqiqə:

Vətənpərvərlik hisləri ailə ilə bərabər, uşağın təmasda olduğu mühitin təsiri sayəsində formalaşır

Xalqımız həmişə gənc nəslin Vətənə məhəbbət, xalqına, millətinə hörmət, soykökünə, ata-babalarının adət-ənənələrinə sədaqət ruhunda tərbiyə olunmasına diqqət göstərib və ona ən vacib məsələ kimi baxıb. Qeyd edək ki, insanda fədakarlıq, qəhrəmanlıq və məğlub­edilməzlik hissi yaradan, apardığı mübarizədə onda inam hissini gücləndirən vətənpərvərlik tərbiyəsi ­ ailədə, tərbiyə müəssisələrində və ümumtəhsil məktəblərində uşaq və yeniyetmələrə verilən vahid tərbiyə işinin vacib tərkib hissəsidir. Vətənpərvərlik hər kəsin doğulub boya-başa çatdığı elinə, obasına, yurduna, vətəndaşı olduğu ölkəyə məhəbbətdən doğan ən ali və əzəli hislərdəndir. Vətən üçün çalışmaq, onu qorumağa hər an hazır olmaq, bu yolda qəhrəmanlıqlar, fədakarlıqlar göstərmək, Vətən yolunda canından keçməyə hazır olmaq, Vətənin, xalqın, soydaşlarının hər bir uğuruna sevinmək hissi təbii olsa da, bütün digər hislər kimi tərbiyəyə ehtiyacı var və təbliğat yolu ilə daha da möhkəmlənir. Bu həftəki həmsöhbətimiz Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü Valeh Mirzə “Gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hislərinin tərbiyəsi” mövzusunda fikirlərini “Hərbi And” oxucuları ilə bölüşəcək.

  • Zəhmət olmasa, oxucularımız üçün özünüzü geniş şəkildə təqdim edin.
  • Mən 13 dekabr 1956-cı ildə Cəlilabad rayonunun Ləkin kəndində doğulmuşam. İxtisasım Rus dili və ədəbiyyatı müəllimliyidir. Jurnalistlik fəaliyyətimə 1983-cü ildən başlamışam və müxtəlif illərdə “Azərbaycan Pioneri”, “Bakı Post” və “Azərbaycan Müəllimi” qəzetlərinin baş redaktoru olmuşam. Hazırda “kobramedia.az” rəsmi saytının rəhbəri və baş redaktoruyam. Bununla yanaşı şair-publisist kimi də fəaliyyətimi davam etdirirəm, iyirmiyə yaxın şeirlər və publisistik nəşrlərin müəllifiyəm. “Azərbaycan Bayrağı” ordeni və “Araz” ali ədəbi media mükafatı laureatıyam, 2005-ci ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif olunmuşam. Həmin il, həmçinin “Azərbaycan dövlətçiliyinin qoşa qanadı” adlı kitabım Beynəlxalq Heydər Əliyev Forumunun birinci diplomuna layiq görülüb. Bütün bunlarla yanaşı, Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvüyəm.
  • Sizcə, uşaqların, yeniyetmələrin vətənpərvərlik hislərinin formalaşmasında ailə faktoru nə dərəcədə önəmli rol oynayır? 
  • Yeniyetmə və gənclərin təlim-tərbiyə məsələsi Azərbaycan Respublikasının aidiyyatı qurumlar qarşısında qoyduğu ən vacib məsələdir. Xalqın gələcək taleyinin etibar olunacağı yeni nəslin – yetişməkdə olan gənc nəslin vətənə məhəbbət ruhunda tərbiyə olunması əslində ümumxalq işidir. Bu məsələnin həllində uğur qazanmaq üçün təlqin etməkdən daha çox nümunə göstərmək lazımdır. Yəni bu o deməkdir ki, tərbiyə işi ilə məşğul olan şəxs öz yetirməsinə ilk növbədə şəxsi keyfiyyətləri ilə nümunə olmalıdır. Bu, həm ailənin, həm uşağın, yeniyetmənin təhsil aldığı məktəbin timsalında da təmsil oluna bilər. Şübhəsiz ki, ailə ilkin tərbiyə ocağıdır. Uşaq ilkin olaraq ata-anasının ona verdiyi tövsiyə və məsləhətlərin fövqündə formalaşmağa başlayır, daha sonra o, kütləvilik şəraitində, yəni sinif, məktəb şəraitində qəbul etdiyi informasiyalar və təlqin olunan tərbiyə metodları sayəsində seçim qarşısında olur. Əgər məktəb və ailə ünsiyyəti uşağın tərbiyəsinə eyni cür təsir bağışlayırsa, yəni hədəfdən yayınma halları baş vermirsə, o zaman gözlənilən nəticə də ürəkaçan olur. Əks-təqdirdə isə uşaq çaşqınlıq içində qala bilər və həyatda düzgün istiqamətlənməkdə çətinlik çəkə bilər. Məhz buna görə də təlim-tərbiyə işi düzgün qurulmayan təhsil ocaqları və ailə  eyni səviyyədə qınaq mənbəyinə çevrilirlər. Çünki onların hər ikisi bu mühüm məsələnin düzgün həllində cavabdehdirlər.
  • Bəs gənclərdə vətənpərvərlik hislərinin formalaşması istiqamətində nə kimi tədbirlər görmək lazımdır?
  • Vətənpərvərlik hisləri ailə ilə bərabər uşağın təmasda olduğu mühitin təsiri sayəsində formalaşır. Hələ yaxşını pisdən kifayət qədər ayırd edə bilməyən uşaq, yaxud elə yeniyetmənin özü vətən sözünün mahiyyətini dərindən dərk etmədən vətənpərvərlik hislərinə sahib ola bilməz. Tərbiyə işi bir prosesdir, onu dayandırmaq olmaz. Həyatımızın bütün sahələrində yaxşı və pis nümunələrin bol olduğu bir mühitdə tərbiyə prosesinin  insan damarında  qanın dövr etdiyi tərzdə davam etməsinə ehtiyac var. O ki qaldı uşağın özünə, o, çoxlu bədii kitablar oxumaqla, vətən yolunda həyatlarını qurban verən igid oğullarımız barədə daha çox məlumatlı olmaqla məhz onların nümunəsində gələcəkdə vətənpərvər gəncə çevrilə bilər, bir şərtlə ki, köməkçi vasitələrin rolu tükənməsin..
  • Necə düşünürsünüz, KİV bu istiqamətdə nə kimi tədbirlər görməlidir?
  • Kütləvi İnformasiya Vasitələri ilk növbədə uşaqların maraq dairələrinə uyğun olan materiallar dərc etməlidir. Nəzərə alsaq ki, bu günün yeniyetməsi, bu günün şagirdi sabahın əsgəridir, sabahın döyüşçüsüdür, onda onu qorxmazlığa, igidliyə, döyüşkənliyə hazırlayan vətənpərvər ruhlu yazılar dərc etmək lazımdır. Təəssüflər olsun ki, bu müqəddəs missiyanı bütün mətbuat orqanları eyni səviyyədə yerinə yetirə bilmir, əksinə bu azmış kimi bəzi onlayn media təmsilçiləri uşaq və yeniyetmələri düz yoldan sapdıran məqalələr çap etməkdən də çəkinmirlər. Bu, şübhəsiz ki, təəssüfləndirici bir haldır. Ancaq deyim ki, sizin kimi öz andına sadiq qalan jurnalistlərdən də xali deyilik.
  • Təşəkkürlər. Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində danışıqların hazırkı vəziyyəti və perspektivləri barədə fikirlərinizi bilmək maraqlı olardı.
  • Ermənistan pultla idarə olunan oyuncaq bir dövlətdir. Onların dövlətçilik ənənələri də özünün qeyri-sanballığı ilə diqqəti çəkir. Paşinyan kimi bir qaraguruhçu mitinqlər qəhrəmanının asanlıqla bu ölkənin baş naziri seçilməsi faktoru özü sübut etdi ki, Ermənistan ciddi bir ölkə deyil. Biz nə vaxt sülh danışıqları yolu ilə razılığa gələ bilsək, Dağlıq Qarabağ məsələsi də qeyri-şərtsiz öz həllini tapacaq.
  • Bəs, ölkəmizin dünya dövlətləri, beynəlxalq və regional təşkilatlar ilə əlaqələrinin inkişafı barədə nə düşünürsünüz?
  • Ölkəmiz dinamik inkişaf mərhələsindədir. Şərqlə Qərb arasında mühüm coğrafi ərazidə yerləşən Azərbaycan bu gün hamının gözünü qamaşdırır. Bizim parlaq fövqümüz əsasında dostlar və düşmənlər açıq-aşkar sezilməkdədir. Mən deyərdim ki, ümumiyyətlə, siyasətdə dost yoxdur, dövlətlərarası münasibətlərdə portnyorluq, qarşılıqlı iqtisadi və ticari əlaqələri həyata keçirməklə birgə inkişaf edən  dövlətlər anlamı var. Türkiyə istisna olunmaqla bu fikrimi bizimlə normal münasibətdə olan bütün dövlətlərə şamil edirəm. Bu gün Azərbaycan təkcə Cənubi Qafqazda deyil, dünya miqyasında mühüm məsələlərin həllində böyük dövlətlər cərgəsində söz sahibinə çevrilib. Dövlətimizin və onun əvəzolunmaz lideri İlham Əliyevin bu gün dünya dövlətləri rəhbərlərinin içində ən çox diqqət mərkəzində olması Azərbaycan xalqı üçün qürur mənbəyidir.
  • “Hərbi and” oxucularının əsas hissəsinin əsgərlərdən, hərbçilərdən ibarət olduğunu bilərək onlara nə tövsiyə edərdiniz?
  • Əsas oxucu auditoriyası əsgər və zabitlərdən ibarət olan qəzetiniz, məncə, bu missiyanın öhdəsindən layiqincə gələ bilir və buna görə mən də öz adımdan yaradıcı kollektivinizi alqışlayıram.

Aytən Nazimqızı

Şərh Yaz