GƏNCLƏR CƏMİYYƏTİN ƏN ÇILĞIN, ƏN ENERJİLİ, ƏN FƏAL HİSSƏSİDİR » Hərbiand

Son Dəqiqə:

GƏNCLƏR CƏMİYYƏTİN ƏN ÇILĞIN, ƏN ENERJİLİ, ƏN FƏAL HİSSƏSİDİR

 

Şübhəsiz ki, hər bir insanda vətənpərvərlik tərbiyəsinin əsası ailədə qoyulur. Ona görə də ailədə bu tərbiyə yalnız planlı, sistemli, məqsədli şəkildə təşkil olunmalı, uşaqların yüksək əxlaqi-mənəvi keyfiyyətlərə yiyələnməsinə və şəxsiyyət kimi formalaşmasına daima diqqət yetirilməlidir. Çalışmaq lazımdır ki, uşaqlar nizam-intizamlı, savadlı böyüsün, ölkəmizin tarixini, coğrafiyasını, mədəniyyətini, milli dəyərlərini bilsin və Vətəni sevsinlər.

Vətənpərvərlik tərbiyəsi, həmçinin gənc nəslin mənsub olduğu milli dəyərlərə, tarixi ənənələrə bağlılığını da özündə ehtiva edir. Vətənin tarixi keçmişini dərindən bilmək, milli dəyərlərinə sahib olmaq, adət-ənənələrini öyrənmək, maddi və mənəvi sərvətlərini qorumaq vətənpərvər insanı səciyyələndirən ən mühüm keyfiyyətlərdəndir. Bu həftə “Gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hislərinin tərbiyəsi” mövzusunda həmsöhbətimiz Bakı Dövlət Universitetinin Beynəlxalq jurnalistika kafedrasının professoru, filologiya elmləri doktoru, Əməkdar jurnalist Əhmədli Nəsir Abbas oğlu fikirlərini “Hərbi And” oxucuları ilə bölüşəcək.

Qeyd edək ki, Nəsir Əhmədli 2004-cü ildən “Beynəlxalq jurnalistika” kafedrasında çalışır. Tədris etdiyi fənlər: “Jurnalistin nitq mədəniyyəti”, “Azərbaycan Beynəlxalq Radiosu: tarix və ənənə”,””Xüsusi kurs”, “KİV xaricə siyasi informasiya yayımı sistemində”. 100-ə yaxın məqalənin, 3 monoqrafiyanın, 1 dərsliyin, 5 dərs vəsaitinin, bütövlükdə 12 kitabın müəllifidir. 4 elmlər namizədinə rəhbərlik edib, 1 elmlər doktorunun, 6 elmlər namizədinin rəsmi opponenti olub. Beynəlxalq radio yayımının jurnalistikanın bütün sahələrinə tətbiq edilə biləcək model-sxemini hazırlayıb, bu sahədə fəaliyyət göstərən 6 qanun aşkarlayıb.

Həmçinin “Media açarı-2006”-ya, Ali Media Mükafatına, müxtəlif diplom və Fəxri Fərmanlara layiq görülüb.

  • Zəhmət olmasa, oxucularımıza özünüz haqqında geniş məlumat verin.
  • Rəsmi sənədə görə, 1942-ci il, əslində isə 1943-cü ildə “tut yeyiləndə” (rəsmi sənədə görə: iyulun 1-də) Tovuz rayonunun Alakol kəndində dünyaya gəlmişəm. Atamla anamın 9 övladı olub. Onlardan 4-ü erkən (1-10 yaş arasında) o dövrün yayılmış xəstəliyi olan malyariyadan vəfat edib. Bundan sonra xeyli müddət dörd qardaş, bir bacı olaraq yaşamışıq: Məhəmməd (1924), Ağamməd (1927), Bəşir (1932), Həcər (1936) və mən. İndi bir bacı, bir qardaşıq. Atam Abbas Əhməd oğlu Məmmədov (1893-1988) çox zəhmətkeş kişi olub. 1918-1920-ci illərdə toypulu yığmaq üçün Türkiyənin Qars vilayətində işləyib, evləndikdən sonra kənddə kolxoz quruculuğunda fəal iştirak edib, başçılıq etdiyi briqada üzvləri işə gəlməyəndə 50 hektar sahəni özü təkcə arat edib (Arat böyük zəhmət tələb edən qış suvarmasıdır). 1942-ci ildə cəbhəyə gedib, 1943-cü ilin sonunda 50 yaşı tamam olduğuna görə arxa cəbhəyə göndərilib. Bir müddət Rusiyada işlədikdən sonra doğma kəndə qayıdıb.

Anam Tutu Məhəmməd qızı Məmmədova (1904-1997) qabaqcıl (özünün ifadəsi ilə desəm, zərbəçi) kolxozçulardan olub. Əri və böyük oğlu cəbhədə vuruşan, 3, 6 və 9 yaşlı üç uşaqla qazma daxmada yaşayan, daha bir körpəni dünyaya gətirən tənha bir ana təsəvvür edin… 1949-cu ildə 6-cı sinifdə oxuyan bacıma qoşulub məktəbə getmişəm. Boyum balaca olduğuna görə qəbul etməyiblər. Üç ay boş-boşuna gedib-gəlmişəm. Noyabrın axırında gördülər ki, əl çəkmirəm, dedilər:

  • A bala, uşaqlar hərfləri keçib qurtarıblar. Bundan sonra sən onlara çata bilməzsən”.

Dedim:

  • Mən hərflərin hamısını yazıram da, oxuyuram da. Nizami Gəncəvinin “Sirlər xəzinəsi”ni tamam oxumuşam. “Kərpickəsən kişinin hekayəti”ni əzbər bilirəm.

Məcbur olub götürdülər. Məktəb illərim ağır keçib. Məktəbə ayaqyalın getdiyim vaxtlar olub. Kostyumun nə olduğunu ilk dəfə 7-ci sinifdə oxuyanda bilmişəm. 1959-cu ildə orta məktəbi bitirmişəm. 1962-1965-ci illərdə hərbi xidmətdə olmuşam. Daha sonra 1971-ci ildə BDU-nun Jurnalistika fakültəsini bitirmişəm.

  • Gənclərdə vətənpərvərlik hislərinin, milli mənlik duyğularının inkişaf etdirilməsi istiqamətində nə kimi tədbirlər görmək lazımdır ki, nəticə uğurlu olsun?
  • Mənim fikrimcə, hərbi xidmətdə olan əsgər və zabitlərə, həmçinin şəhidlərin ailələrinə daha böyük diqqət və qayğı ilə yanaşmaq gərəkdir ki, gənclər baxıb görsünlər ki, heç kim unudulmur, heç nə yaddan çıxmır. Başqa ictimai münasibətlər kimi, vətənpərvərlik duyğusu ikitərəflidir. Gərək sən vətəni sevdiyin kimi, vətən də səni sevə.
  • Sizcə, vətənpərvərlik hislərini ailə formalaşdırır, yoxsa bu uşağın özündən asılıdır?
  • Hər bir duyğu kimi, vətənpərvərliyi də üç amil yetişdirir; əcdadlardan gələn gen, yaşadığın mühit (ailə, bağça, məktəb, universitet və s.) və şəxsi keyfiyyətlər. Bunu üç atalar sözü ilə daha yaxşı ifadə etmək olar: ot kökü üstündə bitər; uşaq valideynindən çox, zəmanəsinə bənzəyir; su tökməklə quyu sulu olmaz. Bu üç amilin hər biri yüksək səviyyədə olanda və biri digərini tamamlayanda dahilər, mükəmməl vətənpərvərlər, qəhrəmanlar meydana gəlir.
  • KİV bu istiqamətdə nə kimi tədbirlər görməlidir?
  • KIV-in funksiyaları içində “maarifləndirmə” adlı vacib bir funksiyası var. Hər bir redaksiya, hər bir şirkət, hər bir peşəkar jurnalist bu funksiyanın tələblərinə əməl edərək qədim tariximizi, zəngin milli-mənəvi dəyərlərimizi, babalarımızın, nənələrimizin misilsiz qəhrəmanlıqlarını, müasir şəhidlərimizin, milli qəhrəmanlarımızın vətən, millət sevgisini mütəmadi olaraq gənc nəsilə aşılamalıdır. Həm də bu işi hay-küysüz, pafosdan uzaq bir tərzdə, konkret faktlar əsasında, jurnalist sənətkarlığının incəliklərindən bəhrələnməklə, peşəkarlıqla görmək lazımdır.
  • 2016-cı ilin aprel ayında baş verən döyüşlər haqqındakı fikirləriniz bizim üçün maraqlıdır.
  • Aprel döyüşləri Azərbaycan əsgərinin nəyə qadir olduğunu göstərdi. Həmin döyüşlər göstərdi ki, Azərbaycan əsgəri işğal edilmiş ərazimizi yağılardan azad etməyə, ehtiyac olarsa, bu yolda can qoymağa hər zaman, hər an hazırdır. Bir müddət sonra Azərbaycan Mətbuat Şurasının üzvləri ilə birlikdə mən də o yerlərdə oldum, hərbçilərimizin ruh yüksəkliyini, vətənpərvərlik qığılcımlarını, boşaldılmış ərazidə geniş abadlıq işlərinin aparıldığını gördüm. Anladım ki, kənar təsirlər olmasa, qısa müddətdə ərazi bütövlüyümüzü təmin etmək, illərdən bəri əziyyət çəkməkdə olan yerli sakinlərin sosial problemlərini aradan qaldırmaq o qədər də çətin deyil.
  • Azərbaycan gəncləri ictimai-siyasi sferada, beynəlxalq arenada təmsilçilik baxımından nə dərəcədə fəaldır?
  • Gənclər cəmiyyətin ən çılğın, ən enerjili, ən fəal hissəsidir. Onların enerjisindən düzgün istifadə etmək lazımdır.
  • “Hərbi and” oxucularının əsas hissəsinin əsgərlərdən, hərbçilərdən ibarət olduğunu bilərək onlara nə tövsiyə edərdiniz?
  • Əlbəttə, ilk növbədə onlara can sağlığı arzulayıram. Bir də heç vaxt azərbaycanlı olduqlarını, qəhrəman babaların varisləri olduqlarını unutmasınlar. Bizim bu günümüz dünənimizdən qalıb. Elə etsinlər ki, sabahkı nəsil bizi qürurla xatırlasın.
  • Gələcək planlarınız nələrdən ibarətdir?
  • Mənim 75 yaşım var. Görə bildiyim işləri görmüşəm, indi onları yekunlaşdırmaqla məşğulam.

Dünyada yaxşı da, pis də görmüşəm,

Hər nə əkmişəmsə, onu dərmişəm.

Dünənki gənclərə nəsə vermişəm,

Sabahkı nəsilə fikir borcum var…

Aytən Nazimqızı

Şərh Yaz