AZƏRBAYCAN ORDUSU DÜNYADAKI İNKİŞAF TEMPİNƏ UYĞUN OLARAQ YENİLƏNİR VƏ YENİLƏNDİKCƏ DƏ GÜCLƏNİR » Hərbiand

Son Dəqiqə:

AZƏRBAYCAN ORDUSU DÜNYADAKI İNKİŞAF TEMPİNƏ UYĞUN OLARAQ YENİLƏNİR VƏ YENİLƏNDİKCƏ DƏ GÜCLƏNİR

Aqil Camal: “Azərbaycan gəncliyi müasir dünyanın çağırışlarına uyğun həyatını quran, müasirləşən gənclikdir”.

Gənclərin sağlam, vətənpərvərlik ruhunda böyüməsi gənclər siyasətinin ən mühüm istiqamətlərindən biridir. Bu istiqamətdə həyata keçirilən işlər çoxşaxəlidir. Ümumtəhsil məktəblərində həyata keçirilən kütləvi tədbirlər, maarifləndirmə və təbliğat işləri bilavasitə gənclərin mənəvi, fiziki, psixoloji hazırlığının təmin edilməsinə, onlarda Vətənə, doğma torpağa məhəbbət hissinin yüksəldilməsinə xidmət edir. “Gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hislərinin tərbiyəsi” mövzusunda bu həftəki həmsöhbətim “Türküstan” qəzetinin və Turkustan.info saytının baş redaktoru, Ortaq Dəyərlər İctimai Birliyinin sədri Aqil Camaldır.

  • Zəhmət olmasa, oxucularımız üçün özünüz haqqında geniş məlumat verərsiniz.
  • 1976-cı il 6 apreldə Kəlbəcər rayonunda həyata göz açmışam. İşğala qədər -17 yaşımadək Kəlbəcərdə yaşamışam. Məktəb illərindən mətbuatla bağlı olmuşam. 14-15 yaşlarımdan başlayaraq dövrü mətbuatı mütəmadi olaraq izləmişəm. Sonradan tale elə gətirdi ki, “Turan” Gənclər Təşkilatında müavin olduğum zamanlarda ictimai fəaliyyətim ölkə mediası ilə daha yaxın təmaslara səbəb oldu. 1998-ci ildən başlayaraq – 20 il müddətində müxtəlif media qurumlarında işləmişəm. 2006-cı ildən isə “Türküstan” qəzetinin baş redaktoruyam. 2015-ci ilin dekabrında isə info saytını qurmuşuq. Bundan əlavə, 2008-ci ildən Ortaq Dəyərlər İctimai Birliyinin sədriyəm. Ailəliyəm, iki övladım var.
  • Sizcə, gənclərdə vətənpərvərlik hislərinin formalaşması istiqamətində nə kimi tədbirlər görmək lazımdır?
  • Bu elə bir mövzudur ki, indi ağıla gələn hansısa təkliflərin verilməsi ilə məsələni bitmiş hesab etmək olmaz. Əlbəttə, hazırda gənclərin hərbi vətənpərvərliyi mövzusunda müxtəlif layihələr həyata keçirilir. Amma bu layihələr daha çox gənclik yaşında olan insanlara tətbiq olunur. Çox yaxşı olardı ki, uşaqlıq və yeniyetməlik yaşında olanlara yönəlik layihələr daha çox olsun. Bu gün Azərbaycan gəncliyi bir sıra çağrışlarla üz-üzədir. Həm müasir texnoloji inkişafın gətirdiyi yeniliklər, həm xaricdən yönələn dini, ideoloji yönümlü cərəyanlar, Azərbaycanda öz təsir gücünü formalaşdırmaq istəyən güclərin davamlı səyləri… Bütün bunların başlıca hədəfi Azərbaycan gəncliyidir. Bu baxımdan, Azərbaycan gəncliyinin hər şeydən əvvəl vətənpərvər olması artıq bir şərt halına gəlib.
  • Bəs uşaqların, yeniyetmələrin vətənpərvərlik hislərinin formalaşmasında ailə faktoru nə dərəcədə önəmli rol oynayır?
  • Gənclərdə vətənpərvərlik şüurunun aşılanması hələ gənc olmadan çox əvvəl – uşaqlıq dövründən formalaşdırılmağa başlanılmalıdır. Ailə uşaq üçün ilk vətənpərvərlik məktəbidir. Ailədə vətənpərvərlik mühiti varsa, bu həmin ailədə böyüyən uşağın psixikasına, həyat tərzinə, həyata baxışlarına təsir edəcək və gələcək mərhələlərdə, cəmiyyət içərisində özünü göstərəcək.
  • KİV bu istiqamətdə nə kimi tədbirlər görməlidir?
  • Bu mövzu ciddi media üçün hər zaman aktualdır. Eyni zamanda Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə həyata keçirilən layihələrdə gənclərin vətənpərvərlik tərbiyəsi xüsusi istiqamət olaraq qeyd olunur. Bundan başqa, fondun il ərzində bir neçə dəfə elan etdiyi müsabiqələrdə də bu mövzu hər zaman diqqətdə saxlanılır. Amma təbii ki, bunlardan başqa media gələcəyimiz olan gəncliyin milli və hərbi vətənpərvərlik yönümündə maaarifləndirilməsi işini hər zaman aparmalıdır. Bunun üçün hər zaman dövlətin dəstəyini, maliyyə yardımını gözləmək doğru deyil.
  • 2016-cı ilin aprel zəfəri haqqında nə deyə bilərsiniz?
  • Aprel zəfəri Birinci Qarabağ müharibəsindən – 22 illik atəşkəs rejimindən sonra Azərbaycan və işğalçı erməni ordusu arasında yaşanan ilk ən böyük savaş idi. Bu savaşın Azərbaycanın işğal altında olan ərazilərinin bir hissəsinin azad olması ilə nəticələnməsinin bir sıra aspektdən önəmi var. Hər şeydən əvvəl düşmən ölkə və bütün dünya gördü ki, onsuz da ciddi qorunmayan atəşkəs rejimi nisbi xarakter daşıyır. İstənilən bir tarixi fürsətdə Azərbaycan ordusu hücuma keçərək işğal altındakı torpaqlarımızı azad edəcək. Digər tərəfdən, bu 2-3 günlük savaş müasir Azərbaycan ordusunun öz gücünü, texniki-taktiki döyüş qabiliyyətini göstərdi, bununla yanaşı, bu döyüşlər alınmış müasir silahların praktiki şəkildə – döyüş meydanında uğurlu sınağı idi. Həmçinin Birinci Qarabağ müharibəsində məğlubiyyət yaşamış Azərbaycan xalqında aprel zəfəri ilə böyük qələbəyə inam yarandı. İnanıram ki, Azərbaycan Ordusunun bundan sonrakı yürüşləri yalnız aprel zəfərinin üzərinə zəfər gətirəcək və aprel zəfərindən başlanan qalibiyyət yolu mütləq qələbə ilə nəticələnəcək.
  • Ordumuzun inkişafında nə kimi mühüm irəliləyişlər nəzərə çarpır?
  • Müstəqillik dövründə Azərbaycan ordusunun formalaşması mənim yeniyetməlik yaş dövrümə təsadüf etsə də, ötən müddətdə keçən illər kino lenti kimi gözümün önündədir. Bu baxımdan ordumuzun inkişafı “nəzərə çarpır” yox, bizim və dünyanın gözü önündədir. İstər ordumuzun silah arsenalının yenilənməsi, müasir silahlarla, mühəndis qurğuları ilə əvəzlənməsi, istərsə də şəxsi heyətin mənəvi-psixoloji vəziyyəti, sosial təminatları və s. Hesab edirəm ki, bu günkü Azərbaycan Ordusu hazırlığına görə dünyada örnək sayıla biləcək silahlı qüvvələrdən biridir. Sözsüz ki, hər bir sahədə olduğu kimi ordu quruculuğunda da, mövcud səviyyə ilə arxayınlaşmaq olmaz. Bu sahə davamlı olaraq yenilənmə, dəyişiklik, yüksək hazırlıq tələb edən bir sahədir və Azərbaycan ordusu dünyadakı inkişaf tempinə uyğun olaraq yenilənir və yeniləndikcə də güclənir.
  • Azərbaycan gəncinin bu günkü imkanlarından danışa bilərsiniz?
  • Bu gün Azərbaycan ictimai mühiti qlobal dünyanın bir parçası olduğu kimi Azərbaycan gəncliyi də müasir dünyanın çağırışlarına uyğun həyatını quran, müasirləşən gənclikdir. Bu gün Azərbaycan gəncinin özünü realizə edə bilməsi üçün hüdudlar genişdir. Düzdür, hər bir insan cəmiyyətində olduğu kimi Azərbaycan gəncliyi içərisində də zərərli meyillər yox deyil. Amma şükür ki, böyük əksəriyyət öz gələcək taleyi barədə düşünür.
  • Azərbaycan gəncləri ictimai-siyasi sferada ölkəmizi necə təmsil edir?
  • Qeyd etdiyim kimi, müasir dünyanın tələbləri ilə ayaqlaşmağa çalışır. Yeri gəlmişkən, bu ilki qəbul imtahanlarının nəticələri də göstərdi, əvvəlki illərlə müqayisədə 700 bal və ona yaxın bal toplayan gənclərin sayı xeyli artıb. Bu Azərbaycan gəncliyinin həm öz gələcəklərini, həm də ölkəmizin gələcəyinin yüksək təhsildən keçdiyini anlaması ilə bağlıdır. Bütün sahələrdə gəncliyə xas olan fəallıq, dinamizm özünü göstərir. Ümid edirəm ki, bu müsbət nümunələr zərərli vərdişlərə, tufeyli həyat tərzinə meyilli gənclər üçün də örnək olacaq.
  • Gələcək planlarınız nələrdən ibarətdir?
  • Hazırda “Türküstan”ı həm qəzet, həm də “Turkustan.info” olaraq sayt kimi davam etdiririk. Düzdür, son illərdə qəzet oxucularının sayı azalmaqdadır. Biz bu itkiləri abunə yolu ilə həll etməyə çalışırıq. Qəzetimizi oxumaq, dəstək olmaq istəyən, amma köşkdən qəzet almayan oxucularımızın işini asanlaşdırmaq üçün onları abunəyə cəlb edirik. Çalışırıq ki, qəzet yayımında daha çox əraziləri əhatə edək. Həmçinin qeyd etdiyim kimi, hazırda Turkustan.info saytı onlayn rejimdə fəaliyyət göstərir. Günlük xəbər istehsalı və paylaşımı ilə ölkənin internet mediası məkanın özünəməxsus yeri var. Saytın təkmilləşdirilməsi, daha çox və dəqiq informasiya istehsalı, oxucu bazası toplamaq kimi məsələlər, demək olar ki, hər zaman gündəmimizdədir.
  • “Hərbi And” oxucularının əsas hissəsinin əsgərlərdən, zabitlərdən, hərbçilərdən ibarət olduğunu bilərək onlara nə tövsiyə edərdiniz?
  • Bu gün “Hərbi And” qəzetinin Azərbaycanın aparıcı media qurumları içərisində özünəməxsus yeri vardır. Qəzetin 15 ildən artıqdır sistemli şəkildə nəşri, Azərbaycan silahlı qüvvələrinin inkişafı, hərbi vətənpərvərlik yönündə maarifləndirici, təbliğati fəaliyyəti, dünyada hərb sahəsində yenilikləri Azərbaycan oxucusuna çatdırması baxımından öz dəst-xətti ilə seçilir. Qəzetin baş redaktoru, hörmətli dostumuz Emin Həsənlinin ictimai sferadakı çoxşaxəli fəaliyyəti də “Hərbi and” qəzetinin fəaliyyətini effektiv qurmasında, media camiəsində nüfuz qazanmasında, sözsüz ki, əhəmiyyətli rol oynayıb. Hərbçilərimizə isə onu tövsiyə edirəm ki, hər zaman belə mərd və qorxmaz olsunlar, Vətəni qorumağı özlərinə şərəfli borc bilsinlər. Biz onlarla fəxr edirik!
  • Əlavə etmək istədiyiniz başqa nəsə qaldı?
  • “Hərbi And” qəzeti qeyd etdiyim kimi təkcə mediamız üçün deyil, həm ordumuz, həm də cəmiyyətimiz üçün gərəkli mətbu orqandır. Bu qəzetin yaşadılması, daha da inkişaf etdirilməsi lazımdır. Bu işdə hörmətli Emin Həsənli başda olmaqla, qəzetin yaradıcı heyətinə uğurlar arzu edirəm. Ümid edirəm və inanıram ki, mənə çox doğma olan “Hərbi And” qəzeti hər zaman dövlətimizin və cəmiyyətimizin diqqəti, qayğısı ilə əhatə olunacaq.
  • Təşəkkür edirik.
  • Siz sağ olun.

Aytən NAZİMQIZI

Şərh Yaz